PA-da siyasi partiyalarla görüşlər nə vəd edir?

Əliməmməd Nuriyev 

(Konstitusiya Araşdırmaları Fondunun prezidenti) 

2018-ci il 11 aprel prezident seçkilərindən sonra Prezident İlham Əliyev tərəfindən çoxşaxəli islahatların yeni mərhələsinin başlanacağı bəyan edildi. Artıq iki ilə yaxındır ki, həyata keçirilən islahatlar kursu, demək olar, ictimai həyatın bütün sahələrində dəyişikliklər üçün pozitiv mühit yaradıb.

Bir il əvvəl elə bu ərəfələrdə Novruz Bayramı münasibətilə xalqa müraciətində dövlət başçısı bir çox sahələrdə daha geniş islahatların anonsunu verdi: "İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır”.

İslahatların yeni mərhələsini şərtləndirən əsas məqamlardan biri islahatların effektiv idarə olunması və yeni perspektivlərin açılması üçün mövcud idarəetmə sistemində yeni dövrün tələblərinə uyğun dəyişikliklərin həyata keçirilməsiydi. Bu dəyişikliklər kontekstində Prezident Administrasiyasının yeni strukturunun formalaşması daha çox diqqət çəkdi. Administrasiyanın tərkibində Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması dövlət başçısının qeyd etdiyi siyasi islahatların real məzmun alacağından xəbər verirdi. Bu şöbənin yaradılması artıq siyasi partiyalarla iş, daxili siyasətdə müasir çağırışlara uyğun addımlar atılmasında müşahidə olunan çətinliklərin, boşluqların aradan qaldırılması məqsədilə siyasi iradənin nümayişi oldu.

Müasir dünyada hibrid müharibə üsullarından yararlanmaqla ölkələrin daxili siyasi mühitinə manipulyativ təsir göstərmək, süni siyasi konfliktlər yaratmaq, milli maraqların qorunmasıyla əlaqədar konsensusa xidmət edən təşəbbüsləri zədələmək praktikası geniş yayılıb. Hətta inkişaf etmiş ölkələr belə kənardan bu cür təsirlərə məruz qalırlar və dövlətlər, hökumətlər daxili siyasi məkanı bu cür neqativ təsirlərdan mühafizə etmək üçün müvafiq addımlar atırlar. Bu baxımdan Administrasiyanın tərkibində Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması zərurətdən irəli gəlirdi və funksional ehtiyaclardan qaynaqlanırdı. Bu şöbənin yaradılması daxili siyasi proseslərlə bağlı yeni təşəbbüslər gözləntisi də yaratmışdı. Artıq bu yeni təşəbbüslərin şahidiyik. Siyasi partiyalarla görüşlərin keçirilməsi və müzakirələrin aparılması daxili siyasət, daxili siyasi proseslərlə bağlı yeni yanaşmadan, yeni baxışdan xəbər verir. Bu prosesdə ayrıseçkilik qoymadan bütün siyasi partiyalarla görüşlərin keçirilməsi, müzakirələrin aparılması təqdirəlayiqdir.

Siyasi partiyaların açıqladığı məlumatlara görə önəmli məsələr - iqtidarla müxalifət arasında siyasi dialoqun və ümummilli məsələlərdə əməkdaşlığın vacibliyi, ölkənin siyasi həyatında partiyaların rolu ilə bağlı müzakirələr aparılır. Siyasi partiyaların açıqlamları göstərir ki, ümumilikdə, bu proses müsbət qiymətləndirilir. Siyasi partiya təmsilçilərinin Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşlərinin məhsuldar, faydalı olması qənaəti hakimdir. Artıq demək olar ki, bu, qiyabi polemika təcrübəsindən imtina edib, iqtidarla digər siyasi qüvvələrin birbaşa ünsiyyət kanallarının bərpası üçün vacib təşəbbüsdür. Ölkədə siyasi qüvvələr arasında kommunikasiya imkanlarının yaradılması, daxili siyasi gündəliyin irəli sürdüyü, siyasi partiyaların fəaliyyəti ilə əlaqədar məsələlərin birbaşa müzakirəsi yeni şəraitin tələbidir. Bu, həmçinin dövlət başçısının islahatlar konsepsiyasının tərkib hissəsi olan siyasi islahatların vacib elementidir.

Görünən budur ki, iqtidar digər siyasi qüvvələrin kommunikasiya imkanlarının yaranması, müzakirələrin aparılmasını ümumi dövlət maraqları kontekstində nəzərdən keçirir. Bu, həm də Prezident tərəfindən başladılan geniş ictimai dialoqun bir hissəsi kimi dəyərləndirilə bilər. Bu cür görüşlər və müzakirələr qarşıda daha geniş spektr məsələlərə həsr olunan geniş dialoq, daimi müzakirə formatlarının yaradılması perspektivi də açır.

Təbii ki, bu proses birətərəfli qaydada ola bilməz, çoxtərəfli səylər, konstruktiv yanaşma tələb edir. Ümid edirik ki, ölkədki siyasi qüvvələr bu yeni imkanları düzgün qiymətləndirəcək və prosesin irəliləməsinə çalışacaqlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar