26 fevral Avropada anım günü elan edilsin – AŞPA-da TƏKLİF

AŞPA-da Xocalının işğalı gününün Avropada nifrətdən törənən cinayətlərə qurban gedənlərin anım günü kimi elan edilməsi təklif olunub

Avropa Şurası Parlament Assambleyası (AŞPA) payız sessiyasının plenar iclasının ikinci iş günündə “Neonasizm təzahürünə müqavimət” mövzusunda müzakirələr aparılıb.

APA-nın Avropa bürosunun xəbərinə görə, müzakirələrdə iştirak etmiş Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov Ermənistanın apardığı cəmiyyətə zidd dövlət siyasətinin müxtəlif aspektlərini təhlil edərək, bu ölkənin neonasizmin yeni qorxulu nümunəsinə çevrildiyini vurğulayıb:

“Acı tarixi təcrübədən insanlara faciəli dərsləri bəlli olan ideologiyaların təzədən küçələrə, meydanlara çıxması bir tərəfdən qorxuludursa, digər tərəfdən düşündürücüdür. Əgər hansısa cərəyanın, hansısa siyasi məfkurənin bütöv insanlığa vurduğu dəhşətli zərbələr, tökülmüş qanlar, verilmiş saysız itkilər bəllidirsə, bəs necə olur ki, onlar yenidən dirçələ bilirlər? Bunu kim edir, necə yönəldir, niyə belə halların yenidən təzahür etməsinə cəmiyyətin müqaviməti kifayət qədər olmur, sadəcə, baş vermiş hadisəni qeydə almağa gücümüz çatır? Nasizm yeni libasda Avropada və dünyada yenidən baş qaldırırsa, həm də gənclər bu səmtə daha çox cəlb edilirsə, bu elə həyəcanlı siqnallardır ki, onlara heç kəs biganə qalmamalıdır. Çünki söhbət hər birimizin və ortaq yuvamızın - dünyamızın gələcək taleyindən gedir.

Neonasizmə qarşı bütün istiqamətlərdə mübarizə həm də ona görə vacibdir ki, bu məfkurə açıq şəkildə, öz adı ilə baş qaldırdığı kimi, həm də bir çox başqa təzahürlərdə də meydana çıxmaqdadır. Məsələn, sovet dönəmində, 25-30 il əvvəl indi AŞPA üzvü olan Ermənistan çoxmillətli bir ölkə idi. Lakin 1980-ci illərin sonlarından Ermənistanda etnik təmizləmə prosesləri başlandı. Əvvəlcə 1988-1989-cu illərdə 300 mindən artıq azərbaycanlı Ermənistanda tarixən kompakt yaşadıqları ərazilərdən zorla çıxarıldı. Bundan əvvəl də Ermənistandan azərbaycanlıların XX əsrdə 3 böyük deportasiyası baş vermişdi. Bu sonuncu təmizləmə nəticəsində Ermənistanda bir nəfər belə azərbaycanlı qalmadı. Sonra bu siyasət digər formalarda Ermənistanda yaşayan başqa xalqlara qarşı tətbiq edildi. Ruslar, yəhudilər, yunanlar, kürdlər və digər milli azlıqlar tədricən ölkədən kənarlaşdırıldı. Və indi Ermənistan monoetnik bir ölkəyə çevrilib və bu baxımdan da Avropa Şurasındakı heç bir normal ölkəyə bənzəməyən unikal bir üzvdür. Bütün dünyada sərhədlərin açıldığı, ölkələrin, xalqların bir-biri ilə qaynayıb-qarışdığı bir dövrdə belə xətt yürütmək, bunu dövlət siyasəti olaraq gerçəkləşdirmək rasizmin də, nasizmin də bariz nümunəsi deyilmi?”

Daha sonra Avropada ənənəvi olaraq qeyd edilməli anım günü ilə bağlı təklifə münasibət bildirən azərbaycanlı millət vəkili bunları deyib: “2001-ci il iyulun 22-də Norveçdə neonasistlərin törətdiyi qəddarlıqlar münasibətilə həmin günü Avropada nifrətdən törənmiş cinayətlərin qurbanlarının anım günü elan edilməsi təklifi irəli sürülür. Erməni hərbi qüvvələrinin daha öncə Qarabağda, Xocalıda 1992-ci il fevralın 26-da yüzlərlə günahsız, dinc insanı qocasına, qadınına, uşağına baxmadan məhz azərbaycanlı olduqları üçün məhv etməsi, bütöv bir şəhərin əhalisinin ucdantutma yalnız milli mənsubiyyətinə görə vəhşicəsinə amansızlıqla öldürülməsi soyqırımının danılmaz nümunəsi olmaqla yanaşı, həm köhnə, həm də yeni nasizmin əyani ifadəsidir. Bəlkə nifrətdən törənmiş cinayətlərin qurbanlarına qarşı ümumavropa anım günü olaraq elə Xocalı faciəsinin törədildiyi həmin 26 fevralı qəbul etmək daha münasibdir!

Siyasətlər, rejimlər keçəridir, xalqlarsa qalır. Məkrli siyasətlər isə bəzən xalqlara uzun illər davam edəcək düşmənçiliyi miras qoyur. Neonasizm aşağılarda təbii olaraq yaranmış bir proses deyil, onu törədənlər, dirçəldənlər, irəlilədənlər və sıralarını genişləndirənlər siyasətin sükanı arxasında olanlar, siyasəti idarə edənlərdir. Ona görə belə hallar ikqat, üçqat təhlükəlidir. Bu isə sağ ekstremizmə qarşı dünyanın bütün mütərəqqi qüvvələrinin müştərək mübarizə aparmasını zəruriləşdirir. Nasistlərin emblemi olan svastika artıq bir çox nəsillərin nəzərində qorxu rəmzinə çevrilib. Lakin tarixən bu rəmz 1930-cu illərdə yaranmayıb, onu nə Hitler, nə də onun ətrafı ixtira edib. XX əsrdə dəbə salınmış bu simvolika eramızdan 1000 il əvvəl mövcud idi, alimlər onun yaranma tarixini qədim neolit dövrünə aid edirlər. Həmin qədim zamanlarda isə svastika günəşin, həyatın rəmzi kimi qavranılıb. Görün qara siyasətlər həyat, günəş rəmzini necə ölüm və qaranlıq timsalına çevirə bilərmiş. İşığı zülmətə çevirməyə qüdrəti arxada qalan zamanlarda sübuta yetmiş nasizmin neolibaslarda baş qaldırmasına qarşı mübarizələrdə hamının, bütün dövlətlərin, bütün siyasi qüvvələrin əl-ələ olması, yekdilliyi həyatımızın, günümüzün tələbidir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar