“ORTA ƏSRLƏR SİSTEMİ BİZİ QORUYA BİLMƏZ” - Məşhur İsrail alimi ölkələrin özünütəcridinə qarşı

Qərb mətbuatında tanınmış İsrail tarixçisi, məşhur “Heyvanlardan Tanrılara Sapiens: İnsan növünün qısa tarixi” kitabının müəllifi Yuval Noah Hararinin koronavirus pandemiyasının mümkün siyasi, iqtisadi və sosial nəticələrilə bağlı maraqlı yazısı dərc edilib.

“AzPolitika.info” xəbər verir ki, şöhrətli tarixçi “Financial Timez” qəzetindəki məqaləsində pandemiyadan sonrakı dünyanın cizgilərini çəkməyə çalışıb.

Y.Harari postpandemiya dövründə dünyadakı insan toplumunun əvvəlkindən fərqli olub-olmayacağı, ölkələrin izolyasiyaya, yoxsa inteqrasiyaya meyllənəcəyi, dövlətlərin hazırda insanlara tətbiq etdikləri nəzarət mexanizmlərinin sonradan hansı məqsədlər üçün istifadə edəcəyi kimi mövzulara münasibət bildirib.

“Bu, sağlamlıq böhranından daha çox siyasi böhrandır”

Tarixçi hesab edir ki, “Covid-19”-a qarşı bu gün aparılan mübarizədəki seçənəklər gələcəkdə dünyanı şəkilləndirməkdə mühüm rol oynayacaq: “Bəlkə də ən vacib iki seçimimiz var: Müşahidə edilən böhran millətçi təcridimi gücləndirəcək, yoxsa beynəlxalq əməkdaşlıq və həmrəylik meyllərini? Ayrıca, böhran totalitar, mərkəzləşdirilmiş idarəetmə və nəzarət vasitəsilə, yoxsa sosial həmrəylik və vətəndaşları gücləndirmək, onlara səlahiyyət tanımaq yolu ilə aradan qaldırılacaq?”

“Bu, sağlamlıq böhranından daha çox siyasi böhrandır” deyən Yuval Noah Harariyə görə, koronavirus epidemiyasının ortaya çıxaraq qlobal formada yayılması həm elmi, həm də siyasi mövzuları gündəmə gətirir: “Elmi sualların bəzilərinə cavab tapmağa istiqamətlənmiş durumdayıq, amma siyasi suallara necə reaksiya verəcəyimiz üzərində çox düşünülməlidir”.

Tarixçiyə görə, pandemiya bir sağlamlıq böhranından daha ziyadə siyasi krizdir. Onun sözlərinə görə, insanlığın əlində bu virusun öhdəsindən gəlmək üçün ehtiyac olan hər şey var: “Orta əsirlər dövründə yaşamırıq. Vəba ilə üz-üzə dayanmamışıq. İnsanlar ölürlər, amma bunun səbəbini və nə etmək lazım olduğunu da bilməmiş deyilik. Çinli elm adamları “Sars-CoV-2” adı verilən yeni növ koronavirusun DNT ardıcıllığını təsbit edib. Bir sıra ölkələrdə də anoloji araşdırmalar aparılır. “Covid-19”-un müalicəsi hələlik olmasa da, araşdırmaçılar son texnologiyalardan istifadə edərək, yeni ixtralar əsasında dərman tapmaq üçün addımlar atır. Əl yuma və sosial məsafə kimi tətbiqlərin virusdan qorunmağa və onun yayılmasının qarşısını almağa kömək etdiyini bilirik. Qısası, nə ilə qarşı-qarşıya olduğumuzu bilirik və onun öhdəsindən gələcək texnologiya və iqtisadi gücə sahibik. Problem bu gücdən necə istifadə edəcəyimizlə bağlıdır. Bu isə siyasi məsələdir”.

Y.Harari sözügedən məqaləsində fövqəladə vəziyyətlərin tarixi proses kimi sürətlə davam etdiyini və illərlə düşünülən qərarların bir gecədə verildiyini vurğulayır. Ona görə, sürətlə inkişaf etmiş nəzarət texnologiyaları lazımi tədqiqatlar və ictimai müzakirələr olmadan istifadəyə verilir. Tarixçi bu səbəbdən hökumətlərin bu durumdan “hamı haqqında məlumat toplayan və şəffaf olmayan qərarlar qəbul edən xüsusi nəzarət rejimlərinin təşkil edilməsi” üçün istifadə edə biləcəkləri haqda xəbərdarlıq edir. O, buna misal kimi İsrail hökumətinin və məxfi xidmətlərinin təkcə səhiyyə işçiləri deyil, digər kəsimlərə də aid olan məlumatlara çıxış gücünü artırmasını göstərir. Harari bu tip nəzarət mexanizmlərinin Cənubi Koreyada pilot layihə kimi tətbiq edildiyni, amma orada daha şəffaf addımlar atıldığını da ifadə edib.

