"İCRA APARATI BİR NAMİZƏD ÜÇÜN ÇALIŞDI" - Qubad İbadoğludan yeni ittihamlar

Müsavat Partiyasının başqanlığına namizəd, tanınmış iqtisadçı ekspert Qubad İbadoğlunun müsahibəsini təqdim edirik:

- Vurğun Əyyub açıqlamasında başqan seçkilərinin legitimliyinin şübhəli olduğunu vurğulayıb. Belə olan halda hansı addımların atılmasını məqsədəuyğun sayırsız?

- Seçkidə bizim xoşumuza gəlməyən məqamlar var. Əvvəldən də biz demişdik ki, seçkiyə hazırlıq prosesində namizədlər üçün bərabər şərtlər yaradılmalıdır. Təəssüflər olsun ki, bu qismən təmin olunsa da, bizim istədiyimiz kimi tam şəkildə buna nail ola bilmədik. Müsavat Partiyasının seçkisində əsas rol oynayan İcra Aparatı oldu. Aparat bir namizəd üçün çalışdı. Partiyanın nə qədər mövcud resursları varsa, ondan da bəhrələndi. Baxmayaraq ki, Müsavat Partiyasının təbliğat-təşviqat dövründə qəbul etdiyi yolverilməz üsullar var idi. Və bunlar eyni zamanda seçkiyəqədər və seçki günü bəzi istiqamətlərdə seçkinin nəticələrinə təsir edəcək məsələrlə bağlı qadağalar qoyuldu. Təşviqat zamanı 3 maddə pozuldu. Təəsüf ki, heç bir qərar qəbul olunmadı. Birincisi, namizədlərin ünvanına faktlara söykənməyən ifadələrin işlədilməsi kimi antitəbliğat işi aparıldı. İkincisi, qurultay günü qarşı tərəfdən qurultay nümayəndələrinə təbliğat xarakterli siyahılar paylandı. Üçüncü ən ciddi pozulan qayda başqanlığa nazmizədin xeyrinə partiya başqanı İsa Qəmbərin adından sui-istifadə edilməsi idi. Bu, seçkidən əvvəl təbliğat zamanı da baş verdi, seçki vaxtında da. Nəticədə Müsavat Partiyasının başqanlığına seçki kompaniyası zamanı davranış qaydalarına əməl olunmadı.

- Demək istəyirsiniz ki, Arif Hacılı İsa Qəmbərin adından istifadə edib?

- Seçkiqabağı, bəli, istifadə olunub. Seçki günü isə konkret olaraq İcra Aparatının əsas strukturu olan təşkilat şöbəsi rayondan gəlmiş müsavatçılara xüsusi göstəriş və tapşırıq verdi. Bu gedşiat seçkinin ədalətlilik prinsipini pozdu. Əslində, mən demirəm bütövlükdə Arif Hacılının əldə etdiyi səslər hamısı o səbəblərdən formlaşdı. Amma 28 səs fərqi yarandı. Seçki prosesinin özünün təşkilində ciddi olmasa da, xırda qüsurlar var idi. Kabinələrdə səs verilmirdi, kənarda məsləhətləşmələr aparılırdı. Səslərin sayılması şəffaf keçirildi. Bununla bağlı bizim heç bir iddiamız yoxdur. Əvvəlcədən də qeyd etmişdim ki, seçkidə ədalətə nail olmaq üçün bərabər şərtləri təmin etmək lazımdır. Təssüf ki, buna biz nail ola bilmədik. Bizim resurslarımız buna imkan vermədi ki, prosesin nəzarətdə saxlayaq.

- Arif Hacılını təbrik etmisinizmi?

- Çıxış edib Arif bəyə demişəm ki, yolunuz açıq olsun. Başlayın öz komandanızla, platformanızla idarə etməyə. Görək partiyanı hara aparırsınız? Hər halda bu yarışda acıq-aşkar görünürdü ki, partiyanın status-kvosunu saxlayanlarla partiyanın yeniləşməsini istəyənlər arasında mübarizə gedirdi. Amma indi seçkilərin nəticələri də məlum oldu. Bəlli oldu ki, Məclisdə bir nəfər də olsa, gənc yoxdur. Buna görə bizim platformamızda şərtlər var idi. Əsas şərtlərdən biri o idi ki, gəncliyi Müsavat Partiyasını aparıcı qüvvəsinə çevirmək istəyirdik. Eyni zamanda Müsavatda növbəti dövrdəki mübarizəni daha çox intellektual və ideoloji müstəviyə çəkmək istəyirdik. İkinci böyük məqsəd bundan ibarət idi ki, biz Müsavatı şəffaf və hesabatlı idarə etmək üçün yeni idarəçilik metodları tətbiq etmək və partiyanın qərarları və maliyyə mənbələrinin şəffaflığını üzvlər və dövlət orqanları qarşısında açıq şəkildə qoymaq arzusunda idik.

-Siz dünənki açıqlamanızda qeyd etdiniz ki, tərəfdarlarınız seçkili orqanlarda təmsil olunmayacaq. Amma bu gün seçilən Məclis üzvlərinin arasında sizin tərəfdarlarınızı görürük. Bunu necə qiymətləndirirsiz?

-Bu məsələ seçkidən əvvəl baş verib. Biz müzakirələrimizi davam etdiririk. Bu həftə ərzində çalışacağıq ki, yekun qərarımızı verək. O, bizim ilkin qərarımızdır. Qeyd etdiyiniz insanların Məclisə düşməsi bizim qərar olmadan əvvəl baş verib.

- Mümkündürmü siz yekun qərar verdikdən sonra həmin insanlar istefa versinlər?

- Biz bununla bağlı hələ ki, kimisə qərarına təsir etmək niyyətində deyilik.

- Seçkidən əvvəl də partiyadaxili narahatlıq mətbuata sızırdı. Seçki bitdi, siz fikrinizi dediniz. Necə hesab edirsiniz, partiya daxilində hər hansı bürokratik əngəllər var idimi? Arif Hacılının istefasından sonra siz istefa verdiniz. Nə baş verdi?

- Arif Hacılının istefası formal oldu. Məlum oldu ki, seçkilərdə təbliğat kampaniyalarda İcra Aparatının nümayəndələri ön sırada oturdular. İşin təşkili ilə məşğul oldular. Etiraz etməyimizə baxmayaraq istəyimizə nail ola bilmədik. Amma biz Müsavata mənafe üçün gəlməmişdik.

- Seçki ərəfəsində siz və Arif bəy haqqında cəmiyyətdə müxtəlif dedi-qodular dolaşırdı. Ancaq seçkinin nəticəsi göstərdi ki, deyilənlər heç də elə deyil. Deyirdilər ki, Qubad İbadoğlu hakimiyətin adamıdır. Partiya sədri olsa, daha loyal mövqe nümayiş etdirəcək...

- Cəmiyyət müxalifətdən bir yenilik gözləyirdi. Cəmiyyət gözləyirdi ki, müxalifət yeni daha sivil metodlarla mübarizə aparacaq, yeni simalar olacaq. Bu baxımdan böyük gözləntilər formalaşmışdı. Cəmiyyətdə maraqla qarşılanan mənim bu prosesə qoşulmağım idi. Çünki əvvəllər də Müsavat Partiyasında yeniləşmə istiqamətində fəaliyyətim ortada idi. Təəssüflər olsun ki, təbliğat-təşviqat dövründə, davranış qaydalarında qadağalar qoyulmasına baxmayaraq, bəzi xoşagəlməz hallar oldu. Mənim əleyhimə ən çox partiya daxilində aparılan təbliğat ondan ibarət oldu ki, bu, hakimiyətin adamıdır. Amma mən əvvəlki fəaliyyətimdə də göstərmişəm ki, mənim üçün dövlət maraqları bütün maraqlardan, hakimiyyətin və müxalifətin maraqlarından da üstündür.

- Seçkinin yenidən keçirilməsi məsələsi gündümə gələrsə, bu barədə nə fikirləşirsiz?

- Seçkinin yenidən keçirilməsi məsələsi gündəmdə yoxdur. Təbii ki, meydanı verəcəyik yeni seçilmiş başqana, onun komandasına. Biz baxacağıq görək Müsavat Partiyasına hara aparırlar. Necə idarə edirlər? Lazim olarsa, partiya nizamnaməsinə uyğun olaraq dəyişiklər üçün imkanlardan istifadə edəcəyik. Bizim əsas istəklərimizdən biri də Müsavat Partiyanın nizamnaməsinə riayət edilməklə idarə olunmasıdır. Yəni Partiya kimlərinsə şəxsi maraqları, istəkləri əsasında idarə olunmasın. Müsavat Partiyasında nizamnamə pozuntusu olacaqsa, biz buna dözməyəcəyik və buna etirazımızı bildirəcəyik. (aktual.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar