“İTKİMİZ 1 MİLYARD DOLLAR OLACAQ...” - Keçmiş nazir təcili tədbirlər görməyə çağırır

Saleh Məmmədov, 

İqtisad elmləri doktoru, professor

Hər bir zərərə dözmək mümkündür, amma təhsildə yol verilən itkiləri heç nə ilə əvəzləmək mümkün deyil. Bu sahədə itirilən hər gün istehsal və ya xidmət sahələrindəki itkilərdən nəticə etibarı ilə qat-qat çoxdur. Təhsil və elm sahələri hətta ən gəlirli sahələrdən bir neçə dəfə çox gəlir vermək imkanındadı, digər tərəfdən təhsil sahəsində işlədikcə, insanlar yeni baza öyrənirlər. Ümumdünya problemi – virusla əlaqədar dünya iqtisadi və sosial həyatı ağır vaxtlarını yaşayır, bir çox istehsalat obyektləri işini dayandırmış, bəziləri xeyli zəifləmiş, insanlar qorxu-təlaş içində nə edəcəklərini bilmirlər.

Əksəriyyət ölkələrdə olduğu kimi Azərbaycanda da bütün təhsil ocaqları 24 günlük tətilə buraxılıb, hələ sonu da bəlli deyil, bundan sonra nə olacaq. Böyük bir ordu – iki milyondan çox müəllim, şagird, tələbə və s təhsil iştirakçıları yarada biləcəkləri ən ali neməti - biliyi yarada bilmir və bu bütün cəmiyyətin zərərləri hesabına yazılır. İki milyon nəfərdən çox əhali əsas fəaliyyətdən yayındırılmışdır. Orta hesabla 2 milyonun maddi və mənəvi nemətlər üzrə birbaşa itkisi 24 gün ərzində bir milyard dollara yaxınlaşır, əgər dolayı itkiləri hesablasaq, görərik ki, bütün cəmiyyət üçün həmin itkilərin həcmi bir neçə dəfə çox olacaq. Amma bu zərərlərin cəmi 4-5%-i hesabına nəinki problemin qarşısı alına bilər, hətta cəmiyyətin bir çox problemlərini həll etməklə bütövlükdə inkişafı çox irəli atmaq olardı. Söhbət təhsilin rəqəmsallaşdırılmasından gedir. Bütün təhsil ocaqlarının, xüsusilə, ali təhsilin, magistratura və doktoranturanın onlayn sistemə keçirilməsi cəmiyyətin və inkişafın çox problemlərini həll edə bilər. Bir neçə ildir ki, ardıcıl olaraq bu problem mütəxəssislər tərəfindən qaldırılır, amma təəssüf ki, ciddi irəliləyiş imkanlarına nail ola bilməmişik. Əgər inkişaf etmiş texnoloji tərəqqi ölkələrinin informasiya və süni zəka elmləri sahəsində əldə etdikləri nailiyyətlərdən minimum istifadə edib, texnoloji rəqəmsal təhsil sistemini qura bilsəydik, qətiyyən koronavirusla əlaqədar bugünkü təhsil problemləri ilə qarşılaşmazdıq.

Azərbaycan rəqəmsal dünyaya, elektron hökümətə ilk keçid elan edən ölkələrdən biridir, 2004-cü ildə ilk proqram qəbul olunmuş, ciddi həcmdə maliyyə ayrılmışdır. Proqramın zəif yerinə yetirildiyini nəzərə alaraq Prezident 2018-ci il fərmanlarıyla bu il prosesin tam başa çatdırılması göstərişini vermişdir. Amma təəssüflər olsun ki, Prezidentin bu sahədə göstərişlərinin 2020-ci ildə yerinə yetirilə bilməyəcəyi indidən hiss olunmaqdadır. Bir çoxları isə hələ də məsələnin mahiyyətini dərk edə bilmirlər. Universitet və məktəblərdə bu prosesi başa çatdırmalı olan müəllim heyətinin ən azı 30%-i hələ emaildən istifadə edə bilmir. Sovet dövrü, 1988-ci ildə Sovet rəhbərliyi ölkənin kompyüterləşdirilməsi haqqında qərar qəbul etmişdi və bütün təhsil ocaqlarında müəllimlər üçün kurslar təşkil olunmuşdu. Üstündən 32 il keçir, hələ biz hər şeydən xəbərsiz kimi davranırıq. İndi isə koronavirus məcbur edir.

Beləliklə, ölkənin tam elektronlaşması üzrə ciddi addımlar atılmalıdır, amma təhsil sistemi təcili, yəni bu gün-sabah rəqəmsal xəttə düşməlidir. Təkrar qeyd etmək istəyirəm ki, təhsilin dayandırılmasından ölkəyə vurulan zərərin dəyəri heç bir dağıdıcı hadisə ilə müqayisəyə gələ bilməz. Təhsil Nazirliyinin son illərdə atdığı addımların vəziyyəti bir qədər yumşaltmasına baxmayaraq, baş verən hadisələr arxasınca yetişməyə yetərli deyil. Konkret olaraq hansı fəaliyyət planı üzrə hərəkət etmək lazımdır:

1. Müvəqqəti olaraq beynəlxalq distant təhsil portallarının biri ilə müqavilə bağlayaraq (belə şirkətlər yüzlərcə var, məsələn, Moodle, Ispring, Adobeconnecet, Webtutor, Memberlux və s) təcili bütün məktəb və universitetlərdə təhsili bərpa etmək lazımdır. Hətta, bu gün əlimizdə olan elektron texnologiyalar, şəbəkələrlə də pulsuz onlayn olaraq təhsili davam etdirmək olar. Skype, WhatsApp, WeChat, Viber, Line və s. bütün bu şəbəkələr məsafədən normal təhsil almağa imkan verir.

2. Rəqəmsal təhsil haqqında qanun və ya qanun qüvvəli qərar hazırlanması və zəruri büdcə ayrılması. Büdcə Təhsil Nazirliyinin icmal büdcəsi daxilində ayırıla bilər və elə böyük məbləğdən söhbət getmir.

3. Rəqəmsallaşmanın proqram təminatının hazırlanması üçün tender elan olunması və bütün ölkə miqyasında vahid elektron sistem qurulması. Hazırda həyata keçirilən pərakəndə elektron təhsil zəifdi və çox bahalıdı. Bu sistemlə sonradan koordinasiya və idarəetmə sistemini qurmaq çox çətin olacaq, həm də səmərəsiz olacaq. Ümumi qaydalar eyni olduğu kimi proqram təminatı da eyni olmalıdır. Bir gerçəkliyi qəbul etməliyik: yaxın illərdə klassik dünyada həyata keçirdiyimiz bütün fəaliyyətlərimizin elektron variantı ortaya çıxacaq, yəni hamısı rəqəmsallaşacaq. Bu işlərin hamısı elmlə və təhsillə, proqramlaşma və yüksək texnologiyalarla həyata keçiriləcək, qurulacaq. Dəfələrlə səmərəli, ucuz, faydalı, qənaətlə, asan başa gələcək.

Elm qarşımıza belə gözəl üfüqlər açır, bu üstünlüklərdən istifadə etməliyik, elmi inkar etməməliyik, əgər bütün həyat və fəaliyyət elmləşirsə, elmi də inkişaf etdirməliyik, bütün fəaliyyətimizi elm üzərində qurmalıyıq. Bunu yalnız təhsilin rəqəmsallaşdırlması timsalında izah etməyə çalışacam:

Rəqəmsal təhsil bu məqsəd üçün sərf olunan vaxta ən azı 50% qənaət edir. Ölkə üzrə 2 milyondan çox təhsil alan və müəllim var, bir insanın təhsil ocağına gəlməsi və qayıtması orta hesabla gündə iki saat vaxt aparır. Yalnız bu səbəbdən gündə 500 min adam/gün (8 saatlıq iş günü üzrə) itkiyə gedir.

Bu insanların istifadə etdiyi nəqliyyat vasitələrini, trafik sıxıntılarını, tıxacları və yola çəkdiyi məsrəfləri, yanacağı, nəqliyyat vasitələrini idarə edənlərin məsrəflərini hesablasaq, gündəlik milyonlarla vəsaitin sovrulmasını görmüş oluruq. Hələ rayonlardan gələn şagirdləri, müəllimləri, xaricdən cəlb olunan professor-müəllim heyətini nəzərə alsaq, çox böyük həcmdə qənaət və rahatlıq əldə edilə biləcəyinin şahidi olarıq.

Universitetlərdə, məktəblərdə bina, avadanlıq, mebel çatışmazlığı, onlara çəkilən xərc günü-gündən artır. Təhsil büdcəsinin böyük hissəsi bu məqsədlər üçün xərclənir. Rəqəmsal təhsillə bu problemə ömürlük xitam vermək olar və böyük miqdarda vəsaitə qənaət etmək mümkündür. Rəqəmsal onlayn təhsil zamanı hətta həftənin iki və ya bir gününü auditoriya təhsili günü elan olunsa belə, bir neçə il əlavə binaya və ya mebelə və avadanlığa ehtiyac qalmayacaq.

Rəqəmsal onlayn təhsil vasitəsilə bütün sərhədlər aradan götürülür, çox bahalı dünya alimlərini və yerli müəllimləri rahat hər yerdə təhsilə cəlb etmək olar və buna klassik təhsillə müqayisədə bir neçə dəfə az məsrəflə nail olmaq mümkündür. Dünyanın bir çox ölkələrində mindən çox azərbaycanlı alimlər fəaliyyət göstərir, bunların hamısını onlayn təhsilə cəlb etmək mümkündür. Ölkənin daxilində məşhur alimlərin mühazirələrinə və ya müəllimlərin dərslərinə bir çox qrupları cəlb etmək mümkündür və bunların da hamısını açıq efirə buraxmaqla elmin ictimailəşməsinə nail olmaq olar. Bu məsələ barəsində bir neçə il əvvəl Təhsil Nazirliyinə təklif vermişdim ki, tanınmış alimlərin və müəllimlərin dərsləri, olimpiadalara hazırlıq dərsləri bütün ölkə üzrə sosial şəbəkələr vasitəsilə ictimailəşsin, birbaşa efirə verilsin, “yutub”da yerləşdirilsin. Bu təhsilin ümumi inkişafı üçün çox böyük fayda verə bilərdi.

Yaxud, əhalinin əsasən Abşeron iqtisadi rayonunda cəmləşməsi və təbii artımın azalması ilə əlaqədar kənd məktəblərində oxuyan şagirdlərin sayı sürətlə azalır, kəndlər boşalır. Elə siniflər var ki, 2-3 nəfər şagird var. 3 nəfər üçün tam müəllim ştatı saxlanması heç bir məntiqə sığmır. Belə halda on məktəbin şagirdlərini birləşdirib prosesi dəfələrlə az məsrəflə və daha rahat çəkildə tənzimləmək olar.

Rəqəmsallaşma tamamilə elmi məhsuldu və elm əsasında həyata keçirilir. Hər hansı bir proqram təminatının öyrənilməsi ciddi bir işdi və bunun üçün şox böyük məsrəf gedir. Rəqəmsal təhsilə keçid özü elmin inkişafına, insanların öyrədilməsinə, ümumi elektron savadsızlığın aradan qaldırılmasına böyük köməkdi. Qarşıda duran əsas məqsəd əhalinin 100%-lik rəqəmsal savadlılıq səviyyəsinə nail olmaqdı. Bunun üçün bütün səviyyələrdə onlayn kurslar təşkil olunması və bütün müəllim heyətinin öyrədilməsi vacibdir. Mən universitetlərdə elektron sistemdən istifadə edə bilməyən professorlar, dosentlər, rəhbər işçilər tanıyıram, yəni belə kadrlarla bir addım da irəli getmək mümkün deyil.

Dərsliklər və dərs vəsaitlərinin rəqəmsallaşdırılması həm tələbələrin və həm də ümumiyyətlə dövlətin məsrəflərini bir neçə qat azalda bilərdi, kağız istehlakını 90% azalda bilərdi, bu da təbii ki, ekologiyanın yaxşılaşmasına ciddi töhfə olardı.

Rəqəmsal təhsil cəmiyyətdə demokratik prosesləri inkişaf etdirmək, şəffaflığı təmin etmək üçün, korrupsiyanı minimuma endirmək üçün xüsusi vasitədir.

Təbii ki, bu problemlərin həlli üçün hökümətin üzərinə ciddi vəzifələr düşür, bu sahədə internet təminatı, onu sürətinin artırılması və ucuz qiymətə təmin olunması, internet texnologiyaları və soft proqram təminatı istehsalının qurulması bu günün deyil, dünənin, 10-20 il əvvəlin işi idi. Hazırda Azərbaycanda elmi məhsul (soft proqramlaşma daxil) istehsalı demək olar ki, sıfır vəziyyətindədir.

Ümumiyyətlə, elektron sistemin tətbiqinin, xüsusilə də, təhsil sisteminə sirayət etməsinin üstünlüklərini saymaqla qurtaran deyil, prosesi nə qədər tez başlasaq, bir o qədər cəmiyyəti irəli çəkmiş oluruq.

635x100

Şərhlər

Elvin 2020-03-15 23:57:50

Çox yaxşı fikir və təkliflərlə dolu yazıdı. Görəsən lağ edən oxuyucuların təklifi var?

Elvin 2020-03-15 23:54:44

Yorum yazanların bəzisi özləri oxumayıb və təhsil sistemini bəyənmir, bəs onda niyə hər gün tıxacda uşağı məktəbə aparır? Online təhsil hər inkişaf etmiş ölkədə var və olmalıdı və belə günlər üçün də vacibdir. Sən- valideyn təhsilə belə dəyər versən, uşaq da məktəbə (həvəslə) getməz də.. indi virus var deyə, bayramdan əlavə 1 ay da buna görə uşaqlar oxumasın?! (Təhsil almaq kimi kitabları sistemli) Oxumamışıq, ona görə belə vəziyyətdəyik. Bu axırıncı virus deyil ki..

Obyektiv 2020-03-14 03:42:50

Dünya bir-birine deyib, beynelxalq qarantin elan olunub, butun sferalar telaş içindedi.. Işin bu yerinde bu inovasion merkez sistemii qurmaq ne qeder realdir?! Profilaktikalar apariLir ki, virus yayiLmasin.. Bunu. yayan alçaq " oyunbazlara ALLAH QENIM OLSUN! Bir qara niyyetLerii de ateibut saheleri ve iqtisadiyyati çokdurmekdir!..

Valideyin 2020-03-13 11:22:39

Qardaş nə təhsil?? Universitetə girənlərdə xaricdə təhsil alanlarda fərdi hazırlığın nəticəsidir. 1 nəfər göstərin ki məktəb təhsili ilə 400 bal yığıb!!

Azin 2020-03-13 01:08:59

Aşığın Danışmağa sözü olmsyanda dalay,dalay dehi

Müəllim 2020-03-12 20:44:20

Saleh bəy sanki ayda yaşayır.Ay kişi,təhsilin atası yandırılıb.Sən isə sanki yatmısan.Azərbaycanda təhsil harada var ki? Təhsilin səviyyəsi heç afrikadakına da bənzəməz hala gətiriib.Sən nə danışırsan?t

Son yazılar