DÜNYA BANKI DA AZƏRBAYCAN HAKİMİYYƏTİNİ RÜSVAY ETDİ- Korrupsiya ifrat dərəcədə artıb

Biznesə yaradılan şəraitə görə, Azərbaycan geriləyərək dünyada 38-ci yerdən 70-ci yerə enib

Tikintiyə icazələr sahəsində isə biabırçılıqdır – Azərbaycan 189 ölkə arasında 180-ci yeri tutub

Biznes qurmaq imkanlarına görə Azərbaycan Ermənistandan da aşağıda yer alıb

Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası Doing Business-2014 reytinq cədvəlini açıqlayıb. Reytinq tərtibçiləri biznes qurmaq imkanlarını araşdırarkən müəssisənin və mülkiyyətin qeydiyyatı, sərmayəçilərin hüquqlarının qorunması, tikintiyə icazə, müqavilələrin yerinə yetirilməsi və başqa meyarlara əsaslanıblar.

“Media forum” saytı xəbər verir ki, keçmiş SSRİ məkanı ölkələrindən Gürcüstan 8-ci, Litva 17-ci, Estoniya 22-ci, Latviya 24-cü pilləni tutur.

MBD ölkələrinə gəlincə, Ermənistan 37-ci, Qazaxıstan 50-ci, Belarus 63-cü, Qırğızıstan 68-ci, Azərbaycan 70-ci, Moldova 78-ci, Rusiya 92-ci, Ukrayna 112-ci, Tacikistan 143-cü, Özbəkistan 146-cı yerdə qərarlaşıb.

Dünya Bankının 11-ci ildir ki, çıxan Doing Business hesabatına görə. Azərbaycanda iş görmək asanlaşmaq əvəzinə çətinləşir. Özü də bu, təmayülə çevrilib.

38-Cİ YERDƏN 70-Ə

Son 5 ilin Doing Business hesabatlarında Azərbaycanın tutduğu yerləri tutuşdursaq, 2010-cu ildə Azərbaycan dünyada 38-ci yerdə idi.

2011-ci ildə Azərbaycan 54-cü, 2012-ci ildə 66-cı, 2013-cü ildə 67-ci yerə düşdü.

Doing Business 2014 hesabatında isə Azərbaycan yenə geriləyib və bu dəfə 70-ci yerdədir.

Müqayisə üçün, Gürcüstan işgüzarlığa yaradılan şəraitə görə dünyada 8-ci yerdədir. Ermənistan 37-ci yerdə.

Azadlıq Radiosunun məlumatına görə, dünyada iş görməyə şəraiti ən çox yaxşılaşdıran ölkə isə Ukraynadır. Sonrakı yerlərdə Ruanda, Rusiya gəlir.

Yeri gəlmişkən, Rusiyanın belə irəliləməsi ilə bağlı Financial Times Dünya Bankından Rita Ramalho ilə söhbət edəndə Ramalho deyib ki, Rusiya daha çox irəliləyə bilər, ancaq bunun üçün mentaliteti dəyişmək lazımdır.

Dünyada iş görməyə ən asan ölkə isə Sinqapurdur. Sonrakı yerlərdə Honq Konq, Yeni Zelandiya, ABŞ, Danimarka, Malayziya, Cənubi Koreya və Gürcüstan gəlir.

189 ölkəni əhatə edən Doing Business hesabatı hər ölkədə işgüzarlığa şəraiti 10 meyar əsasında müəyyən edir: Biznesə başlamağa tələb olunan vaxt, proseduralar və bunun haqqı, tikintiyə icazələr, öz obyektinə işıq çəkdirmək, əmlakı qeydiyyata aldırmaq, kredit ala bilmək, qoyulan sərmayənin müdafiəsi, vergilər, sərhəddi keçməklə ticarət, müqavilələri həyata keçirmək və mübahisələri həll etmək.

AZƏRBAYCAN DÜNYADA 181-CİDİR

Azərbaycanın dünyada ən geridə olduğu sahələrdən biri tikinti icazələridir – Azərbaycan 189 ölkə arasında 180-ci yeri tutub. Azərbaycanda tikintiyə icazə almaq üçün 28 prosedura lazımdır, 212 gün də vaxt.

Bundan da pis vəziyyətdə olan sahə öz obyektinə işıq çəkdirməkdir. Azərbaycan 181-ci yerdədir. İşıq çəkdirməyə 241 gün vaxt gedir.

Azərbaycanda iş görməyə mane olan 3-cü ən pis sahə gömrükdür. Azərbaycan xarici ticarət sahəsindəki vəziyyətə görə 168-ci yerdədir.

Azərbaycanda işgüzarlığa yaradılan şəraitə görə yaxşı olan sahələr hansılardır?

Biznesə başlamaq Azərbaycanda asandır – Azərbaycan dünyada 10-cu yerdədir.

Əmlakı qeydiyyata aldırmağın asanlığına görə Azərbaycan dünyada 13-cü yerdədir.

Azərbaycan investorların qorunmasına görə dünyada 22-ci, kredit almaqla bağlı vəziyyətə görə 55-ci, vergilərə görə 77-cidir. Biznes mübahisələrinin həllinə görə isə 86-cı yerdədir.

Qeyd edək ki, ölkədə biznes mühitinin pişləşməsi korrupsiyanın səviyyəsinin daha da artdığını göstərir. Qəribə də olsa son illər hakimiyyət korrupsiya ilə mübarizəni gücləndirditini bəyan edir. Ancaq faktlar korrupsiyanın səviyyəsinin daha da artdığından xəbər verir.

Təsadüfü deyil ki, Azərbaycanın dünyada ən geridə olduğu sahələrdən biri tikinti icazələridir. Ölkəmizin 189 ölkə arasında 180-ci yeri tutmasında heç şübhəsiz tikintiyə başlamaq üçün icazəyə bəzən milyonlarla manat rüşvətin tələb olumnması əsas yerlərdən birini tutub.

Gömrükdə yığılan rüşvətdən isə hər kəsin xəbəri var.

Bu faktların Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən fiksə edilməsi isə Azərbaycan hakimiyyətinin anti-korrupsiya şou-tədbirlərinə beynəlxalq ictimaiyyətin də inanmadığını ortaya çıxarır.

Eyni zamanda hakimiyətin ölkədə yüksək biznes mühitinin olduğu barədə iddialarını, xarici investorlara çağırışlarını heç edirir. Hansısa ölkəyə kapital yatırmaq istəyən ciddi investorlar bu hesabatları nəzərə alır.

Sonda qeyd edək ki, son vaxtlar beynəlxalq təşkilatların həm siyasi, həm də iqtisadi hesabatlarında Azərbaycan hakimiyyəti rüsvay edilir. Saxtakar, korrupsioner adlandırılır. Belə getsə hakimiyyət təmsilçilərini sivil ölkələrə buraxmayacaqlar.

Murad

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar