“STRATEJİ GÜCÜ YÜKSƏK OLAN TƏRƏF QALİB GƏLƏCƏK...” - “Rusiya ya yola gələcək, ya da yola gətiriləcək”

Sülhəddin Əkbər: “Türkiyədə siyasi iqtidar “türk dərin dövlətinin” ağlı ilə hərəkət edir”

Hazırda davam edən koronavirus pandemiyasının nə vaxt bitəcəyi məlum olmasa da, hər kəsi maraqlandıran əsas suallar postpandemiya dövründə dünyanın yeni düzəninin nədən ibarət olacağı, hansı siyasi, sosial və iqtisadi nəticələrlə üz-üzə qalacağımız kimi məsələlərlə əlaqədardır.

“AzPolitika.info” bu mövzuyla bağlı Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin fikirlərini öyrənib. Sülhəddin Əkbərlə müsahibəni təqdim edirik:

- Sülhəddin bəy, Sizcə, davam etməkdə olan pandemiya gələcəkdə dünya üçün hansı problemlər yaradacaq?

- Sözsüz ki, pandemiyanın çoxyönlü, çoxsaylı və müxtəlif səviyyəli nəticələri olacaq. Çoxyünlü dedikdə tibbdən geopolitikayadək geniş bir sahəni nəzərdə tuturam. Çoxsəviyyəli dedikdə qlobal, regional, lokal səviyyələr nəzərdə tutulmalıdır. Çoxsaylı dedikdə isə siyasi, iqtisadi, hüquqi, sosial, tibbi, hərbi, təhlükəsizlik və digər sahələr göz önünə gəlməlidir. Göründüyü kimi, pandemiyanın müxtəlif səviyyəli nəticələri olacaq. Sizi konkret olaraq bu istiqamətlərin hansı maraqlandırır?

- Pandemiyadan sonrakı dünyanın ümumi mənzərəsi necə olacaq?

- Artıq hər kəs, ən böyük dövlətlər belə bildirir ki, pandemiyadan sonrakı dünya əvvəlki dünya olmayacaq. Bu nə deməkdir? Fikrimcə, açıqlaması belədir ki, II Dünya Müharibəsindən sonra yaranan beynəlxalq münasibətlər sisteminə, beynəlxalq hüquq və normalara yenidən baxılacaq. Dünyanın qloballaşması, informasiya texnologiyalarının inkişafı, o cümlədən biotexnologiyaların inkişafı nəzərə alınacaq. Maliyyə-iqtisadi sistem yenidən qurulacaq. Geopolitik, geostrateji və geoekonomik, mədəni münasibətlərə yenidən baxılacaq. Amma bu proseslər dərhal olmayacaq. Fikrimcə, pandemiyadan sonra yaranan vəziyyət yeni dünya düzənini qurmaq niyyətində olan güclər tərəfindən müzakirə ediləcək. Aydındır ki, indidən dünya dövlətlərinin böyük əksəriyyəti diktə olunan yeni şərtlərə razı olacaq. Ancaq söhbət əsasən böyük masada olan böyük oyunçulardan gedəndə, sual yaranır ki, onlar pandemiyadan sonra yaranan durumla razılaşacaqlar, ya yox? Əsas sual budur. Söhbət Avropa Birliyindən ayrılıb öz sistemini qurmaq istəyən Böyük Britaniyadan, Avropa Birliyinin özündən, Rusiyadan və Çindən gedir.

- Və Amerikadan...

- Amerika təbii ki, əsas oyunçudur. Söhbət ABŞ və onun dərin dövlətinin diktəsindən gedir. Burada bir incə məqam var. Zənnimcə, həlledici məsələ ABŞ dərin dövlətində olan parçalanmanın necə nəticələnəcəyidir. Bu amil proseslərə ciddi təsir edəcək. Əgər burada ikibaşlılığa son qoyulacaqsa və vahid mövqedən çıxış ediləcəksə, fikrimcə, pandemiyadan sonra yeni dünya düzəni ilə bağlı quruculuq prosesi sürətlənəcək. Çünki ABŞ öz strateji potensialını tam olaraq ortaya qoya biləcək. Və bu əzici strateji gücə böyük güclərin bir hissəsi tabe olacaq. Razı qalmayanlar təklənəcək, təcrid ediləcək. Düzdür, bu proses vaxt aparacaq. Ancaq sonunda onlar bununla hesablaşmalı olacaqlar.

Yox, əgər pandemiyadan sonrakı dövrdə, xüsusilə ABŞ dərin dövlətində bu il gözlənilən prezident seçkilərindən sonra da ikibaşlılıq davam edərsə, bu zaman proses bir qədər çox zaman aparacaq. Çünki ABŞ hakimiyyətində müşahidə edilən qruplar hər birinin öz baxışları olmaqla yanaşı, böyük güclərlə oynayırlar.

- Bəs pandemiyadan sonrakı Rusiyanı necə təsəvvür edirsiniz?

- Əgər xatırlayırsınızsa, mən son dövrlər açıq qeyd edirdim ki, Rusiya məsələsi dünyanın gündəminə gələcək. Hətta konkret tarix də deyir, 2021-ci ili işarə edirdim. Bunun da ən bariz nümunəsi NATO-nun “Ukrayna-2020” proqramı, ABŞ başda olmaqla NATO-nun Rusiyanı dayandırmaqla bağlı hazırlıqlarıdır. Bu hazırlıqlar artıq başa çatmaq üzrədir. ABŞ Rusiyanın məhdud nüvə zərbəsi konsepsiyasına qarşı artıq cavab addımlarını atıb. Bəlli olduğu kimi, artıq ABŞ-da yeni növ taktiki nüvə silahları hazırlanıb. Xüsusilə, burada kiçik ölçülü istilik nüvə başlıqlarını qeyd etmək olar. Söhbət “Ohayo” tipli sualtı qayıqlarda yerləşdirilən “Traydent-2” raketlərindən gedir, hansı ki, onların hər birinin daşıyacağı 90 kilotonluq W76-1 taktiki nüvə başlıqları var. Həmçinin “Traydent II” raketini daşıyan “USS Tennessee” gəmisində W76-2 nüvə başlıqlarını göstərmək olar. Bu, 5 kilotonluq nüvə başlığıdır.

Bununla demək istəyirəm ki, artıq ABŞ-ın “soyuq müharibə” dövründən sonrakı mərhələdən fərqli olaraq, Avropada raketlər yerləşdirməsinə ehtiyac yoxdur. Belə silahlar ötən ilin dekabrında “Tennessee” sualtı qayıqlarında yerləşdirilib. Bu qayıqlar faktiki olaraq, Rusiya ətrafında gəzişirlər. Hərəkətdə olduqları üçün onları tapıb vurmaq çətindir, həm də istənilən yerdə peyda ola bilirlər. Başqa sözlə, təsbit olunan hədəf deyillər.

Digər tərəfdən, ABŞ “B-61” yeni tip nüvə bombaları hazırlayıb. Bunlar kiçik çaplı nüvə bombalarıdır. Əslində, bütün bunlar Rusiya tərəfindən hazırlanan və şantaj məqsədilə istifadə olunan məhdud miqyaslı nüvə zərbəsinə hazır olmaq deməkdir. Hətta “soyuq müharibə” zamanı SSRİ tərəfi nüvə “dubinkasından” şantaj aləti kimi istifadə edirdi. Putin Rusiyası da bu amildən istifadə etməyə qərar vermişdi. Lakin Pentaqon buna effektiv cavab verməklə göstərir ki, onlar daha təsirli nüvə “dubinkasına” malikdirlər və şantaja da boyun əymək niyyətindən uzaqdırlar.

Həmçinin, Şərqi Avropada NATO-nun gördüyü tədbirlər məlumdur və bizim əvvəllər bununla bağlı qiymətləndirməmiz olub. Bu poses başa çatdırılıb. Burada xüsusilə, özəl, çevik reaksiya qüvvələrinin hazırlanması, NATO-nun müvəqqəti gücünün yerləşdirilməsi və s. kimi tədbirlər nəzərdə tutulur. Odessada Ukrayna ordusu adına tikilən qərargah da bu qəbildən olan hazırlıqlardır. Artıq “Ukrayna-2020” proqramı da başa çatmaq üzrədir. Bu o deməkdir ki, Ukrayna Slahlı Qüvvələri NATO standartlarına çatdırılıb.

- Yəqin ki, dünya neft bazarında yaranan durum da Rusiyanın cəzalandırılmasına əsas yaradan amillərdəndir...

- Hamı bilir ki, dünyada qlobal böhran yaranacaq və bu böhranın çox ağır nəticələri olacaq. Xüsusilə neftin qiymətinin dünya bazarında kəskin düşməsi qeyd olunmalıdır. Burada bizim xalqımızın “su qiymətinə” ifadəsi lap yerinə düşür. Avtoritar neft rejimləri üçün çox təhlükəli vəziyyət yaranacaq. Sözsüz ki, başda belə rejimlərin hamisi olan Rusiya gəlir. Ona görə də, Rusiya məsələsinin gündəmə gələcəyi bu prizmadan çox real görünür. Rusiya məsələsinin gündəmə gəlməsi isə bütövlükdə Rusiyanın güclü olduğu MDB məkanının gündəmə gəlməsi demək olacaq.

Yuxarıda qeyd etdiyim kimi, ABŞ hakimiyyətində olan ikibaşlılıq ortadan qalxacaqsa, Çinin ABŞ-la dil tapması da sürətlənəcək. Çünki ABŞ pandemiyaya görə Çinə qarşı böyük miqyaslı təzminat iddiaları irəli sürməyə hazırlaşır. Ehtimal var ki, çoxsaylı dünya ölkələri də bu prosesə qoşulacaq. Hazırda Çində ciddi narahatçılıq və təşviş var. Bununla bağlı ABŞ rəhbərliyi ilə Çin rəsmiləri arasında danışıqlar aparılır. ABŞ dərin dövlətində ikibaşlılıq aradan qalxan kimi bu istiqamətdə proseslər də sürətlənəcək. Çin məsələsi həll edildiyi halda, Rusiya təklənəcək. Strateji qarşıdurmada isə gec-tez strateji gücü və hazırlığı yüksək olan tərəf qalib gəlir. ABŞ-ın ümumi strateji potensialı ilə Rusiyanın potensialı bu baxımdan müqayisəyə gəlməzdi.

