KORONAVİRUSDAN NECƏ QORUNMAQ OLAR? – Mütəxəssis tövsiyələri

Yeni koronavirus - COVID-19 artıq bir neçə aydır ki, dünya ictimaiyyətini məşğul edən əsas problemə çevrilib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən bir qədər əvvəl COVID-19-un pandemiya elan edilməsi, əlbəttə, təhlükənin nə qədər ciddi olmasını aydın göstərir.

Qeyd edək ki, ki, ümumi tərifə əsasən, pandemiya, insandan-insana asanlıqla ötürülən yeni bir yoluxucu xəstəliyin qlobal miqyasda kütləvi yayılmasıdır. Bu tərif, H1N1 (“Donuz qripi”) qrip pandemiyası ilə əlaqədar 2010-cu ildə ÜST tərəfindən verilib. Hərfi olaraq isə pandemiya yunanca, πανδημία– “bütün xalq” mənasını verir.

ÜST-ün baş direktoru Tedros Adanom Gebreyesus açıqlamasında bildirib ki, qarşıdakı günlər və həftələrdə koronavirusa yoluxma halları, ölümlər və virusun yayılacağı ölkələrin sayının artacağı gözlənilir. Bu səbəbdən COVID-19 pandemiya kimi xarakterizə olunub.

Azərbaycanda da hökumət problemin ciddiliyini nəzərə alaraq, koronavirusun ölkədə yayılmasının qarşısının alınması üçün kompleks tədbirlər həyata keçirməkdədir.

Məlum olduğu kimi, bütün tədris müəssisələrində, bağçalarda dərslər dayandırılıb. Koronavirusun geniş yayıldığı İranla sərhəd bağlanıb, Çinlə gediş-gəliş məhdudlaşdırılıb. İctimai nəqliyyatda hər gün dizinfeksiya tədbirləri həyata keçirilir.

Bu gündən həyata keçirilən tədbirlərin miqyası bir qədər də genişləndirilib. Nazirlər Kabinetinin qərarı ilə ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınıb, artıq təyin olunmuş tədbirlərin tarixi dəyişdirilib. Kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılıb. Ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi, restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilib. Gecə klubları və barların fəaliyyəti dayandırılıb, restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilib və sair.

Əlbəttə, hökumətin belə geniş miqyaslı tədbirlərə əl atması təsadüfi deyil. Hökumət təhlükənin ciddi olduğunu nəzərə alaraq, əhalini qorumaq üçün mümkün bütün addımları atır. Qeyd olunan qadağanedici tədbirlərlə yanaşı, səhiyyə müəssisələri də gücləndirilmiş iş rejiminə keçirilib. Özəl tibb müəssisələrinə də Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi ilə (TƏBİB) koordinasiyalı şəraitdə çalışmaq, yarana biləcək hər hansı hallar üçün yüksək hazırlıq səviyyəsi təmin etmək tapşırılıb.

Mütəxəssislərin fikrincə, bu cür geniş miqyaslı tədbirlər koronavirusun ölkədə yayılma riskini maksimum azaldacaq.

Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib ki, Azərbaycanda koronavirusa görə bəzi sosial izolyasiya tədbirlərinin tətbiq edilməsi barədə qərarın verilməsi çox düzgün addımdır.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi dövlət üçün ən vacib və prioritet məsələdir: "Hazırda Azərbaycan hökuməti ÜST-ün tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirib. Vaxtında verilmiş bu qərarın icrası ölkədə epidemioloji vəziyyətin gərginləşməməsinə, xəstəliyin insanlar arasında yayılmamasına imkan verəcək. Bu qərarın icrası vətəndaşların layiqli həyat şəraitinin, onların təhlükəsizliyinin təmin edilməsinə və hazırkı qlobal problemin təsirindən müdafiəsinə yönəlib".

İ.Ağayev əlavə edib ki, koronavirus infeksiyasının (COVİD-19) dünya ölkələrində geniş yayıldığı, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qlobal pandemiya elan etidiyi şəraitdə belə bir tədbirin həyata keçirilməsi olduqca vacib idi.

Baş epidemioloq tətbiq olunan qaydaların təkcə dövlət orqanlarının deyil, ümumilikdə bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə müvafiq məsuliyyət qoyduğunu da nəzərə çatdırıb.

O, hesab edir ki, tətbiq olunan qaydalar milli təhlükəsizlik və milli həmrəylik məsələsi olduğu üçün tutduğu mövqedən, baxışlarından asılı olmayaraq, hər bir vətəndaş qaydaların icrasında maksimal şəkildə diqqətli və məsuliyyətli olmalıdır.

Qeyd edək ki, hökumətin gördüyü işlər koronavirusun Azərbaycanda yayılmasının qarşısını almaq istiqamətində əhəmiyyətli olsa da, əhalinin özünün də sağlamlığına ciddi yanaşması əsas şərtdır.

