“MAŞIN BAZARI”NIN ÇÖLÜNDƏKİ MAĞAZALARA NİYƏ QADAĞA QOYULUB? - Sahibkarlar Operativ Qərargahdan dəstək gözləyirlər + FOTOLAR

Ölkə başçısı və hökumət üzvlərinin də bəyan etdikləri kimi, koronavirus epidemiyası və karantin tədbirlərilə bağlı yaranmış hazırkı durum ölkəmizdəki sahibkarların da üzərinə böyük məsuliyyət qoyur. Xüsusilə də iş yerlərinin saxlanılması, işçilərin əmək haqlarının ödənməsi kimi çağırışlar əksər sahibkarlar tərəfindən anlayışla qəbul edilib və bu çağırışlara böyük ölçüdə riayət olunmaqdadır.

Lakin bir çox sahibkarlara müəyyən süni əngəllərin yaradıldığı da müşahidə olunmaqdadır. Məsələn, Xətai rayonu ərazisində, Babək prospektində, “Xalqlar Dostluğu” metrosunun yaxınlığında yerləşən “Maşın Bazarı”nda, bazarın içərisinə aid olan ticarət və xidmət obyektlərilə yanaşı, yolun kənarında yerləşən, belə demək mümkünsə, çölə baxan mağazaların da fəaliyyətinə müvafiq yerli orqanlar tərəfindən qadağa qoyulub. Bu isə narazılıqlara səbəb olmaqdadır. 

Bazarın içərisinə, qapalı məkanlara aid mağazaların bağlanması təbii ki, anlaşılandır. Lakin çöldəki mağazaların bağlanmasını burada çalışan sahibkarlar anlamaqda çətinlik çəkirlər. 

Belə ki, həmin mağazalardan cəmi 10-15 metr məsafədə, Babək prospekti boyunca yerləşən digər avtomobil hissələri mağazalarına və təmir sexlərinə işləməyə icazə verilib. Qadağa yalnız bazarın çöl hissəsində, çıxışı çölə, prospektə tərəf olan mağazalara şamil edilib. 

Əgər söhbət böyük ticarət mərkəzlərinin bağlanmasına dair qərardan gedirsə, bir daha qeyd olunmalıdır ki, sözügedən mağazalar küçəyə, yola baxır və bazarın içərisinə aid deyillər.

Həmçinin, Bakıdakı digər əksər iri ticarət mərkəzlərinin(məsələn, “Bakıxanov Bazarı”, “8-ci kilometr bazarı”, “Dərnəgül Bazarı” və sair-red.) çöl mağazaları fəaliyyətlərini davam etdirirlər. Belə olan halda, məhz sözügedən mağazalara qoyulan qadağanın səbəbi qaranlıq qalır...

Xatırladaq ki, bu gün Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidovun mətbuata açıqlamasında avtomobil ehtiyat hissəsləri və avtomobil təmiri sexlərinə heç bir qadağa qoyulmadığı göstərilib: “Xüsusi karantin rejimi dövründə əhalinin sağlamlığını qorumaq məqsədi ilə respublika ərazisində, o cümlədən Bakıda avtoyuma məntəqələri, avtomobil təmiri sexləri, avtomobil ehtiyat hissələrinin satışı mağazaları, tikinti materiallarının satışı mağazaları, kimyəvi və quru təmizləmə məntəqələri, mal-qara yemi satılan mağazalar, zoomağazaların fəaliyyətində isə heç bir məhdudiyyət qoyulmayıb.” 

Bu rəsmi bəyanata baxmayaraq, həmin mağazaların işinə qoyulan qadağanı anlamaq çətindir...

Onu da qeyd edək ki, barəsində bəhs etdiyimiz mağazalar spesifik məhsullar satdıqları və xidmətlər göstərdikləri üçün kütləvi müştəri axını müşahidə olunan, insanların sıx toplaşdığı, alış-veriş etdikləri obyektlər sırasına aid deyil. Onlar əsas etibarilə azsaylı özəl müştərilərlə işləyirlər.

Sahibkarlar ümid edirlər ki, hökumət yanındakı Operativ Qərargah və müvafiq dövlət qurumları, icra orqanları yaranmmış vəziyyəti nəzərə alaraq, Babək prospektindəki “Maşın Bazarı”nın giriş və çıxışı çöldən olan mağazalarının işinə icazə verəcəklər. Sahibkarlar isə öz növbələrində bütün vergi və sosial ödəmələrini, eləcə də işçilərinin əməkhaqlarını ödəmək imkanı qazanacaqlar.

Cəlal   

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar