TƏŞƏKKÜRLƏR, CƏNAB PREZİDENT!

Etibar Əliyev, millət vəkili

Bu gün Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər.

Yadıma bir neçə gün öncə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Qebreyesusun beynəlxalq ictimaiyyətə müraciət edərək COVID-19 pandemiyasına qarşı mübarizəni gücləndirmək üçün bir sıra fundamental addımların həyata keçirilməsi barədə etdiyi xahiş düşdü.

Bu addımlar sırasında dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi; ictimai toplantıların dayandırılması; test, izolyasiya və karantinin həyata keçirilməsi üçün dövlət qurumlarının yeni şəraitə uyğunlaşdırılması; səhiyyə qurumlarının və ön sırada olan işçilərin müvafiq resurslarla təmin edilməsi; əhaliyə bu xəstəliyin ciddiliyinin izah olunması; əl gigiyenası, öskürək etiketi və sosial məsafənin vacibliyinin izah edilməsi; bütün şübhəlilərin təcrid edilməsi; pandemiyadan ən çox zərər çəkmiş insanlara iqtisadi yardımın göstərilməsi; dövlətlər arasında həmrəyliyin gücləndirilməsi; yoluxma halları və nəzarət tədbirləri barədə ÜST ilə operativ şəkildə informasiyanın paylaşılması və digərləri yer almışdır.

Tövsiyə olunan bütün bu adımlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıllıqla atılmışdır. Və təsadüfi deyildir ki, atılan addımların, görülən tədbirlərin çoxu konkretlik və ardıcıllıq baxımından qabaqlayıcı xarakter daşıyır. Məhz bu cür rasional işlərə görə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Qebreyesus Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin COVID-19 pandemiyasının təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində yürütdüyü siyasəti və atılan addımları təqdir etmişdir. 

Bu gün açılan Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan Tibbi maska istehsalı müəssisəsi Azərbaycan əhalisini bu amansız və son dərəcə təhlükəli virusdan qorumağa yönəlik tədbirlərin tərkib hissəsidir. Müəssisənin açılışında Dövlətimizin başçısı Azərbaycan xalqına etdiyi müraciətində olduqca maraqlı məqamlara toxunmuşdur: “Bir sözlə, Azərbaycan dövləti bu ciddi vəziyyətlə üzləşərək yenə də öz gücünü göstərdi. Onu göstərdi ki, bizim əsas vəzifəmiz xalqımızı, dövlətimizi qorumaqdır. Buna nail olmaq üçün istənilən addımların atılması mümkündür və biz bunu edirik. Operativ tədbirlər nəticəsində imkan vermədik ki, bu bəla ölkədə geniş vüsət alsın. Ancaq bizim gələcək uğurumuz bundan sonra böyük dərəcədə insanların hərəkətlərindən asılı olacaq. Dövlət nə mümkünsə onu edib. Bu gün sərtləşdirilmiş, məhdudlaşdırıcı tədbirlər qüvvədədir. İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar. Necə ki, biz birlik, həmrəylik göstəririk, eyni tərzdə məsuliyyət və nizam-intizam göstərməliyik.”

Prezidentimizin bu çağırışına əməl etmək hər birimizin vətəndaşlıq borcudur. Bu vəziyyətdən çıxmaq üçün həm məsuliyyətli, həm də intizamlı olmalıyıq. 

Hər anda öz vətəndaşının qeydinə qalan Güclü Dövlətin vətəndaşı olmaq şərəfdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar