GƏNC DEPUTATIN “YIXILAN BAŞÇI” TƏƏSSÜBKEŞLİYİ – “Sən nə deyirsən, kimə nə dərsi keçirsən?!”

“... Son həftələrdə isə onun səhhətində ciddi problemlərlə əlaqədar, mənəvi amilləri əsas tutaraq ardıcıl bir neçə dəfə telefonla danışmışdıq... Fürsətdən istifadə edib, medianı bu məsələlər ətrafında manipulyasiya etməməyə çağırıram. Başqa şayiə və fikirlərə əhəmiyyət verməyin.

İkincisi, bildiyiniz kimi, sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 308, 311 və 179-cu maddələrinin müvafiq bəndləri üzrə cinayət işi açılıb, lakin məhkəmənin yekun hökmü yoxdur, təqsir məhkəmə qaydasında sübut olana qədər ifadələrimizdə ehtiyatlı olaq. Və sonda, aydındır ki, pozuntu bir günün işi deyil, problemləri indiyədək yazmaq lazım idi, əks halda, necə deyərlər, daldan atılan daş topuğa dəyər. Yıxılanı baltalamaq bizə yaraşmaz...”

“AzPolitika” xəbər verir ki, bu fikirlər 66 saylı Biləsuvar seçki dairəsinin deputatı Bəhruz Məhərrəmova məxsusdur.

Böyük ehtimalla gənc deputatımız Biləsuvarın icra başçısına qarşı qaldırılan maddələri sadalayaraq cəmiyyətə, xüsusilə də mətbuata “təqsirsizlik prezumpsiyası dərsi” keçməyə çalışmaqla, ixtisasca hüquqşünas olduğunu göstərmək istəyib. Ancaq bu cəhd, yumşaq desək, uğursuz alınıb. Çünki hər şey hamının gözü qarşısında baş verib və verir. Onsuz da icra başçılarının böyük əksəriyyətinin hansı oyunlardan çıxdığını, aldıqları maaşlarla malik olduqları varidat arasındakı fərqi, açıq-aşkar özbaşınalıqlarını, hətta yetim-yesirə ayrılan müavinətlərə də göz dikdiyini məlum çəkilişlər oldu-olmadı, bu ölkədə görməyən, bilməyən yoxdur. Görünən dağa nə bələdçi? Üstəgəl, həbs edilən digər icra başçıları ilə yanaşı, Biləsuvarın başçısının da əməlləri, danışıqları lentə alınıb, əlində rüşvət tutlub. Adam müavininə “gəl bir 500 nəfərə koronavirusa görə pul yazaq, 200-nü götürək” deyir, sonra da DTX-nın kamerası qarşısında etiraf edərək, “bu əməllərimə görə xəcalət çəkirəm” söyləyir. Nəhayət, Prezident də bu həbslərə dəfələrlə münasibət bildirir və əlində rüşvət tutulan məmurları ən sərt ifadələrlə qınayır. Belədə hörmətli gənc deputatımızdan soruşan lazımdır: bəs sən nə deyirsən, kimə nə dərsi keçirsən, kimi “ifadələrində ehtiyatlı olmağa” çağırırsan? – Haqqı illərdir tapdanan və heç yeni deputatını düz-əməlli tanımayan Biləsuvar camaatınımı, belə qansız məmurları öz imkanları daxilində ifşa edən mətbu orqanlarımı, yoxsa kimi?...

Əlbəttə ki, istənilən deputatın fəal, təşəbbüskar olması, bu və ya digər ölkə əhəmiyyətli gündəm mövzusuyla bağlı fikir bildirməsi, danışması təqdirəlayiq haldır. Əslində bu, onun həm də belə demək mümkünsə, vəzifə borcudur. Lakin danışmaq xatirinə danışanda, böyük siyasi alt qatı olan məsələlərə məişət səviyyəsində münasibət bildirəndə, haqqı, təcrübəsi, ən əsası isə siyasi savadı çatdı-çatmadı kimlərəsə dərs keçməyə çalışanda, bunun adı “qaş düzəldən yerdə göz çıxarmaq” olur. 36 yaşlı gənc deputatın yəqin ki, siyasi təcrübəsizliyindən irəli gələrək söylədiyi yuxarıdakı fikirlərini də bu qəbildən hesab etmək olar.

Mediaya mənəviyyat dərsi keçib, “dədəqorqud məsləhəti” verən B.Məhərrəmovun “problemləri indiyədək yazmaq lazım idi... yıxılanı baltalamaq bizə yaraşmaz...” fikirlərisə, bir tərəfdən onun, yumşaq desək, mətbuatdan o qədər də məlumatlı olmadığını göstərirsə, digər tərəfdən atalar sözlərimizin mahiyyətini yaxşı mənimsəməməsi kimi qəbul oluna bilər.

Birincisi, mətbuat, “AzPolitika.info” da daxil olmaqla, uzun illər Biləsuvarın başçısının gerçək ali savadının olmadığı, rayonda bir çox digər rayonlarda olduğu kimi, rüşvətin, korrupsiyanın tüğyan etdiyi barədə dəfələrlə yazıb, yazıb yorulub! Bunların dalınca yox, üzünə dəfələrlə “daş atılıb”, ancaq onların artıq yola salınmış “qoruyucu mələkləri” vaxtilə həmin daşları qaytarıb mətbuatın başına vurublar.

İkincisi, “yıxılanı baltalamaq” ifadəsi dövlətin, xalqın büdcəsinə qənim kəsilən, kasıb-kusubun cibinə göz dikən, son qəpiyini də əlindən almağa hazır olanların “iş başında” yaxalanmasına aid edilə bilməz. Bu adamlar eyvandan yıxılmayıb, avtomobillə qəza törətməyib, düz getdikləri yerdə başlarına haradansa daş düşməyib, yaxud biznesləri müflis olaraq, borca düşməyiblər. Söhbət uzun illərdir davam edən talançılıqdan gedir. Yekəxana, harınlamış, saymazyana hərəkətlərilə əhalini zinhara gətirən, məktəb direktorundan tutmuş bələdiyyə sədrlərinə qədər hamını “hesaba oturdan”, verdiyi hər sənədə, icazəyə görə pul tələb edən, rayonun nəinki torpağını, suyunu, meşəsini, az qala havasını da satmağa hazır olan, pul üçün sözün tam mənasında istənilən adamın evini yıxmağa hazır olan və yıxan birilərinin ifşasını və həbsini “yıxılmaq” adlandırmaq olarmı? Axı deputat mandatı daşıyanların təkcə, məsələn, hüquqi, yaxud iqtisadi savadının olması kifayət deyil, mütləq az-şox məntiqi və siyasi savadı da olmalıdır. Bu iş “gah nala, gah mıxa” vurmaqla olmur...

Elə söhbət məntiqdən düşmüşkən, bir məsələni xatırladaq ki, həmin bu deputatın özü Biləsuvarın icra başçısının həbsindən qısa müddət əvvəl, aprelin əvvəllərində seçicilərin suallarına cavab olaraq, “DTX-nın bizim rayona gəlməsi mümkündür” deyə bildirmişdi. Yəni bir növ anons vermişdi. Bəs sonradan nə baş verdi, hardan çıxdı bu “təqsirsizlik prezumpsiyası”, “yıxılana balta vurmamaq” söhbəti? Ümumiyyətlə yaxşı olar ki, camaata, xüsusilə də mətbuata mənəviyyat dərsi keçənlər əvvəlcə ciblərində gəzdirdikləri mandata baxsınlar və özlərinə hesabat versinlər ki, bu mandat haradandır və məndə nə gəzir?...

Bir də ki, bizim bildiyimiz qədəriylə, yeni parlamentin formalaşdırılması cəmiyyətdə siyasi islahatların reallaşmasına, xalqı yeni, mütərəqqi dünyagörüşlü, ən azından nə dediyini özü tam anlaya bilən şəxslərin təmsil etməsinə xidmət etməlidir - Xanhüseyn Kazımlının, yaxud Hadı Rəcəblinin yeni və gənc variantlarının yetişdirilməsinə yox...

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Vətəndaş 2020-05-08 22:57:36

Cəlal müəllim, Şəkinin icra başçısından və müavinlərinin top dağıtmaz mülklərindən də yazın, xalq tanısın ?

Əsəd 2020-05-06 16:13:21

Gəncləri irəli çəkdikdə də yenə düşünmək,tanımaq,ixtisasa,hazırlıq dərəcəsinə,gəncin necə ortaya çıxarılmasına diqqət etmək vacibdir.Təyin edildiyi sahəyə naşı,təcrübəəsiz.məqsədli irəli sürülən gənc kadrların təyinatında diqqəytli,uzaqgörən olmanın,ölkənin fərqli bölgələrindənmütənasb surətdə seçimənin vacibliyini anlamaq önəmlidirşBuölkədə əmin-amanlığa,xoş məra yaradılmasına və inkişafa səbəb olar.acmmt

Oxucu 2020-05-06 12:44:23

Çox sağ olun!