Dünyanın ən inkişaf edən nəzarət texnologiyalarına sahib olan Çində isə artıq karantini pozan vətəndaşları aşkar etmək və cəzalandırmaq üçün üz tanıma proqramları tətbiq edilir. Tarixçi bunun qısa vədədə, mövcud reallıq və məcburiyyətlə əsaslandırıla biləcəyini, amma bu tətbiqlərin qalması halında risklərin ortaya çıxacağını deyib.

“Bu böhran insan təbiətini dəyişməyəcək...”

Harari öz yazısında son illər hökumətlərin millətçilik və populizm meyllərinin toplumları iki düşmən cəbhəyə böldüyünü, bunun miqrantlara və ümumiyyətlə, digər millətlərə qarşı nifrəti artırdığı fikrini təsdiqləyir: “Amma ortaya çıxan pandemiya sosial qruplar və ölkələr arasında fərq qoymadığını göstərdi. Belə çətinliklə qarşı-qarşıya ikən əməkdaşlıq və bölücülük arasında seçim etməliyik. Bir sıra ölkələr epidemiyaya qarşı öz tədbirlərini gördü, səhiyyə sistemini gücləndirməyə və avadanlıqlarını özəl şirkətlər vasitəsilə təmin etməyə çalışdı. ABŞ xüsusilə maskalar, kimyəvi maddələr və respiratorlar almaq məsələsində digər ölkələri qabaqladığına görə, tənqid olundu. Zəngin ölkələrin laboratoriyalarında hazırlanan vaksinlərin yoxsul və inkişaf etməkdə olan ölkələrə lazımi səviyyədə verilməməsinə dair narahatçılıqlar var.” 

Harari bu səbəbdən deyir ki, əməkdaşlıq olduqca vacibdir və məhz bölücülük deyil, əməkdaşlığın seçilməsi hər kəsə, hər bir ölkəyə hazırda və gələcəkdə belə çətinliklərdən çıxmaq üçün imkanlar tanıya bilər.

“Səhər çinli alimlərin öyrətdiyi bir dərs axşam Tehranda insanların həyatını xilas edə bilər” deyən tarixçi alim qlobal əməkdaşlığın gücləndirilməsinin daha rasional olduğunu vurğulayır. Ona görə də əməkdaşlığın məlumat mübadiləsi və epidemiyaya məruz qalan bütün ölkələr arasında insan və maddi qaynaqların ədalətli paylanılması yolu ilə mümkün olduğunu bildirir: “Təcrid yolu ilə özlərini müdafiə edən insanların son nümunəsini görmək üçün Daş Dövrünə yenidən baxılmalıdır” deyən mütəxəssis qeyd edir ki, orta əsrlərdə, XIV əsrdə hazırkı qloballaşma olmayıb, ancaq buna baxmayaraq, bəşəriyyətin böyük hissəsi vəba epidemiyasının qurbanına çevrilib: “Beləliklə, orta əsrlər sistemi bizi qoruya bilməz”.

Harariyə görə, bütün üstünlüklərimizə baxmayaraq, “sosial heyvanlar” olmaqda davam edəcək və bununla bağlı xüsusiyyətlərimizi dəyişməyəcəyik: “Virus insan təbiətinin ən yaxşı xüsusiyyətlərindən istifadə edir. Bu özəlliklər xəstələrə qarşı mehriban duyğumuz və onlara yaxın durmağımızdır. Virus bizə daxil olmaq üçün bu xüsusiyyətlərimizdən istifadə edir. İndi bizim də duyğusal deyil, məntiqli davranmamız, sosial izolyasiyanı tətbiq etməyimiz lazımdır. Amma “sosial heyvanlar” olaraq bizim bunu etməmiz çətindir. Böhran sona çatanda insanların sosial bağlara daha çox ehtiyacı olacağını düşünürəm. Və bu böhran insan təbiətini köklü şəkildə dəyişəcəyini gözləmirəm”.

“AzPolitika”

635x100

Şərhlər

Elli 2020-04-14 18:28:06

bu da dəyərli bir mövqeydir, hərçənd bu mövqeyi dəstəkləmirəm.

Son yazılar