Rəsul Quliyev Milli Şuranın leysan altındakı mitinqini pislədi -  "2 saatlıq mitinq 55 dəqiqə çəkdi"

Parlamentin sabiq sədri Rəsul Quliyev Milli Şuranın güclü yağış altında baş tutan 27 oktyabr mitinqinə ironik münasibət bildirib. ACP sıralarından istefa verdikdən sonra müxalifət lideri statusundan faktiki məhrum olan cənab Quliyev, bu dəfə daha çox politoloq kimi çıxış edib. AzPolitika.info-nun məlumatına görə, ACP-nin sabiq lideri mitinqdən dərhal sonra Facebook-da paylaşdığı statusunda yazıb:

- Mövcud rejimin apardığı siyasətlə Azərbaycan xalqı heç vaxt nə ölkəsinin, nə də özünün sahibi ola bilməz.

- Rəqabət prinsipinin həm siyasətdə, həm də iqtisadiyyatda olmaması ölkənin inkişafına və xalqın hər bir üzvünün normal yaşamasına imkan yarada bilməz.

- 2 milyona yaxın insanların birbaşa və əlavə 1 milyonun bilavasitə neft dollarından asılı olması, dünya enerji təminatında radikal dəyişiklik baş versə və ya enerji resursları ölkədə azalsa xalq üçün fəlakətlə nəticələnəcək.

- Son mitinq bir daha göstərdi ki, xalq müxalifətə inanmır və öz gələcəyini onlarla bağlamaq fikrində deyildir.

-Mitinqdəki çıxışlar göstərdi ki, müxalifət liderləri real siyasətçilər yox, özləri kimi şüar deyənlər hazırlayırlar.

- Son mitinq bir daha göstərdi ki, MŞ deyilən təşkilat zəifləmiş İP plyus Cəmil Həsənlidən ibarətdir.

- Son mitinq bir daha göstərdi ki, müxalifətin xalqa deməyə sözü yoxdur, 2 saatlıq mitinq 55 dəqiqə çəkdi. Bundan əvvəlki mitinq də camaatın dağılıb getməsi qorxusundan 1 saat 15 dəqiqəyə qurtarmışdı. İndi bunu hava şəraiti ilə əlaqələndirəcəklər.

- Biz bilirik ki, saxtalaşdırmaq naqisliyi xarakterizə edən xüsusiyyətdir. Saxtalaşdırmağın ağır və ya yüngül nəticələrindən asılı olmayaraq, adı saxtalaşdırmaqdır və təəssüf ki, bəzi müxalifət liderləri də bundan eninə-boyuna istifadə edir.

Çox şeyi sadalamaq olar, ancaq bir şey gün kimi aydındır: MŞ deyilən qurum ya real müqavimət planı hazırlayıb xalqın müzakirəsinə verməli və camaatı çaşdıran əməllərindən əl çəkməlidir, ya da çəkilib getməlidir.”

Yeri gəlmişkən, politoloq Natiq Miri bu gün R.Quliyevlə bağlı maraqlı iddialar irəli sürüb. Onun fikrincə, R.Quliyevin Milli Şura daxilində missiyası olub. “Rəsul Quliyevin fəaliyyəti də digər fərqli siyasi missiyanın icraçılarının kontekstində dəyərləndirilməlidir. Bu adamın seçkilərdən əvvəl göstərdiyi fəaliyyət məhz potensial prezidentliyə namizədlərin seçkiyə qatılmasının əngəllənməsi məqsədi güdürdü. Seçki sona çatsa da, Rəsul Quliyev hələ də hakimiyyət daxilində bağlı olduğu şəbəkənin maraqlarından çıxış etməkdə davam edir. Seçki ərəfəsində həmin şəbəkə Rəsul Quliyevin vasitəsi ilə müxalifətin mübarizə potensialını əlindən almaq üçün hər şeyi etdi. İndi isə yenə də ondan yararlanaraq, MŞ daxilində ziddiyyətlər yaratmağa, müxalifəti ictimaiyyətin gözündə nüfuzdan salmağa çalışırlar. Ona görə də birbaşa Rəsul Quliyevdən soruşmaq lazımdır ki, nə istəyir və niyə müxalifət üçün tormozlayıcı faktor rolunda çıxış edir?”, deyə, N.Miri “Yeni Müsavat”a açıqlamasında bildirib.

Politoloqun fikrincə, R.Quliyevin öz mübarizə yoldaşlarını söyərək hakimiyyəti təqdir etməkdə özəl maraqları mövcuddur: “Rəsul Quliyev Azərbaycana dönmək istəyir. Bəzi məlumatlara görə, Rəsul Quliyev özünün Azərbaycana dönüşünə icazə almaq üçün hakimiyyətin ən yüksək səviyyələriylə danışıqlar aparmağa çalışıb. Ancaq onun hakimiyyətə minnətçi saldığı adamlara ”yox" cavabı verilib. Yəni hakimiyyət Rəsul Quliyevin Azərbaycana qayıdışına razılıq verməyi lazım bilməyib. Halbuki Rəsul Quliyevin heç bir ictimai nüfuzu olmadığından hətta o qayıtsa belə, Azərbaycanda siyasətlə məşğul olmaq imkanında deyil. O, yəqin ki, qayıdıb yenə də bizneslə məşğul olmaq istəyir. Ona görə də müxalifəti söyməklə hakimiyyətdən Azərbaycana dönmək üçün amnistiya almağa çalışır. Ancaq hakimiyyətin onu bağışlayacağı və Azərbaycana gəlməyə icazə verəcəyi qətiyyən inandırıcı deyil".

V.Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar