Goranboydakı kütləvi qətlin təfərrüatları - HADİSƏ YERİNDƏN GÖRÜNTÜLƏR

Goranboyda törədilən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub. Lent.az-ın məlumatına görə, kənd sakini Hüseynov Rafiq Müzəffər oğlunun həyat yoldaşı ailə münaqişəsi zəminində evdən atasıgilə gedib. Bundan sonra R.Hüseynov tüfəng və əl qumbarası götürərək qayınatasının evinə gəlib. Burada o, qapının bağlı olduğunu görüb və həyət qapısından keçərək evə doğru gəlib və qayınını çağırıb. Evdən R.Hüseynovun qayını Natiq Məmmədov çıxıb və onlar mübahisə ediblər. R.Hüseynov qayınına və digər bir şəxsə tüfənglə atəş açıb. Daha sonra otaqdan səs-küyün gəldiyini görən R.Hüseynov bir neçə nəfərin ona tərəf irəlilədiyini zənn edərək otağa qumbara atıb. Qumbaranın partlaması nəticəsində 5-i qadın olmaqla 7 nəfər ölüb.

Qətlə yetirilən şəxslər bunlardır:

 1958-ci il təvəllüdlü Məmmədova Diləzbər Alı qızı

1983-cü il təvəllüdlü Məmmədova Fərqanə Allahyar

1951-ci il təvəllüdlü Məmmədova Ofelya İsa qızı

1963-cü il təvəllüdlü Məmmədova Həvayət Xanlar qızı

1984-cü il təvəllüdlü Hüseynova Südabə Allahyar qızı

1989-cu il təvəllüdlü Məmmədov Namiq Allahyar oğlu

2011-ci il təvəllüdlü Məmmədov İsa Elvin oğlu.

 R.Hüseynov qumbaranın ona Qarabağ müharibəsində iştirak etmiş qardaşından qaldığını deyib. Qardaşı Şaiq Hüseynov 2005-ci ildə intihar etdikdən sonra qumbara Rafiqdə qalıb. Şaiq Hüseynovun arvadının onu tərk etməsinə dözə bilmədiyi üçün özünü öldürdüyü bildirilir.

 Safıkürd kənd İcra Nümayəndəliyinin rəhbəri Eldəniz Həsənəliyev bildirib ki, Südabə Hüseynova qətliamı törədən Rafiq Hüseynovun ikinci həyat yoldaşı olub: “Daha əvvəl 1 dəfə ailə həyatı quran Rafiq həyat yoldaşından boşandıqdan sonra 30 yaşlı Südabə Hüseynova ilə evlənib. İki ayın gəlini olan Südabə ailə münaqişə zəmində atası evinə qayıdıb. Arvadını evinə qaytarmaq məqsədi ilə qayınatasıgilə gələn Rafiq Südabəni evə dönməyə razı sala bilməyib. Əliboş geri qayıdan Rafiq gecə saatlarında evdəki ov tüfəngini götürüb və yenidən qayınatası evinə üz tutub. Sonra isə məlum qətliam baş verib”.

 R. Hüseynovla kənd sakinləri arasında xoş münasibət olmasa da, Məmmədovlar ailəsi haqqında müsbət fikirlər bildirilir və zərərçəkmişlər kənddə hörmətli ailə kimi tanınır.

 E.Həsənəliyev qeyd edib ki, Hüseynovlar 4 qardaş olub. Onun daha bir qardaşı Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə məhkum edilib. Rafiqə gəlincə, onun adı əvvəllər hər hansı cinayət əməlində hallanmayıb.

 Kənd sakinləri hadisənin təfərrüatlarını APA TV-yə danışıblar. Onların sözlərinə görə, tutulan şəxs özünü kənddə pis tanıtmayıb: "Gecə idi, yatmışdıq. Səsə çıxdıq, çığırışma gəlirdi. Səs 6-7 dəqiqənin içində kəsildi. Getdik ora. Gördük yer qandır. Biri bir tərəfdə yıxılıb. Başının bir hissəsi yaralı idi. Baxdıq ki, yaşamır. O biri otağa keçəndə gördük ki, hamısı üstü örtülü yatır. Biz elə zənn etdik. Hansını tərpətdik, heç biri tərpənmədi. 102-yə zəng elədik".

 Silahlı insident zamanı daha iki nəfər - 1986-cı il təvəllüdlü Natiq Məmmədov və 1988-ci il təvəllüdlü Günel Məmmədova yaralanıb. Onlar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Həkim Bəxtiyar Əliyev bildirib ki, hər iki xəstəyə müvafiq tibbi yardım göstərilib, əməliyyat olunub, onların vəziyyətləri ağırdır.

 Qeyd edək ki, Rafiq Hüseynov polisə könüllü təslim olub. Faktla bağlı cinayət işi başlanıb.

***

Baş prokuror Zakir Qaralov Goranboyda baş verən dəhşətli hadisə barədə açıqlama verib. 

ANS PRESS-in məlumatına görə, Zakir Qaralov jurnalistlərə açıqlamasında bildirib ki, baş verən hadisədən çox təəssüf hissi keçirir.

“Bu barədə mənə səhərə yaxın zəng vurub dedilər. Dərhal göstəriş verdim və Baş Prokurorluqdan xüsusi əməliyyat qrupu hazırlanaraq Goranboya ezam olunub. Hadisəni törədən şəxs tutulub. İlkin araşdırmalar zamanı cinayətin ailə-münaqişə zəminində baş verdiyi məlum olub. Baş verən dəhşətli cinayət barədə ətraflı məlumatlar aparılacaq istintaq zamanı məlum olacaq və mətbuata əlavə məlumat veriləcək”, - deyə Zakir Qaralov vurğulayıb.

Qeyd edək ki, bu gün səhər saat 4:00 radələrində Goranboyda dəhşətli hadisə baş verib. Rafiq Hüseynov adlı şəxs qumbara ilə evə daxil olub və partladıb. Hadisə nəticəsində 7 nəfəri ölüb, 2 nəfəri isə yaralanıb.

Goranboy Rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədirlər. Hadisəni törədən şəxs tutulub.

Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.

***

Goranboyda qətlə yetirilən şəxslərin adları açıqlanıb.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, evə olunan silahlı hücum nəticəsində qətlə yetirilən şəxslər - 1958-ci il təvəllüdlü Diləzbər Alı qızı Məmmədova, 1983-cü il təvəllüdlü Fərqanə Allahyar qızı Məmmədova, 1951-ci il təvəllüdlü Ofelya İsa qızı Məmmədova, 1963-cü il təvəllüdlü Həvayət Xanlar qızı Məmmədova, 1984-cü il təvəllüdlü Südabə Allahyar qızı Hüseynova, 1989-cu il təvəllüdlü Namiq Allahyar oğlu Məmmədov və 2011-ci il təvəllüdlü İsa Elvin oğlu Məmmədovdur.

 Silahlı insident zamanı daha iki nəfər - 1986-cı il təvəllüdlü Namiq Məmmədova və 1988-ci il təvəllüdlü Günel Məmmədova yaralanıb.

 Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən şəxs - qətlə yetirilən ailənin kürəkəni Rafiq Müzəffər oğlu Hüseynov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

 * * * 

Goranboy rayonunda kütləvi qətl törədilib.

Goranboy rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, silahla evə hücum edən şəxs evdə 7 nəfəri öldürüb, 2 nəfəri isə yaralayıb.

Hadisə bu gün səhər saat 4:00 radələrində baş verib. Yaralılar 28 yaşlı Natiq Məmmədov və 30 yaşlı Günel Məmmədova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hadisənin ailə münaqişəsi zəmində baş verdiyi ehtimal edilir.

Goranboy Rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədirlər. Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar