“MSK-ya siyasi partiyalara nəzarət funksiyası verilir” - İlyas İsmayılov

İlyas İsSentyabrın 30-da Milli Məclis “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər edib. Milli Məclisin deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılov layihənin əleyhinə çıxıb. Ədalət Partiyasının mətbuat xidməti onun parlament müzakirələrindəki çıxışının mətnini yayıb:

- “Siyasi partiyalar haqqında” qanuna 2012-ci ildə edilən dəyişikliklərə əsasən, 2013-cü ildən partiyaların dövlətdən maliyyələşməsinə başlanıb. Bu, şübhəsiz, müsbət addım idi. Maliyyə hesabatlarının verilməsini təkmilləşdirmək məqsədilə qanuna 21-ci maddənin əlavə edilməsini də başa düşmək olar və bu vacib idi. Ümumiyyətlə, həm dünya praktikasında, həm də ölkəmizdə belə bir təcrübə mövcuddur ki, maliyyə yardımı alan qurum onu maliyyələşdirən təşkilata bunun hesabatını verməlidir.

Lakin təklif olunan variantda bu məsələ bir qədər çətinləşdirilir və dəyişikliyin səbəbi də, doğrusu, anlaşılmır. Qanunun 12-1.1.2-ci maddəsinə təklif olunan dəyişikliklərdə göstərilir ki, siyasi partiyalar maliyyə hesabatlarını MSK-ya da təqdim etməlidir. Bunun heç bir hüququ bazası yoxdur. Nəzərə alınmalıdır ki, siyasi partiyalar Vergilər Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna rüblük və illik, Maliyyə Nazirliyinə isə illik maliyyə hesabatları təqdim edirlər.

Seçki Məcəlləsinin 1.1.4-cü maddəsində göstərilir ki, “seçki komissiyası seçkilərin (referendumun) keçirilməsini təşkil edən və təmin edən kollegial orqan”dır. Mərkəzi Seçki Komissiyasının fəaliyyət və səlahiyyətləri bölməsində deyilir ki, “Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasında prezident seçkilərinin və Milli Məclis deputatlarının seçkilərinin, həmçinin referendumların (ümumxalq səsvermələrin), bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edir.

Konstitusiyanın 83, 101 və 142-ci maddələrində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına verilən səlahiyyətlərdə də onun maliyyə nəzarəti funksiyasını həyata keçirməsi haqqında heç bir müddəa yoxdur.

Göründüyü kimi, heç bir halda MSK-ya maliyyə nəzarəti funksiyası verilməyib, bu orqan yalnız seçkiləri (referendumları) təşkil etmək və keçirmək səlahiyyətinə malikdir.

Eyni zamanda qeyd etməliyəm ki, seçkilər dövründə seçkilərdə iştirak edən siyasi partiyalar və şəxslər MSK-ya maliyyə hesabatlarını təqdim edirlər. Bu hesabatlar sırf seçkilərlə bağlıdır və zənnimcə, başa düşüləndir. İndi siyasi partiyaların ayrıca olaraq MSK-ya hər il hesabat verməyə məcbur edilməsi nəyə lazımdır? Axı elə partiyalar var ki, ardıcıl olaraq bir neçə dəfə seçkilərdə iştirak etmir. Bu məntiqlə yanaşsaq, onda belə çıxır ki, müstəqil olaraq seçkilərdə iştirak etmək niyyətində olan şəxslər də hər il MSK-ya maliyyə hesabatı verməlidir. Bu isə absurddur.

Üstəlik, ölkədə proporsional seçki sistemi mövcud deyil. Proporsional seçki sistemi olsaydı, haradasa bu dəyişikliyi başa düşmək olardı.

Mövcud dəyişikliklərdə MSK-ya siyasi partiyalara nəzarət funksiyası verilir. Bir növ siyasi partiyalar MSK-ya tabe etdirilir. Bu isə yolverilməzdir. Ona görə bütün bunları nəzərə alaraq “Siyasi partiyalar haqqında” qanunun 12-1.1.2, 21.2, 21.4-1 və 21.6-cı maddələrinə təklif olunan dəyişikliklər qəbul oluna bilməz.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar