Vurğun Əyyubdan Arif Hacılının qardaşına şok ittihamlar...

“Vaqif Hacıbəylinin tərbiyəsində ciddi problemlər var”

Müsavat qurultayından bir həftəyə yaxın müddət keçməsinə baxmayaraq narazılıq səngimək bilmir. Qalib və məğlub namizədlərin tərəfdarları arasında sosial şəbəkələrdə baş verən söz savaşı anbaan artmaqdadır. Artıq bu savaşa tanınmış partiya funksionerləri də qoşulub.

Başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun APA-ya müsahibəsində işlətdiyi “Əhrar partiyasında cəmi bir nəfər var” cümləsi yeni qalmaqalın bünövrəsini qoyub.

Yeni seçilmiş başqan Arif Hacılının qardaşı , Əhrar partiyasının sədri Vaqif Hacıbəyli də öz növbəsində facebookda yazdığı statusla Qubad İbadoğluya sərt cavab verib: “Tutaq ki, Əhrar partiyasında bir nəfər var. Nə olsun? Harada tapsan ki, mən iki nəfərin olduğunu demişəm, onda deyərsən ki, yalan demişəm. Əhrar partiyası ümumiyyətlə yoxdu, heç kağız üzərində də yoxdu. Başqa partiyaların möhürü var, bunun heç möhürü də yoxdur. Oldumu? Bitdimi? Rahatlanın”.

Vaqif Hacıbəylinin statusunda əsas narazılıq doğuran Müsavat başqanının keçmiş 1-ci müavini Vurğun Əyyubla bağlı olan bu fikirlərdir: “Mən 2003-cü ilin oktyabrında, hamının pərən-pərən düşdüyü o sitəmli günlərdə Müsavatı məhkəmədə təmsil edəndə, İsa Qəmbərin seçki qərargahına rəhbərlik edəndə, Müsavata qarşı yönələn hücumlara qarşı sipər olanda nə sən (Qubad İbadoğlunu nəzərdə tutur-red.), nə də sənə ələkçinin qılverənliyini edən Vurğun Əyyub üzə çıxmırdınız, qınınıza girmişdiniz. İndi sən mənə mənəviyyat dərsi keçəcəksən? Hansı haqla?”.

Vurğun Əyyub medianews.az saytına açıqlamasında Vaqif Hacıbəylinin xəstə olduğunu bildirib: “Vaqif Hacıbəyli xəstə adamdır. Tərbiyəsində ciddi problemləri var. Xəstə olduğundan dediyi yalanları bağışlayıram. 2003-cü ili xatırlasa yəqin ki, doğru cavab verər. Səhv etmirəmsə, oktyabrın ya 19, ya da 20-də müsavatçılarla birlikdə “Azadlıq” qəzetinin redaksiyasında idi. Onunla şəxsi münasibətimizdə heç bir problem olmayıb. Əgər başqanlıqda Arif Hacılını dəstəkləsəydim, indi Vaqif Hacıbəylinin dilindən tamam başqa sözlər eşidərdiniz”.

Vurğun Əyyub Müsavatdan istefa verəcəyi ilə bağlı dolaşan fikirlərə də aydınlıq gətirib: “Nə qərar verdiyimizi hər kəs görəcək. Mən hazırda Müsavatın üzvü kimi fəaliyyət göstərirəm”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar