Ukrayna karantini zəiflədir - Baş nazir həyəcan təbili çalır

Ukraynanın yeni baş naziri Denis Şmıqal koronavirus epidemiyası səbəbindən tətbiq edilən karantin tədbirlərinin ölkə iqtisadiyyatını müflis edə biləcəyini söyləyib.

“AzPolitika.info” xəbər verir ki, “ICTV” kanalına açıqlama verən baş nazir karantin şərtlərinin yumşaldılması, insanların işləməsinə şərait yaradılması məsələsini müzakirə etdiklərini bildirib.

Ukraynalıların “üç ay evdə elə-belə otura bilmədiklərini” söyləyən baş nazir qeyd edib ki, bunun üçün onların əksəriyyətinin “maliyyə yastığı” yoxdur.

D.Şmıqal deyib ki, ölkə vətəndaşları iqtisadiyyatı hərəkətə gətirmək üçün mütləq pul qazanmalıdırlar: “Ukrayna yarım il işləmədən, divanda oturaraq televizora baxa biləcək qədər varlı ölkələrdən deyil.”

Bununla bərabər baş nazir qeyd edib ki, karantinin yumşaldılması tədbirləri koronavirusun yayılma dinamikasından asılı olacaq.

Bundan əvvəl isə D.Şmıqal koronavirus pandemiyası səbəbindən Ukrayna ÜDM-nin ilin sonunadək 4.8 faiz azalacağını bildirmişdi. Baş nazir deyib ki, beynəlxalq maliyyə qurumlarının yardımı olmazsa, ölkə “maliyyə deflotu quyusuna”düşə bilər. Çünki hökumət daxili və xarici borclarını ödəmək imkanından məhrum durumda qalmaq təhlükəsilə üz-üzədir.

Xatırladaq ki, Ukrayna hakimiyyəti aprelin 24-ə qədər sərt karantin tədbirləri tətbiq etməyə dair qərar qəbul edib. Ölkədəərzaq mağazaları və apteklərdən başqa bütün ticarət obyektləri, orta və ali təhsil müəssisələri bağlanıb, ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Ukraynada son məlumatlara görə, 548 nəfərdə koronavirus aşkarlanıb, 13 nəfər bu virusdan dünyasını dəyişib.

Cəlal

“AzPolitika.info” 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar