CİNAYƏTKARLIĞIN XƏBƏRDARLIĞINDA İCTİMAİYYƏTİN ROLU

Şəmsəddin Əliyev 

“Polisə Dəstək” İB-nin sədri

Cəhalət və tərbiyəsizlik bütün cinayətlərin anasıdır.Onun toxumu yer kürəsinə səpələnib. 

Onore de Balzak

Cinayətkarlığın xəbərdarlığı və profilaktika konsepsiyasının ümumi məqsədi ictimai təhlükəli əməlləri, hər cürə hüquqpozmaları və hüquqazidd halları doğuran səbəblərin aradan qaldırılmasından ibarətdir.

Ona görə cinayətkarlıqla mübarizədə müəyyən konsultativ tədbirlərin həyata keçirilməsi zəruridir.

İctimaiyyətin bu işə cəlb edilməsi mürəkkəb prosesdir, lakin mühüm əhəmiyyət kəsb edir. Ölkədə təhlükəsizliyin qorunmasında ictimai dəstəyi təmin etmək, hüquqazidd hallara reaksiya cəmiyyətin cinayət hüquq sisteminə və ədalət mühakiməsinə etibarını möhkəmləndirir. Vətəndaş məmnunluğuna bazis yaranır.

Azərbaycanın hüquq mühafizə orqanları cinayətkarlığın xəbərdarlığı və onun ağır növlərinin azalması istiqamətində müəyyən mexanizmə və metodlara, habelə cəmiyyətin bu işə cəlb olunmasına səmtlənən böyük iş görür.

Uzun müddətdir ki, alimlər cinayətkarlıqla mübarizə istiqamətində xəbərdarlıq tədbirlərini həlledici amil kimi qəbul edirlər. Bu sahədə dünya təcrübəsinə diqqət yetirəndə məlum olur ki, siyasi, iqtisadi və ictimai quruluş dəyişdikcə insan cəmiyyətinin əsas qanunları dəyişməz qalır. İki milyon il bundan əvvəl insanlar yaxşı həyat axtarışı dalınca hansı arzu və istəklə gedirdilərsə, ehtiyaclarını ödəmək, şəxsi maraqlara üstünlük vermək üçün necə çalışırdılarsa yenə həmin hal təkrarlanır. Evolyusiyanın miqyası nə qədər geniş olsa da dünya yerində sayır, irəliləyə bilmirik.

QHT-lər, cəmiyyətin digər təbəqələri, elm və təhsil müəssisələri də bu prosesdə iştirak edirlər. Azərbaycan dövləti, insanların hüquq və iradə azadlıqlarına, ekstremizm və dini radikalizmə, cəmiyyətdə vahimə doğuran terrorçuluğa, narkomanlığa və digər arzuolunmaz təzahürlərə qarşı mübarizədə vətəndaş cəmiyyətinin müəyyən qruplarına maliyyə dəstəyi göstərir. Həyata keçirilən tədbirlər, ələlxüsus insanların alqı- -satqısı, müasir köləlik-insan alveri cinayətlərinin və sosial bəla olan narkomanlığın profilaktikası barədə icra olunan layihələr əhali arasında müsbət rezonansla yadda qalır. Tədbirlər əksər hallarda ərazi üzrə polis orqanlarının, ictimaiyyət nümayəndələrinin, KİV–lərin, ictimai şuraların iştirakı ilə həyata keçirilir. Vəziyyət həmişə olduğu kimi DİN kollegiyasının, İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun nəzarətində olur. İnsan alveri qurbanlarına birdəfəlik müavinət verilir, müəyyən qismi işlə təmin edilir, peşə kurslarına göndərilir, huquqi və psixoloji yardıma ehtiyacı olan qurbanlara tibbi xidmət göstərilir. Dövlət büdcəsindən qurbanların reabilitasiyasına il ərzində 100 mindən çox vəsait sərf edilir. Bütün qeyd olunanlar dövlətin cinayətkarlıqla mübarizə siyasətinin habelə, dövlətin konstitusiya üzrə ali məqsədi sayılan insan hüquq və azadlıqlarının təmin edilməsinin canlı təzahürüdür. Hər il vəziyyətin müqayisəli təhlili barədə Milli Məclisdə müvafiq hesabat verilir.

Bu baxımdan, ölkədə cinayətkarlığın qarşısının alınması fəaliyyətində polis orqanları hakim mövqeyə və rola malikdir -desəm yəqin ki, daha düzgün qəbul edilərdi. Prosesdə prokurorluq, ədalət mühakiməsi orqanlarının və digər dövlət orqanlarının xidmətini də danmaq olmaz.

Tarixən Polisin ictimaiyyətlə sıx təmasda olması cinayətkarlığın nəzarətdə saxlanılmasında və xəbərdarlığı fəaliyyətində həmişə faydalı olmuşdur. Qənaətimə görə bu, DİO əməkdaşlarının peşəkarlığının təcəssümü kimi dəyərləndirilməlidir.

Polis əməkdaşının xidməti mundirində ərazidə olması, əhali ilə söhbəti profilaktikanı səciyyələndirən əlamətlərdir.

Hər bir məhkəmə prosesinin prosesual aktı, hakimin kollektivdə müzakirəyə çevrilən qərarları profilaktika və cinayətlərin xəbərdarlığı üçün “xəbərdarlıq fənəridir”.

Cinayət təqibi, hüquqi yardımın göstərilməsi, ittiham olunanların pulsuz müdafiəçi ilə təmin edilməsi işi də bu sahədə mühüm fayda verir.

Sosial şəbəkələrin və KİV-lərin cinayətkarlığın xəbərdarlığı məsələlərində xidmətləri var.

Lakin, bəzən az əhəmiyyət kəsb edən ictimai təhlükəli əməllərin “ağır” cinayətlər fonunda həyacanla təqdim edilməsi və yaxud ictimai münasibətlərə qəsd edən, xüsusilə ağır nəticələrə səbəb olan əməllərin subyektlərinin “qəhrəman” obrazında verilməsi bu işə ziyan vurur. Son zamanlar televiziyalarda yayımlanan seriallarda odlu silahın tətbiqini, zorakılıq əlamətlərini əks edən epizodlar müəyyən insanların düşüncə tərzində və təfəkkürlərində neqativ dəyişikliklərə səbəb ola bilər. Belə seriallar telekanallarda yayımlanmamışdan öncə Baş Prokurorluğun, DİN-nin, ƏN-nin rəyindən sonra “istehsalı” məqsədə uyğun olardı. Seriallarda məişət zorakılığını təbliğ edən kobud hərəkətlər ictimai şüurda neqativ oyanış üçün şərait yaradır. Ümumiyyətlə tamaşalarda sosial hadisələrin və ictimai mənəviyyata zidd belə halların qarşısını almaq üçün ciddi nəzarət lazımdır.

İstənilən verlişin yayılmasında “bu televiziyaların hüququdur”– -deyə düşünsək nihilizmə yer ayırmış olarıq. “Vətəndaşların kanalları çevirmək hüququ var" –fikirləri də qəbuledilməzdir. İndi patriotizm ruhlu seriallara üstünlük verilməlidir. Müharibə hələ bitmədiyindən hüquqazidd halların aradan qaldırılması, vətənpərvərlik mövzuları, qəhrəmanlıq və şücaət səhnələri televiziyaların fəaliyyət istiqamətləri ilə sıx bağlı olmalıdır. Çünki, bu sahələr üzrə dövlət siyasətinin mühüm təbliğatı məhz televiziyalarda aparılır. Cinayətkarlıqla mübarizə isə hamının işidir!

(Haşiyə çıxıram: Musiqili şouların çoxluğu dərdimizin başqa tərəfidir. Şoular və iştirakçılar o qədər reklam olunur ki, az qala hamı “şoumen” və ya “müğənni” olmaq həvəsinə düşür. Müğənnilik vətənə aludəlik və yaxud hələ vətənə sədaqət ruhunda davranmaq deyil. Baxın, müğənnilər bəzən studiyalara xaltalı it ilə gəlirlər. Bu geniş ictimaiyyətə qatı hörmətsizlikdir. Alkoqollu içkilərin təbliği televiziyaların fəaliyyətini tənzimləyən normativ hüquqi aktlara zidd olsa da, davam edir. Unutmayaq ki, alkoqollu içkilərin qəbulu bəzən ağır cinayətlərlə də yadda qalır. Televiziyalarda bu qədər sərbəstliyə ehtiyac varmı?)

