ŞUŞANIN DAĞLARI QARA DUMANLI... - Sənədli film

İşğal olunandan üzü bu yana Şuşa dağlarının başı qara dumanlıdır. Həmin vaxtdan biz hamımız o dumanın qaranlığındayıq.Çünki Şuşa Azərbaycanın incəsənətində, mədəniyyətində və təbiətində əvəzolunmaz tarixi bir şəhərdir.

1991-ci ildə baş verən gözlənilməz hadisələr və Qarabağ səmasında vurulan vertolyot Şuşanın ağ dumanını xeyli qaraltmışdı.Və bu qara dumanın içində olan şəhər get-gedə görünməz olurdu.

Həmin vertolyot qəzasından bir-neçə gün sonra DQMV-də və Şuşada məsul vəzifələrdə işləyən M.Gözəlov Şuşaya icra başçısı təyin olundu.Amma bir-necə gün sonra o da öz kabinetində qətlə yetirildi.Beləliklə bir ayın içində şəhərin iki rəhbəri həlak oldu.Şahidlərin dediyinə görə Gözəlov qətlə yetiriləndən sonra Şuşanın müdafiə qabiliyyəti xeyli zəiflədi. Kəndləri bir-bir işğal olunan şəhər boşalmağa başladı.Şuşanın qara dumanı daha da qatılaşırdı və şəhər get-gedə bu müəmmalı hadisələrin içində görünməz olurdu.

Şuşa 1991-ci ilin sonlarında ən ağır günlərini yaşıyırdı.Şəhərin müdafiəsini təşkil etmək günü-gündən çətinləşirdi.Respublika rəhbərliyinin bu məsələyə lazımi diqqət yetirməməsi və təlimatları ancaq Moskvadan gözləməsi problemin həllini müşkülə çevirirdi.Azərbaycanın fəryadına yox, ermənilərin göz yaşlarına inanan Moskva bu münaqişəyə elə ermənilərin gözüylə baxırdı.

Həmin vaxtlar Şuşanın gözəl təbiətindən ölüm qoxusu gəlirdi. Meşələr erməni silahlılarının yuvasına çevrilmişdi,yollarda pusqular qurulmuşdu.Təmiz dağ havası da ermənilərin nişangahında idi. Bu havada təkcə buludlar yox,həm də ölüm təhlükəsi vardı.1991-ci ilin yazında içində bir qrup millət vəkilinin və Mikayıl Gözəlovun da olduğu vertolyot ermənilər tərəfindən atəşə tutuldu və qəzaya uğradı. Həmin həyəcanlı anlarda Gözəlov Şuşadakı vəziyyətin nə qədər təhlükəli olduğunu hamıya çatdırmağa çalışırdı.

Həmin vaxtlar şəhər rəhbərliyi və yerli əhali Şuşa qalasının hiyləgər və arxalı erməni işğalçılarının qarşısında əsir-yesir qalmaması üçün əlindən gələni əsirgəmirdi.Amma onların əlində olanı və əlindən gələni az idi.Tez-tez boş əllə Bakıya səfər edən Gözəlov da şəhərə əlidolu qayıda bilmirdi.

Şuşa çox yüksək yerdə olduğundan Azərbaycan burdan yaxşı görünürdü.Amma uca yerdə olan Şuşa şəhərini bütün Azərbaycan görsə də ,onun faciəsini görmürdü.

Həmin vaxtlar Şuşada o qədər gözlənilməz hadisələr oldu ki,artıq bu gözlənilməzliyin və müəmmaların içində Şuşanın işğalı gözlənilən idi.Həmin qarışıq günlərin birində -1991-ci ilin dekabrında Mikayıl Gozalov öz kabinetində şəhər sakini, mərkəzi xəstəxanada sürücü işləyən Elbrus İbrahimov tərəfindən güllələndi.O bu ağır cinayətə görə ən ağır cəzaya- ölüm hökmünə məhkum edildi. Amma ölüm hökmü ömürlük cəzayla əvəz olunduğundan o ömürlük cəza çəkməli oldu...

Elbrus düz 5 il ölüm kamerasında ona tuşlanacaq gülləni gözlədi. Amma onun atdığı gülləni öldürdüyü adam qətiyyən gözləmirdi.Bu gözlənilməz atəş və gözlənilməz qətl idi.Hadisə necə və niyə baş verdi? Müəllifi olduğum "Şuşanın dağları qara dumanlı" adlı sənədli filmdə bu məsələni araşdırmağa çalışmışam. Gəlin, bu hadisəni qətli törədən Elbrus İbrahimovun və şahidlərin dilindən eşidək. Nə qədər ağır olsa da başımızı qaldırıb Şuşaya və milli faciəmizə yenidən baxaq ...

... Biz Şuşanı itirəndən o dağlar qara dumanın içindədir.Bu qara duman bütün Azərbaycandan görünür.Bu qaranlığı işıqlandırmaq da elə bütün Azərbaycanın işidir.Cünkü Şuşa və işğal olunmuş bütün yaşayış məntəqələri bizim hamımızın vətənidir!

P.S. Rəsmi statistikaya görə İndi əhalinin 50 faizindən çoxu münaqişədən sonra doğulanlardır.Yəni əhalinin yarısından çoxu işğal altında olan torpaqları görməyənlərdir. Bu faiz get-gedə çoxalır.Öz dədə-baba yurdunu görməyən yeni nəsildə vətənpərvərlik ruhunun aşılanması vacib məsələlərdən biridir...Aprel döyüşləri vaxtı Azərbaycan ordusunun gücünü təkcə Ermənistan yox, həm də dünyanın bütün erməniləri gördü. Zaman göstərdiki ordumuz zəfər yürüşünə tam hazırdır.

...Son hadisələr bir daha göstərdiki, Respublikanın Prezidenti cənab İlham Əliyev xalqın yanındadır.Biz də bir vətəndaş kimi onun yanında olmalı və problemlərin həllində ona kömək etməliyik.Bu işdə hamı bir və tən olmalıdır! Çünki vətən bir olmalıdır !

Mübariz Əsgərov, əməkdar jurnalist

635x100

Şərhlər

Əli 2020-05-07 15:33:27

Bizə Şuşa haqqında film yox, bizə Şuşanın ermənidən alınması lazımdır.

t.ədalət 2020-05-07 15:10:29

Mikayıl Gözəlovun qətlə yetirilməsində Ayaz Mütəllibovun əli var.O vaxt Rusiyanın etibarlı nökəri olan Mütəllibov ordu quruculuğuna mane olur,Moskvanın tələbi ilə Şuşa və onun ətrafındakı könüllü özünümüdafiə qüvvələrini məhv etdirirdi.

Son yazılar