- ABŞ-ın hazırda təzminat tələbini önə çıxararaq, Çinə qarşı apardığı informasiya təbliğatına qoşulan ölkələrin sayı durmadan artır. Sizcə, Çin bu tələblərə və kampaniyaya hansı formada reaksiya verəcək?

- Məncə, Çinin dövlət təcrübəsini, ənənələrini, siyasi mədəniyyətini nəzərə alanda belə nəticə hasil olur ki, Çin ABŞ-la dil tapmağa çalışacaq, vəziyyətdən minimum itkilərlə çıxmaq yolunu seçəcək və məsələni danışıqlar yolu ilə səhmana salmağa üstünlük verəcək. Pekin bu zaman bir sıra siyasi, hərbi-strateji məsələlərdə güzəştə getməli olacaq. Məsələn, İpək Yolu layihəsindən, Afrikaya çıxışından, habelə Asiya-Sakit okean hövzəsindəki bir sıra layihələrindən geri çəkilməli olacaq. Bu zaman Rusiya təklənəcək və onun məsələsinin gündəmə çıxması üçün daha münbit situasiya yaranacaq. 

- Bəs Rusiya hansı xətti seçəcək - danışıqlar və güzəştlər yolunumu?

- Bir daha qeyd edim ki, Çinin davranışından çox şey asılıdır. Çin danışıqlara gedərsə və danışıqlarda anlaşma əldə edilərsə, eləcə də ABŞ-da pandemiya sonrası ikibaşlılıq yaradan hakimiyyət qovğası bitərsə, bu zaman Rusiya ya yola gələcək, ya da yola gətiriləcək.

- Avropa Birliyinin bu prosesdə rolu və addımları nədən ibarət ola bilər?

- Avropa Birliyi haqqında proqnoz vermək çətindir. Çünki AB-də üç aparıcı dövlətdən biri olan İngiltərə qurumu tərk etdi və hazırda öz sistemini qurmağa çalışır. İngiltərənin anqlosaks sistemi daxilində ABŞ-la birgə addım atıb-atmayacağı yaxın zamanlarda bəlli olacaq.

Avropa Birliyində digər iki aparıcı dövlət Almaniya və Fransadır. Fikrimcə, Almaniya daha çox ABŞ-la birgə hərəkət etməyə üstünlük verəcək və bu zaman Fransa təklənəcək. Əgər prosesər biz qeyd etdiyimiz ssenari üzrə gedərsə, Fransa da susmalı olacaq, müqavimət göstərməyəcək. Ya susub yeni dünya düzəninin formalaşmasında ona biçilən rolu qəbul edəcək, ya da Avropada parçalanmaya gedib çıxan proseslər müşahidə olunacaq. Hər halda, Avropa Birliyinin qalması və ABŞ-la eyni mövqedən çıxış etməsi ehtimalı daha realdır.

- Bəs Türkiyənin bu proseslərdə rolunu və davranışlarını necə qiymətləndirirsiniz?

- Fikrimcə, 15 iyul uğursuz dövlət çevrilişindən sonra “türk dərin dövləti”nin ağlı işə düşüb və Türkiyədə siyasi iqtidar onun ağlı ilə hərəkət edir. Hər halda, müşahidələrim bunu deməyə əsas verir. Ola bilsin yanılıram, amma müşahidələrim nəticəsində belə qənaətə gəlmişəm. Türkiyə də dünyada gedən prosesləri izləyir, özünə maksimum pay almaq üçün sona qədər bütün imkanlarını ortaya qoyacaq. Amma sonunda onlar da yeni dünya nizamında onlara ayrılan rolu oynamağa razılaşmalı olacaqlar. Avropa Birliyi, İngiltərə, Rusiya, Çin kimi nəhəng güclərin buna razılaşdığı halda, orta güc olan Türkiyə necə davrana bilər ki?

Amma bu o demək deyil ki, Türkiyə mübarizə aparmayacaq. Əksinə, yeni dünya düzəni formalaşana qədər Türkiyə mübarizə aparacaq və daha böyük pay almağa çalışacaq. Odur ki, yeni nizamda Türkiyənin yerinin daha güclü olacağını düşünürəm.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Maraqlı şərhə Bilməzov 2020-04-23 15:06:43

Aləmin KORONA halına, artıq yersiz hərbi təhlil və xəyali düşüncələr!

Elli 2020-04-22 17:24:32

Çox məntiqli şərhdir, təşəkkürlər Sülhəddin bəylə və Vaqif bəyə.

Son yazılar