İranda deputatlar da koronavirusa yoluxur – “Azərbaycan xalqını qorumalıyıq”

Koronavirus İranda can almaqda davam edir, ölənlərin sayı hər keçən gün çoxalır. Artıq bu ölkədə deputatların virusa yoluxduğu və hətta vəfat etdiyi haqda xəbərlər də yayılıb.

İrandan gələn xəbərlərə görə, bu ölkə parlamentinin Milli təhlükəsizlik məsələləri üzrə komitəsinin rəhbəri Mojtaba Zonnurda koronavirus müəyyən edilib. Komitə sədrindən əvvəl isə digər deputat Mahmud Sadekidə bu virus aşkarlanıb. Yayılan məlumatlara görə, Gilan əyalətindən İran parlamentinə seçilən Məhəmməd Əli Ramazani Dəstək isə bu qripdən vəfat edib.

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat və ixtisasca həkim olan Asim Mollazdə “AzPolitika.info”-ya açıqlamasında deyib ki, Ümumdünya Səhiyyə Təşkilatı böyük səhv edərək pandemiyanı zamanında qiymətləndirməyib. Onun fikrincə, bu, Çində mövcud olan hansısa lokal virus yayılması deyildi: “Artıq dünya koronavirus təhdidi qarşısındadır. Biz, hazırda virusla bağlı pandemiyanı müşahidə edirik. Söhbət dünyanı əhatə edən virusdan gedir. Çalışmaq lazımdır ki, ölkəmizə virusun keçmək ehtimalı olan qonşu ölkələrlə əlaqələr kəsilsin. Bu ciddi prosesdir, biz Azərbaycan xalqını qorumalıyıq. Eyni zamanda çalışmaq lazımdır ki, əhali bu infeksiyaya yoluxmamaq üçün bir müddət xaricə səfərlərini təxirə salsınlar. Ciddi ehtiyac olmadan, hansısa dini mərkəzlərə ziyarətlər təxirə salınmalıdır. Düşünürəm ki, yaya qədər koronavirusla bağlı vaksinlər, müalicə üsulları hazırlanmayacaq. Çünki bu vaksinləri hazırlamaq üçün zamana ehtiyac var. Odur ki, bu təhlükə realdır və xalqımızı qorumalıyıq”.

Deputat “İranda tüğyan edən koronavirusun bu ölkənin bir deputatının həyatına son qoyması, İran Məclisinin komitə sədrinin koronavirusa yoluxması faktı Azərbaycan deputatlarını narahat edirmi” sualına cavabında xatırladıb ki, İranda virus Qumdan yayılmağa başlayıb: “İranın dini liderlərinin mərkəzi olan bu bölgəni həm hökumət üzvləri, həm də qanunverici hakimiyyətin nümayəndələri tez-tez ziyarət edirlər. İran rəhbərliyinin, deputatların bu virusa yoluxmasının səbəbi də buradan qaynaqlanır. Fikrimcə, virusa ciddi yanaşmaq lazımdır. Söhbət hansısa səlahiyyətli şəxsin virusa yoluxmasından getmir. Biz ilk olaraq xalqımızı bu təhlükədən qorumaq haqqında düşünməliyik. Söhbət Azərbaycan deputatlarından getmir. Hər kəs bu təhlükə ilə qarşı-qarşıyadır. Söhbət ondan gedir ki, ölkəmizi müdafiə etmək üçün epidemiyaya qarşı ciddi addımlar atmalıyıq”.

“AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar