CƏSARƏTƏ GÖRƏ "MÜKAFAT"...

Xeyrəddin Qoca, yazıçı

"...Azərbaycanda mənim çıxışlarımı dərc edən qəzet redaktorları, jurnalistlər işdən çıxarılır, təqiblərə məruz qalırlar..." (Heydər Əliyevin Kommunist Partiyasının sıralarını tərk edərkən qeydiyyatda durduğu SSRİ Nazirlər Kabinetinin partiya təşkilatına məktub-bəyanatından).

Görkəmli dövlət xadimi Heydər Əliyev bəyanatında bu fikirləri ona görə söyləmişdi ki, həqiqətən, onun haqqında məqalələr dərc etdiyim üçün mən təqiblərə məruz qalır, tez-tez işdən uzaqlaşdırılırdım. “AzPolitika.info”-nun 22 aprel 2020-ci il tarixli sayında "Gördün, örkən doğanaqdan necə keçir..." adlı yazımda Heydər Əliyevə şikayət məktubu yazdığım üçün Ədliyyə Nazirliyinin "Sosialist qanunçuluğu" jurnalı redaksiyasından necə uzaqlaşdırılmağım haqqında yazmışdım. Oxuculara söz vermişdim ki, başıma gələn belə əhvalatları yazmaqda davam edəcəyəm. Həmin məqaləni sosial mediada yayınlayarkən qeyd etdim ki, belə əhvalatları yazmaqda və yayınlamaqda məqsədim odur ki, qoy hərə öz yerini bilsin!...

"Dan ulduzu" qəzetinin redaktoru olarkən təqaüdə çıxandan sonra Moskvada yaşayan Heydər Əliyevi müdafiə xarakterli məqalələr yazıb dərc etdirirdim. Bir gün məni Korlar Cəmiyyətinin Kollegiyasına ("Dan ulduzu" Korlar Cəmiyyətinin qəzeti idi) çağırıb açıq-aşkar dedilər: "Biz sənə xəbərdarlıq etmişdik ki, qəzetdə Heydər Əliyev haqqında yazma. İndi səni işdən çıxarırıq! Yaxşı yol!"

Dözməyib Cəmiyyətin sədrinə dedim: "Şikayət etsəm, başınız ağrıyar..."

Sədr hikkə ilə cavab verdi: "Get, hara istəyirsən, şikayət et, başımız-zadımız da ağrımayacaq!"

Əlbəttə, mən heç kimə şikayət etmədim, çünki yaxşı bilirdim ki, Heydər Əliyev haqqında məqalə yazmaq, onu müdafiə etmək nə demək idi və bu addımların müəllifi necə "mukafatlandırıla" bilərdi...

"Dan ulduzu"nda dörd il (25 mart 1987-29 mart 1991) işləyəndən sonra redaksiyadan uzaqlaşdırıldım...

"Mədəniyyət" qəzeti üçün "Sirkdə-sirk" adlı tənqidi yazı hazırlayıb redaktor Şahmar Əkbərzadəyə təqdim etmişdim. O, yazımı bəyənib təklif etdi ki, "gəlsənə, bizdə işləyəsən". İşsiz idim, razılaşdım. "Mədəniyyət" qəzetində baş müxbir vızifəsində işləməyə başladım. Həm də çox ürəklə işləyirdim, çünki uşaqlıqdan incəsənətə, ədəbiyyata bağlı idim. Qəzetin hər sayında yazım dərc olunurdu.

Az sonra hiss etdim ki, redaktor mənə soyuq yanaşır. Səbəbi də məlum oldu. Bədxahlarım Mədəniyyət Nazirliyinə mənim Heydər Əliyev haqqında məqalələr yazmağım barədə ətraflı məlumat veriblərmiş. Bir dəfə də "Mədəniyyət" qəzetində nazir müavini ilə müsahibəm dərc olunmuş, imzam isə "X. Bəkirzadə” yazılmışdı. Soyadımı redaktor dəyişmişdi. Əlbəttə, mən redaktordan səbəbini soruşdum. O, bildirdi ki, "sənin imzanı gizlədirəm ki, məni incitməsinlər. Bir də açıq deyirəm, sən redaksiyadan getməlisən, yoxsa məni işdən çıxaracaqlar". Redaktor bildirdi ki, mənim işdən çıxarılmağımı Mədəniyyət nazirinin müavini Şəmsəddin Axundov sifariş verib! Redaktora deyib ki, "Heydər Əliyev haqqında yazan adam bizim qəzetdə işləməməlidir!"

Beləliklə, "Mədəniyyət" qəzetində beş ay (29 mart 1991-1 avqust 1991) işlədim və ora ilə də vidalaşmalı oldum...

"Sərhəd" qəzetində isə cəmi 11 gün (!) işlədim. Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevlə görüşüb tapşırılan yazı ilə əlaqədar müsahibə götürməli idim. Heydər Əliyev məni Ali Məclisin növbəti sessiyasına dəvət etdi və maraqlandığım məsələlərin orada müzakirə ediləcəyini bildirdi. Üç gün sessiyada iştirak etdim. Ezamiyyətdən qayıdandan sonra narazılıqla qarşılandım. Görəsən, nə əhvalat baş vermişdi? Heç demə, mənim Heydər Əliyevlə növbəti görüşüm (Belə görüşlər çox-çox əvvəllər başlanmışdı) növbəti iş yerimdən uzaqlaşdırılmağımla nəticələnməli imiş...

Nəhayət, "Mozalan” qəzetində redaktor müavini vəzifəsinə işə düzəldim. Anamın vəfatı ilə əlaqədar rayona getmişdim. Qayıdanda gördüm ki, bizimlə birlikdə işləyən Məhəmməd Baharlı (sonralar o, "Azərbaycan müəllimi" qəzetinin redaktoru oldu) qəzetdə Heydər Əliyev haqqında rüsvayçı məqalə dərc etdirib! Mən dözə bilərdimmi? "Səs" qəzetində (1 yanvar 1993-cü il) "Arxadan zərbə" adlı tənqidi yazı ilə çıxış edərək Məhəmməd Baharlının məqaləsindəki "faktları" təkzib etdim. Bu yazıya görə də "Mozalan"dan ayrılmalı oldum...

Hökumət orqanlarının təqiblərinə, bəzən də həmkarlarımın təhqir dolu atmacalarına baxmayaraq, prinsiplərimdən dönmür, öz işimi görürdüm. Sonralar bir-birinin ardınca Heydər Əliyev haqqında yazılan böhtan və iftiralara saysız məqalələrimlə cavab verdim...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar