KEÇMİŞİN DARTIŞILMAYACAĞI BİR GÖRÜŞ: Prezident müxalifətlə eyni masa arxasında əyləşərmi?

Elxan ŞÜKÜRLÜ,

“Strateq.az” saytının baş redaktoru

Pandemiyanın xarici bazarlardan asılı Azərbaycan iqtisadiyyatına böyük zərbə vuracağı və bunun əhalinin onsuz da ağır olan sosial vəziyyətini bir neçə aydan – əldəki resurslar tükənəndən sonra daha da ağırlaşdıracağı ehtimalı getdikcə aydın görünür.

Şübhəsiz ki, bu durum mövcud hakimiyyətin əleyhinə olan bütün maraqlı siyasi qüvvələri də həmin ərəfədə həvəsləndirib-hərəkətləndirəcək, xalqın çətin vəziyyətindən istifadə edənlərin sayı və çevrəsi xeyli genişlənəcək… Mən hələ Qarabağ cəbhəsindəki durumu bir kənara qoyuram.

İslahatlara başladığını elan etmiş hökumətimiz son iki ildə, eləcə də pandemiya ilə bağlı son iki ayda iqtisadi vəziyyəti sabit saxlamaq üçün maliyyə ehtiyatlarından külli miqdarda vəsait xərcləsə də, siyasi islahatlardakı ləngimə görülən işlərin müsbət effektinin təsirini çox aşağı salır. Nə qədər gizləsələr, “zəhmətkeş məktubları” ilə ört-basdır etməyə çalışsalar da, hakimiyyətin xərclənən bunca vəsaitin siyasi qarşılığını ala bildiyi görünmür – sanki, susuz quyuya su tökülür…

Üstəlik, pandemiya üzə çıxardı ki, bir çox sahələr, xüsusən də sosial təminat sferasında bərbad durum hökm sürür və indiyədək ölkə rəhbərliyinə həm işsizlərin, həm də yoxsulların sayı, əhalinin yaşayış səviyyəsinin gerçək durumu haqda hədsiz yalan statistika, şişirdilmiş rəqəmlər təqdim edilib…

Deməli, ökəni böhrandan çıxarmaq üçün qarşıdakı aylarda indiyədək xərclənəndən daha çox vəsait xərcləmək lazım gələcək…

Bütün dünya iqtisadiyyatının alt-üst edildiyi bir ərəfədə, az zaman içərisində bu vəsaiti tapıb ölkəyə gətirmək isə elə də asan olmayacaq: ya hökumət xarici güc mərkəzlərinin, beynəlxalq maliyyə təşkilatlarının qapısı ağzında yatmalı, onlara yalvarmalı, əlavə öhdəliklərlə borclanmaya getməli; ya ölkənin əmlakını, iri müəssisələri dəyər-dəyməzinə xarici kapitala satmalı; ya da sərt cəza tədbirləriylə kütləvi şəkildə oliqarxiyanın əllərindəkini tutub almalıdır ki, bu variantların da heç biri Azərbaycan hakimiyyətinə dinclik və asan uduş vəd etmir… Bəs nə etməli?

Xeyli vaxtdır deyir, yazıram: bu mərhələdə hakimiyyətin atmalı olduğu iqtisadi addımlardan da vacibi, öncə, cəmiyyətdə siyasi inamın bərpa edilməsinə nail olunmasıdır! Bunun üçünsə mütləq şəkildə ölkədə böyük siyasi barışa gedilməli və səmimi şəkildə ölkənin gələcəyini düşünən bütün ağıllı başlar eyni masa ətrafında toplanaraq, eyni yükün altına qol qoymalı, eyni hədəf üzərinə köklənməlidirlər…

Məsələn, bircə anlıq təsəvvür edək ki, Prezident İlham Əliyev fərq qoymadan, hakimiyyətə iddialı bütün müxalif partiya sədrlərini – İlyas İsmayılovu, Rəsul Quliyevi, Əli Kərimlini, İsa Qəmbəri, Əli İnsanovu, Etibar Məmmədovu, Əli Əliyevi, Pənah Hüseyni, Sabir Rüstəmxanlını, Sərdar Cəlaloğlunu, Sülhəddin Əkbəri, Mirmahmud Fəttayevi, İqbal Ağazadəni, Lalə Şövkət Hacıyevanı, Qüdrət Həsənquliyevi, Fazil Mustafanı, Qubad İbadoğlunu, İlqar Məmmədovu və adlarını çəkmədiyim digərlərini eyni masa ətrafına toplayır, onlarla birgə ökəni böhrandan çıxarmanın yolları barədə bir müzakirə təşkil edir…

Nə gözəl tablodur, deyilmi? Sizcə, bundan bütövlükdə ölkə, xalq udmazmı?! Vallah, billah, udar ki udar!

Məncə, indi cəmiyyətimizin buna daha çox ehtiyacı var. İnanın, kin və nifrətin bir kənara atıldığı, məsuliyyətin kiminsə üzərinə qoyulmadığı, təqsirkarın axtarılmadığı, siyasi keçmişin müzakirə edilmədiyi, köhnələrin dartışılıb yeni qovğanın başlanılmadığı, hər kəsin qabağa baxa biləcəyi bircə görüş və bu görüşdə bütün dünyaya, xarici güclərə verilən birgəlik mesajı Azərbaycanımızın işıqlı gələcəyinin yazılması üçün təptəzə, yeni bir ağ səhifənin açılması ola bilər!

