Düşmən ölkədə pandemiya – 822 yoluxma, 7 ölü var, fövqəladə vəziyyət hökm sürür

Ermənistanda daha 34 virusa yoluxma halı qeydə alınıb və bununla da yoluxanların ümumi sayı 822-yə çatıb. Aprelin 1-dən Ermənistan Komendaturasının qərarı ilə, ölkədə fövqəladə vəziyyət rejimi şəraitində tətbiq edilən bir sıra məhdudiyyətlər daha da sərtləşdirilib və daha 10 gün müddətinə uzadılıb.

Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə martın 16-dan aprelin 14-dək Ermənistanda fövqəladə vəziyyət elan edilib.

Hazırda 758 nəfər xəstəxana və klinikalarda müalicə olunur. Bazar gününə olan rəsmi məlumata görə Covid-19-la əlaqədar keçirilən 3844 test mənfi nəticə verib, 57 nəfərin tam sağaldığı bildirilir, 7 ölüm halı qeydə alınıb. Bu barədə Ermənistan Səhiyyə Nazirliyi aprelin 4-də məlumat yayıb.

Vahid İnformasiya Mərkəzinin məlumatına görə, aprelin 12-nə kimi davam edəcək məhdudiyyətlər bəzi iqtisadi fəaliyyət növləri və azad hərəkət etmək azadlıqlarına aiddir. Yeni qərara görə, ictimai nəqliyyatın hərəkəti tamamilə dayandırılır, dəmiryol nəqliyyatı və taksidən başqa.

Vətəndaşların bölgələrası hərəkəti məhdudlaşdırılır. Daha 1-2 istiqamətdən başqa, ev-iş yeri marşrutunda hərəkət etmək olar.

Şəxsi minik avtomobili ilə ailə və eyni şirkət (müəssisə) üzvləri daşına bilər. İş yerinə yollanarkən müəssisə rəhbəri tərəfindən təqdim edilmiş sənəd olmalıdır. 

Telefon zəngləri və mesajların izlənilməsi

Ermənistan parlamenti çərşənbə axşamı “Mənim Addımım” əksəriyyət təşkil edən iqtidar fraksiyasının səsləri hesabına ölkə ərazisində telefon zənglərini izləyərək, onların hərəkət etmə və təmas dairəsini müəyyən etmək icazəsi verən qanun layihəsini qəbul edib. Qanun layihəsini həmin gün Prezidient Armen Sarkisyan imzası ilə təsdiqləyib.

Hökumət koronavirusa yoluxan şəxslərin müəyyən edilməsi üçün onlara dair informasiyanın - hərəkət etdikləri yerlər, telefon danışıqları, yazışmaları - aşkarlanmasını təklif edir.

Müxalif fraksiyalar bu qanun layihəsinin demokratiya qaydalarına zidd, insan azadlıqlarının pozulması hesab edir və vətəndaşlar haqqında toplanan şəxsi informasiyanın gələcəkdə onlara qarşı istifadə etmək təhlükəsi yaratdığını deyirlər. Hakimiyyət məlumatın yalnız koronavirusla mübarizə üçün istifadə ediləcəyi və yoluxma təhlükəsi ləğv edildikdən sonra bütün toplanan informasiyanın ləğv ediləcəyini bildirir.

Tibb işçiləri yoluxub

Covid-19 virusu üç tibb işçisində də aşkarlanıb: təcili yardım sürücüsü və həkimində, daha əvvəl isə Yerevanın Nork yoluxucu xəstəxanasının tibb bacısında. Səhiyyə naziri Arsen Torosyanın sözlərinə görə, bəzən tibb işçilərinin yoluxması qaçılmazdır. Onların virusdan qorunmaq üçün lazımınca təchiz edilməsinə baxmayaraq, onlar pasientlərlə daimi ünsiyyətdə olur və bəzən yoluxurlar, Yerevanda növbəti mətbuat konfransında Ermənistan Səhiyyə naziri deyib. Hazırda hər üç tibb işçisi təcrid edilib və onların səhhəti və həyatına heç bir təhlükə yoxdur, Torosyan deyib.

Virus orduya müdaxilə edir

Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyanın Facebook səhifəsində yazısına görə, Ermənistan Silahlı Qüvvələrində rəsmən 6 hərbçinin Covid-19 virusuna yoluxduğu təsdiq edilib.

Şuşan Stepanyanın sözlərinə görə, bütün bu 6 hərbçinin yoluxma mənbəyi eynidir, hərbçilərdən biri öz həyat yoldaşından yoluxub.

Ötən həftə Ermənistan hərbi hissələrindən birində Covid-19 virusu ilə bağlı test nəticəsində 3 hərbçinin yoluxduğu aşkar olub. Bu barədə Yerevanda jurnalistlərə Ermənistan müdafiə naziri David Tonoyan məlumat verib.

Tonoyanın sözlərinə görə, daha əvvəl hərbçilərdən birinin ailə üzvündə koronavirus xəstəliyi müəyyən edilibmiş. Sözügedən hərbçilər təcrid edilib, onların vəziyyəti məqbul qiymətləndirilir. (BBC)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar