RUSİYA NÜVƏ ARSENALINI TƏZƏLƏMƏYƏ BAŞLAYIB! – Hibrid müharibəsi

“Dövrümüzün daha effektli silahları rubl, dollar, dezinformasiya və kiber hücumlar hesab edilir...”

“Qərb yeni soyuq müharibəyə hazırlaşmağa məcburdur. Rusiya yenidən nüvə silahını artırmağa və bu sahədəki arsenalını təzələməyə başlayıb. Amma bizim indiki dövrümüzün daha effektli silahları rubl, dollar, dezinformasiya və kiber hücumlar hesab edilir...” AzPolitika.info-nun məlumatına görə, Almaniyada nəşr olunan “Stern” (Ştern) jurnalının “Yeni soyuq müharibə: Putin Rusiyası yolagəlməz və şovinistdir” adlı məqaləsi bu sözlərlə başlayır. Məqalədə daha sonra deyilir:

“Vladimir Putinin vəzifəsinin “prezident” adlandırılması düşüncələri xeyli dərəcədə qarışdırır. Ona görə ki, Qərb dünyasında yaşayanların təsəvvüründə bu vəzifə respublika idarəetmə sisteminə malik dövlətlərdəki kimi söz azadlığı və hüquqi təhlükəsizliyin təminatı ilə assosiasiya olunur. O, “prezident” adlansa da, özünü diktator kimi aparır. Onun siyasi məqsədinin əsasında intəhasız şəkildə hüdudsuzluq dayanıb. Putin belə bir böyük ölkəyə aparıcı bazasını şovinizm və milliyətçiliyin təşkil etdiyi mənasız özünə vurğunluq aşılamaqla yanaşı, beynəlxalq hüquq normalarını və BMT-nin nizamnaməsində yazılan başqa ölkəyə müdaxilə etməmək qadağasına da heç bir məhəl qoymamaq siyasəti yürüdür.

Bütün bunlar müəyyən bir müddətdən sonra hər hansı ötüb keçən qısamüddətli ağrı sancıları deyil. ABŞ və Avropa Birliyi yeni formalı soyuq müharibəyə hazırlaşmalıdır. Burada söhbət Berlin divarının yıxılmasının da yer aldığı kommunizm və kapitalizm adlı ictimai sistemlərin bir-biriylə mübarizəsindən getmir. Bu, dəyərlərin, dünya cəmiyyətindəki xalqların və dövlətlərin qarşılıqlı yaşayışının təşkili uğrunda mübarizədir. Vaşinqtonda əyləşənlərin bir çoxu hesab edir ki, Ukrayna və NATO-nun şərq sərhədləri onlardan xeyli uzaqdır və “Rusiya probleminin” həllini avropalıların özünə də saxlamaq olar. Amma bu sadəcə illyuziyadan başqa bir şey deyil.

Moskvanın aqressiv soyuq tondakı hərəkətləri amerikanlarda özlərinin daha üstün olmaları hissini oyandırır. Obamanın “Rusiya yalnız regional gücdür” ifadəsinə qarşı Putin bu il döyüs növbəsinə 22 yeni qitələrarası raketlərin göndərilməsi ilə cavab verdi. Hal-hazırda Rusiyada 30 il bundan əvvəlki nüvə arsenalının intensiv yenilənməsi prosesi gedir.

HİBRİD MÜHARİBƏSİ

Ümumiyyətlə, XXI əsrdə müharibə elə üsullarla aparılır ki, silahlar yalnız onun bir elementi hesab olunur. Mübarizə yeni metodlarla həyata keçirilir. Rusların söylədikləri kimi, bu “qeyri-xətti müharibədir”. Burada rublun dollara, dezinformasiya və kiber hücumunun kəşfiyyata qarşı mübarizəsi ilə paralel şəkildə, müxalifəti “beşinci kolon” adlandırmaq, ”yaşıl adamcıqların” köməyi ilə lazımı ərazilərin zəbt olunması üsulları da işə salınır.

Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi postuna təyin olunmamışdan bir qədər əvvəl - 2012-ci ilin fevralında Valeriy Gerasimov “Voyennıy promışlennıy kuryer” qəzetinə konfliktlərin hansı müasir üsullarla qurğulanması barəsində oz fikirlərini yazmışdı. Onun sözlərinə görə, buraya “siyasi, iqtisadi, informativ” və “maskalanmış hərbi güclər” altında “qeyri-hərbi” üsulların birlikdə fəaliyyəti daxildir. Bu, əslində sonradan Krımda və Ukraynanın şərqində baş verəcək hadisələrin dəqiq formada təsvir olunması idi. Həmin ssenarinin xeyli rusdilli əhali yaşayan Pribaltika ölkələrində də tətbiq ediləcəyi ehtimalı çox yüksəkdir. Burada artıq söhbət NATO üzvü olan ölkələrə hücumların birbaşa təşkilindən gedir və belə halda amerikanlar məsuliyyəti dərhal öz üzərlərinə götürməli olacaqlar. İndi kim iddia edə bilər ki, bu məsələ ilə əlaqədər Pentaqon baş sındırmır? Elə bir hiss yaranır ki, deyəsən tarix hələlik sanki fasilə götürüb.”

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar