“ÇİNİN KOMMUNİST REJİMİNƏ ETİBAR ETMƏK OLMAZ” - Pandemiya Avropanı Çinə rəqib kimi baxmağa məcbur edib

Koronavirus infeksiyası baş qaldıran zaman hamının nəzərləri təbii olaraq Çinə doğru yönəldi. Çünki bu virusun mənşəyindən tutmuş, onun yoluxma xüsusiyyətinə kimi hər bir detalın bilinməsi çox mühüm idi. 

Sözsüz ki, virusologiyada koronavirus barəsində məlumat olsa da, onun yeni tipinin özünəməxsusluğu üzə çıxmışdı. Belə ki, ”COVİD-19” kod adı verilmiş bu virusun mutasiyaya uğrayaraq heyvanlardan insana keçməsi və eləcədə inkubasiya dövrünün xeyli uzun çəkməsi faktı elm adamlarını tamamilə yeni və görünməmiş təhlükəylə qarşılaşdırdı. Virusoloqlar və epidemioloqlar deyirlər ki, hər bir infeksiyanın yayılmasının ilk vaxtlarında əldə olunan informasiya çox böyük əhəmiyyət daşıyır.

İndi çox qəribə vəziyyət yaranıb. Pandemiyanın mənbəyi və 1,5 milyard əhalisi olan Çində yoluxanların sayı 82 min, ölənlər 4600 nəfər göstərilir ki, bu da, məsələn 60 milyon əhalisi olan İtaliya, 67 milyonluq Fransa və 47 milyonluq İspaniya ilə müqayisədə xeyli dərəcədə aşağıdır. ABŞ-da təkcə Nyu-York ştatında yoluxanların sayı 250 mini, ölənlərin sayı isə 20 mini aşır. 

Hazırda ABŞ və Avropa Çini yalan məlumat verməkdə günahlandırırlar. ABŞ prezidenti Çinin bu məsələyə aydınlıq gətirməsini istəyib. Donald Tramp hakimiyyətə gələndən sonra, onsuz da Çin ilə münasibətlərə yenidən baxmağı planlaşdırırdı.

Trampdan fərqli olaraq Avropa dövlətləri Çinə qarşı xoş münasibətlərini davam etdirirdilər. Lakin koronavirusun vurduğu fəsadlar Avropa – Çin əlaqələrinə ciddi təsir göstərməyə başlayıb. Fransanın “Le Figaro” qəzetinin “Pandemiya Avropanı Çinə rəqib kimi baxmağa məcbur edib” başlıqlı məqaləsində elə məhz bu məsələyə toxunulur.

Həmin məqalədə deyilir: “Keçən həftə Fransa Xarici İşlər naziri Jan-İv Le Drian koronavirusla əlaqədar Çin səfirini öz iqamətgahına çağırıb. Bundan qabaq isə Emmanuel Makron “Financial Times” qəzetinə verdiyi müsahibədə Pekinin pandemiya ilə mübarizədəki siyasətini tənqid etmişdi. Buna oxşar vəziyyət Londonda da baş verib. Belə ki, Britaniya XİN rəhbəri deyib ki, Çin virusun meydana gəlməsi və bunun qarşısının nəyə görə gec alınması barəsindəki mürəkkəb suallara cavab verməlidir.

Avropa ölkələri uzun müddət ərzində Asiya tərəfə baxmağa elə də böyük ehtiyac duymayıblar. Ancaq onlardan fərqli olaraq, ABŞ Asiyanı öz siyasətinin proritet istiqamətinə çevirmişdi.

Parisin, Berlinin, Londonun, Roma və Varşavanın nəzərləri əsasən Rusiyaya və cənub istiqamətinə yönəlmişdi. Çünki cənubdan gələ biləcək terror təhlükəsi və qeyri-qanuni miqrasiya problemi daha aktual sayılıb.

Əgər B.Britaniya və Fransa kimi böyük dünya dövlətləri Asiya-Sakit okean zonasına, daha doğrusu Cənubi-Çin dənizinə bir neçə hərbi gəmi yollasalar da, onlar NATO çərçivəsində Çinə dair hər hansı strateji plan hazırlamağı nəzərdə tutmayıblar. Alyans, Pekinin fövqəldövlət kimi meydana çıxmasına ilk reaksiyasını 2019-cu ildə verdi, amma onu düşmən hesab etməyib. Koronavirus pandemiyasının meydana gətirdiyi böhran mövcud vəziyyətin ifşasını sürətləndirib. Belə ki, ”Monten İnstitu”nun Asiya üzrə mütəxəssisi Fransua Qodman Çinlə bağlı məsələ barəsində deyib: ”Avropa müəyyən bir vaxta kimi Çinlə münasibətdə real mövqe tutub. Hətta, əgər Avropa Birliyi Pekinlə əməkdalığa israr etsə də, 12-13 il bundan əvvəl kifayət qədər güclü olan qarşılıqlı razılaşma və əməkdaşlıq illuziyası artıq yoxa çıxıb”.

2019-cu ildə Avropa Komissiyası, nəhayət, qərara alıb ki, hər şeyi öz adı ilə çağırmaq lazımdır. Ona görə də Çini “sistem” və ya “strateji rəqib” adlandırmağa başlayıblar. Fransanın “Beynəlxlaq Əlaqələr İnstitutu”nun eksperti Toma Qomar bildirib: ”Aydındır ki, Çin 2001-ci ildə Ümumdünya Ticarət Təşkilatına üzv olan dövrdə ABŞ-Çin münasibətlərindəki əməkdaşlıq özünün kulminasiya mərhələsində idi, lakin Si Çzinpin ölkədə hakimiyyəti tam ələ keçirdikdən sonra bu iki ölkə arasında hibrid mübarizə başlayıb”.

Əlbəttə, Avropa görür ki, Çində iqtisadi böyümə gözləndiyindən daha sürətlə gedir və Pekin Avropa ilə müqayisədə 2008-ci ilin iqtisadi böhranından daha yaxşı çıxıb. Avropalılar həmçinin ondan narahatdırlar ki, dözümlülük, təşəbbüs və qətiyyətinə görə Çin diplomatiyası amerikalıların buraxdığı boşluqdan yaxşı istifadə edərək, BMT-dəki təsir imkanlarını artırır və Ümumdünya Səhiyyə Təşkilatı və ya BMT nəzdindəki Ərzaq və Kənd Təsərrüfatı Təşkilatlatında mühüm mövqelər əldə edirlər.

“COVİD-19” pandemiyası Avropanın və ABŞ-ın Çin ilə münasibətlərini xeyli gərginləşdirib. Onlar Çini infeksiyanın bu dərəcədə ciddi olması faktını gizlətməkdə ittiham edirlər. Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatının Çinpərəst mövqe tutmasına etiraz olaraq ABŞ-ın bu təşkilata verdiyi maliyyə kvotasını dondurub.

Avropa isə, bu cür yalanlar söyləyən qeyri-şəffaf rejimin dünya lideri olmaq qabiliyyətinə şübhəylə yanaşır. Dezinformasiya, epidemiyanın dəyərləndirilməməsi, ölüm sayının gizlədilməsi, avropalılara tibbi maskaların təcili çatdırılması barəsində verilmiş vədin pozulması kimi xüsusiyyətlər göstərir ki, Çinin kommunist sisteminə etibar etmək olmaz.

Fransanın Strateji Araşdırma Fondunun əməkdaşı Valeri Nikke qeyd edir: “Pandemiya həmçinin Çin və Afrika arasındakı “bal ayına” da son qoyub. Si Çzinpin ABŞ, Afrika, Cənubi-Şərqi Asiya və Avropa ilə münasibətləri korlayıb. Çinin diskreditasiya və parçalama strategiyası çox uzaqlara gedib”

Bir neçə gün əvvəl Pekin etiraf edib ki, ölkə üzrə koronavirusdan ölənlərin sayı öncəki rəqəmlərdən 50% çoxdur. Strateji Araşdırmalar Fondunun mütəxəssi Antuan Bondaz “twitter” səhifəsində yazıb: ”Çinin özündən razı, təcavüzkar xüsusiyyətli və dezinformasiya daşıyan rəsmi təbliğat kampaniyası geri qayıdaraq Çinin özünə qarşı döndü. Belə bir strategiya ictimai əlaqələr baxımından özünəqəsdir və bunun çox ciddi nəticələri olacaq”

Lakin Çin üçün ağır nəticələrin olacağına şübhə ilə yanaşanlar da var. Toma Qomar deyib: ”Avropalılar böhrandan kasıblamış, parçalanmış və axmaqlaşmış vəziyyətdə çıxmaq riski ilə qarşılaşa bilərlər. Ancaq çinlilər kütləşməyiblər. Avropalılar üçün çinlilərin texnoloji təkliflərindən imtina etmək çətin olacaq. Avropa Birliyi Çin və ABŞ arasındakı qarşıdurmada oyun meydançası olmaq riskinə girir”.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Antipkin 2020-04-20 21:17:49

Doğrudan da, QİYŞ ölkələri və Az.qadınları tibb və elmində güclü olublar.

Elli 2020-04-20 15:47:15

virusun yayılmasında çin, rusiya və amerika birbaşa cavabdehdirlər, onların hamısının əleyhinə kifayət qədər dəlil və sübutlar vardır.

Kolxozçu 2020-04-20 14:40:41

Sosialist və qadınların elmi-tibbi səyini, hazırkii tac-virusu təsdiqləyir!

Son yazılar