ƏR- RİYAD "NEFT MÜHARİBƏSİNƏ" BAŞLAYIR - Qiymətlər daha da aşağı enəcək

Vyanada OPEC+ formatında aparılan danışıqların uğursuz nəticələnməsinin ardınca Səudiyyə Ərəbistanı Rusiyanı Avropanın neft bazarından vurub çıxarmaq üçün hasilatı kəskin artırmağa hazırlaşır.

Virtualaz.org “Bloomberg”ə istinadən xəbər verir ki, Ər-Riyad hasilatı sutkada 10 milyon barrelə qaldırmağa qərar verib. Hazırda ölkədə neft hasilatının həcmi sutkada 9.3 milyon barreldir.

Xatırladaq ki, neft hasil edən ölkələr hasilatın azaldılmasına dair 2017-ci ildə əldə edilmiş razılaşmanın müddətini uzada bilməyiblər. Üstəlik Səudiyyə Ərəbistanının dünyada tüğyan edən koronavirus epidemiyasına görə hasilatın daha 1 milyon barrel azaldılması barədə təklifi Rusiya və Qazaxıstan tərəfindən qəbul edilməyib. Nəticədə dünya birjalarında neft kəskin ucuzlaşıb, “Brent” markalı neftin qiyməti 45 dollara qədər aşağı düşüb. Bu, neftin Azərbaycanın 2020-ci il üçün dövlət büdcəsində nəzərdə tutulmuş qiymətindən 10 dollar aşağıdır.

“Bloomberg” qeyd edir ki, Səudiyyə Ərəbistanı daha sonra hasilatı hətta sutkada 12 milyon barrelə qaldıra bilər. Bundan əlavə Ər-Riyad öz xam neftinin bəzi növlərini bazar qiymətindən 6-8 dollar ucuz təklif etməyə də hazırlaşır. Agentliyə məlumat verən mənbə deyib ki, Səudiyyənin “Saudi Aramco” şirkəti “Arab Light” markalı nefti Avropanın şimal-qərbindəki neftayırma zavodlarına 8 dollar ucuz təklif edib. Agentliyin söhbətləşdiyi treyderlər deyiblər ki, bu addım Rusiya şirkətlərinə Avropada neft satmağa mane olmaqdır.

Gözlənilir ki, Səudiyyə Ərəbistanının Rusiyaya qarşı bu “neft müharibəsi” dünya bazarında neftin daha da ucuzlaşmasına səbəb olacaq. Doğrudur, Rusiya OPEC+ anlaşmasının uzadılmamasından ildə on milyardlarla dollar itirəcək, amma buna baxmayaraq Rusiya neft şirkətləri hasilatı azaldıb bazardakı mövqelərini itirmək istəmirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar