Rusiya faciə astanasında- Putinin qorxulu röyası

“İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının lideri Əbu Bəkir Əl-Bağdadi bir neçə dəfə Rusiyanı hədələyib. “Xəlifə” Qafqazda da cihada başlayacaqlarını və Rusiyanı islam torpaqlarından qovacaqlarını dilə gətirib. Xüsusən Çeçenistanın azadlığı İŞİD-ın diqqətində olan məsələlərdən biridir. Heç şübhəsiz ki, bu, İŞİD sıralarında çeçen əsilli döyüşçülərin çoxluğu ilə bağlıdır.

Bu məsələyə ABŞ-a məxsus “The Daily Beast“ saytının rusiyalı yazarı Anna Nemçova ayrıca məqalə həsr edib. O, Gürcüstanda doğulmuş və sonralar “cihad”a qoşulmuş Tarxan Batiraşvili haqqındakı məqaləsində bildirir ki, bir vaxtlar gürcülər kimi pravoslav olmuş bu şəxs sonradan islamı qəbul edib. Hazırda Əbu Ömər əl-Şişani (Çeçen) kimi tanınır. Bu şəxs İŞİD-ın rəhbərliyində olan ən nüfuzlu şəxslərdən biridir:

“Sarı saqqallı Əbu Ömər elə bir fiqura çevrilib ki, İŞİD-lə mübarizə aparan ABŞ da ondan çəkinir. Hətta o, ABŞ və müttəfiqlərinin hava zərbələrindən yayınmaq üçün planlar cızanda belə Vladimir Putini və onun Qroznıdakı tərəfdarlarını narahat edir”.

Əbu Ömərin vətəni Gürcüstanın şimal-şərqində, Rusiya Federasiyasının subyekti Çeçenistan Respublikası ilə sərhəddə yerləşən Pankis dərəsidir. İnzibati cəhətdən Kaxetiyaya bağlıdır. Pankis dərəsinin əhalisinin 75%-i çeçenlərin subetnik qrupu sayılan kistlərdir: “Pankis dərəsinin təbiəti son dərəcə gözəldir. Ancaq orada yaşayan gənclər üçün elə bir perspektiv yoxdur. 17 yaşlı çeçen əsilli gənclər bildiriblər ki, onlar görməyə elə bir iş tapa bilmirlər. Oturub bir-birinin üzünə baxırlar, ya da məsciddə ibadət edirlər. Suriyada olan dostları ilə “WhatsApp” vasitəsi ilə yazışırlar. Bu gənclərin ən böyük arzusu avtobusla Türkiyəyə getmək, oradan isə Suriyanın şimalına keçərək Əbu Ömərin dəstəsinə qoşulmaqdır”.

Gürcüstanda islamla bağlı problemləri jurnalist ölkə prezidenti Georgi Marqvelaşvili ilə müzakirə edib. Prezident deyib: “Əgər biz onlara təzyiqləri gücləndirsək, onda demokratiyanı şübhə altına almış olarıq. Bizim hüquq-mühafizə orqanlarının şəffaf fəaliyyətinə və vətəndaş cəmiyyətinin inkişafına maneələr yaranar. Əraziyə hüquq-mühafizə orqanlarının müvəqqəti nəzarəti sonda total nəzarətə gətirib çıxaracaq”.

Jurnalist yazır ki, hüquq-mühafizə orqanlarının əraziyə total nəzarət etmək istəyi haradasa Əbu Ömərin radikal mövqe tutmasına səbəb olub: “Cəmi bir neçə il bundan qabaq o, öz xristian atası ilə pravoslav kilsəsinə gedirdi. Ancaq 2010-cu ildə Gürcüstan məhkəməsi qanunsuz silah saxlama ittihamı ilə ona üç il iş kəsdi. Həbsxanada o, islamı qəbul etdi, saqqal uzatdı və and içdi ki, azad olduqdan sonra kafirlərə qarşı müqəddəs savaşa qalxacaq”.(musavat.com)

Hələ xristian olarkən o, çeçen üsyançılarına Çeçenistandan Gürcüstana və əks istiqamətində hərəkət etməsinə yardım göstərmişdı. 2008-ci ildə isə Rusiya-Gürcüstan müharibəsi zamanı gürcü kəşfiyyatında xidmət etmişdi. O, elə indi də Rusiyanı özünə düşmən bilir. Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun başına 5 milyon dollar mükafat qoyub. Eləcə də Çeçenistanın rəhbərliyində olan digər şəxslərə görə də mükafat vəd edib.

"Кавказский узел" saytının baş redaktoru Qriqori Şvedov məqalə müəllifinə bildirib ki, bütün bunlar onu deməyə əsas verir ki, İŞİD cihad hərəkatını beynəlxalq səviyyəyə qaldırmaq istəyir. O cümlədən onlar Yaxın Şərqdə baş verən prosesləri Qafqaza keçirməyə can atırlar. Belə bir ssenarinin həyata keçməsi isə Rusiya dövləti üçün faciə ilə nəticələnə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar