Qarabağ rejimi Paris sərgisinə necə düşüb?

Ermənistan mediası sentyabrın 23-dən 26-dək Parisdə keçirilmiş “Top-Resa” turizm sərgisinə separatçı Dağlıq Qarabağ rejiminin nümayəndə heyətinin də qatıldığını xəbər verir.

Parisin “Porte de Versailles” salonunda keçirilən turizm sərgisində Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Geo travel”, “Gilanturizm”, “Rege atravel”, “Proxy travel” və “SW travel” turizm şirkətləri təmsil edib. Məlumatlarda Azərbaycan təmsilçilərinin Dağlıq Qarabağı sərgidən uzaqlaşdırmaq cəhdlərinin boşa çıxdığı bildirilir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov “Media forum” saytına deyib ki, Paris sərgisində baş verənlər ermənilərin növbəti çirkin addımıdır: “Onlar oğurladıqları şeyi öz adlarına çıxarmağa adət ediblər. Bu, ermənilərin peşəsidir. Azərbaycan sərginin təşkilatçılarına diplomatik qaydada etiraz bildirib. Təşkilatçıların ilkin arqumenti bu olub ki, ermənilər sərgidə iştirak üçün dövlət orqanı ilə deyil, hansısa özəl şirkətlə müqavilə bağlayıblar. Ermənilər hər dəfə imkan daxilində bildiklərini edirlər. Bu cür niyyətlərin qarşısını almaq üçün təbliğat daha çox olmalıdır. Azərbaycanın stendində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çoxlu təbliğat materialı olub, Dağlıq Qarabağla bağlı nəşrlər paylanıb”.

Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbər əvəzi Hikmət Hacıyev “Media forum”a deyib ki, Azərbaycanın Fransadakı səfirliyi ölkənin rəsmi dövlət orqanlarına, o cümlədən Xarici İşlər Nazirliyinə və bu sərgini təşkil edən şirkətə etiraz məktubları, notalar göndərib, danışıqlar aparıb: “Paris sərgisində Dağlıq Qarabağla bağlı ayrıca stend qoyulmayıb. Orada yalnız Ermənistanın stendi, pavilyonu olub. Ermənilər təşkilatçıları aldadaraq tədbirin gedişində Dağlıq Qarabağla əlaqədar bəzi materialları pavilyonda yerləşdiriblər. Azərbaycan tərəfinin səyləri nəticəsində Dağlıq Qarabağın ayrıca stendinin quraşdırılmasına imkan verilməyib”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar