GƏNCLƏR VƏ ADRENOXROMA ÖYRƏNCƏLİ QOCALAR...

Əbülhəsən ABBASOV

Fəlsəfə elmləri doktoru, professor

Ümumdünya tarixinin səhifələrini diqqətlə vərəqlədikcə, əbədi bir həqiqətin şahidi oluruq: sərt dönəmlərdə bəşəriyyəti xilas edən, onu yeni bir mövcudluq və inkişaf istiqamətinə yönləndirən FƏLSƏFƏ olub.

Öz zəmanəsi üçün aktual və zəruri olan hansısa fəlsəfi biliklər sistemi siyasi, sosial-iqtisadi, hüquqi, etik-estetik və əxlaqi şüura öz təsirini göstərib, təfəkküri korreksiya işini aparıb, elmi refleksiyaya yenilik gətirib, düşüncə və fəaliyyət müstəvilərini təzələyib, siyasət və dövlət adamlarını, habelə insan kütlələrini yeni bir reallaşma vektoru üzrə hərəkətə sövq edib.

Tarixdə şəxsiyyətin və yaxud da xalq kütlələrinin rolu məsələsinə gəldikdə, biz bu həqiqəti unutmamalı, onun prizmasından hadisə və prosesləri, ayrı-ayrı tarixi şəxsiyyətlərin, sinif və sosial təbəqələrin, ümumən, xalqların fəaliyyətini dəyərləndirməliyik. Məhz bu prizmadan tarixə nəzər salıb, adekvat təhlil və ümumiləşdirmələr apararaq, başlıca səbəb və aktorları, hərəkətverici amil və qüvvələri, inkişaf mexanizmlərini aydınlaşdıra, nəyin və ya kimin “pis”-“yaxşı” olduğunu qiyməyləndirə bilərik. Bunun özü elə “fəlsəfi yanaşma” sərgiləmək deməkdir.

Əfsuslar ki, çox vaxt (xüsusən də elmi-nəzəri cəhətdən yetkin olmayan cəmiyyətlərdə!) belə olmur – təhlil və qiymətləndirmə hansısa etibarlı fəlsəfi zəminə söykənmir: ya daha çox hakim mövqeyə xidmət edən, çeşidli dividentlər gətirən siyasi-politoloji müddəalardan, ya da elə bu müddəalara əks olan, onların ziddinə işləyən, mütləq təkzibetmə üzərində qurulan ideologemalardan çıxış edilir.

Diqqətlə və konkret faktlara istinadla təhlil etsək, görərik ki, hər iki yanaşmada heç də aparacı stimul-motiv Həqiqətaxtarışından, onu aşkarlayaraq Haqq-Ədalətə doğru hərəkətdən, hansısa yeni, özündə öz yaşam mənbə və impulslarını, yəni, pozitiv özünütəşkilatlandırma və özünüidarə gücünü daşıyan sosium inşa etməkdən ibarət deyil. Hər ikisində başlıca olan budur – xüsusi subyektivliyi ödəmək, yəni, şəxsi və qrup maraqlarını təmin etmək və bu səbəbdən də “tezbazarı” dividentlər gətirən keçici düşüncə-əməl konqlomerantını möhtəşəm, sarsılmaz, əbədi bir ideoloji sistem kimi təqdim etmək, ona sakrallıq, universallıq, ümummillilik donu geyindirmək, alilik və müqəddəslik görüntüsü verməkdir.

Belə olan halda, qaçılmazdır ki, ümummilli mahiyyətli (məsələn, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı, xalqın bütün yaradıcı kəsim və elementlərnin potensial gücünü balanslaşdıran kinetik vahidliyin yaradılması kimi və s.) problemlərin həlli dalana dirənsin, keçici-subyektiv amil və determinantlar üzərində şiddətlənən, milli resursları israf edən, cəmiyyətin bütün həyat sahələrini destruksiya və deqradasiyaya sürükləyən, klan-mafiya çarpışmalarına rəvac verən iqtidar-müxalifət mübarizəsinin güdazına getsin. Necə də ki, gedir! Keçən əsrin 80-ci illərinin sonralarından başlayaraq. Ümumi ictimai proses (siyasət də daxil olmaqla) başqa cür gedə də bilməzdi, çünki “Tam” statuslu olmalı strateji Yeniləşmə ArzusuÜmummilli Dava, istər-istəməz, öz pyedestalından, yüksək-ali mövqeyindən endirilir, “hissə”lərin şıltaqlığına, bir-birinə hiylə qurub divan tutmasına, onların populizminə, kimlərinsə “lider”lik, “öndər”lik azarına, hakimiyyət əldə etmək və yaxud da hakimiyyəti əldə saxlamaq eşqinə dözməli olurdu.

Mənfi işarəli-yüklü bu siyasiləşmə indi də davam edir, bəlkə də, daha ədəbsiz, amansız və şiddətli formada.

Bir sözlə, bu gün də “Tam”ın müqəddaratı, onun taleyi “hissə”ciklərin hökmü, hoqqabazlığı, qarşılıqlı nifrət və aqressivliyi, durmadan artan təfəkkür, əxlaq deformasiyaları altında inildəyir. Bunun da adını bir çoxları, məsuliyyətsizcəsinə, zəruri-normal siyasi mübarizə qoyurlar, hətta arabir ictimaiyyətin başını “siyasi dialoq” və “birləşmə” oyunları ilə qatırlar. Dünyanın gedişindən, ölkə və xalqların tarixindən, dövlətləşmə və millətləşmə təcrübəsindən, ümumən, fundamental elmi, fəlsəfi və siyasi biliklərdən bixəbərlər, düşüncə və qəlb tutumunda zərrəcik qədər ədalət, mərifət, vicdan hissi olmayan bəzi siyasi fiqurantlar isə hətta tez-tez bu cür içiboş, zaman-məkan müstəvisində konkret ölçülüb-biçilməmiş şüarlar səsləndirirlər: müxalifətin olması demokratik cəmiyyətin zəruri tələbidir! Və yaxud, deyirlər: hakimiyyətə iddia və hakimiyyətə sahiblənmə hər bir siyasi partiyanın, siyasətçinin başlıca vəzifəsidir!

Bəli, məhz siyasi hakimiyyəti əldə etmək və yaxud onu əldə saxlamaq məsələsi aparıcı, ən önəmli məqsəd-mərama çevrilir və bu qismdə “Tam”ın varlığına hakim kəsilir, onun mükəmməl funksionallığını, daxili üzvi strukturlaşmasını alt-üst edir. “Tam” nəinki xarici aləmlə qarşılaşmada, elə cəmiyyətdaxili təmas və münasibətlərdə də get-gedə daha çox zəifləyir və acizləşir. Əslində, o, bir yoxluğa, heçə çevrilir, formal olaraq cəmiyyəti, dövləti, xalqı təmsil və ifadə edir.

Təbii ki, belə siyasiləşmə-dövlətləşmə mühitində, daxili və beynəlxalq arenada millətin rəsmi sözçüləri, onun, guya, taleyinə yanıb, qayğısını çəkənlər, bəribaşdan Allahın cəzasına mübtəla olaraq, hətta “doğma” dildə normal danışıb-yazmağı bacarmırlar. Mən heç bəyəniləsi fikir generasiyasından, samballı təfəkkür nümayişindən danışmıram! Aydındır ki, çeçidli intellekt qüsurlarının daşıyıcıları olan belə ölkə təmsilçiləri ustalaşmış hiyləgərlər, Lavrov kimi xarici işlər naziri qarşısında özlərini yalnız aciz vassal, ələbaxan quzu kimi apara bilərlər. Budur sərsəm ikitirəliyin (çoxtirəlik də demək olar!), İlahidən, Elmdən və Mənəviyyatdan qidalana bilməyən yanlış yol-cığırların verdiyi məhsul, “Tam”ın müqəddaratını xüsusi subyektivlikdən doğan “hissə”ciklər partikulyarizminin qurbanına çevirməyin nəticəsi!

Əlbəttə, demək olmaz ki, bu iki yanaşma-axınlar öz tutumu, məzmun tərkibi və təmsilçilərinin insani-şəxsi keyfiyyətləri baxımından tamamilə pozitiv elementlərdən, ülvi istək və arzulardan xalidir, riyaziyyatçılar demişkən, boş çoxluqdur. Yox, qətiyyən belə deyil. Lakin məsələ ondadır ki, bütün bu pozitiv elementlər, təbii zoğlar total hökmranlığa malik “başlıca olan”ın diktəsi, mütləq basqısı altında mövcudluğa məcbur və məhkumdur. Pozitiv işartı və elementlər, necə deyərlər, dəmir-beton örtüyünü deşib, üzə çıxa bilmir. Hətta ən acınacaqlısı, bu örtükaltı mühitdə onlar (əksəriyyət mənasında) getdikcə, aylar-illər keçdikcə, daha çox öz poztiv mahiyyət və təyinatlarına deyil, günbəgün artan və güclənən, hakim mövqelərini bərkidən neqativlərə (nəfsə, tamaha, acgözlüyə, mənfəətdarlığa, vəzifəpərəstliyə, insafsızlığa, məkrə, fürsətçilliyə, yalan və riyakarlığa) xidmət etməli olurlar. Psevdo-demokratiyanın ortaya qoyduğu didişmə-çəkişmənin, “sosialist yarışması”nın məhsulu bundan artıq ola bilməz!

Burada iki-üç, dörd-beş məmurun həbs edilməsi, yaxud da ayrı-ayrı siyasi fəalların ram edilməsi, cəzalandırılması, əlbəttə ki, köklü fayda verib, vəziyyəti düzəldə bilməz. Çünki başlıca olaraq, ortada rəhbər tutulan optimal düşüncə və fəaliyyət fəlsəfəsi, yəni, etibarlı praksiologiya yoxdur. Bir az türkçü, bir az islamçı, bir az liberal və yaxud sosial-demokrat kimi var-gəl etmək, “yaxa cırmaq” hələ zəmanənin tələblərinə cavab verən praksiologiyaya sahib olmaq demək deyil. Vacibdir ki, belə bir praksioloji zəmində sistem özü, onun tərkib məzmunu, struktur-funksional təşkili və idarə olunması operativ və sistemli tərzdə, vaxtı və resursları itirmədən köklü surətdə dəyişsin, yeni şaquli-üfüqi əlaqə və nisbətlər şəbəkəsi işləsin, ictimai həyat sahələrində məzmun-mahiyyət daxilən yeniləşsin. Bunun üçünsə, sadəcə, istək-arzu və siyasi iradə yetərli deyil, kifayət etməz, dəfələrlə yazdığım kimi, ilk növbədə, zəmanənin tələblərini ödəyən, cəmiyyətin arzularına dəsdək olan və perspektivə yol açan sinergetik və fövqəl-praqmatik gücə malik sistemləşmə, özünütəşkilatlandırma və idarəetmə fəlsəfəsi rəhbər tutulmalıdır. Elə fəlsəfə ki, milli, etnik, dini hisslərin istismarı, tarixi şəxsiyyətlərin adından və nüfuzundan subyektiv məqsədli sui-istifadələr, yalançı vətənpərvərlik nümayişi hesabına yox, fundamental bilik, intellekt möhtəşəmliyi, ağır zəhmət, böyük məsuliyyət və vicdan, hətta deyərdim ki, fövqəl insanpərvərlik hesabına başa gəlir. Bünövrəsindən işıq saçır, insanlığa, ağıla, ədalətə, alicənablığa rəvac verir, “Tam”ın ruhuna həmahəng nəfəs alır. Bu fəlsəfənin məsləki aqressiya, fitnə-fəsad qazanı qaynadıb, kimlərisə yer üzündən silmək deyil, fəzilətlərə dəvət etmək, yaxşı olanı öyrətmək, bütün yaradıcı tərəflərə, təbii maraq daşıyıcılarına fəallıq və fəaliyyət imkanı vermək, gənclik enerjisini gücləndirmək və həmişə ayaqda saxlamaq, yalnız insanlığı, mərhəməti, sevgi-məhəbbəti artıran mətləblər uğrunda yarışın məqbulluğunu aşılamaqdır!

Amalı-ruhu işıqlı, idraki aləti-arsenalı müasir olan, ilahi məntiqlə yaşayan belə Fəlsəfə təməlindən Haqqa-Ədalətə qulluq etdiyindən, Həqiqətə açıq və həssas olur, dəqiq desək, Həqiqətin ən yaxın doğması, dostu və silahdaşı qismində fəaliyyət göstərir. Vəzifədən, rütbədən, maddiyyatdan doğan öhtəliklərə deyil, Həqiqətin özünə, yəni, İlahi Ölçülərin aşkarlanıb-tanınmasına, gözlənilməsinə və İnsan Ruhunun intibahına xidmət edir. Fəlsəfə, Həqiqətlə yaşayırsa, ondan nəfəs alırsa, deməli, Böyük Elmə girişi var, müttəsil olaraq ondan qidalana bilir və öz növbəsində, həmin Elmə öz töhfəsini də verir. Bütün mühüm elmi-texniki və texnoloji tərəqqi də tarixən məhz bu məcrada reallaşıb. Sadəliyi qədər də möhtəşəm bu dialektika hesabına bəşəriyyət indiyə qədər yaşayıb, fəlakət və tamamilə məhvolma kanallarına düşməkdən yayınıb. Elə ona görə də tarixi prosesin gedişinə yardımçı olmuş, ciddi töhfə vermiş mütəfəkkir tipli nadir şəxsiyyətlər, alim və filosoflar, qurucu dövlət adamları yaddaşlarda qalıb və rəğbətlə xatırlanır. Onların hamısı, əvvəldən axıra kimi, məhz “Tam”a xidmət ediblər. Və bu hesaba da bütün tərəflər, sosial-siyasi qruplar, ictimai həyat iştrakçıları üçün dolğun, mənalı yaşamaq və fəaliyyət göstərmək imkanı, şansı və şəraiti yaradıblar, yəni, “hissə”lərin də müqəddaratına ən müsbət mənada təsir göstəriblər.

Misal çəkib, nümunələr göstərmək üçün özümüzü çətinliklərə salmayaq, kifayətdir ki, parlaq fəlsəfi qüdrətindən, elmi və texniki-texnoloji yeniliklərindən, ədəbiyyat, mədəniyyət və incəsənət məhsulundan, özümüzə hesabat vermədən, faydalandığımız qabaqçıl Avropa ölkələrini, ABŞ-ı, Yaponiya və Cənubi Kreyanı, Sinqapur, Tayvan və Yeni Zelandiyanı, nəhayət, son onilliklər boyunca davamlı inkişaf edən Çin Xalq Respublikasını göz önünə gətirək. Danimarkalının, isvecrəlinin, holland və finlandiyalının, ingilis, alman və fransızın hansı səbəblər üzündən xoşbəxt yaşadıqları, onların, həqiqətən də, insan hüquqlarına hörmət edildiyi barədə düşünək.

Bu xoşbəxt Allah bəndələri, bəlkə, ona görə bu səviyyəyə yüksəliblər ki, millətləşməni, dövlətləşmə və sosiallaşmanı (onilliklər boyunca açıq-aşkar haramçılığa, əliəyriliyə, yırtıcılığa və xaricdən diktə edilən “senyor” göstərişlərinə dözərək) yalançı-talançı “alim”lərin, “siyasətçi”lərin qartımış-qanqallaşmış, alaqotu basmış “təfəkkür ümmanı”nda baş girləməklə, marazmatik sayaqlamalardan ibarət “paradiqma” əsasında həyata keçirməyiblər. Ümid verməyən yerdə dürr axtarmayıblar. Xatırlayırsınızmı, rəhmətlik Rəsul Rza deyirdi: “Baş vurmuşam ümmanlara, dənizdə dürr axtarmışam”.Onlar elmə, ədəbiyyata, incəsənətə daraşıb özlərinə “ağ gün” yapanların zuy tutanları olmayıblar, professional hərbi savadı və silsilə qələbə-töhfəsi, danılmaz xidmətləri olmayanlara general rütbəsi verməyiblər, xudbinliyi, özünəvurğunluğu, vəzifə-sərvət azarı bütün limitləri keçmiş “əvəzolunmaz” qocaların təmtəraqlı şəxsi-ailə həyatı, tükənməz tamahı naminə gəncləri gözümçıxdıya, məşəqqətlərə salıb intihara, yurdunu tərk etməyə, demoralizasiya, destruksiya və deqradasiyaya sürükləməyiblər!

Allahın bu sevimli bəndələrində, “Tam”a qibtəedici sayğı, məhəbbət olduğundan, kollektivdə çalışan bir əməkdaş digər həmkarının ondan pis işləməsini, geridə qalmasını istəməz, əksinə, yaxşı işləməsində maraqlı olar, ümumən “Tam”a verilən gözəl nəticələrə sevinər, bundan fərəhlənər. İlahi Ədalət də, bu səbəbdən, belə bəndələri daha çox sevər, onlara hərtərəfli yardımçı olar. Siyasətçiləri də bu ali-müqəddəs düsturla hərəkət edərlər. Siyasətçi, onu günbəgün Allah yolundan uzaqlaşdırıb, deqradasiyaya məruz qoyan, əzəldən-axıra daxili düşmənçilik, aqressivlik psixozu formalaşdıran “sosialist yarışı” formulu ilə fəaliyyət göstərmir. Hətta başqa siyasi düşərgədə fəaliyyət göstərən rəqibinə səhvlər buraxmasını, “brak” istehsal etməsini arzulamır, çünki anlayır ki, buraxılan hər bir siyasi səhv, atılan yanlış addım, son nəticədə, “Tam”ın itkisi, faciəsidir, onun, deməli, Vətənin, Dövlətin, Millətin, Ana Torpağın yaralanmasına, şikəstliyinə səbəb olan başlıca amildir. Siyasətçi alicənablığı özünü onda göstərir ki, amal-ideallarınının reallaşması prosesi kimlərinsə qəbahətləri, səhvləri, tələyə düşməsi, çıxdaş olması vektoru üzərində qurulmur, ideya-idealların öz məzmun tələbləri, ilhamverici fəlsəfi determinantları, ali məqsəd və vəzifələrin hökmü altında həyata keçirilir. Gur işıq saçan mayaq rolunu hansısa “hissə”ciyin şıltaqlığı, sarsaqlığı, səfehliyi yox, “Tam”ın dolğunluğuna, kamilliyinə xidmət edən MƏNAnın özü oynayır. Bu, həmçinin, şəxsi keyfiyyətlər və peşəkarlıq hazırlığı baxımından siyasətçinin kübarlığı, aristokratlığı deməkdir. Aristokratlıq qəbahətlər toplusundan, məna ölçüləri ilə hesablaşmayan zövqsizlikdən ibarət ola bilməz! O, göydəndüşmə, əzabsız-əziyyətsiz başa gələn, yalnız bioloji-irsi güclə ötürülən keyfiyyət də deyil!

