DÜNYA ƏN PİS SSENARİLƏRƏ HAZIRLAŞIR – Müasir elm koronavirusun qarşısında niyə aciz qalıb?

Hazırda dünya ictimaiyyəti əvvəllər diqqət etmədiyi bir məsələylə çox yaxından maraqlanmağa başlayıb: Virusların nə demək olduğu, onların mənşəyi, bəşər tarixində törətdikləri fəsadların miqyası ətrafında qızğın fikir mübadiləsi aparılır.

Bəşəriyyətin tarixində viruslar ciddi iz buraxsa da, tarixə bu mövzuya əhəmiyyət verilməyib və bu, yalnız virusoloqların işi hesab edilib. Elə buna görə də sadə insanlar öz bəsit və hədsiz məhdud informasiyaları çərçivəsində mülahizələr yürüdürlər. Hətta mətbuatda dərin öyrənilməmiş məlumatlar əsasında o qədər ziddiyyətli materiallar dərc edilir ki, adi vətəndaşlar bir-birini təkzib edən versiyalar bolluğu içərisində dolaşıb qalır.

Sözsüz ki, dünya elmində son yüz il ərzində viruslarla bağlı çoxsaylı təhqiqatlar aparılıb və bu sahə üzrə böyük nəticələr əldə edilib. Amma virusoloq alimlər bu mürəkkəb mikro aləmin daha dərin qatlarında nələrin yatdığını tam bilmədiklərini etiraf edirlər. Təbii ki, zaman-zaman bir çox müəmmalar üzə çıxarılır. Məsələn, 1918-1920-ci illər arasındakı “İspan qripi” pandemiyası barəsində daha müfəssəl informasiyalar yalnız elmin inkişafı nəticəsində bəlli olub. Sözügedən müdhiş pandemiya ilə yaxından tanış olanda çox maraqlı məqamlara rast gəlinir. Belə ki, həmin qrip indiki koronavirusdan fərqli olaraq, əsasən cavanları tələf edirmiş. Deməli, viruslar heç də bir-birlərinə bənzəmir. Çünki onlar elə tez-tez mutasiyaya uğrayırlar ki, sonrakı mərhələdə tam yeni mənzərə alınır.

İndi koronavirus ətrafında müxtəlif səpgili spekulyativ söz-söhbətlər gəzir. Amma reallıq odur ki, koronavirus az qala səhiyyə problemi olmaqdan çıxaraq, iqtisadiyyatı döyəcləyən qamçıya çevrilib. Doğrudan da, hələ indiyədək hər hansı virus infeksiyasının iqtisadiyyata bu cür neqativ təsiri olmayıb. İtaliyada virus elə yayılıb ki, indi bu ölkəni “Avropanın Vuhanı” adlandırılar. Elə bu səbədən də bütün Appenin yarımadası karantinə alınıb. İtaliya isə Avropa Biriliyinin üçüncü ən güclü iqtisadiyyatıdır. Əgər vəziyyət belə davam edərsə, İtaliyanın iflas bayrağını qaldırması qaçılmaz olacaq.

Əlbəttə, deyilə bilər ki, koronavirus ətrafında düşünülmüş süni ajiotaj və səs-küy yaradılır. Ancaq virusoloqların söylədiklərinə görə, vəziyyət “İspan qripi” səviyyəsində dəhşətli olmasa da, hər halda koronavirus adi qripdən qorxuludur və onun öldürücülük gücü 4%-ə yaxındır.

Koronavirusla bağlı ən həyəcanverici tərəf onun naməlum xüsusiyyətlərə və gedişə malik olmasıdır. Naməlumluq isə versiyaları artırır. Elm adamları da konkret fikir söyləyə bilmirlər. Məsələn, Almaniyanın “Süddeutsche Zeitung” qəzeti mövcud durumu dəyərləndirərək yazır ki, yeni koronavirus elm aləmini baş-ayaq çevirib. Mövzu ilə əlaqədar qəzet qeyd edir: “Adətən alimlər hipotez irəli sürür, həmin hipotezi eksperimentlərlə yoxlayır və həmkarlarıyla resenziya yazaraq, onu öz işlərində qeyd etdikdən sonra elmi jurnallarda nəşr etdirirlər. Amma hazırkı vəziyyətdə bu cür ekspert dəyərləndirməsi bir dəqiqə ərzində “Twitter” səhifəsində peyda olur. ABŞ-ın Sietl şəhərindən olan virusoloq və genetik Trevor Bedford bildirir ki, Avropa və Cənubi Amerikadakı çoxsaylı pasiyentlərdə aşkarlanmış “Covid-19” virusu göstərir ki, bütün bu törədicilərin hamısının mənbəyi eynidir. Bu mənbə “Webasto” avtoehtiyat hissələrinin çatdırılması firmasının Bavariyadan olan pasiyentidir. O, yanvar ayının axırında Çindən gələn həmkarlarından “Sars-Cov-2” virusuna yoluxub. Göründüyü kimi, belə bir vəziyyət müxtəlif anlam daşıya bilər (Bir virus tipi başqa birisinəmi çevrilib?). Çünki bəlli olur ki, bir ay əvvəl xəstəliyin Bavariyada lokallaşdırılması mümkün olmayıb və beləliklə səhiyyə təşkilatının əməkdaşları virusu “əldən buraxıblar” və o gedib İtaliyaya düşüb.

Berlinin “Charitie” klinikası nəzdindəki virusologiya institutunun direktoru, professor Kristian Drosten koronavirus üzrə dünyanın ən aparıcı ekspertlərindən biridir. K.Drosten yazır: “Münxen və İtaliyadakı virusla əlaqədar məlumatlar göstərir ki, ümumi mənbə Çindir. Bu virus Almaniyadan yayılmayıb. O, müxtəlif yollarla və həm də dəfələrlə Avropa qitəsinə düşüb”.

Trevor Bedfordun fikrinə görə, Bavariya və İtaliya virusları arasında çox böyük fərq var. Bedford öz hipotezinin inandırıcılığına əmin olmaqla yanaşı, həm də virusun Avropaya bir neçə yolla gəlməsi ilə bağlı Drostenin ssenarisini də həqiqət sayır. Beləliklə, bütün bu suallara cavab vermək üçün hələ xeyli sayda genetik araşdırma aparılmalıdır”.

Böyük Britaniyanın “The İndependent” qəzeti vəziyyətin kəskinləşəcəyi təqdirdə nələrin baş verəcəyi məsələsinə toxunub. Qəzet jurnalistlərin əlinə düşmüş hökumət sənədlərinə istinadən ehtimallar qurur. Heç şübhə yoxdur ki, həmin sənədlər bilərəkdən mətbuata sızdırılıb. Məqsəd ictimaiyyətin davranışlarını öyrənmək və ona uyğun plan qurulması ola bilər. Mövzu ilə bağlı “The İndependent” yazır: “Jurnalistlərin əlinə keçmiş hökumət sənədlərində ehtimal edilir ki, əgər ölkə əhalisinin 80%-i koronavirusa yoluxarsa, onda nəticədə 500 min insan ölə bilər. Hərçənd ki, Səhiyyə Nazirliyi bu ssenarinin baş verəcəyini gözləmədiyini bəyan etsə də, lakin “The Sun” qəzetinə ötürülmüş hökumət üçün hazırlanmış analitik yazıda deyilir ki, “ən pis ehtimal variantında” hər beş britaniyalıdan dördü virusa yoluxa bilər. Milli təhlükəsizliyin informasiya təmini qrupunun tərtib etdiyi sənəddə xəbərdarlıq olunur ki, klinik əlamətlərə görə koronavirus əlamətləri 2-3% olduğu halda, vətəndaşların ölümü 500 minə çatacaq.

Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib: “Biz elə ilk əvvəldən də koronavirusun Britaniyaya müəyyən təsirlərinin olacağını aydın şəkildə anlatmışıq. Ona görə də, bütün variantları nəzərə almaq şərtiylə planlar hazırlayırıq. Amma biz bu planı həyata keçirməyi ehtimal etmirik”.

Hazırda Britaniyada məktəblər bağlanır və xarici ölkələrdən qayıdan uşaqlara özlərini izolyasiya etmək tövsiyə olunur. Britaniyanın qabaqcıl mütəxəssisləri qlobal pandemiya halında nəqliyyat xidmətinin əhəmiyyətli dərəcədə azaldılması ehtimalı barədə xəbərdarlıq edirlər”.

Böyük Britaniyanın digər tanınmış qəzeti “The Times” çinli virusoloqların bu yaxınlardakı araşdırmalarına toxunub. Qəzet yazır: “Pekin Universitetinin tibbi-biologiya fakültəsinin və Şanxayın Paster İnstitutunun apardıqları araşdırmalar xəstəliyin inkişafını müəyyən qədər gün üzərinə çıxarır. Təhqiqatçılar iki ştamm müəyyənləşdiriblər. Bunlardan ştammı öyrənilən materialın 70 faizi aqressiv, qalan 30%-i isə mülayim hesab edilir. Aqressiv ştamma “S”, mülayim ştamma isə “L” kodu verilib. Məlum olub ki, Vuhan şəhərində başlayan ilk yoluxma zamanı “L” ştammı yayılıb. Lakin sonradan, yanvarın əvvələrindən o zəifləyib və sonra “S” ştammı yayılmağa başlayıb. Təhqiqatçı virusoloqlar bu məlumatı Çin elmlər akademiyasının “Milli elmi icmal” jurnalında dərc ediblər və onlar “L” ştammı ilə yoluxmuş xəstələri daha tez müalicə etdiklərini bildirirlər. Çünki “L” ştammlı xəstələrdəki simptomları aşkarlamaq daha asandır”.

Beləliklə, göründüyü kimi günlər keçdikcə koronavirusla bağlı təhqiqat işləri nəticəsində əvvəllər bəlli olmayan məlumatlar üzə çıxır. Lakin bütün baş verənlərin fonunda bir məsələni xüsusi ilə vurğulamaq lazımdır: texnoloji inkişafla qürrələnən bəşəriyyət anlamalıdır ki, o, hələ nə qədər zəifdir. Bunu “İspan qripi"ndən qat-qat aşağı təsir gücünə malik olan koronavirus infeksiyası əyani şəkildə sübut edir.

Vaqif NƏSİBOV 

AzPolitika.info

635x100

Şərhlər

BərkRAM 2020-03-15 10:42:15

Dünya elmi də satqın liderlər kimi saxta qazanc reklamına qurban olub!?

Azəri 2020-03-14 21:43:26

Bu dəhşətdən qurtarmaq üçün millətimizin sağlamlığı üçün hökumətimiz səhiyyə sistemində rüşvətə talançılığa son qoymalıdır. Və virus təhlükəsi yox olana qədər pulsuz əhaliyə xidmət göstərilməlidir. Və qəti və möhkəm qanunlar qəbul etməlidir. Bu qanunları pozan hər bir məmur həkim hər kimsə vətən millət xaini elan edilib cinayətə cəlb olunmalıdır. 

Son yazılar