“Harada qanun yoxdursa, orada cinayət də yoxdur”

Apostol Pavel(Romalılara müraciətindən)

K.Marks və F.Engels qeyd edirdilər ki, ağıllı, müdrik qanunvericilər, cəzalandırmaqdan çox cinayətlərin xəbərdarlığına üstünlük verməlidirlər. Qanunlar bir qayda olaraq xalqın iradəsini oxşamalıdır.Qanunların məqsədi isə ictimai münasibətləri tənzimləmək, xalqın rifah halının yaxşılaşdırılmasına və həyat səviyyəsinin yüksəldilməsinə xidmət etmək, dövlətin təməli ətrafında xalqın vahidliyini səfərbər etməkdən ibarətdir.

Ümumiyyətlə profilaktik fəaliyyət 2 mərhələni əhatə etməlidir. Birinci mərhələdə həyata keçirilən tədbirlər hüquqpozmanın subyektinin, hüquqazidd əməlləri doğuran səbəb və şəraitin öyrənilməsinə yönəlməli, ikinci mərhələdə isə müvafiq profilaktik tədbirlərin işlənib hazırlanması nəzərdə tutulmalıdır. Belə təsəvvürlər elmdə birdən-birə yaranmamışdır. Əsrlər boyu insan ağlı cəmiyyətdə baş verən hüquqazidd əməllərin səbəblərini aşkar etmək və bunun qarşısını almaq üçün vasitələr axtarışında olub. Ona görə, hüquqpozmaların obyektiv səbəblərinin mövcudluğu haqda təsəvvürlərə əsaslanan sosial-profilaktik yanaşma təbii hal kimi anlaşılmalıdır.

Qədim Hind hüquq ədəbiyyatında əsas xəbərdarlıq vasitəsi kimi, cəzanın xofu–vahiməsi dururdu. Cəzanın sərtliyi cinayət törətməyə meyilli olan şəxsləri cəhalətin meyvəsi olan pis əməllərdən çəkindirməyə təsir edə bilir.

Manu qanunlarına görə yalnız cəzanın xofu hər bir canlını xeyirxahlığa xidmət etməyə istiqamətləndirə və zidd “vəzifələrin” icrasından kənara çəkə bilərdi. Bu borcun təmin olunması iki sistemə; bir tərəfdən etik normalara, Uca Allahın gücünə; digər tərəfdən isə siyasi vasitələrə əsaslanan yol ilə həyata keçirilərdi.

Əgər, qədim Hindistanda hüquqpozmalarla mübarizədə əsas vasitə kimi sərt cəzanın tətbiqindən istifadə edilirdisə, Qədim Çin mütəfəkkirləri bu sahədə mühüm vasitə kimi tərbiyənin roluna üstünlük verirdilər.

Cəzanın tətbiqi bu gün də, hüquqi metod kimi əhəmiyyətini saxlasa da, tərbiyəvi faktorların daha çox inkişafı və miqyasının böyüməsinə dair mülahizələr vacib amil olaraq qalır. Məsələn: Qədim Çin mütəfəkkiri Konfutsi və onun tərəfdarlarının nəzərinə görə əgər insanları tərbiyə etməyib cəzalandırmağa üstünlük versək, cəzalandırılanların sayı artacaq, lakin kökü kəsilməyəcək; və yaxud, tərbiyə edib cəzalandırmasaq bədnam əxlaqlı və tərbiyəsi qüsurlu olanlar cəzasız qalacaq və sayca artacaqlar. Bu mənada Onore de Balzakın təbirincə “Cəhalət, mədəniyyətsizlik və tərbiyəsizlik bütün cinayətlərin anasıdır. Ağılsızlıq,tamah və düşüncəsizlik də cinayəti doğuran əlamətlərdir. “

Hüquq Mühafizə Orqanlarının baş vermiş cinayətlər və onların iştirakçıları barədə KİV-də dərc edilən məlumatları profilaktik tədbirlərin davamıdır. Bu missiya, Hüquq Mühafizə Orqanları ilə KİV-in cinayətkarlığın miqyasının və dəhlizinin daralması ətrafında birgə həyata keçirilən xəbərdarlıq fəaliyyəti rəğbətləndirilməlidir.

Bir az öncə qeyd etdiyim kimi, bəzən KİV-də cinayətin subyektlərinin qəhrəman obrazında verilməsi, eyni mövzuya təkrar-təkrar qayıtması halları əhali arasında ikrah hissilə qarşılanır, onların keçmiş hərəkətləri dolayı yolla sanki mükafatlandırılır. Penitensiar xidmət müəssisələrində yayımlanan verilişlər bir tərəfdən çəkindirici ovqat yaradırsa, digər tərəfdən "cinayətkar dünyanın" təbliğinə və təşviqinə yönəlir. (Onlara oxşamaq istəyənlərin sayı artır) Burada korrektlərə ehtiyac var. Sovet dönəmini gözümüzün önünə gətirək... Belə verilişlərə yer verilərdimi?..

Diqqət çəkən başqa məqam da var: Xüsusilə ağır cinayətlərə ğörə ittiham olunan şəxslərin mühafizə altında qaçmasına dəstək verən, nə etdiyini və əməlinin nəticəsini də arzulayan, ictimai nüfüza malik zərif cinsdən olan bəzi həmvətənlərimiz həbs olunsalar da sonralar onun əməli elə o səviyyədə olan qrup tərəfindən qəhrəman obrazında ictimaiyyətə çatdırılırdı. Heç kim onu cinayətinə görə qınamadı, “ayıb olsun”, demədi. Əksinə... Bir səhvdir edib?! Axı, cinayətkara dəstək olmaq səhv deyil, vətəndaş vəzifələrinə və mənəvi dəyərlərə, ictimai mənəviyyata ziddir. Belə hərəkətlər ehtiyatsızlıqdan baş vermir, qəsdən törədilir. Belələrinə cəzanın yüngülləşdirici halını tətbiq etməklə cinayətkarlara havadarlıq etmiş oluruq. Bu azmış kimi, bu tərbiyəyə malik şəxslər hər gün televiziya ekranlarında reklam olunur, ictimaiyyətə “müdrik”qiyafədə təqdim edilir. Kim məsuliyyət daşımalıdır? Yenə, sovet dönəmində belə hallara(səhvlərə) yol verilməzdi.

“Bəzən rezin dəyənəklə də yol göstərmək olar”

Yeji Lets(Polyak filosofu)

Cinayətkarların hüquqazidd əməllərinin qurbanına çevrilənlər, quldurluğa, soyğunçuluğa və zorlamaya məruz qalan - zərərçəkənlər belə verilişlərə nifrət hissi ilə baxırlar. Yaxşı olardı ki, öncədən dərdləri ilə baş-başa qalan zərərçəkənlərin həyatlarına heç olmazsa eksklüziv yanaşılsın. Məsələyə birtərəfli yanaşmaq əks “rezonans” doğurur.

İctimaiyyətin cinayətkarlığın qarşısının alınması tədbirlərinə cəlb olunması və bu mühüm fəaliyyətdə iştirakı arzu olunan məsələdir. Ölkə prezidentinin 02 mart 2016-cı il tarixdə “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” imzaladığı fərman qeyd etdiklərimin rəsmiləşdirilməsinin əyani sübutudur.

Cəmiyyəti “Canlı orqanizmə bənzətsək” cinayətkarlıq cəmiyyətin səhhətində öncədən görünməyən latent xəstəlikdir. Vaxtında qarşısı alınmazsa onunla mübarizə çətinləşəcək. Ona görə də profilaktika, xəbərdarlıq və maarifləndirmə tədbirləri vaxtaşırı aparılmalıdır. Cinayətlər baş verdikdən sonra isə xəbərdarlığın əhəmiyyətinə ehtiyac qalmır. Sadəcə subyektlərin cinayət qanunvericiliyi ilə təqib olunması ətraf üçün “xof” yarada bilər.

Bəs antik cəmiyyətlərdə cinayətkarlıqla mübarizədə hansı metodlardan istifadə edilmişdir?

Antik cəmiyyət qanuna tabe olan, onu uca tutanlara hörmətlə yanaşmış, hüquqpozmaların profilaktikası istiqamətindəki ideyalara həmişə önəm vermişlər. Bizim eradan əvvəl VII əsrdə qədim yunan mütəfəkkiri Periandr qeyd edirdi ki, “cinayətkarı cəzalandırmağa yox, cinayətlərin xəbərdarlığına çalışmaq lazımdır”. Qədim Yunan və Roma müdrikləri isə bu işdə məcburetmə və inandırma metodlarının üzvü sürətdə bağlılığına önəm vermişlər.