Mustafaoğlu 2020-05-05 20:56:31

Bir deputat ki, dövlətimizin mənafeyini düşünməyib, şəxsi maraqlara üstünlük verir, deməli ondan deputat olmaz ???

Sənan 2020-05-04 23:00:46

Bu adamın sifətində intellektin izi də yoxdur Dedikləri də onun-bunun yanıda eşitdikləridir

Mehdi 2020-05-04 22:03:41

Bir şeyi anlamaq lazımdır. Mətbuat, vətəndaşlar və digərləri yazirlar ki, hüquq-mühfizə orqanları hadisəyə diqqət yetirsinlər. Onlar işə girişdilərsə artıq işin gedişini izləmək lazımdır. Fikir söylüyəni gözüm çıxdıya salmaq düzgün deyil.

axmed 2020-05-04 21:58:06

indiye qeder harada idin ay profesor -26 ildir

axmed 2020-05-04 21:57:04

calal muellim halal olsun sene

Cəlal 2020-05-04 21:02:04

Bərəkallah,başçıların cinayətləri-rüşvət.büdcə yemə,özününkiləşdirmə məşhuri cahan olduğu hamıya bəlli olduğu halda bu yatıbmış? Bəs necə deputat olub? Onu stçən olub,yoxsa siyahidəkilərdəndir? Dünya Azərbaycanda düzəlmir ki,düzəlmir!

Fərəməz 2020-05-04 20:56:00

Bunun niyə içi göynəyir?Qarın ağrısı nədir?,

Xalid 2020-05-04 20:48:29

Bu da deputatı! Biləsuvar camaatına heyif! Başçısından gül dərmişdilər, deputatından da gülab çəkəcəklər! Dövlətçilik təfəkkürü nədir, heç təsəvvürü belə yoxdur bunlarda. Hardan tapıb yığıblar MM-ə?!

Mubariz 2020-05-04 17:47:16

Axırıncı cümlə lap yerinə düşdü ,yəqin saymaqla sonunu gətirə bilməyəcəyindən ...nöqtələdin .Sağ ol!

Kənar baxış 2020-05-04 17:41:49

Vəkil özü dürüst işlərdi! İHakimi isə on ildən çox önümüzdə beləcə çalışıb?

Ali 2020-05-04 16:50:22

Celal m. saq olun. Eminem ki, novbeti hebs edilen Icra bascici barede yazmaq ucun ve onlarin bele “vekilleri” ni yrinde oturmaq ucun daha sert sozlermiz komeyinize catacaqdir.

haqq 2020-05-04 16:40:23

ALLAH BUTUN HARAM YEYENLERE LENET ELESİN XALQİN MALİN MENİMSEYENLER ALLAH QARSİSİNDA CAVAB VERECEKLER BİR GUN GELECEY HARAMZADELERİ MEHV OLACAQ.... BUNA 10000000 FAİZ EMİN OLUN İNSALLAH

Bashirov Qarib 2020-05-04 16:36:01

Cəlal muəllim, afərin sizə, çoxdandır belə yazı oxumamışdım.İnsandakı hunərə bax ey, bu mandat hardandır və məndə nə gəzir deyə abırına sıgınmaq əvəzinə, bizə mənəviyyət dərsi keçməyə qalxır,?!

Azer 2020-05-04 16:30:08

Tesekkur muellif, cox degig dediniz. Yazan qeleminiz var olsun

EbuZerr 2020-05-04 16:25:48

gulmelidir deyilmi?

Elli 2020-05-04 16:12:58

Biləsuvarın keçmiş başçısı bu deputatın çox güman ki, qohumudur.

elchin 2020-05-04 16:09:25

cenab Prezident deyir ki bu adam xeyanetkardir deputat demek isteyir ki inznmiram-umumiyyetle bu deputat hele bir nece il evvel bu hakimiyyet haqinda ele sozler demisdi ki...

t.ədalət 2020-05-04 16:06:49

O deputatın seçki məsələsini,görünür, başçı həll edib.

zahid.r 2020-05-04 15:54:31

tamamilə haqlısınız Cəlal müəllim. o adam yıxılmayıb, o ölkə başçısının dediyi kimi Vətənə xəyanət edib

Xeyrəddin Qoca 2020-05-04 15:53:13

Sağ olun! Çox dəyırli yazldlr! O deputatdan da deputat olmaz!

Son yazılar