Ümumiyyətlə, kübarlıqdan-aristokratlıqdan uzaq siyasətçi heç vaxt və heç yerdə sivil, mütərəqqi cəmiyyət inşasında yararlı olub, fayda verə bilməz. Onun fəzilətlər aşılayan dəftər-kitabının, mərifətli siyasi fəaliyyat düsturunun, özündən kənarı insancasına düşünmək qabiliyyətinin olması mümkün deyil. Özünə zahiri ciddilik, sanballılıq görkəmi verib, səhərdən axşama kimi populistcəsinə mənasız çıxışlar edə, yetkinliyi kövrək olan yüzlərcə insanın şüurunu zəhərləyib, onları siyasətbazlığa, demokratiya uğrunda psevdo-mübarizəyə sürükləyə bilər. Ancaq son nəticədə, yekun məhsul bədnam trollar dəstəsinin yaranmasından, dünyanın müxtəlif nöqtələrindən biabırcasına hay-küy salıb, xalqa və dövlətə ziyan vuran, xəcalət yetirən bədbəxt “fəal”ların fəaliyyətindən, siyasətbazlığa qurban gətirilmiş, varlığı alt-üst edilmiş, acınacaqlı həyatın məngənəsində sıxılan gənclərin sındırılmış talelərindən ibarət olacaq. Ürəyiniz ağrımırmı, cənablar, budurmu siyasət və siyasi ideoloqluq!? Budursa, görəsən, tarix boyunca nəhəng fikir adamları, dahi mütəfəkkirlər, görkəmli dövlət xadimləri və siyasətçilər nədən ötrü ağır zəhmət çəkib yazıb-yaradıblar, fundamental nəzəri-praktiki nümunələr ortaya qoyublar? Sizə bu bəşəri xəzinədən bəhrələnməyə Allah izn verməyibsə, siyasətdə, idarəetmədə nə işiniz var? Şəxsi acınızı-qaranızı çıxartmaq üçün yığışmısınız? Heç olmasa, bu böyüyən nəsilə, gənclərə yazığınız gəlmir? Allah sizi bu hisslərdən də məhrum edib?!

Bu yerdə, gənclik məsələsinə gəlmişkən, hələ də ictimai həyat tərzlərini lazımınca dəyərləndirə bilmədiyimiz ingilislərdən bir nümunəvi misal çəkmək istərdim. Hər halda, xoşbəxt olub, tərəqqiyə qovuşmada xalqın-millətin öz xarakterinin nə kimi gücə malik olmasını daha adekvat anlayarıq. Beləliklə: XVII əsrdə İsaak Barrou adlı istedadlı, olduqca məshuldar riyaziyyatçı, fizik, teoloq yaşayıb (oktyabr 1630 – may 1677). Xaraktecə həddən ziyadə təvəzökar, təmənnasız, yaradıcı enerjili və cəsarətli bu alim, bəşəriyyətə verdiyi bütün töhfələrindən əlavə, latın, yunan və ərəb dilini bildiyindən, qədim riyaziyyatın, demək olar ki, mükəmməl salnaməsini hazırlayıb, Evklid və Arximedin, Apolloniy və Feodosinin, Yaxın və Orta Şərq riyaziyyatçılarının əlyazmalarını, külliyatını toplayıb, araşdırıb-çeşidləyib, sistemləşdirib və öz mükəmməl şərhilə nəşr edib. Üstəlik də, İsaak Nyutonun müəllimi olub, belə bir qüdrətli dahinin formalaşıb, ortaya çıxmasına hər cür köməklik göstərib. İndi isə, özünüz diqqət yetirin, nəticə çıxardın: 39 yaşında olan həmin bu Müəllim (1669-cı ildə) şəxsi arzu-təkidilə öz halal yerini yetirməsi – 27 yaşlı İsaak Nyutona təhvil verir!!! “Nyuton kimi bir alimin olduğu halda, mən müdir vəzifəsini daşıya bilmərəm!” deyir. Budur, cənablar, əsl vətənpərvərlik, insanlıq, dövlətə və xalqa, elmə, haqqa-ədalətə, “Tam”ın varlığına və əhəmiyyətinə hörmət! Budur milli möhtəşəmliyin, ingilis bayrağının yenilməzliyinin başlıca səbəbi!

Əlbəttə ki, belə bir millət özünə heç vaxt rəva bilməz ki, “Romeo və Cülyetta” əsərini səhnələşdirərkən baş rolları gənclik təravətini itirmiş, artıq nəvə-nəticə arzusu ilə yaşayan aktyorlara tapşırsınlar, çünki Şekspirin özü qədər də ruhun müqəddəsliyini, etik-estetik zövqü, məntiq qüdrətini ifadə edən Mənaya, Mahiyyətə, Tama səmimi hörmət bəsləyirlər.Mümkün deyil ki, biz etdiyimiz kimi, Nizami və Füzulinin misilsiz zəhmət çəkib tərənnüm etdikləri gənclik eşqini, enerjisini, sevgililərin ülvi məhəbbətini qəddarcasına heçə endirib, riyakarcasına peşəkarlıqdan, abır-həyadan, yetkinlikdən dəm vursunlar. Belinə kəmərgəlməz gombullaşmış, ağırçəkili aktyor-xanəndələri səhnəyə çıxarıb absurd alqışlar gurultusunda ümidlərlə yaşayan istedadlı yeniyetmələrin, gənclərin çırağını söndürsünlər, onları gerontokratik dünyagörüşünün qurbanına, əhlikef qocaların məzələnmə-şellənmə istəyinin obyektinə çevirsinlər. Mədəniyyəti (təkcə mədəniyyətimi?) “stop”u ibtidaisindən şikəst olan adamların ümidinə buraxıb, seyrçi mövqedə qalsınlar.

Keçən il dünyasını dəyişmiş dünyaşöhrətli rejissor Franko Zeffirellinin ağlına gələ bilərdimi ki, “Leyli və Məcnun” operasında, bizim sərgilədiyimiz bədnam nümunədə olduğu kimi, Romeonun rolunu ataya, Cüllyettanın rolunu elə o atanınqızına versin?! Necə, bəyəm, səsi-istedadı olan qız, oğlan qəhətdir! Mütləqdir ki, gənclik eşq-alovunun ocağına insest gərməsi tıxaclayasan!? (Məncə, mədəniyyət naziri və mənəvi-ideoloji sahəyə cavabdeh yüksək ranqlı şəxslər, ən azından, elə o yaramaz “mədəniyyət” hadisəsinə görə vəzifələrindən getməliydilər). Xatırladım ki, həmin F. Zeffirellinin 1968-ci ildə ekranlara çıxmış və ömürlük dünya şedevri adını qazanmış filmində (İngiltərə-İtaliya istehsalı) Romeonu 16 yaşlı Leonard Uaytinq, Cülyettanı isə 15 yaşına təzəcə keçmiş Oliviya Hassi oynayıb. Əsər-faciənin bundan əvvəlki (1954) və sonrakı ekranlaşdırma nümunələrində də (1996, 2011, 2013) bu etik-estetik prinsip, mənaya hörmət tələbi gözlənilib. Bilirəm, bu yerdə bizim indiki atəşin mənəviyyat keşikçiləri əndişələnib, nalə qopara bilərlər. Bu cür “abırsızlığa” rəğmən, ingilislərə, lap Zati-aliləri kraliçanın özünə puritanlıq, sadəcə desək, paklıq-təmizlik dərsi keçməyə girişərlər.

Nə demək olar, görünür, qəbahət-fəzilət ölçülərimiz dünya standartlarına uyğun gəlmir! Ya da ki, Allahın bəxş etdiyiyaradıcılıq libidosunu (primitivlik, bayağılıq və qeyri ciddilikdən!) uşaqlıqdan o qədər başıpozuq, eybəcər hala salırıq ki, insan yaşa dolduqca həmin bu libido tarazlaşıb-rahatlaşıb müdrikləşmə yolu tutmaq əvəzinə elə hey yeniyetmələrin-gənclərin payına göz salır, lap belə “adrenoxrom” deyilən “həyat eliksiri”nə ehtiyaclı olur. Adrenoxromu da, bilirsiz, dəhşətli, ağlasığmaz dərəcədə işgəncəyə, o cümlədən seksual təcavüzə məruz qalmış körpələrin, uşaqların qanından əldə edirlər. Vallah, mən hərdən idarəetmə strukturlarında, cəmiyyətin müxtəlif həyat sahələrində gənə kimi ilişib qalan, pozğun libidosu çoxdan başını Şərin qapısına yönəltmiş bu təmtəraqlı “ağsaqqalları”-“ağbirçəkləri” adrenoxroma dadanmış kəslər kimi qavrayıram. Üzürlü sayın, onilliklər boyunca davam edən absurda, məntiqsizliyə, elm, mədəniyyət, incəsənət və idarəetmə adından özünə superpeşəkarlıq, əvəzolunmazlıq görkəmi verib, yaradıcı gəncliklə, möhtəşəm əsərlərin özü ilə məzələnmək vərdişinə-ənənəsinə, sadəcə, ad qoymaq, tərif yapmaq çox çətindir! Adam nalə çəkib, “Karaul!” deyə, qışqırmaq istəyir.

Nəzərə alanda ki, bu əvəzolunmaz yaşlıların əksəriyyəti, başıpozuq libidonun hədsiz qüsurlu olduğundan, elə cavanlıqlarında da üz ağardası bir fəaliyyət göstərib, ictimai fayda verməyiblər, gözləməkdən bağırı çatlayan gəncləri qınamağa yer qalmır. Başa düşürəm, idarəetmə və siyasətdə, başqa həyat sahələrində yaşlılara yer var və olub da, ancaq onlar, necə deyərlər, nadir nüsxələrdir – tək-tək dünyaya gəlirlər, gələndə məxsusi parlaq istedad, böyük yaradıcılıq və fədakarlıq potensialı hesabına, təbii ki, ömürlərinin sonuna qədər məhsuldar və ictimai xeyir verən olurlar.Belələri, bir qayda olaraq, heç vaxt məsul vəzifə tutmaq arzusu ilə yaşamırlar, arxadan gələn nəfəsi duyur, gənclərə yol açıb, yer verməyə tələsirlər. İnsanlar, cəmiyyətin özü onlara ehtiyaclı olur, qalıb işləməsini istəyirlər.

Bugün belə fikir var ki, naəlac bəndələrin görə bilmədikləri işi Allahın ərməğan etdiyi koronavirus yerinə yetirəcək, yəni, yaşlıları – bir-bir, kom-kom aradan götürəcək. Özüm də, yaşa görə, çıxdaş olmalılar siyahısında olsam da, inanın, gənclərin bəslədikləri ümidi tam anlayıram. Açığı, xeyli dərəcədə də dəstəkləyirəm. Ümumiyyətlə, biz yaşlıların (hansısa vəzifə tutmaqdan asılı olmayaraq!) törətdiyimiz əməllərə, yaydığımız mənəvi xəstəliklərə, şikəst etdiyimiz elmi təfəkkürə, dağıtdığımız milli-mədəni və maddi sərvətə, eybəcərləşdirdiyimiz idarəetməyə, addımbaşı boğduğumuz qəlb-ruh azadlığına görə indiki və gələcək nəsillərin qarşısına ağ üzlə çıxmağa, yaşamağa haqqımız varmı!? Pərakəndə və “topdan” gördüyümüz iş, qoyduğumuz irs, cızdığımız yol-iz nədən ibarətdir? Gənclərə şiddət yedizdirmək, laqeydlik və daşürəklilik göstərib, divan tutmaq, xoşbəxt yaşamaq, çalışmaq və sevib-sevilmək imkanını əlindən almaq!? Qoy, Allah özü qiymət verib, hökm çıxartsın!

Deyəsən, Mstislav Rostropoviçin vaxtilə hədiyə etdiyi vaksinlərdən sonra biz, ümumiyyətlə, əməlli-başlı dünya standartları, bir sözlə, Ölçü deyilən şeylə bütün əlaqələri kəsmişik. Nəinki haqqın-ədalətin, ən elementar məntiqin, ən cüzi ölçü tələblərinin başına daş salmışıq – hamılıqla, bir yerdə! Kefdəyik, dəlioğlanlıq edirik, “kayf” alırıq, “komfort zolağı”ndayıq, hələ bir durmadan demokratiyadan, söz azadlığından, fikir müxtəlifliyinin vacibliyindən danışırıq, bir-birimizə qarşı kompromat, dəlil-sübut toplayırıq, statistik rəqəmləri saf-çürük edirik! ATƏT-i, AŞPA-nı, AB-ni bir-birinə qatırıq!Sanki, bu qurumlar üzərimizə öhdəlik qoyub ki, supermaterialist dünyagörüşündən doğan vəzifəpərəstlik və sərvət toplamaq azarını yeni-yeni nəsillərə ötürək. Barrou kimi nəinki 39 yaşında kiməsə yerimizi verəsiyik, heç 60, 70, 80 yaşı arxada qoyandan sonra da “mötəbər kürsü” ilə vidalaşmaq istəmirik, ondan dördəlli yapışırıq. Həttə əlacsız qalıb, ali iradənin tələbi əsasında yüksək vəzifəni tərk edəndə də, ölkə başçısının hədsiz humanizminə sığınaraq, mütləq hardasa, başqa bir yerdə rəhbər vəzifəyə göz tuşlayırıq.

Cənab prezident vaxtaşırı xəbərdarlıq edir, sivil və tam anlaşıqlı qaydada mesajlar verir: öz xoşunuzla getsəniz, etiraz etmərəm, pis-yaxşı işləmisiniz, sağ olun, artıq yaşlaşmısınız, yorulmusunuz, cavanlar idarəetməyə gəlməlidir; islahatlar yeni enerji, yeni potensial tələb edir! Yəqin ki, prezident belə düşünür və güman edir ki, onu bu cənablar eşidəcəklər. Ancaq nəsə tərpəniş yoxdur, gedəsi məmurlar sprut kimi əl-ələ verib tam başqa həmlələrə girişirlər, sürprizlər ortaya atırlar. Görüb-duyan lap məəttəl qalır. Məsələn, “bu da cavan kadr, buyurun”, deyib, rayon icra başçısı vəzifəsinə və yaxud başqa bir məsul posta elə yetişməmiş namizədlər irəli sürürlər ki, onlara baxanda “starik”lərə şükr oxuyursan. Savad, idarəçilik qabiliyyəti bir yana, “cavan kadr”ın mənəvi kallığı, əxlaq-tərbiyə qüsurları bəribaşdan üzə çıxır. O dərəcədə ki, hətta ölkə başçısı qarşısında oturarkən böyük-kiçik yerini bilmir, tam xam olduğunu büruzə verir.

Düşünürəm ki, şəbəkələşmiş “ded”lər (qulluqlarında dayanan “molodoy”ları da işə qatmaqla!) bu cür həmlələri bilə-bilə edirlər, öz məkrli məqsədləri naminə: bununla həm özlərinin əvəzolunmazlıqlarını gözə soxurlar, həm də ölkə başçısını daha da özlərindən asılı etmək üçün yaxşıca sövdələşmədə olduqları müxalifət hay-küyçülərinə əlavə fürsət yaradırlar – deməzsənmi, “İlham Əliyevin özü bu tamaşanı qurub-quraşdırıb”! Xatircəm olun, baş vermiş hadisənin televiziyada nümayişindən dərhal sonra (ölkənin daxilindən də, xaricindən də!) yaranmış fürsətdən köpüklənən ağızlar açıldı, nə açıldı! Təşkil olunmuş hücumun yalnız bir hədəfi oldu – prezident İlham Əliyev! Prezident isə, yenə də, humanistliyinə salıb, dərinə getmədi, müxalifət ədviyyatlı “ded – molodoy” mafiya zəncirini vurub-dağıtmadı.Məncə, etsə, yaxşı olardı. Elə o fürsəti fürsətçilərin özünə qarşı istifadə edə bilərdi.

Nə deyim, bəlkə də, mənim bilmədiyim ciddi səbəblər var. Ancaq onu əminliklə söyləyə bilərəm ki, bu sprutlaşmış zəncir-şəbəkə hansısa xoşməramlı mesajlarla, sivil qandırmalarla idarəetmə səhnəsindən gedəsi deyil. Onun təmsilçiləri canavarı vegetarian edərlər, ancaq özününküləşdirdikləri var-dövlət bostanını, hökm-səlahiyyət verən məstolma məkanını öz xoşları ilə tərk etməzlər. “Tam” onlar üçün çoxdan yalnız şirə çəkmək, manipulyasiya, immitasiya və məzələnmə obyekti olub. İdarəetmədə ifrat narsisizm xəstəliyinə tutulmuşların məzələnməsi isə çox eybəcər və dəhşətli olur. Son nəticədə, bağışlayın məni, cəmiyyət pedofillərin əlindən yarıcan, aşağılanmış halda çıxmış uşağa bənzəyə bilər.

Söz yox, prezident İlham Əliyevin iradəsi, sistemli tədbirləri və xalqın hərtərəfli dəsdəyi sayəsində getməli olanlar gedəcəklər. Dövlətin və millətin maraqları, zəmanənin özü bunu tələb və diktə edir. Lakin elə o getməli olanlar tərəfindən cəmiyyətin canına hopdurulmuş deviant davranış tərzi, idarəetmə sisteminə qənim kəsilmiş asosial vərdişlər, qanundan kənar subyektiv motivli fəaliyyət qaydaları, xüsusən də rüşvət və korrupsiyaya meyllik xəstəliyi bir müddət özünü göstərəcək. Hamılıqca çalışaq ki, bu müddət qısa olsun, tezliklə bitsin. İşıqlı gələcəyə doğru fəallıq və fəaliyyətdə Allahın himayəsi-köməyi əskik olmasın! İnşallah, belə də olar!

635x100

Şərhlər

Elman 2020-06-25 15:18:57

Əbülhəsən müəllim sizi nə və ya kim məcbur etdi ki, batilə haqq donu geyindirməyə çalışırsız?

Tanish 2020-06-03 09:23:49

-----------

Samir 2020-05-24 19:21:56

Ebulhesen muellim bir vetenperver vetendash, ziyali kimi movcud olan problemleri cesaretle tehlil etmisdir.

Oxucu 2020-05-21 07:53:29

Müəllifi - hörmətli filosofun, alimin mediadakı məqalələrini izləyirəm. Oxuyram, təhlil edirəm. Lakin bu nəzəriyyədir, nəzəri mülahizələrdir. Bu problem və məzmunda fəlsəfi-nəzəri yanaşmalar xarici ölkələrdə də çoxdur. Maraqlansanız izləyə bilərsiniz. Bir məsələni qeyd etmək istəyirəm ki, politoloji-nəzəri, fəlsəfi-nəzəri, kulturoloji-nəzəri mülahizələr elmi baxımdan çox maraqlı olsalar da, bəzən cəmiyyətə, siyasi praktikaya və dövlət idarəçiliyinə təsirsiz qalır və yalnız nəzəri mülahizə, təhlil versiyası kimi maraq doğurur. Buna görə, xalqı, cəmiyyəti, onun İQ səviyyəsini aşağılamağa, təhqir etməyə dəyməz. Hər fəlsəfi-nəzəri təhlil cəmiyyəti dəyişmək, siyasi təcrübəyə təsir etmək iqtiradarına, siyasi-praktik effektə malik ola bilmir. Bu sahədə bir boşluq da siyasət praktiklərinin politoloji elmlərdən, fəlsəfi-siyasi təhlillərdən həmişə uzaq olmasıdır. Heç bir dövlət rəhbəri ölkəni filosofların siyasi təhlilləri, nəzəri mülahizələri əsasında idarə etmir.O ki qaldı Fazir Qəzənfəroğlunun fikrinə kökündən yanlışdır. Bu xalqda 100 il ərzində milli natamamlıq kompleksləri yaratmaqdan əl şəkin. Mirzə Cəlil, Sabir rus çinovniklərinə xoş gəlsin deyə bu xalqı gülüş obyektinə çevirdilər, onda "hamı yaxşıdır bizdən başqa" psixologiyası yaratdılar. İndi F.Qəzənfəroğlu kimiləri, digərləri milli natamamlıq kompleksi təlqin edirlər. Necə yəni xalq domino oynamağa meyllidir. Hər cəmiyyətdə domino oynayanlar, qumar oynayanlar da var, ziyalı, yaradıcı təbəqə də var. Belə şeylərə görə xalqın adından danışıb, onun ümumi şəkildə aşağılamağa, təhqir etməyə heç bir ziyalının mənəvi haqqı çatmır. Tənqidin fəlsəfəsi, yaxud fəlsəfi tənqid düşüncələrə, mövqelərə təsir edə bilər. Lakin çalışmaq lazımdır ki, biz zavallı xalqı "hamı yaxşıdır bizdən başqa" natamamlıq komleksindən qurtaraq, onda özünə hörmət və inamı bərpa edək. Bu milli natamamalıq komplekslərini biz xalqda yaradıcı ziyalılar, "cəhalətə qarşı mübarizə aparan" əslində bolşeviksayağı ideyaları təbliğ edən yazarlar yaratdılar. İndi də gərək alimlər, ziyalılar xalqımızın salındığı natamamlıq komlekslərini onun həyatından, düşüncəsindən, psixologiyasından silə bilsinlər. Daha bu kompleksləri dərinləşdirməsinlər. Bu problemlərin kökük xalqda milli natamamlıq kompleksindədir.

Azad Hüseyn 2020-05-18 21:05:34

Bütövlükdə bu məqalə olduqca möhtəşəmdir, maraqlı və əhəmiyyətli fikirlərlə zəngindir. Hətta oxuyanda adam çətinlik çəkir seçim etmədə. Fikirlər o qədər heyranedici, samballıdır ki, oxuduqca zövq alırsan. Gənclər-qocalar problemi də böyük ustalıqla işıqlandırılıb. Zəkanız daha qüdrətli, qələminiz daha kəsərli olsun, görkəmli filosofumuz.

İbrahim Rəsul 2020-05-18 20:41:41

Bu məqalənin çox gözəl, fundamental fəlsəfi zəmini var. Elə bu faktın özü alimin yüksək peşəkarlığının, istedadının əyani sübutudur. Məhz bu fundamental fəlsəfi zəmin imkan vermişdir ki, bir çox problemlərə işıq salınsın və onların həlli istiqamətində əhəmiyyətli fikirlər irəli sürülsün. Dəyərli filosofumuzu təbrik edir və ona dərin təşəkkürümü bildirirəm.

İlham Ə. 2020-05-17 21:45:17

Hörmətli professor Əbülhəsən Abbasovun məqaləsi ölkənin problemlərin təhlili və konkret həll yollarına veilməsinə həsr edilib. Müəllifin qeyd etdiyi kimi milli inkişaf üçün zəruri olan fəlsəfi baza, etibarlı praksiologiya, özünütəşkilatlandırma və idarəetmə metodologiyası məhz belə araşdırmaların nəticəsində formalaşır. Bu təhlil və təkliflər dərin, fundamental bilik, yüksək intellekt, ağır zəhmət, məsuliyyət, fövqəl insanpərvərlik hesabına başa gəlir. Alim vətəndaşlıq missiyasını yerinə yetirərək ağrılı problemlərin həlli istimətində təmannasız olaraq araşdırma aparmış, öz intellektual əməyinin bəhrəsini dövlətə və cəmiyyətə təqdim etmişdir. İndi bu incilər zərgər gözü ilə dəyərləndiməli, ümummilli inkişaf naminə onlardan bəhrələnməli, belə ideya daşıyıçılarının, millətin ən böyük kapitalı olan yüksək zəkalı insanların qədri və zəhməti dəyərləndirməli, hədər getməməlidir. Şəxsiyyətin tarixdə rolu təkcə siyasi və iqtisadi fəaliyyətlə əlaqəli deyil, həm də bu fəaliyyətə baza yaradan elmli təkliflərin təqdim edilməsi ilə müəyyən edilir. Biliklərə əsaslanan cəmiyyət quruculuğunda buna daha çox ehtiyac var. Azərbaycanımızın ayrı-ayrı sahələrində illər ərzində yığılmış problemlərin (siyasi, ideoloji, iqtisadi, elm-təhsil v.s.) həllini heç bir beynəlxalq təşkilat və ekspertlər adekvat araşdırıb, real təkliflər verə bilməzlər. Lalın dilini anası bildiyi kimi, ana vətənin də müəyyən səbəblərdən uzun müddət dilə gətirilməyən “lal dərdlərini”, onun həlli yollarını onun qeyrətli, elmli, vətənpərvər oğullar görə və cəsarətlə dilə gətirə bilər. Təəssüf ki, çox vaxt alim sözü, mütəxəssis rəyi nəzərə alınmayıb. Artıq silsilə səhvlərdən nəticə çıxarmaq zamanı çoxdan gəlib, belə tövsiyyələr təcili təhlil edilərək istifadə edilməlidir, yoxsa gələcək nəsillər bizləri qınayacaq.

feride 2020-05-17 18:27:20

daim aktual problem olan cemiyyetin sosial strukturu muxteli aspektlerden professor terefinden herefli tedqiq olunmuwdur

Rövşən Hacıyevə cavab olarq 2020-05-16 16:54:28

Əbülhəsən müəllim kimi şəxsiyyətlər, siz yazdığınız kimi, kifayət qədər olsaydı, ölkə bu vəziyyətə düşməzdi. Haramı halala qatmayın.

Rövşən Hacıyev 2020-05-15 11:56:23

Hörmətli professorumuzun məqalədə qaldırdığı məsələlər olduqca aktualdır və əslində prezident İlham Əliyevin apardığı kadr islahatlarına ziyalı dəstəyi kimi dəyərləndirilə bilər. Etiraf etməliyik ki, cəmiyyətimizdə Əbülhəsən müəllim kimi dəyərli ziyalılarımız kifatyr qədərdir, lakin təəssüf ki, insanlarımızın tərbiləndirilməsində, maarifləndirilməsində onların savadından olduqca az istifadə olunur. Burada KİV-nin üzərinə böyük məsuliyyət düşür. Efiri bayağı təfəkkürlü insanların əlindən qurtarmağın və onların Əbülhəsən müəllim kimi ziyalılarla əvəzlənilməsinin vaxtı artıq çoxdan çatmışdır.

Adil 2020-05-15 09:31:54

Şər əməllərə qarşı mübarizəyə dəstək olan bu dəyərli məqaini hər birimiz məlhəm kimi başa düşməliyik. Şər dedikdə yadıma Qədim Misir medriklərinin bir kəlamı düşdü, "ölkənin əmin-amanlığı ədalətdədir" "şəri düzəltməsən o ikiləşər"

Ilyas 2020-05-14 22:46:45

Cox deyerli professorumuzu urekden salamlayiram. Her gun, her saat, her deqiqe ozu uzerinde yorulmadan calisan Ebulhesen muellim bizim ucun bir mayakdir. Yeter ki, o mayaka dogru

Ilyas 2020-05-14 22:30:36

Esgerov

Adil 2020-05-14 22:11:26

Görkəmli filosofun məntiq və elm tutumlu məqaləsi də cənab prezidentin şər əməllərə qarşı apardığı mübarizəyə dəstəkdir,özü demişkən, deviant davranışların,idarəetmə sisteminə qənim

Rasim M. 2020-05-14 18:17:17

Çox dərin mənalı məqalədir. Lakin bu ideyalar bizim cəmiyyətin IQ üçün deyil. Bəlkə 10-15 ildən sonra .

Doğrudan da çox teessüf olsunı 2020-05-14 18:00:07

Cox teessüf ki,bele bir alimin güneşli işığından istifade edilimir.

Sahibə 2020-05-14 13:00:37

Hörmətli filosofun bu dəyərli məqaləsində çox problemlər təhlil edilir. İstərdim bu məqaləni sağlam düşüncəli insanlar oxuyub deyerləndirsin.

Məhəmməd Soltanoğlu Cəbrayılov 2020-05-14 12:32:23

Hörmətli professor Əbülhəsən Abbasovun məqaləsi problemlərin məntiqli və elmi izahı baxımından yüksək dəyərə malikdi.

Süleyman Arif 2020-05-14 11:18:15

Bu gün elə bir zərurət ortadadır ki, məhz Əbülhəsən Abbasov kimi istedadlı və alicənab ziyalılar söz deməli, yol göstərməlidirlər. Dəyərli alimi dəstəkləyir və alqışlayıram.

Toğrul M. 2020-05-14 07:35:18

Fazil Mustafa tamamilə düz yazır ki, bizdə insanlar oxumağa yox, loto və dominoya meyllidirlər. Belə olmasaydı görkəmli filosofun belə bir dəyərli məqaləsini minlərcə adam oxuyub rəy yazardı, müzakirələr aparardə. Çox əfsuslar olsun. Bu, hörmətli filosofun yazdığı kimi, deqradasiyanın bariz ifadəsi deyilmi!?

hüseyn 2020-05-14 06:55:47

Super, super, super! Möhtəşəm yazıdır. Mütləq oxuyun, diqqətlə!.Eşq olsun belə qüdrətli alimə!

Ilham 2020-05-13 13:14:10

Professor cemiyyetimizde movcud olan problemleri etrafli tehlil etmidir. Cox tessufler olsun ki, E.Abbasovun potensialindan ne iqtidar, ne muxalifet, ne vetendash cemiyyeti institutlari ne de AMEA istifade etmedi....

Məqaləyə uyğun sual 2020-05-13 12:06:12

Virusa rəqib institutun direktoru getdi. Buna ictimai reaksiya necə olmalıdır?

Son yazılar