Sofist Protoqor həmin dövrdə yazırdı: “Dövlət qanunlarını pozmağa və həddini aşmağa görə cəzanın məqsədi islah etməkdən, əvəz almaqdan ibarət olmalıdır”. Roma hüquqşünası Ulpian da bir müdrik ifadə işlətmişdi: “Xeyirxahlar təkcə cəzanın vahiməsinin təkmilləşdirilməsinə yox, cinayətlərin xəbərdarlığına da üstünlük verməlidirlər”.

Bəzi qədim mütəfəkkirlər hüquqazidd əməllərin kökündə səbəb kimi alkoqolizmi və sərxoşluğu görürdülər. Həmin dövrlərdə sərxoş şəxslərdən ikiqat penya alınardı. Sərxoş adam hərəkətlərinə cavab verə bilmədiyinə və belə əməllər cəmiyyətdə ciddi narahatlıqla müşahidə edildiyinə görə sərt cəzanın tətbiqi ümumi xarakter daşıyırdı.

Beləliklə, antik cəmiyyətlərdə hüquqpozmaların xəbərdarlığına bir tərəfdən dini inanclar və mənəvi-hüquqi aspeklər təsir edirdi.

Orta əsrlərdə dini ehkamlara əsaslanan və son dərəcə mücərrəd, idealist fəlsəfənin, sxolastikanın (həyatdan ayrı təsəvvürlər) anlaşıla bilməyən mühakimələrə əsaslanan ideyaların hakim olduğu mərhələdə cinayətkarlığın inkişafı din ilə əlaqələndirilirdi. Feodal quruluşun böhranı və kapitalizmin təşəkkülü dövründə məsələyə qismən elmi yanaşma tələb etməyə başladı.

İngilis utopik-sosialisti Tomas Mor (1478-1535) sübut etməyə çalışırdı ki, cinayətkarlıq düzgün olmayan ictimai quruluşun məhsuludur, bütün vətəndaşların zəruri həyat ehtiyacları təmin edildikdə dövlət əmlak cinayətlərindən qurtula, xilas ola bilər. O, cinayətkarlığın sosial səbəblərini xarakterizə edərkən, sərxoşluğu, yoxsulluğu önə çəkərək yazırdı: -“Varlıların özbaşınalıqlarına və inhisarçılığına son qoyun, cilovunu çəkin... Soruşuram; bir şey edə bilirsinizmi... onda oğruları özünüz yaradır və sonra da cəzalandırırsız?”

Morun baxışları Tomazzo Kampanellanın və XVIII əsrin fransız utopistlərinin konsepsiyalarında dönüş yaratdı. Cəmiyyət təkmilləşdikcə həyatın da cinayətlərsiz olacağına ümid bəslənilirdi. Amma, cəmiyyətin inkişafı ilə statistikada yeni növ cinayətlərin meydana gəlməsi üçün şəraitin yaranacağını proqnozlaşdıra bilmədilər.

Sonralar, maarifçilik dövrü sosial profilaktik baxışların formalaşmasına mühüm təsir etdi. Şarl de Monteskyö (1689-175//5) “Qanunların Ruhu” əsərində yazırdı: “Qəddarlığa əsaslanan cəza sistemi, törədilən əmələ görə qorxu və vahimə, cəmiyyətdə yabanılaşma və vəhşilik hissi yaradır”. O, cinayətlə cəzanın mütənasibliyinə əhəmiyyət verilməsini, cinayətlərin xəbərdarlığı üçün bütün mümkün vasitələrdən istifadə olunmasını tövsiyə edirdi. Yalnız məcburetmə metodundan istifadəni məsləhət görmürdü.

Cezare Bekkariyyə (1738-1794) isə hesab edirdi ki, hökmün icrası zamanı hər cürə üzüntülü, əzabverici hallardan çəkinmək lazımdır, cinayətləri doğuran səbəblərin aradan qaldırılmasına üstünlük verilməli, qəbul olunan qanunlar hamının dərk edə bildiyi anlamda olmalı, potensial cinayətkarlar üçün xəbərdaredici və çəkindirici metodlar xüsusi əhəmiyyət daşımalıdır.