Müstəqilliyimizi yenidən qazandığımız 1991-dən bu yana ötən 29 ildə, istisnasız olaraq, meydandakı bütün siyasətçilərimizin keçmişində ilişəcək, dartışılacaq mütləq yanlış və ləkəli nəsə var, heç kəs özünü təmizə çıxarmasın! Hər kəsi ittiham etməyə kifayət qədər ciddi əsas var və ən azı, biz jurnalistlər bunu hamıdan yaxşı bilirik! Ancaq bu, indiyədək olduğu kimi, indidən sonra da heç kimə uğur gətirməz!

Anlamalıyıq ki, keçmişin mənasız burulğanında ilişib qaldıqca, gələcəyin üzərimizə dığırlanan ağırlığı altında itib batacaq, boğulacağıq!

Gələcəyə yön almaq, büdrəmədən addım atmaq üçünsə ayağımıza bağ, qolumuza zəncir olmuş o kinli-paslı keçmişi qoparıb tullamaq, münasibətləri sıfırlamaq və hər şeyi yenidən, lap başdan başlamaq gərəkdir!

Amerikalı kinoaktyor və rejissor Mel Qibsonun çəkdiyi və bəlkə də, hamınızın baxdığınız “Apokalipsis” (“Yaquar pəncəsi”) filmi çox maraqlı sonluqla bitir: bir-birinin ailələrini, uşaqlarını belə, amansızca qətlə yetirmiş, yurdlarını talamış hindu qəbilələri qisas almağa son fürsəti yaxalamışkən, yadellilərin artıq onların sahilinə çıxdıqlarını görürlər… və qisası deyil, ümumi düşmənə qarşı önə keçib birgə mübarizəni seçirlər!

Koronavirusla gələn fəlakət də indi sərhədlərimizə çatan o yadelli işğalçılar kimidir. Dünən bir-birindən qisas almağa fürsət arayan bir tayfanın – bir millətin təmsilçiləri indi eyni səngərdə durmasalar, bəla fərq qoymayacaq, hamını vuracaq!

Gəlin, o bəla yaxınlaşmamış, bir bu imkandan da yararlanmağı yoxlayaq! Ulu atalarımızın dediyini də unutmayaq: “Dirilik – birlik olan yerdədir!”

Allah millətimizə onu diriliyə aparacaq möhkəm birlik nəsib etsin!

635x100

Şərhlər

Nizami Qafarov 2020-05-09 16:42:44

Millətini və xalqını sevən konstruktiv müxalifət bu gün artıq dialoqda iştirak edir

Sıravi vətəndaş Dəxi 2020-05-04 23:33:17

Seçkilər keçirilsə də tam çıxış yolu təklifi diqqətə alınmayıb.

Mehdi bəyə 2020-05-03 10:38:51

Bircə işi tam icra edə bilməyənlər, aləmə diqtə etməyə çalışarlar?

Aqahüseyin Aqayev 2020-05-01 12:09:03

Elxam müəllim coxda ac cörəyə möhtac olan kimi Biz belə bir yazıya ehtiyaclı iydik ALLAH bu yolda həm iqtidarın həmdə müxalifətin yolunu acsın.Söyüş-Türmə ğeridə qalsın.AMMİN.

Mehdi 2020-05-01 11:36:01

Yaxsi məsləhetdir,amma o siraya Etibar Memmedovu,Sabir Rustemxanlini,Ilqar Memmedovu,Fazil Qezenferoğlunu,Qudret hesenquluyevi niye qatirsiniz basa dusmek olmur.Beyem onlar muxalifetcidirler.

Ələmdar Məmmədov 2020-05-01 02:23:15

Elxan müəllim həmişəki kimi əsl vətəndaşlıq mövqeyi göstərir.Bu ağır günlərdə hamı bir araya gəlməlidir.

Elli 2020-05-01 01:24:02

Elxan müəllim yazınızdakı mesacları dəstəkləyirik!

Ramazan SİRACOĞLU 2020-04-30 22:47:22

Tamamilə haqlısınız, hörmətli Elxan bəy! Strateji məsələlərin həllində uğurlu iqtidar-müxalifət tandemi mütləq lazımdır. Mən müxalifət dedikdə, qrant almaq üçün qohum-əqrəba yığınından ibarət, adı olub özü olmayan, ancaq qeydiyyatlarda təsbit edilən “partiya” adlandırılan dərnəkləri nəzərdə tutmuram. Cəmiyyətin məddahlara deyil, yapıcı tənqidçilərə, yanlışlıq və qüsurları vaxtında görüb həyəcan təbili vuran, rasional təkliflər irəli sürən müxalifətə ciddi ehtiyacı var. Məsələn, professor İlyas Müəllim İsmayılovun zəngin bilik və təcrübəsindən, məsləhətlərindən mütləq yararlanmaq lazımdır. Bir qrup səlahiyyət sahibi isə məmur iqtidar-müxalifət münasibətlərinin antoqonizmində çox, həm də maraqlıdır…

t.ədalət 2020-04-30 22:30:15

Ağıllı fikirdir.Ancaq anası,arvadı erməni olanları birinci olaraq vəzifələrdən uzaqlaşdırmaq lazımdır.İkinci halda hakimiyyəti tam təşkil edən ... yarıbayarı azaltmaq,türkləri vəzifələrə təyin etmək vacibdir...... Ölkə iqtisadiyyatını təcrübəli bir türkə etibar etmək lazımdır ki,çətinliyi asşmaq mümkün olsun.

Son yazılar