PUTİN, OBAMA VƏ ÇİN BARƏSİNDƏ 3 YANILMA - Çin superdövlət olacaqmı? (Analitika)

Fransanın "Slate.fr” analitik informasiya portalı “Putin, Obama və Çin barəsində üç yanılma” adlı maraqlı məqalə dərc edib. AzPolitika.info məqalənin tərcüməsini təqdim edir.

Bu gün heç vaxt olmadığı kimi daha asanlıqla səhv etmək mümkündür. Geopolitik qarmaqarışıqlıq, iqtisadi böhranlar və sosial problemlər bir-birini elə inanılmaz sürətlə əvəzləyir ki, bizim beynəlxalq hadisələrə göz gəzdirməyə vaxtımız qalmır. Belə qeyri-stabillik atmosferində müəyyən təsəvvürlər ekspertlərin və beynəlxalq ictimaiyyətin ağlında dərin köklərə qədər gedən izlər buraxır. Ancaq həmin təsəvvürlərin geniş şəkildə yayılmasına baxmayaraq, onların əksəriyyəti tamamılə səhv mülahizələr üzərində qurulur. Bunlardan üçü barəsində danışmaq istərdik.

1. VLADİMİR PUTİN: DÜNYANIN ƏN GÜCLÜ İDERİDİR!?

Hələlik, deyəsən bu belədir. Amma böyük bir hakimiyyəti əldə saxlamaq nə vaxtadək ona müyəssər olacaq? Yəqin ki, bu heç də uzun çəkməyəcək. Ukrayna böhranına qədər də Rusiya iqtisadiyyatında hər şey heç də ideal vəziyyətdə olmayıb və ABŞ ilə Avropanın tətbiq etdikləri sanksiyalar onları daha da zəiflədir. Rublun məzənnəsi öz tarixi boyunca ən aşağı səviyyəyə qədər geriləyib. Ölkədən çıxan kapitalın miqdarı təkcə bu ilin altı ayı ərzində 74 miyard dollar kimi əhəmiyyətli bir məbləğ təşkil edir. Kreml beynəlxalq maliyyə bazarından pul götürmək imkanından məhrum olmuş və iflasın kənarına qədər yuvarlanan iri müəssisələri xilas etmək məqsədi ilə hətta pensiya fonduna da əl uzatmaq məcburiyyətində qalıb.

Hazırda Rusiyada çıxarılan neftin həcmi azalıb və bu sahənin inkişafı üçün tələb olunan lazımi maliyyə yatırımlarının axını da dayanıb. Digər yandan isə Putinin "döyüşkən şovinizmi", Rusiya liderinin bərk qorxduğu təşkilatın yenidən birinci plana keçməsinə səbəb olub. Söhbət NATO-dan gedir. Putin həmçinin Ukraynanın Avropa Birliyinə tərəf yaxınlaşmasının qarşısını ala bilmədi və Ukrayna parlamenti -Yüksək Rada ilə Avroparlament arasında assosiasiya razılaşması ratifikasiya edildi.

2. OBAMA UĞURSUZLUĞA DÜÇAR OLUB!

Obamanın hazırkı ictimai reytinqi Vladimir Putinin reytinqindən iki dəfə aşağıdır. ABŞ hərbçilərinin Suriyaya müdaxilə etməsinə razılıq verməyən prezident Obama, ona ünvanlanmış kəskin tənqid dalğası ilə qarşılaşıb.