XVIII əsrdə bəzi mütəfəkkirlərin mülahizələrinə görə mülkiyyət əleyhinə olan cinayətlər idarəçiliyin məhsulu kimi qəbul edilirdi. Lakin belə yanaşma, bu gün üçün aktual deyil. Zənnimcə “Cəza qılıncı” nə qədər havada olarsa, cəzanın bir o qədər çəkindirici və xəbərdaredici funksiyasının dəyəri olacaq. Son nəticədə isə doğuran səbəblərin də mənbəyinə “yandırıcı”(lokallaşdırıcı) təsir edəcək.

Beləliklə, XIX əsrə qədər olan siyasi-hüquqi ideologiyanı təhlil edərək belə nəticəyə gəlmək olar ki, antik mütəfəkkirlərin bu sahədə söylədikləri fikir və mülahizələri düşündürücüdür. Lakin, ehtimallara söykənən bəzi mülahizələr və ideyalar sosial iqtisadi və siyasi şəraitin real təcəssümünə xas yer tuta bilmədi. Bu ideyaların dərin elmi əsası olmadığından həmin müəlliflərin sosial izləri də silinməkdədir.

K.Mark və F.Engels kimi müdrik insanlar da, hüquqpozmaların və cinayətkarlığın səbəbləri,onunla mübarizə metodu ilə bağlı fikirləri diqqət çəkir. Onlar cinayətkarlığın səbəblərini sosial münaqişələrdə və kapitalizmin ziddiyyətli quruluşunda görürdülər. Sənayeləşmənin inkişafı, XIX əsrin vətəndaş cəmiyyətində sinifli təbəqələrin çoxalması və dərinliyi, cəmiyyətin bir qütbündə kapitalın-sərvətin təmərküzləşməsinə (toplanmasına), başqa qütbündə isə yoxsulluğun qərarlaşmasına gətirib çıxartdı. Belə qənaət hasil olunurdu ki, cinayətlərin sayı əhalinin sayından tez artır. Cinayətkarlığın miqyasının böyüməsinə görə məsuliyyət kapitalist sisteminin və onu idarə edənlərin üzərinə düşürdü. Ehtiyac və işsizlik mənəviyyatsızlığın, hər cürə cinayətlərin, cəmiyyətə zidd münasibətlərin mənbəyinə çevrilirdi. Yoxsul və işsiz təbəqənin cinayətlərə meylini F.Engels “Suyun müəyyən hərarətdə buxara çevrilməsi”-nə bənzədirdi. Gəlir əldə etmək uğrunda amansız qarşıdurma və mübarizə, pulun hər şeyi həll etmək dəyərinə malik olması cinayətkarlıq üçün zəmin yaradır,insanların davranışlarına təsir edirdi. K.Marks belə şəraiti dövlətin vətəndaşının, onun canlı zümrəsinin “məcburi cinayətkar”a və yaxud “danışan alətə” çevrilməsi kimi dəyərləndirilirdi.

Zaman keçdikcə, daha çox sovetlər dönəmində cinayətkarlığın qarşısının alınmasına və xəbərdarlıq tədbirlərinin həyata keçirilməsinə elmi baxışlarla yanaşılmağa başlanıldı. Müəyyən nəticələrə nail olunsa da, problemin həlli təmin edilmədi, praktik və preventiv tədbirlər, layihələr istənilən nəticəni, cinayətkarlığın aradan qaldrılmasına sərf edilən hüquqi, siyasi və iqtisadi güc səmərə vermədi.

Bu gün cinayətkarlığın miqyasının genişlənməsi artıq dünyanın bütün ölkələrini, bəşəriyyəti və BMT-ni də narahat etməyə başlamışdır. Hələ 1973-cü ildə BMT-nin baş katibi K.Valdhaym cinayətkarlıqla mübarizə və onun xəbərdarlığı məsələləri üzrə komitəyə bu problemin həlli üçün “Cinayətkarlığın ümümi xəbərdarlığı” strategiyasını etmişdi. Strategiyanın əsas məqsədi müəyyən təkliflərin, habelə problemin həllinə zəruri vasitələrin hazırlanmasından və həyata keçirilməsindən ibarət idi. 50 ilə yaxın müddət ərzində hələ də belə strategiya işlənib hazırlanmamışdır.

Cinayətkarlığın xəbərdarlığının metodoloji problemlərindən biri (bəlkə mühüm problemi) də bəzi alimlərin hüquqpozmanın sosial və yaxud bioloji hadisənin olub- - -olmaması sualına birmənalı cavabını tapmamasıdır. Mübahisə 100 ildən çoxdur ki, davam edir.

“Cinayəti törədənlər cinayətkar kimi doğulanlardır”

Antropologiya məktəbinin nümayəndələri hesab edirdilər ki, cinayət hüququnda və kriminologiyada cinayətkarlıq - psixoloji və fizioloji qanunlara tabe olan bioloji haldır. İtalyalı məhkəmə psixiatrı və antropoloq Ç.Lombrozo və onun davamçısı İtalyalı kriminalist E.Ferri antropoloji məktəbin mülahizələrinin müdafiəsi tərəfində dururdular. Lombrozoya görə elə adamlar var ki, stiqmatik əlamətlərə malikdirlər, anadangəlmə cinayətkar doğulurlar. Belələri cinayət törətməkdə maraqlıdırlar, daha doğrusu potensial cinayətkar təəssüratını yaradırlar. Onlarda olan əlamətləri təsdiqləyən ən azı beş cəhət var və bu cəhətlər cinayət törədənlərin 31%-nə xasdır. Lombrozo təkidlə qeyd edirdi ki,“cinayətkar kimi doğulanlar cinayət törədirlər və yaxud, cinayəti törədənlər cinayətkar kimi doğulanlardır”. Bu nəzəriyyə tədricən antihumanist, irqçilik əhvalı yaradırdı və cinayət törətməyənlərə qarşı məcburi, preventiv tədbirlərin görülməsinə haqq qazandırırdı...

Antropoloji məktəbin nəzəriyyəsinə qarşı çıxan, onu rədd edən, digər tərəf isə cinayətkarlığın sosial təbiəti haqda təlimin tərəfdarları idi. Bu təlimin tərəfdarları cinayətkarlığı birmənalı olaraq sosial hadisə ilə bağlayırdılar. Onun kökünü isə insanların təbiətində yox, iqtisadi, siyasi və insanların həyat fəaliyyətinin sosial şəraitində axtarmağı məsləhət görürdülər. Cinayətkarlıq (cinayətlər)cəmiyyətin əlavə məhsuludur-mülahizəsinə üstünlük verirdilər.

Zaman ötdükcə K.Marks və F.Engels hesab edirdilər ki, cinayətkarlıq burjua cəmiyyətinin təbiətində, xüsusi mülkiyyətin mövcudluğunda, sosial bərabərsizlikdə və ədalətsizlikdə mövcud olur, lakin bu səbəblər kommunist cəmiyyətində itəcək və yox olacaq....

Bu ideyalar sovet kriminalogiyasının metodoloji əsasını təşkil edirdi. Rus akademiki V.N.Kudryavtsev isə qeyd edilən ideya və təlimlərə üzünü tutaraq nöqtə qoydu və qeyd etdi ki, cinayətkarlıq sosial hadisədir. Dövlət və cəmiyyət olan yerdə cinayətlər olmuş və olacaq. Bunun üçün o, cinayətkarlığı üç münasibətdə -hüquqi təyinatına, tarixi mənşəyinə və nəticəsinə görə sosial hadisə olmasını sübut etdi. Əvvələn, yalnız cəmiyyət qanunverici timsalında cinayəti cinayət sayılmayan əməldən ayırır; ikincisi: cinayətin və cinayətkarlığın tarixi mənşəyini onların sosial xarakteri təsdiqləyir; Bir tərəfdən hərəkət cəmiyyət üçün təhlükəli və obyektiv olaraq zərərlidir, keçmiş tarixi təkrarlamaqdır. Nəzərə almaq lazımdır ki, insan cəmiyyətində belə hərəkətlər həmişə olmuş və olacaq. Digər tərəfdən isə belə əməllərin hüquqi xarakteristikası, əməlin cinayətə aid olub-olmaması məsələsini, rəsmi tanımasını qətiləşdirir. Eyni zamanda əməlin hüquqi xarakteristikası dövlətin və hüququn yaranmasından sonra prosesual diqqət çəkməyə başlamışdır. Üçüncüsü: Cinayətkarlığın sosial təbiəti əyani olaraq cinayətlərin baş verməsindən asılı olaraq, istənilən cəmiyyətdə mümkündür.

