XİDMƏT SEKTORUNDA SIXINTILAR BAŞLAYIB... - Sahibkarlar dəstək gözləyir

Azərbaycanda koronavirusla mübarizə tədbirləri çərçivəsində Bakıda tətbiq olunan məhdudiyyətlər həm işçilərə, həm də sahibkarlara təsir etməyə başlayıb. Müxtəlif sahələrdə çalışanlar dövlətdən özlərinə dəymiş və artacağı gözlənilən zərərlə bağlı kömək istəyirlər.

Azərbaycanda bütün dünyada yayılmış koronavirusla mübarizə tədbirləri çərçivəsində martın 14-də sosial izolyasiya tədbirləri barədə qərar qəbul edilib. Qərara əsasən, kütləvi tədbirlər təxirə salınır və ya ləğv olunur, ictimai-iaşə obyektlərinin fəaliyyəti isə məhdudlaşdırılır.

Nazirlər Kabineti hökumətin xidmət sahəsində itkilərin minimuma endirilməsi məqsədilə təkliflər paketi hazırladığını bildirir. İqtisadi təhlilçilərsə hesab edirlər ki, təkliflər paketində əsasən inzibati qərarlar əksini tapacaq ki, bu effektiv olmayacaq.

Bakı kafelərinin birində ofisiant işləyən 22 yaşlı Jalə Bayramova “BBC News Azərbaycanca”-ya deyib ki, işlədiyi kafe onun yeganə gəlir yeridir və gəlirinin azalması və ya kəsilməsi acı nəticələrə gətirib çıxara bilər: "Müdirimiz ay sonunda kafenin qazancına görə bizə müəyyən ödəniş edəcəyini deyib. Ancaq bu ödəniş qazancdan asılı olacaq. Dövlət belə bir addım atırsa, bizim kreditimizi, kommunal borclarımızı da düşünməlidir. Biz əməkhaqqı ala bilmiriksə, krediti, kommunalı da ödəyə bilməyəcəyik. İşıqsız və qazsız qalacağıq. Bu da acı nəticələrə gətirib çıxaracaq".

Bakıda fəaliyyət göstərən kafelərdən birinin meneceri Səda Həsənova isə hökumətindən çox şey gözləmədiyini desə də, hesab edir ki, dövlət xidmət sahəsində çalışan şəxslərə güzəştlər tətbiq etməlidir: "Satışımız yarıbayarı azalıb, artıq işçilərdən birini müvəqqəti göndərmişik evə. İşçilərə isə ötən ayın ödənişini etmişik. Növbəti ödəniş aprelin əvvəlinə düşəcək. Çalışacağıq ki, bu ay da bacardığımız qədər işçilərə kömək edək. Ancaq bu, vəziyyətdən çox asılıdır".

Onun özünü isə həm də ipoteka ödənişlərinin olması narahat edir: "İpotekamın olması məni çox narahat edir. Dövlət krediti olan sahibkarın da, adi vətəndaşın da kreditinin, ipotekasının ya vaxtını sürüşdürməli, ya da digər formada onlara güzəştlər etməlidir".

Gənc sahibkar Kənan Mehdiyev düşünür ki, məhdudiyyətlər davam etsə, bütün gənc sahibkarlar öz bizneslərini itirəcəklər: "Obyekti saat 21-də bağlamaq məcburiyyəti, üstəlik insanlarda yaranan qorxu işimizə çox mənfi təsir etdi. Orta günlük mədaxilimiz 70-80 faiz azalıb. Əgər, karantin müddəti bir neçə ay davam etsə, böyük ehtimalla davam gətirə bilməyəcəyik.

İşçiləri işdən azad etməmişik, çünki onlara bir ailə kimi yaxınıq. Ancaq ofisiantları növbəli rejimə keçirmişik. İki işçimiz eyni evdə kirayədə qalır, bizim onları indiki halda işdən çıxarmağımız doğru deyil. Biz onları çıxarsaq, bir neçə ailənin gəlirinin kəsilməsinə səbəb olacaq. Hələlik, mədaxil olsa da, olmasa da onların aylıq gəlirlərini verməyə çalışırıq".

Kənan Mehdiyev deyib. O, vəziyyət belə bir neçə ay davam etsə, ortağı ilə işi dayandırmalı olacaqlarını da əlavə edib: "Ölkədə gənc sahibkarlar işlətdikləri məkanları əsasən icarəyə götürürlər. Həmin yerlərdə isə hər ayın əvvəli kirayə haqqı ödənilməlidir. Yer sahibləri güzəştə getmirlər. Belə bir neçə ay davam biz də işi dayandırmalı olacağıq".

Sahibkar hesab edir ki, dövlət xidmət sahəsində fəaliyyət göstərən sahibkarlara çətinliklərin aradan qaldırılması üçün faizsiz kredit verməli, vergi imtiyazları tətbiq etməli, və ya hər hansı maliyyə yardımı etməlidir.

Kənan Mehdiyev həmçinin təəssüflənir ki, Azərbaycanda gənc sahibkara dəstək verən, onun hüquqlarını qoruyan təşkilat və ya proqramlar mövcud deyil, varsa da kağız üzərində fəaliyyətdədir və bu kimi hallarda gənc sahibkarlara köməklik etmir.

İqtisadi təhlilçi Toğrul Vəliyev ehtimal edir ki, hökumət hazırda qanunvericiliyə müvəqqəti dəyişiklik edə bilməyəcəyi üçün təkliflər paketi əsasən inzibati təkliflərdən ibarət olacaq: "Milli Məclis iclaslara toplaşmayacaq deyə, qanunvericiliyə müvəqqəti dəyişiklik edilməyəcək. Sadəcə büdcədə qənaət olunmuş vəsaitlərin və ya büdcə ehtiyatlarının xərclənməsi yönünü dəyişdirəcəklər. Məsələn, bu il bizdə Bakı-2020 və digər beynəlxalq tədbirlər keçirilməli idi. Bu tədbirlər keçirilməyəcəyinə görə, ora xərclənməli pulları bu məsələnin həllinə yönləndirə bilərlər”.

Təhlilçi hesab edir ki, ölkədə kredit siyasəti dəyişdirilməlidir, əks halda hökumətin hazırlayacağı təkliflər paketi büdcə xərclərini artıracaq, lazımi effekti isə verməyəcək. Toğrul Vəliyev deyir ki, ilkin olaraq sıxıntını xidmət sahəsində çalışan işçilər hiss edəcək: "Sıxıntını ilk növbədə Əmək Məcəlləsi ilə müdafiə olunmayan və maaş almayan - xidməti müqavilə ilə fəaliyyət göstərən işçilər - ofisiantlar, təmizlikçilər və digərləri hiss edəcəklər. Bu şəxslərin problemi həll olunmalı - Vergi Məcəlləsinə dəyişiklik edilməlidir. Əmək Məcəlləsi ilə işləyən işçinin qarşısında sahibkarın öhdəlikləri olur. Belə halda isə işəgötürən işçi qarşısında heç bir öhdəlik daşımır və bu şəxslər faktiki olaraq işsiz qalır”.

Xidməti müqavilə ilə işləyənlərin vəziyyətini yaxşılaşdırılmasına gəlincə, təhlilçi hesab edir ki, qanunlar bu sahənin işçilərini qorumadığı üçün hökumət indiki halda bu sahədə fəaliyyət göstərən sahibkarlara dəstək göstərməlidir: "Hökumət müvafiq zərər dəymiş sahələri seçib onlara vergi güzəştləri edə bilər, məsələn, üç aylıq vergi ödənişlərini dayandıra bilər. Digər bir kömək - icarə haqqının ödənilməsi ola bilər. Bu şəxslərin kredit faizlərini dayandıra bilər. Kredit ödənişləri, kommunal ödənişlər dayandırıla bilər. Bu halda həmin şəxslərin xərcləri azalar”.

Xatırladaq ki, martın 17-də Prezident İlham Əliyev hökumətə ticarət, ictimai iaşə və nəqliyyat sahələrində tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin təsiri nəticəsində sahibkarlara dəyə biləcək itkilərin minimuma endirilməsi üçün təkliflərin hazırlanmasını tapşırıb.

Dünyada koronavirusla mübarizə ilə bağlı bir çox ölkələrdə karantin elan olunub və xidmət sahələrində məhdudiyyətlər tətbiq olunur. Koronavirusla mübarizə tədbirlərinin xidmət sahələrinə vurduğu zərərin aradan qaldırılması üçün Amerika Birləşmiş Ştatları, Fransa, Böyük Britaniya büdcədən vəsait ayırmağa başlayıb. ABŞ Prezidenti Donald Tramp kiçik sahibkarlara yardım üçün 5 milyard dollar yardım ayırıb.

635x100

Şərhlər

t.ədalət 2020-03-19 01:30:47

Azərbaycanda iş yerləri olmadığına görə əhali daha çox kiçik xidmət obyektlərində,kafe və restoranlarda,toy evlərində çalışıb evlərinə gündəlik çörək pulu aparırlar....Odur ki,dövlət vaxtında tədbir görməli,itkiləri kompensasiya etməlidi...

Son yazılar