ERMƏNİLƏRİN XOSROV BƏY SULTANOV “AĞRISI” DAVAM EDİR - Ermənistan XİN-dən növbəti uydurma və tarixi həqiqətlər + FOTOLAR

Ermənistan Xarici İşlər Nazirliyi növbəti qondarma ildönümü ilə bağlı bəyanat yayıb. “AzPolitika.info” xəbər verir ki, işğalçı dövlətin xarici siyasət idarəsinin “Şuşa qırğını”nın 100 illiyinə həsr olunan bəyanatında həmişə olduğu kimi, yenə də tarixi faktlar təhrif olunub.

Bəyanatda bildirilir: “100 il əvvəl Birinci Azərbaycan Respublikasının silahlı qüvvələri Qarabağ məsələsini silah tətbiq edərək, kütləvi qırğınlar törətməklə həll etmək istəyib”.

Sənəddə bildirilir ki, guya həmin vaxt Azərbaycan silahlı qüvvələri tərəfindən Şuşa yandırılıb, erməni əhalisinə qarşı kütləvi qırğınlar törədilib. Bəyanatda bu hadisələrdə Azərbaycan silahlı qüvvələrinə rəhbərlik edən Xosrov bəy Sultanovun xüsusi amansızlıq göstərdiyi vurğulanır.

Görünür, Ermənistan tərəfi hələ də Azərbaycanın qəhrəman generallarından olan Xosrov bəy Sultanovun 1919-1920-ci illərdə Qarabağı erməni quldur dəstələrindən təmizləməsini, Şuşa və Xankəndinin yenidən Azərbaycanın nəzarətinə götürülməsini həzm edə bilmirlər.

Xatırladaq ki, Xosrov bəy Sultanov Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri olub. O, məşhur Andranikə "tayqulaq” adını bəxş edən Sultan bəyin qardaşı idi. Xosrov bəy 1879-cu ildə Zəngəzur mahalının Kürdhacı (indiki Lacın rayonu) kəndində anadan olub. Novorossiysk Universitetinin tibb fakültəsinİ bitirən Xosrov bəy təhsilini başa vuraraq vətənə qayıdıb.

O, 1917-ci ildə "Müsavat” partiyasına daxil olur. Rusiya Müəssislər Məclisinə deputat seçilən Xosrov bəy Zaqafqaziya seyminin ən fəal üzvlərindən biri olub. 1918-ci il mayın 27-də Azərbaycan Milli Şurasının iclası keçirilir. İclasda Milli Şuranın icra orqanının tərkibinə seçilən nümayəndələr arasında Xosrov bəy Sultanov da var idi. Mayın 28-də keçirilən tarixi iclasda İstiqlal Bəyannaməsi qəbul edilir və onu imzalayan 26 nəfərdən biri də Xosrov bəy olur.

Həmin iclasda, F.Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti Hökumətinin tərkibi təsdiq edilir və bu hökumətdə Xosrov bəy Sultanov hərbi nazir təyin edilir.

Xosrov bəy 1918-20-ci illərdə Qarabağın və Zəngəzurun daşnak-erməni quldur dəstələrindən təmizlənməsində qardaşı Sultan bəylə birlikdə müstəsna xidmətlər göstərib. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Ermənistanın daşnak hökumətinin 1918-ci ilin yayından başlayaraq Zəngəzur bölgəsində azərbaycanlılara qarşı dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı siyasətinin, Andronikin, Njdenin, Dronun quldur dəstələrinin Cavanşir, Cəbrayıl, Şuşa qəzalarında törətdiyi kütləvi soyqırımılarının, vəhşiliklərin, qarətlərin qarşısını almaq məqsədilə Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarını Gəncə quberniyasından ayıraraq, Müvəqqəti Qarabağ general-qubernatorluğu yaradıb və Xosrov bəy Sultanovu 1919-cu il fevralın 12-də həmin qubernatorluğun general-qubernatoru təyin edib.

Bu təyinatdan sonra Ermənistan Xarici İşlər Nazirliyinin Rusiya hökumətinə, digər aparıcı dövlətlərə və beynəlxalq təşkilatlara çoxsaylı müraciətlərində, Azərbaycan hökumətinə etiraz notalarında belə bir iddia irəli sürülürdü ki, guya bu bölgənin böyük bir hissəsi Ermənistan ərazisidir, Xosrov Paşa bəy isə ermənilərin düşmənidir...

Xosrov Paşa bəy Sultanov Şuşaya gələn kimi Qarabağda daşnak Andronik başda olmaqla erməni quldur dəstələrilə amansız mübarizəyə başlayıb, təhlükəli yerlərdə milli ordunun əsgərlərindən ibarət mühafızə dəstələri yaradıb, Erməni Milli Şurası üzvlərinin Azərbaycandan çıxarılmasına nail olub. Buna cavab olaraq erməni yaraqlıları Şuşada silahlı toqquşma törətsə də, ertəsi gün - iyunun 6-da sülh əldə edilmiş, şəhərin dinc erməni əhalisi Xosrov bəy Sultanova üzrxahlıq məktubu yazaraq, erməni separatçılarının fıtnəkarlığına görə onun şəxsində Şuşanın müsəlman camaatından üzr istəyib. 

1919-cu ilin yayında Azərbaycan hökumətinin qəti mövqeyi və məqsədyönlü siyasəti nəticəsində Qarabağda, Zəngəzurda və ermənilərin ərazi iddiası irəli sürdüyü digər yerlərdə Azərbaycanın suveren hüquqlarının bərpa edilməsində Xosrov bəy Sultanovun böyük xidmətləri olub.

Xosrov bəy Sultanov bolşevik işğalından (1920) sonra mühacirətdə yaşamış, "İttihad" partiyasının liderlərindən biri kimi partiyanın xarici ölkələr bürosunu formalaşdırmışdı. Xosrov Paşa bəy Türkiyədə olarkən 1941-45-ci illər sovet-alman müharibəsindəəsir alınmış azərbaycanlıların həbs düşərgələrindən azad olunmasına yaxından kömək göstərib, Fransada Azərbaycan xəstəxanası açıb.

7 yanvar, 1943-cü ildə Türkiyədə, İstanbul şəhərində vəfat edən Xosrov bəy Sultanov İstanbulun Feriköy qəbiristanlığında dəfn olunub. Allah rununu şad eləsin!

Cəlal Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Elli 2020-03-25 15:37:13

Allah Xosrov Paşa bəy Sultanova və qardaşına rəhmət eləsin!

Yəni ki, HAYların AĞRIsı 2020-03-25 13:51:28

Qafqaz Türkiyəsinin Zəngəzurunu işğal etdiklərində tutub və davam edir?

Hay türkdən Kayf alıb 2020-03-25 13:43:15

Türk liderlər öz xalqının hüququnu sona qədər kəskin tələb(həll) etməyib?

Son yazılar