Bir sözlə insan həyatı üçün təhlükələr, əmlak ziyanı, istehsalatda özbaşınalıq, ictimai qaydanın pozulması, dövlət idarəçiliyinin zəifləməsi və s. pul ilə ölçüldüyündən böyük məbləğin itirilməsi deməkdir. Son nəticədə isə ictimai inkişafa və cəmiyyətin sosial təhlükəsizliyinə ciddi zərər vurulur.

Beləliklə, tədris vəsaiti kimi qəbul olunan kriminalogiya elminə görə cinayətkarlıq cəmiyyətin sosial çatışmazlığının məhsuludur. O norma deyil, lakin qanunauyğun haldır, müəyyən ictimai şəraitdə və müəyyən coğrafi ərazidə kəmiyyət və keyfiyyət göstəriciləri ilə xarakterizə olunaraq ərsəyə gəlir. Ona görə mübarizəni heç vaxt konkret cinayətlərə və cəzanın tətbiqinə görə məhdudlaşdırmaq olmaz.

Belə nəticəyə gəlmək olar ki, əgər cinayətkatlığın meydana gəlməsində sosial faktorlar mühüm rol oynayırsa, onunla mübarizə sistemi də ilk öncə sosial sistemdə aparılmalıdır. Əgər, yuxarıda qeyd etdiyim ideyalara rəğmən bu əlamət insanların biologiyası ilə bağlıdırsa, onun qarşısını almaq üçün cinayətkarlara təsir vasitəsi kimi tibbi metodları kəşf etməyə, genetik nəzarətə ehtiyac yaranardı.

Zənnimcə cinayətkarlığın səbəblərini təkcə sosial faktorlarla əlaqələndirmək də düzgün olmazdı. Və yaxud, belə yanaşılarsa hüquqpozmanın subyektinin hüquqazidd əməlindən əl çəkməsi məsələsi öyrənilməlidir. Hüquqpozmanın səbəbləri ehtimallara söykənərsə sxolastik hal yaşanır. Zahirən müasir yanaşma hüquqazidd əməlin törədilməsi sosial-biolioji hadisənin olduğu qənaətini tanıyır. Lakin törədilən əməl sosial və bioloji xarakterli faktorla bağlı olsa da, sosial faktorlar həlledici rola malikdir.

Cinayətlərin xəbərdarlığı geniş anlamda kriminoloji kateqoriyaya aid olur. Dar mənada isə cinayətkarlığın xəbərdarlığı özündə cinayətlərin səbəb və şəraitini aşkar etmək fəaliyyətinə səmtləndiyindən, onun baş verməsi yolları bloklanmalı, insanların hüquqa zidd davranışlarının aradan qaldırılmasına və zərərsizləşdirməsinə diqqət yetirilməlidir.

Nə qədər ki, cinayətkarlıq cəmiyyətin məhsuludur (əlavə məhsulu), obyektiv ziddiyyətlərin nəticəsi olaraq meydana çıxır, onun tam ləğvinə, səbəb və şəraitin tam aradan qalxmasına yönələn, cəmiyyət və dövlət üçün cinayətkarlığın qaçılmaz sosial bəla olması faktı ilə barışmağa məhkumuq.

Bu baxımdan, cinayətkarlığın xəbərdarlığı ilə bağlı dövlət və cəmiyyət:

-Cinayətkarlığı saxlaya və ona nəzarət edə;

-Onun daha çox dağıdıcı tendensiyasını qabaqlaya;

-Səbəb və şəraitini müvəqqəti neytrallaşdıra;

-İctimai marağı və vətəndaşları cinayətkar qəsdlərdən qoruya bilər.

Son olaraq, Azərbaycan Respublikasının Prezidentinin 02 mart 2016-cı il tarixli fərmanı ictimai asayişin qorunmasında vətəndaşların iştirakını, cəmiyyətin polisə dəstəyini bir növ konstitusion vəzifəyə çevirir. Mahiyyət etibarı ilə məntiqlidir. Əgər təhlükəsiz bir cəmiyyətdə yaşayırıqsa və yaşamaq istəyiriksə, bizim də bu missiyada xidmətimiz və iştirakımız olmalıdır. Niyə də olmasın?

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar