Azərbaycana gələn daha üç şəxsdə koronavirus aşkarlanıb- 500-ə yaxın şəxs karantindədir

İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn daha üç şəxsdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib.

Həmin şəxslərdən biri 1988-ci il təvəllüdlü Almaniya vətəndaşı, digər iki nəfər isə 1994 və 1999-cu il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan Azərbaycan vətəndaşlarıdır. Həmin şəxslər xüsusi rejimli xəstəxanaya yerləşdiriliblər.

"Hazırda pasiyentlərin vəziyyəti kafidir, hərarətləri normaldır, şikayətləri yoxdur. Onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

İndiyə qədər koronavirusa yoluxmuş bütün şəxslərin səhhəti ciddi nəzarətdə saxlanılır, onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir", - deyə, qərargahdan "Report"a bildirilib.

Bundan əvvəl ölkədə koronavirus aşkarlanan şəxslərin sayı üç idi. Hazırda bu virusa yoluxan şəxslərin sayı 6-dır.

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı keçirilən brifinqində deyib ki, 29 fevral tarixindən İranla sərhəddə məhdudlaşdırılmış rejim tətbiq olunur: "İrandan Azərbaycana keçmək istəyənlər isə Tehran səfirliyinin baş konsulluğu vasitəsilə ölkəyə daxil olurlar. Onların bütün marşrutları karantin olunan sahəyə qədər planlaşdırılıb".

Y. Qarayeva qeyd edib ki, karantində olan şəxslərdən laborator diaqnostika nümunələri alınır:

“COVİD-19 yeni virus olduğu üçün laborator nümunələri yenidir. Bu virusun diaqnostikası sadəcə Operativ Qərargah tərəfindən təyin olunmuş laboratoriyada ola bilər. Ölkəmiz testlərin alınmasına başlayıb. Bu testlər yalnız Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən təyin olunmuş laboratoriyalarda aparıla bilər. Hazırda bu testlərin istehsalı başlanıb. Ölkə olaraq bu testlərin keçirilməsində çətinlik olacağını düşünmürük”.

Şöbə müdiri hazırda 500 nəfərin karantində müşahidə altında olduğunu deyib: “Onlardan hazırda diaqnostika üçün nümunələr götürülüb. Heç kimdə xəstəlik aşkar olunmayıb. Lakin 14 gün karantində qalacaqlar. Onların böyük qismi Azərbaycan vətəndaşıdır və cənub zonasındandırlar. Paytaxt sakinlərindən heç kim nəzarətə alınmayıb. Tibb personalı qoruyucu geyim və vasitələrlə təmin olunub”.

"Koronavirusun (COVID-19) pulla keçmək ehtimalı yoxdur". Bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, ölkənin baş infeksionisti Cəlal İsayev bildirib.

C.İsayev qeyd edib ki, ümumiyyətlə, virusdan qorunmaq üçün əlləri 20 saniyə ərazində sabunla yumaq vacibdir.

Bundan əlavə, o, Bakı şəhərində koronavirusla bağlı ixtisaslaşmış mərkəzlərin yaradılacağı sualını da cavablandırıb.

Bildirib ki, insanlarda xüsusi alqoritmlər yoxlanacaq. Lazım gəlsə və xəstəlik aşkar olunarsa, həmin şəxslər karantinə alınıb, müalicə olunacaqlar.

Xəstəliyin kliniki əlamətləri meydana çıxan halda, istər Bakıda, istərsə də regionlarda həkimə müraciət etmək lazımdır.

635x100

Şərhlər

Elli 2020-03-05 16:24:09

Siz hansı vasitələrnən COVİD-19-la mübarizə aparırsınız? Bu xəstəliyin hələ nə müalicə pereparatları, nə də dərmanları mövcud deyil.licə

t.ədalət 2020-03-05 14:55:03

Koronavirusa yoluxanın Azərbaycan xəstəxanalarına getməsinə ehtiyac yoxdur.Lazımi dərmanlarla təchiz olunmayan xəstəxanalarımız Tanatos mehmanxanası kimidir.Oradan,ancaq ölümü gözləmək üçün sonuncu dayanacaq kimi istifadə etmək olar..

Son yazılar