Obamanın Konqresdən lazımı qanunların qəbul edilməsinə nail ola bilməməsi fonunda, onun ətrafında belə iddialar səslənir ki, Obama sadəcə olaraq hakimiyyət rıçaqlarını əlındə saxlamağa gücü çatmayan və siyasəti təzə öyrənən bir prezidentdir. Həmçinin o da iddia edilir ki, ABŞ super dövlət olmaqdan çıxıb və ya bəlkədə özünü super dövlət kimi necə aparmağın lazım gəldiyini unudub. Ancaq o da yaxşı bəllidir ki, bir çoxlarına ABŞ-ın imkanlarının şişirdilməsi xüsususiyyəti məxsusdur və bu cür bəyanatların verilməsi də məhz həmin düşüncələrdən qaynaqlanır. Bəziləri səhv olaraq elə güman edir ki, Ağ Ev üçün müdaxilə qərarı vermək kifayətdir ki, bütün problemlər həll olunsun. Əslində bu heç vaxt o qədər də asan başa gəlməyib, amma o da həqiqətdir ki, müəyyən mənada Obamanın sələfləri daha böyük manevr imkanlarına malik olublar. İndi dünya dəyişib və bu günkü hakimiyyət əvvəlkilərlə müqayisə edilə bilməz.

3. ÇİN DÜNYANIN GƏLƏCƏK SUPERDÖVLƏTİDİR!?

Artıq bir neçə ildən sonra Çin iqtisadiyyatı indikindən də böyük olacaq. Həm də ki, Pekinin hərbi qüvvələri də sürətlə artır. Mübahisəsiz söyləmək mümkündür ki, Çin Afrikada, Latın Amerikasında və qonşu Asiya ölkələri arasında xeyli təsirə malikdir.

Çin hakimiyyətinin beynəlxalq infrastruktur layihələrinin reallaşdırılmasında göstərdiyi nailiyyətləri də qeyd etmək gərəkdir. Ona görə də əksər müşahidəçilər XXI əsrdə Çinin yeni hegemon dövlətə çevriləyəcəyini bildirirlər.

Ancaq bu mülahizələrdə xeyli yanlışlıqlar mövcuddur.

Çinin iki üzü var.

Birinci - Çin göydələnləri və qlobal iqtisadi dinamikası olan bir dövlətdir.

İkincisi - Çin indiyədək normal tələblərə cavab verməyən mənzil şəraiti, səhiyyə, geniş təhsil, keyfiyyətli su təchizatı və elektikləşmə ilə tam təmin olunmayan ölkədir. Çin əhalisinin böyük əksəriyyəti kasıbçılıq şəraitində kəndlərdə yaşayır və onların da 48%-nin gəlirləri şəhərdəkilərdən üç dəfə azdır. Başqa tərəfdən iqtisadiyyatda göstərdiyi əla nəticələrə baxmayaraq, ən təəccüblüsü Çin hökumətinin ciddi təhlükə hissləri altında fəaliyyət göstərməsi faktıdır. Beləki, onların ölkənin daxili təhlükəsizliyinə sərf etdikləri məsrəf, hərbi müdafiə büdcəsini üstələyir. Tibet və Sincan əyalətlərində (yəni ölkənin üçdə bir ərazisində) hər dəfə Pekin hərbi qüvvələri tərəfindən amansızlıqla yatırılan və daima üsyanlarla nəticələnə biləcək siyasi gərginlik ocaqları qalmaqdadır. Nəhayət, Çin hökuməti internet və fikirlərin sərbəst paylaşılması üzərindəki sərt senzura tətbiqinə görə əsl dünya çempionudur. Bu tip hərəkətlər isə millətin inkişaf etməsinin əsası hesab olunan innovasiya şəraitinə böyük maneələr törədir.

Şübhə yoxdur ki, Çinin beynəlxalq səviyyədəkı iqtisadi və siyası çəkisi bundan sonra da artacaq. Ancaq Çin dünyada dominantlıq edəcək səviyyədəki böyük dövlət statusuna gəlib çatmaq üçün hələ çox addımlar atmalıdır. Çox böyük ehtimalla, yəqin ki,Çin bunu həyata keçirə bilməyəcək.

Hər şey çox sadədir - XXI əsrdə bu rolu yerinə yetirməyə heç bir ölkənin gücü çatmayacaq.

Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar