ERMƏNİ ORDUSUNDAKI “DEDOVŞİNA” KORONAVİRUSDAN BETƏRDİR... - Ordu rəhbərliyindəki dəyişikliklər də effekt vermir

Qondarma Dağlıq Qarabağ rejiminin yeni təyin olunmuş “müdafiə naziri” Calal Arutunyan orduda koronavirus epidemiyası iləı bağlı görülən tədbirlərdən danışıb. Deyib ki, əsgərlər tibbi maska, əlcək və alkoqolla təmin olunurlar. Ancaq erməni əsgərlərin analarını və ümumilikdə erməni cəmiyyətini az qala koronavirusdan daha çox ordudakı “dedovşina”nın miqyası qorxudur.

Belə ki, hələlik orduda koronavirusdan ölən olmadığı halda, ilin əvvəlindən indiyə qədər təkcə rəsmən təsdiqlənən 15-dək hərbçinin ölüm faktı qeydə alınıb. Və bu faktların hamısı döyüş şəraitində deyil, ordudakı nizamnamədən kənar münasibətlərin, yəni “dedovşina”nın nəticəsidir.

“Nazir” dəyişdi, amma əsgər ölümləri dayanmadı

İlin əvvəlindən erməni silahlı birləşmələrində hərbçilərin qeyri-döyüş şəraitində ölüm hallarının kəskin şəkildə çoxalması cəmiyyətdə ciddi narazılıqlara səbəb olmuşdu. Hətta belə halların birində ölən əsgərlərin yaxınları və həmyerliləri onun cəsədini götürərək, İrəvana yürüş etmişdilər. Onların qarşısına çıxan Ermənistanın müdafiə naziri şəxsən bu faktın ciddi araşdırılacağına və günahkarların cəzalandırılacağına söz verərək, mərhumun adamlarını onu geri qaytaraq, dəfn etməyə razı salsa da, ortada hər hansı ciddi nəticə yoxdur. Əsgər ölümləri isə davam edir...

Belə ki, aprelin 3-ü gecə saatlarında qeyri-döyüş şəraitində daha bir hərbçinin ölüm faktı baş verib. Ermənistanın Abovyan rayonunun işğalçı ordunun sıralarında xidmət edən 20 yaşlı sakini Qaregin Babakexyan Hadrutda qətlə yetirilib. Bu fakt əsgər ölümləri məsələsini yenidən gündəmə gətirib.

Məsələ ondadır ki, ilin əvvəlindən əsgər ölümlərinin sayının çoxalması səbəbindən baş nazir Nikol Paşinyan ordu rəhbərliyində kadr dəyişiklikləri ediləcəyini demişdi. Bundan qısa müddət sonra fevralın 19-da prezident Armen Sarkisyan Paşinyanın təqdimatı əsasında hərbi polisin rəisi Artur Baqdasaryan və ordunun idarə rəisi Aleksan Aleksanyanın istefaya göndərilməsinə dair qərar imzaladı. Onlar heç də köhnə hakimiyyətə uzaq adamlar sayılmırdılar.

Fevralın 24-də isə qondarma rejimin “müdafiə naziri” Karen Abramyan istefaya göndərilərək, yetrinə Calal Arutunyan təyin olundu. O da öz növbəsində orduda “dedovşina”nın qarşısının alınacağı və həmin dövrə qədər baş verən ölüm faktlarının araşdırılaraq, günahkarların cəzalandırılacağını demişdi. Ancaq bütün bu dəyişikliklər və vədlərin nəticəsi göz önündədir – “dedovşina” davam edir və bunun nəticəsi olaraq, aprelin 3-də daha bir əsgər ölümü!

“Ordu cəmiyyətin güzgüsüdür...”

Erməni cəmiyyətini narahat edən əsas məqam odur ki, əsgər ölümləri Ermənistandakı hakimiyyət savaşında tərəflərin əlində vasitəyə çevrilib. Siyasi mübarizə alətinə çevrilən bu hadisələrin hətta orduda vəziyyətin gərginləşdirilıməsi, Paşinyana qarşı narazılığın artırılması məqsədilə törədildiyini belə iddia edənlər var.

Ermənistanın sabiq müdafiə naziri və hazırda Robert Köçəryanla birgə istintaqa cəlb olunan Seyran Ohanyan öz nazirliyi dövründə “dedovşina” ilə daha səmərəli mübarizə aparıldığını deyib. Hazırkı ölkə və ordu rəhbərliyini dolayısı ilə bacarıqsızlıqda və vəziyyətə nəzarət edə bilməməkdə günahlandıran Ohanyan deyib ki, “ordu cəmiyyətin güzgüsüdür”.

Erməni cəmiyyətində isə vəziyyət ürəkaçan deyil, qisasçılıq, özbaşınalıq, məhkəmə və hüquq-mühafizə orqanlarının hökumət başçısının tam nəzarətinə keçməsi, hakimiyyət uğrunda ölüm-dirim savaşı və s. kimi hallar gərginliyi olduqca artırıb və bütün bunlar orduya da sirayət etməkdədir. Ohanyan deyib ki, ordunun indiki rəhbərliyi bütün digər məsələləri bir kənara qoyaraq, “reallığa ayıq gözlə baxmalıdır”. Sabiq müdafiə naziri Paşinyanı “vurmaq” məqsədilə söylədiyi bu fikirlər hələ ordu rəhbərliyində dəyişikliklər edilməmişdən söyləmişdi.

Ohanyanın bu mövqeyi əsgər ölümlərinin hakimiyyət uğrunda savaşda siyasi alətə çevrilməsi fikirlərinin təsdiqi sayıla bilər. Çünki əslində “dedovşina” erməni ordusunda Ohanyanın nazirliyi dövründə də var idi. Və bir çox müstəqil ekspertlərin fikrincə “dedovşina” mərəzi bir tərəfdən erməni cəmiyyətinin və millətinin öz daxili xislətindən, digər tərəfdən isə idarəçilikdəki özbaşınalıq, rüşvətxorluq və başıpozuqluqdan irəli gələn məsələdir.

İstənilən halda, erməni ordusundakı son əsgər ölümü ordu rəhbərliyindəki dəyişikliklərin də heç bir ciddi nəticə vermədiyini göstərir. Və belə görünür ki, köhnə Köçəryan-Sarksyan hakimiyyətilə indiki Paşinyan hökuməti arasındakı ölüm-dirim savaşı davam etdikcə, işğalçı orduda hələ çox əsgər ölümləri baş verəcək. Və bu faktları Azərbaycan tərəfinin atəşkəsi pozmasına dair çığır-bağırlarla ört-basdır etmək mümkün olmayacaq...

C.Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

t.ədalət 2020-04-04 16:09:44

erməni ordusunun "dedovşinalığını" yox,ərazilərimizi tutub orda möhkəmləndiyindən yazın.

Son yazılar