Qulaq, burun, boğaz, baş və boyun cərrahı, uzman həkim Elnur Əkbərov tibb.az-a açıqlamasında bildirib ki, soyuq aylarda insan orqanizminin ətraf mühit amillərinin (aşağı temperatur, külək, aşağı kalorili qida qəbulu və s.) təsirinə məruz qalması nəticəsində immun sisteminin zəifləməsi baş verir ki, bu da izsiz ötüşmür: “Belə ki, xroniki xəstəliklərin kəskinləşməsi, bakterial və virus infeksiyalara yoluxmanın artması məhz bu dövrdə baş verir. Virus mənşəli infeksiyalar əsasən tənəffüs yollarının zədələnməsi ilə təzahür etməkdədir. Ümumiyyətlə, bəhs edilən viruslar öz nüvə tərkibinə görə iki böyük qrupa bölünür: RNT (ribonuklein turşusu) tərkibli və DNT (dezoksiribonuklein turşu) tərkibli. Hər iki qrup virusların tənəffüs yollarının zədələnməsi ilə müşayiət olunan xəstəliklərə təkan vermə qabiliyyəti var. Xalq arasında “zökəm”, “qrip” və s. kimi tanınan bu xəstəliklərin böyük əksəriyyətinin törədiciləri məhz bu viruslardır. Yeri gəlmişkən, son zamanlar təşvişə səbəb olan bəlalı koronavirus da məhz DNT tərkibli virusların bir nümayəndəsidir”.

Həkimin sözlərinə görə, hər il yuxarı tənəffüs yolları virus infeksiyaları və onların səbəb olduğu fəsadlar 100 minlərlə insanın ölümünə səbəb olmaqdadır. Bu kateqoriyaya yaşlılar, qidalanma zəifliyi olanlar (xüsusilə, zülal defisiti), immun defisitli pasiyentlər, davamlı stresə məruz qalanlar, normativə uyğun olmayan, ağır fiziki işdə çalışanlar və s. aiddir: “Yuxarıda sadalanan amillər immun sistemin zəifliyi ilə müşahidə olunur ki, nəticədə orqanizmə daxil olan viruslar özlərinin dağıdıcı qüvvəsini tam şəkildə göstərir”.

Elnur Əkbərov qeyd edir ki, bu il də analoji hadisələr baş verməkdədir. Vəziyyətin qəlizliyi, yeni koronavirusa (COVİD-19) qarşı vaksinin olmaması ilə bağlıdır: “Bu da öz növbəsində belə bir ştammın daha əvvəl kütləvi kükrəyiş almaması ilə izah edilir. Vaksinin icadı istiqamətində edilən cəhdlər sözsüz ki, davam etməkdədir. Unutmaq lazım deyil ki, təbiətdə baş verən hadisələr qarşılıqlıdır. İnsan hər hansı bir canlını (viruslar da canlı aləmin bir nümayəndəsidir) məhv etməyə çalışırsa, canlı da öz növbəsində sağ qalmanın yollarını aramaqdadır”.

Həkim ənənəvi infeksiyalardan qorunma yollarının yeni koronavirusun qarşısını almaqda əhəmiyyətli olduğunu bildirir: “Belə ki, əllərin antiseptiklərlə, dezinfeksiyaedicilərlə yuyulması, qoruyucu tibbi maskaların tətbiqi, sanitar normalara riayət, sosial gigiyena tələblərinə əməl etmə və düzgün qidalanma nəticəsində bu kimi infeksiyaların yayılması və məntiqi olaraq xoşagəlməz fəsadların meydana gəlməsi ehtimalları çox azalmış olur.

Anladığımız kimi, koronavirus öz yoluxma qabiliyyətinə görə bənzər viruslardan çox da fərqlənmir, profilaktikası və müalicəsində daha dəyişik metodlar tələb etmir və həyati təhlükəliliyinə görə digər viruslarla eynidir, hələ bəzilərindən zəifdir də deyə bilərik. Bu səbəbdən, yuxarıda qeyd olunan təhlükəsizlik tədbirləri yetərli olmaqla bərabər, əhalinin həyəcanlanmasına lüzum yoxdur. İnfeksiyanın hava-damcı yolu ilə yoluxduğunu nəzərə alaraq, kütləvi toplanış yerlərindən (konsert salonları, havalanması pis olan qapalı məkanlarda toplantılar və s) uzaq olmaq lazımdır. Gündəlik həyatda birdəfəlik kağız dəsmallardan istifadə, ətraf mühitin təsir amillərinə uyğun geyinmək (bədəni soyumaqdan qorumaq), düzgün qidalanmaq (yetərli karbohidrat və zülal qəbulu), xəstəlik əlamətləri (yüksələn bədən hərarəti, asqırma, öskürək, halsızlıq və s.) müşahidə olunan zaman cəmiyyətdən təcridlə bərabər həkim-mütəxəssisə vaxtında müraciət və s. kimi tədbirlər görmək məsləhətdir”.

Oftalmoloq, uzman həkim Mehriban Əlizadə isə bildirir ki, koronovirusa yoluxanlarda heç bir simptom olmaya bilər və ya soyuqdəymə əlamətləri özünü biruzə verə bilər: “Bu əlamətlərdən ən çox görüləni: qızdırma, öskürək və nəfəs darlığıdır. Eyni zamanda gözlərdə qızartı, sulanma, yaş axmaq da ola bilər. Xəstələrdə burun axıntısı, asqırma, boğaz ağrısı, ishal, qusma isə çox az görülür.

İmmun sistemi zəif olan yaşlı insanlarda, şəkər diabetli, hipertenziya xəstələrində isə ağırlaşma olaraq pnevmaniya, çoxlu orqan çatışmazlığı, bəzi hallarda isə ölüm halları ola bilər. Xəstələrdə ölüm riski 1-3 % arasında dəyişir”.

Mehriban Əlizadə qeyd edir ki, xəstəliyin diaqnozu hazırda boğazdan (nazofarenks) alınan yaxmanın rRT-PCR (revers transkriptaz polimeraz reaksiyası ) ilə qoyulur: “Cavab bir neçə saatla 2 gün arasında olur. Qandan da nümunə götürülərək diaqnoz qoyula bilər. Amma bunun üçün 2 dəfə qan alınmalıdır. COVİD 19 təyin olunmasında anticisim kitleri də istifadə oluna bilər. Ancaq bu testlərin nəticəsi, xəstə koronavirusdan tam sağalsa da, müsbət ola bilər. İlk belə testlər Çinin Vuhan İnstitutunda 17 fevral 2020-də aparılıb. Vuhan Tongji Xəstəxanasında aparılan çalışmalar zamanı xəstənin KT (kompyuter tomoqrafiya) müayinəsi 98%, PCR ( polimeraz zəncir reaksiyasından) 70% daha həssas olduğunu gostərib. Müalicəsi: bir sıra virus əleyhinə dərmanlar sınaqdan keçirilibdir. Dünya Səhiyyə Təşkilatı hazırda ən uyğun virus əleyhinə dərman olaraq “Remdesivir”i tövsiyə edir.

Xəstəliyin simptomları isə dəstəkləyici metodlarla müalicə olunur. Dünya Səhiyyə Təşkilatı xəstədə kəskin respirator sindrom olmadığı müddətdə steroid preparatlar ilə müalicəni uyğun görmür”.

Uzman həkim virusa tutulmaqdan yayınmaq üçün aşağıdakıları tövsiyə edir: “Xəstəliyin geniş yayıldığı ərazilərdə evdə oturmaq, insanların sıx olduğu yerlərdə mümkün qədər az olmaq, əlləri isti su və sabunla tez-tez yumaq, əlləri yumadan buruna, üzə, gözlərə toxundurmamaq lazımdır. Əgər əlləri tez-tez yumaq mümkün deyilsə, spirtli dezinfeksiyaedicilərdən (60% li) istifadə etmək lazımdır”.

Qeyd edək ki, mütəxəssislər iş yerlərində koronavirusdan qorunmaq üçün bunları tövsiyə edir:

- Səthləri (masa və.s) və əşyaları (telefon, klaviatura və.s) müntəzəm olaraq dezinfeksiyaedici məhlulla təmizləyin.

- İşçilərinizi, podratçılarınızı və müştərilərinizi məlumatlandırın ki, əgər ətrafda koronavirusa yoluxma halı varsa, hətta, yüngül öskürək və yaxud hərarət müşahidə edilən hər kəs evdən çölə çıxmasın.

- İş yerinizi gigyenik cəhətdən təmiz saxlayın.

- Əlləri müntəzəm və hərtərəfli yumağa təşfiq edin.

- Respirator xəstəliklərin əlamətləri müşahidə edilən şəxsləri gigiyena qaydalarına riayət etməyə çağırın.

- İş səfərinə çıxmazdan öncə yerli rəsmi qurumlar tərəfindən verilmiş tövsiyələri nəzərdən keçirin. Xəstə insanlara evdə qalmağı tövsiyə edin.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi korononavirus riskinin azaldılması ilə bağlı tövsiyə xarakterli infoqrafiya hazlrlayıb. İnfoqrafiyada bildirilir ki, koronavirusa yoluxma riskini azaltmaq üçün:

- Əllərinizi sabun və su ilə yuyun, yaxud spirt tərkibli dezinfeksiyaedici ilə təmizləyin.

- Öskürərkən, asqırarkən ağız və burnunuzu dəsmal və ya dirsək bükümünüzlə bağlayın.

- Soyuqdəymə və ya qripə bənzər simptomlar müşahidə edilən şəxslərlə yaxın təmasdan çəkinin.

- Ət məhsullarını və ymurtanı tam bişirin və sair.

Ümumimiyyətlə mütəxəssislər bildirirlər ki, elementar gigiyenaya əməl etməklə koronavirusdan qorunmaq olar.

Elman İsmayıllı

AzPolitika.info

635x100

Şərhlər

Elli 2020-03-14 20:36:39

sağ ol!

Son yazılar