ÇƏTİN GÜNÜN DÖVLƏTİ

Elman Babayev

Verilən qərarlar ictimai gözləntiləri doğruldur

Koronavirus pandemiyasının bütün dünyada iqtisadi inkişafa, məşğulluğa və sosial rifaha yaratdığı təhlükə günbəgün artır. Məsələn, son məlumatlara əsasən, pandemiyanın yaratdığı vəziyyət fonunda ABŞ-da keçən həftə daha 5,2 milyon amerikalı işsizlik təzminatı üçün müraciət edib. Beləliklə, son dörd həftədə təzminat üçün müraciət edənlərin sayı 22 milyonu keçib. Bəzi şirkətlər son bir ayda maaş ödəməmək üçün işçilərini işdən azad edib. Ölkədəki iqtisadi böhran dərinləşdikcə işçilərin çıxarılması halları artmaqdadır. Ümumilkdə, dünyanın ən böyük iqtisadiyyatına malik olan ABŞ-ın ilin ilk üç ayında 10.8 faiz itki verdiyi bildirilir. Fransada isə pandemiyaya görə işsiz qalanların sayının 9 milyona yaxınlaşdığı açıqlanıb.

Siyahını daha da genişləndirmək olar. Burada məqsəd heç də Azərbaycanı həmin ölkələrlə müqayisə etmək deyil. Sadəcə pandemiyanın doğurduğu acı mənzərənin- insan itkiləri ilə yanaşı, dünyada iqtisadi böhranı dərinləşdirməkdə olduğunu əyani şəkildə göstərmək, eyni zamanda, yaranmış yeni ağır dövrdə diqqəti ölkəmizdə əhalinin sosial təhlükəsizliyinin nə dərəcədə qorunduğuna yönəltməkdir.

Danılmaz faktdır ki, Azərbaycanda etibarlı, güclü iqtisadi bazanın yaradılması fonunda illərdir əhalinin sosial müdafiəsi üzrə ardıcıl tədbirlər həyata keçirilməkdədir. Müstəqillik dövründə əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi üzrə nəzərdə tutulan proqram-məqsədlər uğurla reallaşdırılıb, xüsusilə, əhaliyə ödənilən əməkhaqqı, pensiya və digər sosial ödənişlər üzrə xərclərin hər il artımı müşahidə olunub, bu sahədə köklü dəyişikliklər baş verib, etibarlı və dayanıqlı sosial müdafiə sistemi qurulub. 

Prezident İlham Əliyevin uğurlu fəaliyyəti, sosial siyasətin aparılmasına göstərdiyi ciddiyyət, həssaslıq, qərarlılıq xronikalı sosial müdafiə sahəsində inkişafın reallığa çevirilməsində əsas səbəblərdən biri kimi çıxış edib. Nəticədə Azərbaycan beynəlxalq standartlara cavab verən etibarlı sosial müdafiə sisteminə malik olan ölkəyə çevrilib. Məhz aparılan düşünülmüş siyasət sayəsində qurulan bu sistem, zamanında verilən qərarlar Azərbaycanın indiki ağır sınaqdan şərəflə çıxmağına imkan yaradır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülürsə, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılırsa, bunun kökündə həyata keçirilən davamlı islahatlar, yaradılan güclü iqtisadiyyat, dayanıqlı sosial müdafiə sistemi durur.

Dövlət başçısının pandemiyanın və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycanın iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı sərəncamının icrası məqsədilə təsdiqlənmiş Tədbirlər Planı sosial baxımdan xüsusi çəkiyə malikdir. Sənəddə məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir yer alıb və Prezident tərəfindən ötən gün elan edilən yeni dəstək tədbirlərini də nəzərə alsaq, 2,5 milyon vətəndaşı əhatə etməklə məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb.

Konkretləşdirsək və hansı addımlar atılıb sualına cavab axtarsaq, ilk nöbvədə iş yerlərinin və əməkhaqlarının qorunduğunu xüsusi vurğulamaq lazımdır. Belə ki, müvafiq dövlət qurumları vasitsilə elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilib və bu, 1 milyon 629 min işçini (o cümlədən, dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min) əhatə edib. Belə bir durumda əmək müqavilələrinin sayında azalmanın olmaması, əksinə, artımın baş verməsi də diqqətdən yayınmamalıdır (1 aprel - 17 aprel: 55 min artım; 1 yanvar - 17 aprel: 77 min artım).

Bu sırada 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsinin maliyyələşdirildiyi və təqribən 300 min fərdi sahibkara dəstək verildiyi də vurğulanmalıdır (bu kateqoriyalara aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək alır).

Digər istiqamət əhalinin məşğulluq imkanlarının artırılmasıdr ki, bununla bağlı görülən tədbirlər çərçivəsində DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanıb. Bu məqsədlər üçün 30 milyon manat vəsait ayrılıb və ilkin məumatlara əsasən, artıq 5 min şəxs işə cəlb edilib. Bununla da, ümumilikdə ictimai iş yerlərin sayı 90 minə çatıb. Xüsusi karantin rejimi başlayanadək 38 min şəxs bu işlərə cəlb olunub və hazırda da işləməyə davam edir.

İşsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərlə bağlı da tədbirlər icra olunmaqdadır:

-İşsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərə iki ay müddətində (aprel-may) ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) birdəfəlik ödəmə verilməsinə başlanıb;

-Azərbaycan Prezidentinin qərarı ilə birdəfəlik ödəmə alacaq şəxslərin sayı 3 dəfə artırılaraq 200 mindən 600 minə qaldırılıb;

-Aprelin 7-də təsdiq edilən qaydalar üzrə çox qısa müddət ərzində, yəni 2 günə ödənişlərə başlanılıb və 9-17 apreldə 140 min işsiz üçün birdəfəlik ödəmə təmin edilib;

-Şəffaflıq təmin olunub və birdəfəlik ödəniş bank filialları, eləcə də poçt şöbələri vasitəsilə təmin edilir, eyni zamanda, birdəfəlik ödəmə köçürülərkən vətəndaşa bu barədə SMS göndərilir.

Vurğulamaq yerinə düşər ki, bu sahədə başlanılan işlər növbəti mərhələdə qeyd olunan kateqoriyaya aid şəxslərlə bağlı işlərin həyata keçirilməsinə imkan verəcək. Növbəti mərhələdə bu şəxslərin rəsmi məşğulluğunu təmin etmək üçün zəruri məlumatlar toplanacaq və uçot yaradılacaq.

Bundan başqa, işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi də nəzərdə tutulur. Əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişi şamil olunacaq və 2020-ci il üçün bu növ ödənişin 20 min nəfəri əhatə etməsi proqnozlaşdırılır. Həmçinin, işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddəti də uzadılıb. 2 min nəfəri əhatə edən bu sosial tədbirə 600 min manat vəsait sərf olunacaq.

Görülən işlər bununla bitmir. Özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətləndirilməsi əsas hədəflər sırasında yer alıb:

Cari ildə 12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi işləri aparılır və bu məqsədlə İşsizlikdən Sığorta Fondundan 70 milyon manat ayrılıb;

Proqramın genişləndirilməsi ilə bağlı Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq şərçivəsində hər il əlavə 250 ailə bura cəlb olunacaq;

Prezidentin tapşırığı ilə özünüməşğulluq proqramı ilə bağlı banklarla da əməkdaşlığa başlanılıb və aprelin 8-də banklar tərəfindən proqram iştirakçılarına aktivlər verilməsinə başlanıb;

Bu istiqamətdə Dünya Bankı ilə layihəyə start verilir və hər il 5 min ailənin özünüməşğulluğu təmin ediləcək;

Paralel olaraq BMT-nin İnkişaf Proqramı ilə birgə 500 əlilliyi olan şəxsin biznesə çıxışına dəstək verilir.

Dövlət başçısının digər tapşırığına uyğun olaraq, ünvanlı dövlət sosial yardımının verilməsi müddətinin uzadılması və təyinatının sadələşdirilməsi işləri də baş verməkdədir. İlk növbədə, xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb. Bunun üçün əlavə 3 milyon manat ayrılıb. Aprelin 1-dən ünvanlı sosial yarıdımı alanların sayı 10 min ailə olaraq artıb. Ümumilikdə, 80 min ailənin 330 min üzvü ünvanlı sosial yardım proqramı ilə əhatə olunur, hər ailəyə düşən yardımın məbləği isə 222 manat təşkil edir.

Karantin dövründə tənha yaşlılara sosial xidmətlər xüsusi nəzarətə götürülüb:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin xətti ilə sosial tərəfdaşlar vasitəsilə artıq 17 minədək ərzaq payı tənha və əlilliyi olan şəxslərə verilib və bu proses davam edir;

Heydər Əliyev Fondu “Biz birlikdə güclüyük” aksiyası çərçivəsində 100 mindən çox sovqatın paylanılacağını açıqlayıb;

Yaşı 65-dən yuxarı 15 000-dən çox tənha şəxslərə evlərində xidmət göstərilir;

Həmçinin, hazırda 9 sosial xidmət müəssisəsində 1000-dən çox xüsusi qayğıya ehtiyacı olan şəxs stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur.

Dövlətin digər dəstək tədbirləri sırasına

2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılmasını və bu tədbir üçün (14 min nəfəri əhatə edir) 2.6 milyon manat vəsait ayrılmasını,

əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılmasını (tələb olunan vəsait 2 aya 10 milyon manatdır),

sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsini (il ərzində tələb olunan vəsait 40 milyon manatdır) aid etmək olar.

Yaranmış vəziyyətdə əhaliyə sosial ödənişlərin zamanında həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır ki, buna da əməl olunub. Aprelin 8-15-də respublika üzrə aprel ayı üçün pensiyalar tam ödənilib. Ayın 20-21-də müavinət, təqaüd və kompensasiya, ayın 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.

Onu da vurğulayaq ki, xüsusi həssas təbəqələrin sosial müdafiə tədbirlərinin gücləndirilməsi istiqamətində görülən işlər çərçivəsində Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 mln. manat ehtiyatı əhaliyə sosial ödənişlərin davamlılığının təmin edilməsinə yönəldilib. Bu ödənişləri (pensiya, müavinət təqaüd və s.) 2,3 milyon şəxs alır.

Beləliklə, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun atılan bütün addımlar, verilən bütün qərarlar ictimai gözləntiləri doğruldur.Ölkə başçısının verdiyi son tapşırıqlar nəticəsində Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək, makroiqtisadi və maliyyə vəziyyətimizi sabit saxlamaq üçün ayrılan vəsait, təqribən 3,5 milyard manatı ötəcək. İndiyə qədər bu vəsait 2,5 milyard manat və ya təqribən 1,5 milyard dollar həcmində idi. 

Prezident “Nə qədər lazımdır, biz bunu edəcəyik. Azərbaycan bütün imkanları səfərbər edib ki, bu vəziyyətdən az itkilərlə çıxsın, insanların həyatını qorusun və postpandemiya dövrünə hazır olsun” deyə vurğulayıb.

Tam aydın olaraq görünən odur ki, cənab Prezident həmişə olduğu kimi bu dəfə də, xüsusilə dünyanın bütün ölkələrinin üzləşdiyi pandemiya probleminin gətirdiyi çətinliklərdən vətəndaşlarımızı qorumaq üçün bütün qüvvələri səfərbər edərək mümkün imkanlardan maksimum şəkildə istifadə edir.

İlham Əliyevin ən ağır dönəmdə belə gerçəkləşdirdiyi sosial siyasət təkcə əhalinin güzəranına hədəflənmiş siyasət deyil, eyni zamanda, ölkəni gücləndirməyə, dövləti ayaqda etibarlı saxlamağa xidmət edir. Hazırda ölkənin iqtisadi imkanları, resursları düzgün təhlil olunur və yaxşı nəticələr göz önündədir.

635x100

Şərhlər

kamil 2020-04-19 22:24:05

buna is verin

Son yazılar