SÜLHƏDDİN ƏKBƏR “DEMOKRATİYAYA “YUMŞAQ” KEÇİD STRATEGİYASI”nı PA-ya TƏQDİM ETDİ – Sənədin tam mətni

Sülhəddin ƏKBƏR,

Azad Demokratlar Partiyasının sədri

Müasir dünyada inkişaf demokratiyadan, azad dünyaya inteqrasiyadan və qloballaşmaya səmərəli və effektli adaptasiyadan keçir. Bu gün dünyanın ən inkişaf etmiş və sosial rifaha qovuşmuş ölkələri məhz demokratik və azad ölkələrdir.

Totalitar sovet rejimi dağıldıqdan və “soyuq müharibə” başa çatdıqdan sonra Şərqi və Cənub-Şərqi Avropa, eyni zamanda Baltikyanı ölkələr başda olmaqla, bir sıra postsovet ölkələrinin də demokratik inkişaf və azad dünyaya inteqrasiya yolu seçmələri müasir tarixi-siyasi inkişafın imperativ tələbə çevrilmiş çağırışından irəli gəlir.

Heç təsadüfi deyil ki, hələ yüz il bundan öncə Azərbaycan Xalq Cumhuriyyətini quran babalarımız da tarixi seçim anlarında milli inkişaf yolu kimi məhz demokratik inkişaf yolunu seçmişlər. Eyni zamanda 1991-ci ildə dövlət müstəqilliyinin bərpa edən, milli dövlət quruculuğuna yenidən başlayan bizlərin də milli inkişaf yolu kimi məhz demokratik inkişaf və islahatlar yolunu seçməsi də, təbii ki, heç də təsadüfi deyildi.

2011-ci ildə müsəlman dünyasında azadlıq, demokratiya və ədalət istəyən xalqların başlatdığı və sürətlə yayılan xalq hərəkatları, Atlantik okeanı sahillərindən başlayıb bizim sərhədlərimizədək davam edən tarixi dəyişikliklər prosesi, – məqsədyönlü kobud xarici müdaxilələrlə bu dəyişikliklər prosesinin xarakterinin zorla dəyişdirilməsinə və ümidlərlə dolu “Ərəb baharı”nın qanlı “Ərəb qışı”na çevrilməsinə baxmayaraq, – heç şübhəsiz, bizim ölkəmizdən də yan keçməyib (Ən azı, siyasi-mənəvi, mənəvi-psixoloji planda.) Artıq müsəlman dünyasının əsrlərdir əzilən xalqları da oyanmaqda, inkişafa və sosial rifaha aparan yolun məhz demokratiya və azadlıqlardan keçdiyini anlamaqdadırlar.

Digər tərəfdən, neftlə zəngin müsəlman ölkələrində azadlıq və demokratiyanı repressiv sabitliyə qurban verən ABŞ və Qərb ölkələrinin də bu siyasətin orta və uzun müddətli perspektiv inkişaf baxımından yanlış siyasət olduğunu, strateji səhv olduğunu anlamağa başladıqları görünür.

Ötən ilin noyabr-dekabr aylarında Çində koronavirus epidemiyasının başlaması, sonra isə pandemiyaya çevrilməsi, pandemiya sonrası dünyada yaranmış durum, onun ağır nəticələri, o cümlədən qlobal iqtisadi böhrana yol açması, dünya bazarlarında enerji daşıyıcılarının qiymətinin kəskin düşməsi mövcud geopolitik böhranı daha da mürəkkəbləşdirib və ağırlaşdırıb. Təbii ki, yaranmış bu durumda yeni dünya nizamı quruculuğu prosesinin sürətlənəcəyini və qlobal, eyni zamanda regional inkişaf perspektivlərinin aydınlaşmağa başlayacağını proqnozlaşdırmaq xüsusi çətinlik yaratmır.

Azərbaycan Respublikası da:

– Geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olduğunu;

– Geopolitik böhranın yarandığını, koronavirus pandemiyası ilə birlikdə onun daha da mürəkkəbləşdiyini və ağırlaşdığını;

– Yeni dünya nizamı quruculuğu prosesinin sürətlənəcəyinin qaçılmaz göründüyünü;

– Dünyada, xüsusən də müsəlman dünyasında və qonşu regionlarda tarixi əhəmiyyətli dəyişikliklərin getdiyini və yayılmaqda olduğunu;

– İran, eyni zamanda Cənubi Azərbaycan məsələsinin gündəlikdə olduğunu;

– Yaxın perspektivdə Rusiya məsələsinin gündəliyə gəlməsinin gözlənildiyini;

– Mənfi coğrafi-siyasi, coğrafi-strateji, coğrafi-iqtisadi və coğrafi-mədəni inkişaf meyllərinin artdığını və gücləndiyini;

– Regionda yeni durumun yarandığını, ələlxüsus işğalçı Ermənistanda inqilabi demokratik dəyişikliklərin baş verdiyini və xarici siyasətdə düşmənə dividentlər gətirdiyini;

– Ən başlıcası isə, bütün bu səbəblərlə birlikdə, milli maraqların təmin edilməsinin, milli məsələ və problemlərin həll edilməsinin zərurətə çevrildiyini, ölkədə kompleks demokratik islahatların aparılmasının və demokratiyaya keçid edilməsinin imperativ tələbə çevrildiyini, gec də olsa, nəzərə almalı və ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində olduğu kimi, qarşıdan gələn böyük geopolitik çalxantılara hazırlıqsız yaxalanmamalıdır.

Mürəkkəbləşməkdə və ağırlaşmaqda davam edən (və edəcək) bu qlobal, regional və lokal durumda Azərbaycan Respublikasında kompleks demokratik islahatların aparılması və demokratiyaya dinc keçid edilməsi təxirəsalınmadan “Azərbaycan Respublikasında demokratiyaya “yumşaq” keçid strategiyası”nın işlənib hazırlanmasını və həyata keçirilməsini tələb edir.

Xatırlatmaq istərdim ki, hələ 2011-ci ildə belə bir təşəbbüslə çıxış etmiş və “Demokratiyaya “yumşaq” keçid strategiyası” adlı bir sənəd hazırlayaraq ictimaiyyətə təqdim etmişdim (08 aprel 2011-ci il, “Azadlıq” qəzeti, N-78.)

Hazırda yaranmış qlobal, regional, subregional və lokal durumu, bu durumun gözlənilən inkişaf perspektivlərini, Azərbaycan Respublikası hakimiyyətinin yüksək səviyyədə siyasi dialoq çağırışları etməsini, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müxalifətlə faktiki dialoqa başlamasını (17 fevral, 2020-ci il), siyasi müxalifətə yönəlik bir sıra, kiçik də olsa, müsbət addımların atılmasını, nəhayət, 24 aprel 2020-ci ildə Azad Demokratlar Partiyasının sədri olaraq mənimlə keçirilən görüşü də nəzərə alaraq, yenidən bu məsələyə qayıtmağa, “Demokratiyaya “yumşaq” keçid strategiyası”nı yeniləməyə və ictimaiyyətə, eyni zamanda Prezident Administrasiyasına rəsmi təqdim etməyə qərar verdim. Bu sənədi “Demokratiyaya “yumşaq” keçid strategiyası – 2.0” da adlandırmaq olar.

“Demokratiyaya “yumşaq” keçid strategiyası”nın başlıca məqsədi – ölkədə məqsədyönlü, sistemli, ardıcıl və mərhələli şəkildə geniş (siyasi, hüquqi, iqtisadi, sosial, hərbi, təhlükəsizlik, mədəni və s.) və dərin demokratik islahatların aparılması yolu ilə avtoritarizmdən demokratiyaya “yumşaq”, dinc və ağrısız keçidin təmin edilməsidir.

“Demokratiyaya “yumşaq” keçid strategiyası”nın əsas vəzifələri isə aparılacaq islahatların ideya-nəzəri və ideya-siyasi əsaslarının, siyasi alqoritminin, avtoritarizmdən demokratiyaya “yumşaq” keçidin yol xəritəsinin işlənib hazırlanması və məqsədyönlü, sistemli, ardıcıl və mərhələli şəkildə həyata keçirilməsi, beləliklə, avtoritarizmdən demokratiyaya “yumşaq”, dinc və ağrısız keçidin təmin edilməsi üçün hərtərəfli ilkin əlverişli şəraitin, zəminin yaradılmasıdır.

“Demokratiyaya “yumşaq” keçid strategiyası” işlənib hazırlanarkən və həyata keçirilərkən Azərbaycan Respublikasının həyati və həyati vacib milli maraqları – müdafiəsi (vətəndaşların, cəmiyyətin və dövlətin, onun müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, sərhəd toxunulmazlığı və Konstitusiya quruluşunun müdafiəsi), demokratik inkişafı, hərtərəfli və davamlı sosial-iqtisadi inkişafı, daxilində milli birliyin, xaricində əlverişli beynəlxalq və regional əhatənin yaradılması rəhbər tutulmalıdır. O da nəzərə alınmalıdır ki, mövcud şəraitdə Azərbaycan Respublikasının həyati və həyati vacib milli maraqlarının təmin edilməsi, eyni zamanda milli məsələ və problemlərinin həll olunması baxımından, daxildə milli birliyin, təbii, ilk növbədə onun əsaslarının, o cümlədən siyasi əsaslarının yaradılması operativ-taktiki planda açar rolu oynayır. Ümidverici haldır ki, Azərbaycan Respublikasının siyasi iqtidarı hazırda bu açarın axtarışındadır. Hər halda, başda siyasi dialoqun başladılması olmaqla, atılan ilkin addımlar bu yöndə düşünmək üçün istiqamət verməkdədir.

“Demokratiyaya “yumşaq” keçid strategiyası”nın əsas prinsipləri:

– Milli və ictimai maraqların üstünlüyü və öncəliyi;

– Siyasi plüralizm;

– Demokratiya və insan haqları;

– Qanunun aliliyi və hüququn üstünlüyü;

– Azad bazar iqtisadiyyatı;

– Sosial ədalət;

– Qarşılıqlı hörmət və etimad;

– Qarşılıqlı güzəşt və konsensus;

– Razılaşmalara sədaqət;

– Aşkarlıq və şəffaflıq;

– Hesabatlılıq;

– İctimai nəzarət olmalıdır.

“Demokratiyaya “yumşaq” keçid strategiyası” çərçivəsində əsas fəaliyyət formaları isə:

– Qarşılıqlı hörmət və etimada dayanan ictimai və siyasi dialoq;

– Milli və ictimai maraqlar naminə əməkdaşlıq;

– Geniş və dərin demokratik islahatların həyata keçirilməsi;

– Dayanıqlı və davamlı demokratik inkişaf siyasətinin aparılması olmalıdır.

Bu strategiya çərçivəsində Konstitusiya və qanunlara dəyişiklik, əlavə və düzəlişlər edilərkən, yeni qanunlar, qərarlar və digər normativ aktlar qəbul edilərkən, eyni zamanda müvafiq islahat proqramları, fəaliyyət planları hazırlanarkən və həyata keçirilərkən də bu prinsiplər və fəaliyyət formaları əsas götürülməlidir.

Azərbaycanda demokratik rejimə keçidin “yumşaq”, dinc və ağrısız olmasının təmin edilməsi üçün proses zamana yayılmalı, ardıcıl olmaqla mərhələli aparılmalı, ilkin mərhələdə tərəflər birgə səylərlə müsbət ictimai rəy formalaşdırmalı, yüksək səviyyəli və tamdəyərli siyasi dialoqun baş tutması üçün əlverişli ictimai-siyasi zəmin hazırlamalı, sonrakı mərhələlərdə isə prosesin genişləndirilməsi və dərinləşdirilməsi üçün aşağıda göstərilən addımları atmalıdırlar.

Hakimiyyət

İqtidar ilk növbədə:

– Dialoq üçün əlverişli mühitin – qarşılıqlı hörmət və etimad mühitinin yaradılması üçün düşüncə, ifadə, söz və mətbuat, sərbəst birləşmə və toplaşma, siyasi fəaliyyət azadlıqlarını təmin etməli, bütün siyasi məhbusları azad etməli, siyasi mühacirlərin vətənə dönmələri üçün normal, məqbul şərait yaratmalı;

– Ölkədə geniş və dərin həqiqi demokratik islahatların işlənib hazırlanmasına və həyata keçirilməsinə,

– Qanunverici, icra və məhkəmə, eyni zamanda mərkəzi və yerli hakimiyyət arasında hakimiyyət bölgüsünün aparılması, qarşılıqlı balanslaşdırma və nəzarət mexanizminin yaradılması da daxil olmaqla, Konstitusiyaya müvafiq dəyişiklik, əlavə və düzəlişlərin edilməsinə,

– Bu sahədə siyasi müxalifətlə və vətəndaş cəmiyyətinin maraqlı olan bütün təbəqələri ilə dialoqa, əməkdaşlığa, müstəqil Konstitusiya komissiyasının yaradılmasına və tərkibinə onların da nümayəndələrinin daxil edilməsinə razılıq verməyə,

– Müvəqqəti milli etimad hökuməti yaratmağa hazır olduğunu bəyan etməlidir.

Hakimiyyətin bu yöndə dövlət başçısı səviyyəsində siyasi iradə bəyanından həmən sonra cəmiyyətin maraqlı olan bütün tərəfləri ilə dialoq başla(dıl)malı, mümkün olan ən qısa zamanda müstəqil Konstitusiya komissiyası yaradılmalı, hökumət buraxılmalı və müvəqqəti keçid hökuməti – milli etimad hökuməti formalaşdırılmağa başlanmalıdır.

Müstəqil Konstitusiya komissiyasının əsas vəzifəsi, 6 ay ərzində ölkədə geniş və dərin, həqiqi və əsaslı demokratik islahatların həyata keçirilməsi üçün hüquqi bazanın, Konstitusiya və qanunlara ediləcək müvafiq dəyişiklik, əlavə və düzəlişlərin işlənib hazırlanması olmalıdır.

Keçid dövründə kritik rol oynamalı olan müvəqqəti milli etimad hökumətinə cəmiyyətdə inam və etimadın yaranması vacibdir. Bunun üçün bir tərəfdən onun tərkibinə müxalifət nümayəndələri, bitərəf texnokratlar, alimlər, ziyalılar və mütəxəssislər də cəlb edilməli, digər tərəfdənsə, adı korrupsiya və rüşvətə bulaşmış, xalqa qarşı repressiyalarda iştirak etmiş və ölkənin demokratik inkişafına mane olan mühafizəkar şəxslər daxil edilməməlidir.

Erkən parlament seçkilərindən sonra yeni hökumət təşkil edilənədək fəaliyyət göstərəcək milli etimad hökumətinin başlıca vəzifələri isə:

– Demokratik islahatların həyata keçirilməsi, korrupsiya və rüşvətxorluqla mübarizə aparılması, inhisarçılığın və “gizli iqtisadiyyat”ın aradan qaldırılması məqsədilə müvafiq proqramların və fəaliyyət planlarının hazırlanması və sıx ictimai nəzarət altında həyata keçirilməsi;

– Vergi, gömrük və sərhəd xidmətində demokratik islahatların aparılması;

– Milli gəlirin və sərvətlərin ədalətli bölgüsü, yoxsulluğun aradan qaldırılması və sosial rifahın təmin edilməsi üçün təxirəsalınmaz tədbirlər planının hazırlanması və həyata keçirilməsi, sosial ədalətin təmin edilməsi;

– Dövlət büdcəsi və Neft Fonduna ictimai nəzarətin gücləndirilməsi;

– Şəffaflıq, aşkarlıq və hesabatlılığın tam təmin edilməsi olmalıdır.

Milli etimad hökuməti öz fəaliyyətində milli maraqları, demokratiya və demokratik islahatlara sədaqəti, şəffaflıq, aşkarlıq və hesabatlılığı əsas götürməlidir.

Dövlət başçısı, eyni zamanda parlamentdə faktiki, mütləq əksəriyyətə sahib olan YAP-ın sədri cənab İlham Əliyev siyasi iradə nümayiş etdirməli, bu strategiyanın və demokratik islahatların həyata keçirilməsi üçün zəruri olan, Konstitusiya və qanunlara müvafiq dəyişiklik, əlavə və düzəlişlərin, yeni qanunların və qərarların Milli Məclisdə yubadılmadan qəbul edilməsinə nail olmalıdır.

Əks təqdirdə, ölkədə erkən parlament seçkilərinin daha erkənə alınması qaçılmaz ola bilər. Siyasi dialoq tərəflərinin birgə razılığı əsasında müəyyən edilən müddət ərzində demokratik siyasi islahatların, o cümlədən seçki islahatının həyata keçirilməsi, çoxpartiyalı siyasi sistemin inkişaf etdirilb möhkəmləndirilməsi, proporsional seçki sisteminin bərpa edilməsi, seçki komissiyalarının ictimai-siyasi etimad yaradacaq demokratik prinsirlər əsasında yenidən təşkil edilməsi və s. üçün hüquqi baza yaradılmalı, Konstitusiya və qanunlara müvafiq dəyişiklik, əlavə və düzəlişlər qəbul edilməli, bundan sonra isə yenə birgə razılıq əsasında müəyyən edilən tarixdə ölkədə erkən azad və ədalətli parlament seçkiləri keçirilməlidir.

Təbii, eyni zamanda erkən azad və ədalətli bələdiyyə seçkilərinin, ələlxüsus Bakı başda olmaqla, böyük şəhərlərdə mer seçkilərinin keçirilməsi də unudulmamalıdır.

Yeni parlament prezident seçkilərindən öncə Azərbaycan Respublikasının:

– Məhdud səlahiyyətli prezidentlik institutu saxlanılmaqla, Azərbaycan Xalq Cümhuriyyəti dövründə olduğu kimi, parlamentli respublika üsuli-idarəsinə, yəni parlamentli respublikaya keçidini;

– Demokratik hakimiyyət bölgüsünün aparılmasını, işlək balanslaşdırma və qarşılıqlı nəzarət mexanizminin yaradılmasını da nəzərdə tutan yeni Konstitusiya layihəsini müxalifətin və vətəndaş cəmiyyəti institutlarının da iştirakı ilə işləyib hazırlamalı, bəyənməli və onun qəbulu üçün ölkədə ümumxalq referendumu keçirilməlidir.

Bundan sonra isə qəbul edilən yeni konstitusiya və sistemə uyğun olaraq, ölkənin yeni dövlət başçısı seçilməli və beləliklə, keçid dövrü başa çatmalıdır.

Müxalifət

Azərbaycan müxalifəti də öz növbəsində keçid dövründə:

– Mövcud Konstitusiya və qanunvericilik çərçivəsində hərəkət edəcəyini, yalnız dinc, demokratik mübarizə üsullarından istifadə edəcəyini bir daha rəsmən bəyan etməli;

– Demokratiyaya “yumşaq” keçid strategiyasının, eyni zamanda nəzərdə tutulan demokratik islahatlar proqramının hazırlanmasında aktiv iştirak etməli, eyni zamanda onların həyata keçirilməsinə dəstək verməli;

– Milli maraqların, ələlxüsus həyati və həyati vacib milli maraqların təmin olunmasında, milli məsələ və problemlərin həll edilməsində hakimiyyətlə, xüsusən də milli etimad hökumətilə əməkdaşlıq etməli;

– Hakimiyyətlə əldə edilən bütün razılaşmalara sadiq qalacağını, islahatların aparıldığı dövrdə qaçılmaz olan və ya gözlənilən sosial və/və ya qrup narazılıqlarından siyasi məqsədlərlə sui-istifadəyə yol verməyəcəyini, destruktiv xarici müdaxilələrin olduğu təqdirdə isə milli maraqlar naminə hakimiyyətlə əməkdaşlıq edəcəyini bəyan etməli;

– Razılaşmadan kənara çıxaraq, erkən prezident seçkilərinin keçirilməsini tələb etməməli;

– Hakimiyyət mövqeyindən sui-istifadə, korrupsiya və rüşvət istisna olmaqla, digər yollarla əldə edilən ilkin kapitalın leqallaşdırılmasına razılıq verməlidir.

Cəmiyyət

Cəmiyyətin ictimai-siyasi aktiv kəsimi – ictimai birliklər, QHT-lər, qadın və gənclər təşkilatları, KİV, ziyalılar və intellektuallar başda olmaqla, bütövlükdə Azərbaycan cəmiyyəti də:

– Hakimiyyətlə müxalifət arasında yüksək səviyyəli və tamdəyərli siyasi dialoqun baş tutması üçün əlverişli daxili ictimai-siyasi mühitin yaradılmasına ictimai dəstək verməli, ehtiyac yarandığı təqdirdə isə, xüsusən ziyalılar, vasitəçilik missiyasını öz üzərinə götürməli;

– Demokratiyaya “yumşaq” keçid strategiyasının və demokratik islahatlar proqramının hazırlanmasında aktiv iştirak etməli, eyni zamanda onların həyata keçirilməsinə aktiv ictimai dəstək verməli;

– Hakimiyyətlə birgə əldə edilən siyasi və ictimai razılaşmaların, qəbul edilən qərar və proqramların həyata keçirilməsinə, xüsusən də milli etimad hökuməti, büdcə və Neft Fonduna aktiv ictimai nəzarəti təmin etməlidir.

Beynəlxalq birlik

Sürətlə qloballaşan dünyamızda geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olduğu, yeni dünya nizamı quruculuğunun sürətlənməsinin gözlənildiyi, demokratiya və azadlıqların yayılmasının həm də strateji xarakter aldığı bir dövrdə, Yeni Avropa təhlükəsizlik sisteminin tərkib hissəsi olan Azərbaycan Respublikasının da demokratikləşməsində, ən azı, öz strateji maraqlarına görə, maraqlı olmalı olan demokratik beynəlxalq birlik (ABŞ, AB, NATO, Türkiyə, ATƏT və AŞ başda olmaqla) isə hakimiyyətlə müxalifət və vətəndaş cəmiyyəti arasında siyasi-ictimai dialoqun baş tutması, ölkədə həqiqi demokratik islahatların aparılması və demokratiyaya “yumşaq” keçid üçün əlverişli xarici siyasi, siyasi-mənəvi mühitin yaradılmasına dəstək verməli, ehtiyac yarandığı təqdirdə isə vasitəçilik missiyasını öz üzərinə götürməlidir.

Beləliklə, əgər tərəflər dünyanın, regionun və ölkəmizin, eyni zamanda tarixi-siyasi inkişafımızın çox mürəkkəb və həssas olan kritik bir mərhələdən keçdiyi dövrdə öz üzərlərinə düşən vəzifələri vicdanla və məsuliyyətlə yerinə yetirərlərsə və əldə edilən bütün razılaşmalara sadiq qalarlarsa, ölkəmizin demokratiyaya “yumşaq”, mərhələli keçidi aşağıdakı xronoloji ardıcıllıqla (mərhələlərin müddətləri birgə razılaşma əsasında müəyyən edilməlidir):

İctimai rəyin hazırlanması mərhələsi (ilkin mərhələ);

İslahatların başlanğıc mərhələsi – müstəqil Konstitusiya komissiyası və milli etimad hökumətinin yaradılması, ölkədə həqiqi demokratik islahatların həyata keçirilməsi üçün hüquqi bazanın işlənib hazırlanması və islahatların həyata keçirilməyə başlanması mərhələsi;

– Əsaslı demokratik islahatların həyata keçirilməsi mərhələsi – ölkədə əsaslı, geniş, yəni hərtərəfli həqiqi demokratik islahatların həyata keçirilməsi, müvafiq hüquqi bazanın yaradılması və ölkədə azad və ədalətli erkən parlament və bələdiyyə seçkilərinin keçirilməsi;

– Əsaslı demokratik islahatların dərinləşdirilməsi mərhələsi – ölkədə həyata keçirilən əsaslı, geniş həqiqi demokratik islahatların dərinləşdirilməsi, geniş ictimai iştirakla, yeni parlament tərəfindən Azərbaycan Respublikasının yeni, demokratik Konstitusiya layihəsinin işlənib hazırlanması, bəyənilməsi və qəbulu üçün ölkədə ümumxalq referendumunun keçirilməsi;

– Nəhayət, demokratiyaya “yumşaq” keçidin yekun mərhələsi – qəbul edilən yeni Konstitusiyaya, yeni siyasi-hüquqi sistemə uyğun olaraq ölkənin dövlət başçısının seçilməsi ilə birlikdə, uğurla, dinc və ağrısız şəkildə başa çatmış olar.

Bütün Azərbaycan cəmiyyəti – iqtidarı və müxalifəti ilə birgə:

– Mövcud qlobal, regional və lokal durumu, mövcud durumun başlıca inkişaf meyllərini və görünən perspektivlərini;

– Qlobal və regional miqyasda geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olduğunu, geopolitik böhranın yarandığını;

– Ağrılı, sancılı davam etməkdə olan yeni dünya nizamı quruculuğunu, onun başlıca inkişaf meyllərini, koronavirus pandemiyasından sonra sürətlənəcəyini və indidən görünməyə başlayan inkişaf perspektivlərini;

– Ölkəmizin mürəkkəb və həssas geopolitik, geostrateji, geoekonomik və geokültürəl məkanda yerləşdiyini, xarici əhatəsinin əlverişsiz olduğunu;

– Eyni zamanda, müharibə vəziyyətində və torpaqlarının böyük bir hissəsinin də işğal altında olduğunu;

– Onsuz da mürəkkəb və ağır olan xarici və daxili təhlükəsizlik mühitinin daha da mürəkkəbləşməkdə və ağırlaşmaqda olduğunu, eyni zamanda xarici təsir və təzyiqlərə həssaslığının artdığını;

– Müasir dünyanın inkişafından irəli gələn tələb və çağırışları;

– Milli inkişafın, milli dövlətin inkişafının demokratiyadan, azad dünyaya inteqrasiyadan və qloballaşmaya səmərəli və effektli adaptasiyadan keçdiyini;

– Dövlətimizin öz müstəqilliyini yaxın tarixdə bərpa etdiyini, dövlət institutlarının, eyni zamanda müdafiə və təhlükəsizlik institutlarının və sistemlərinin hələ də zəif və yetərsiz olduğunu;

– Həyati və həyati vacib milli maraqlarını, illərdir öz həllini gözləyən aktual milli məsələ və problemlərini, onların təmin edilməsi və həllinin milli birlikdən, milli birliyin sağlam əsaslarının, o cümlədən davamlı və dayanıqlı siyasi əsaslarının yaradılmasından keçdiyini;

– Avtoritarizmdən demokratiyaya keçidin qlobal, regional və lokal inkişafın, ələlxüsus (daxili) siyasi inkişafın imperativ tələbinə çevrildiyini;

– Bu imperativ tələbə ən optimal cavabın da avtoritarizmdən demokratiyaya “yumşaq” keçid olduğunu nəzərə almalı və artıq zaman itkisinə yol vermədən, “Demokratiyaya “yumşaq” keçid strategiyası”nı – avtoritarizmdən demokratiyaya “yumşaq” keçidin yol xəritəsini işləyib hazırlamalı və həyata keçirməlidir.

Əziz həmvətənlər, əgər daxili siyasi inkişafımızın vətəndaş qarşıdurması və toqquşmaları, dağıdıcı üsyan, qiyam, inqilab, çevriliş və s. yolu ilə deyil, təkamül yolu ilə getməsini, xarici müdaxilələrə yol verilməməsini, ölkəmizin daxilən güclənməsini və qurulmaqda olan yeni dünya nizamında, beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmasını, millətimizin müasir inkişaf yoluna çıxmasını və inkişaf etməsini, azadlıq və rifaha qovuşmasını istəyiriksə, milli-siyasi inkişafımızın bu taleyüklü mərhələsində məhz “Demokratiyaya “yumşaq” keçid strategiyası”nı qəbul etməli və onun həyata keçirilməsi üçün hər birimiz əlimizdən gələni əsirgəməməliyik.

Qeyd: Təbii ki, ictimai müzakirəyə, iqtidarı və müxalifəti ilə birgə bütün Azərbaycan cəmiyyətinə təqdim olunan bu siyasi-strateji layihə yalnız birgə müzakirələrə çıxarılacaq sənəd layihələrindən biri ola bilər. Eyni zamanda, layihə mövcud qlobal, regional və lokal inkişafa, o cümlədən ictimai-siyasi vəziyyətin inkişafına uyğun olaraq inkişaf etdirilə, ona dəyişikliklər, əlavə və düzəlişlər edilə bilər.

635x100

Şərhlər

32 il gözləyən vətəndaş 2020-05-13 16:26:39

Lütfən, məlum "yumşaq" keçidi və qəti-səlist Qarabağ həllini göstərin.

Elsad Isa 2020-05-02 00:49:55

Mence mukemmel ve dolgun bir seneddir.Cetin ve murekkeb yolda ugurlar!

Özgür 2020-05-01 17:49:28

Çox müdrik bir sənəddir. Birlik üçün bu sənədin ciddi müzakirəsı lazımdır.

Rasim Comərd 2020-05-01 15:02:22

CAN AZƏRBAYCANımızın mövcudluğu və gələcəyi maninə ictimai müzakirəyə təqdim olunan bu layihəni bəyəndim və reallaşmasının heç də çətin olmayacağı qənaətindəyəm. Yetər ki, milli birlik nümayiş etdirə bilək...

Mühəndis təcrübəsi 2020-05-01 13:25:59

Syasət dərya... Yeni dövrdən 30 il keçir və doğru keçidi heç kəs qəbul etmir?

Cəmşid Dərələyəzli 2020-05-01 08:59:04

Müzakirə olunacaq, bir sənəd. Umaram heç bir düşərgə bu müzakirədən qaçmaz. Milli birlik və Azərbaycanın Bekası naminə.

Elli 2020-05-01 01:10:48

Sülhəddin Əkbərin "Demokratiyaya "yumşaq" keçid strategiyasını bəyəndim. Həm də başqa yolumuz qalmır.

Son yazılar