KORONAVİRUS AQRAR SEKTORU NECƏ “VURUR”? – Nazirlik heç bir qadağa olmadığını deyir, amma...

«Koronavirus pandemiyası kənd təsərrüfatından da yan keçməyəcək». Bunu Masallı rayonunun Qızılağac kəndində yaşayan fermer Kərim Kərimli “Azadlıq” radiosuna deyib. O, daha sonra əlavə edib: «İşçi qüvvəsinin azalması artıq özünü büruzə verir. Bir azdan əkinin qızğın vaxtı başlamalıdır. Doğrudur, xəstəliklə bağlı verilən qadağalara əməl etmək lazımdır. Amma belə halda kənd təsərrüfatı da unudulmamalıdır».

Bununla belə, fermer vurğulayıb ki, şəxsən o, əkin işlərini, əsasən, virusun Azərbaycanda baş qaldırmasından öncə görüb: «2 hektar yonca, 6 hektar qarğıdalı, 3.5 hektar çiyələk əkmişəm. İşlərin əsas hissəsi əl əməyinə əsaslanır. Torpağın şumlanması, əkinə hazırlanması texnika ilə görülür. Çiyələk əkinində işlər daha çox əl ilə həyata keçirilir. Mən belə hesab edirəm ki, kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün daha çox texnikadan, məhsuldar toxumdan istifadə etmək lazımdır».

Onun sözlərinə görə, kəndli ən çox yetişdirdiyi məhsulun satışından narahatdır: «Artıq məhsulumuz bazara çıxmaq üzrədir. Qadağalar qalsa, məhsulun satışında problemlər qaçılmaz olacaq. Artıq bazar problemi özünü göstərməyə başlayıb. Belə şəraitdə dövlət yanımızda olmalıdır. İnkişaf etmiş ölkələrdə kənd təsərrüfatına dövlətin ciddi dəstəyi var...»

K.Kərimli deyib ki, Rusiya bazarları onların maraq dairəsində qalmaqdadır: «İstehsal etdiyimiz kənd təsərrüfatı məhsullarını, əsasən, Rusiya bazarlarına çıxardırıq. Bizim ölkə Rusiya üçün təbii istixana rolunu oynayır. Bizdə kənd təsərrüfatı məhsulları Rusiyanın məhsullarından tez yetişir. Azərbaycan əkinçiləri valyutanı, əsasən, Rusiyadan ölkəyə gətirirlər. Ölkəmizdə boş qalan məhsuldar torpaqlarımız çoxdur. Biz bu torpaqlardan səmərəli istifadə edə bilsək, qeyri-neft sektorunu ciddi şəkildə inkişaf etdirə bilərik. Xarici ölkələrdən gələn valyutanın həcminin çoxalması üçün dövlət fermerlərə böyük məbləğdə maliyyə dəstəyi vermək haqqında düşünməlidir.

Kəndlilərə məhsul kreditinin verilməsinə başlanılmalıdır. Krediti birbaşa bank sektoru yox, Kənd Təsərrüfatı Nazirliyi verməlidir. Bu sahədə uğur əldə etmək istəyiriksə, mütləq əkin sahələri sığortalanmalıdır. Mən belə təkliflər paketini Kənd Təsərrüfatı Nazirliyinin yüksək vəzifəlilərinə təqdim etsəm də, bir nəticəsi olmayıb».

Fermer qeyd edir ki, cəmiyyətin ən kasıb təbəqələri kəndlərdə yaşayan, əkinlə məşğul olanlardır: «Onların qazancları artsa, iş axtarmaqdan ötrü şəhərlərə getməzlər, dövlətin də həmin insanlara iş tapmasına ehtiyac olmaz. İndiki halda fermerin gəliri çox olduqda, işçilərə daha çox vəsait ayırır, yeni iş yerləri haqqında düşünməyə başlayır. Qazanc az olanda vəsaitlər də ehtiyatla xərclənir. Məsələn, təsərrüfatım üçün hər gün 10-15 nəfər işçi tələb olunur. İşçilərin gündəlik əməkhaqqı tələbatdan asılı olaraq 8-13 manat arası dəyişir. Bazarla bağlı problemimiz olmasa, məhsul maya dəyərindən baha satılsa, mövsümi işləyənlərə daha çox pul vermək olar. Yeni texnika almaq imkanı yaranar».

K. Kərimli deyib ki, çiyələk sahəsinin aqrotexniki qaydalarla becərilməsi üçün hər hektara 15 min manat xərc tələb olunur: «Bunun müqabilində dövlət il ərzində əkinçilərə hər hektara görə 50 manat pul verir. Eyni zamanda, hər hektara 150 manat güzəştli dotasiya ayırır. Buğda, arpa və başqa taxıl bitkilərinin hər hektarının becərilməsi üçün cəmi 300-400 manat arası xərc çəkilir. Dövlət onlar üçün də eyni miqdarda dotasiya ayırır. Qoyulan xərclərin miqdarına fərq qoyulmur».

Rəsmi məlumat görə, Masallı rayonunda 24 min 964 hektar əkinə yararlı torpaq sahəsi var. Bunun 17 min 330.2 hektarında kənd təsərrüfatı məhsulları əkilib.

Vüqar Hüseynov məhdudiyyət qoyulmadığını deyir

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vüqar Hüseynov “AzPolitika.info”-ya bildirib ki, kənd təsərrüfatı təyinatlı torpaqlar Bakıda deyil, regionlarda olduğuna görə məşğulluqla bağlı hər hansı problem yoxdur. 

Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarında da qadağalar nəzərdə tutulmayıb. Onun sözlərinə görə, kənd təsərrüfatı texnikalarının bir rayondan başqa bir rayona hərəkətində də problem yoxdur: “Operativ Qərargahın təlimatları bunu istisna edir. Fermer müvafiq müraciət etməklə həmin texnikaları əkin, səpin, dərmanlama, aqrotexniki qulluq prosesinə cəlb edə bilər. Eyni zamanda kənd təsərrüfatı məhsullarının paytaxta gətirilməsinə də hər hansı qadağa qoyulmayıb. Bu barədə Daxili İşlər Nazirliyinin müvafiq açıqlaması var ki, yük daşıyan avtomobillərin hərəkəti sərbəstdir. O ki qaldı yüklərin ölkə xaricinə çıxarılması ilə bağlı məsələyə, bu ümumi karantin rejimi ilə bağlıdır. Amma operativ qərərgahın təlimatlarında bu barədə qadağalar yoxdur”.

Nazir müavini problem olmadığını bildirir

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Report.az-a bildirib ki, Azərbaycanda koronavirus infeksiyasının yayılması ilə əlaqədar xüsusi karantin rejiminin müddətinin uzadılması halında ölkənin ərzaq məhsulları ilə təminatında problem yarana bilməz

Onun sözlərinə görə, ölkədə payızlıq buğda və arpa əkinləri koronavirus yayılmadan aparılıb: “Həmin əkinlər üzrə məhsul yığımı yayda həyata keçiriləcək. Yazlıq əkinləri üçün əkin sahələri müəyyənləşdirilib, hazırda torpaq becərmə işləri, o cümlədən səpinqabağı işlər həyata keçirilir. Gübrə, pestisid, toxum və digər zəruri mal-materiallar öncədən tədarük edilib, aidiyyəti kənd təsərrüfatı texnikaları hazır vəziyyətə gətirilib. Yazlıq əkinlər isə aprelin 10-dan başlayaraq may ayının birinci ongünlüyünə qədər davam edir”.

Nazir müvini hesab edir ki, yazlıq bitkilərin əkini və tədarükü ilə bağlı problemlər gözlənilmir. “Hazırda əkin aparılacaq sahələrdə mövsumi işlər davam etdirilir. Dövlət tərəfindən bu məhsulların toplanmasında və bazara çıxarılmasında fermerlərə maksimum dərəcədə kömək edilir", - o qeyd edib.

Rövşən Ağayev: “Bəzi narahatlıqlarım var...”

Tanınmış iqtisadçı Rövşən Ağayev isə “AzPolitika.info”-ya şərhində bildirib ki, koronavirusun aqrar sektora təsiri bizdə müzakirələrdən kənarda qalsa da, dünyada intensiv olaraq diqqət mərkəzindədir. 

Onun sözlərinə görə, tətbiq olunan karantinlər və sosial izolyasiya kooperativ və iri sahibkarlıq formasında fermer təsərrüfatlarında insanların birgə çalışmasını çətinləşdirir: “Daha ciddisi Fransa kimi ildə kənd təsərrüfatına 200 000 xarici işçi qüvvəsi cəlb edən ölkələrdə yaranır. Kənardan işçi qüvvəsi idxalı dayanıb. Bir çox Avropa ölkələri məhz əcnəbi işçi qüvvəsi hesabına aqrar sektoru ayaqda saxlayır. Mövsüm isə artıq başlayır. Yaxud, İtaliya kimi koronavirusa təslim olmuş ölkələrin kənd təsərrüfatında ciddi problem qaçılmazdır və onların idxalı daha da artacaq. Bir çox ölkələrdə kənd təsərrüfatı istehsalının azalması ərzaq qıtlığı və o isə yüksək qida inflyasiyası yarada bilər”.

Azərbaycana gəldikdə isə, ekspert bir sıra narahatlıqlarını bölüşüb: “Yaxın zamanlarda fermerlərin intensiv istifadə etdiyi və məhsul bolluğunun təminatı üçün vacib şərt olan dərman və bağlama materiallarının ehtiyatlarının, toxumların idxal-ixrac əlaqələrinin xeyli məhdudlaşdığı zaman nə yerdədir? Nəzərə alaq ki, biz bu məhsulların hamısını - dərman vasitələrini, texniki vasitələri və toxumları idxal edirik.

Hər halda Kənd Təsərrüfatı Nazirliyi yəqin ki, ehtiyat anbarlarda vəziyyəti daha yaxşı bilir. Ən azından qarşıdakı mövsüm üçün ehtiyaclara uyğun hər çeşid dərmanlama və digər zəruri texniki vasitələrin - həm pestisidlər, həm gübrə və toxumlar, həm də texnika üçün ehtiyatlar yaxın bir ayda ölkəyə gətirilməsi üçün plan olmalıdır”.

Ekspert hesab edir ki, əgər, virus problemi 1-2 ayda həllini tapmasa, dünya üçün ərzaq böhranı da xeyli real görünən ssenaridir: “Bu baxımdan hətta ərzaq ixracına embarqolar da ən pis ssenari kimi göz önünə alınmalıdır. Ümid edirəm hökumətin təqdim eləməyə hazırlaşdığı dəstək proqramında kiçik və orta fermer təsərrüfatlarına da yardım nəzərdə tutulacaq. Ən azından lizinq vasitəsilə alınmış texnika və digər vasitələrin ödənişində güzəştlər, bank kreditlərinin qaytarılmasına dəstək üçün təşəbbüslər olacaq. Yaxın zamanlar üçün bəşəriyyət üçün həkimlərlə yanaşı fermerlərin də dəyəri normal şərtlərdə olduğundan daha yüksəkdir”.

AzPolitika.info

635x100

Şərhlər

Az iqtisadiyyatı varmı? 2020-03-31 09:38:59

Neftsiz İXRAC və İDXAL saldosu müstəqil yaşamı təmin edirmi?

Son yazılar