BANKLARA İNANAQ, YOXSA İNANMAYAQ ? - Elman Rüstəmov yenə əhalini çaş-baş saldı


Azərbaycan Mərkəzi Bankının(AMB) sədri Elman Rüstəmovun keçirdiyi növbəti brifinq artıq adət etdiyimiz kimi, bank sektoruna dair mövcud olan suallara cavab verməkdən daha çox yeni suallar yaratdı. Yenə belə təəssürat yarandı ki, E.Rüstəmov bu vəzifəyə yeni təyin olunub və bank sektorunda indiyə qədər yığılıb qlmış problemlər ona kimlərdənsə miras qalıb...

Məsələn, AMB sədri bildirib ki, Azərbaycan bankları öz hesabatlarını təhrif edirlər və nəticədə banklar barədə real vəziyyəti bilməyən biznes bundan əziyyət çəkir. O, qeyd edib ki, hətta xarici təşkilatların da həmin banklarda keçirdikləri auditlər obyektiv olmur və nəticədə banklar real vəziyyətlərini əks etdirməyən hesabatlar yayırlar.

E.Rüstəmovun fikrinə görə, bütün banklar öz real vəziyyəti ilə bağlı göstəriciləri açıqlamalıdırar ki, istifadəçilərin real vəziyyətlə bağlı situasiyadan xəbəri olsun. “Biznesin bununla bağlı iradları doğrudur”-deyə baş bankir bildirib.

Bu açıqlamanı dəfələrlə təkrar-təkrar oxusaq da, bilmək olmur ki, AMB sədri kimdən kimə şikayət edir. Məgər banklar saxta hesabatlar verməsinin qarşısını almalı olan başlıca qurum Mərkəzi Bank deyil?

Ola bilsin ki, bununla AMB sədri məsuliyyəti ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasının üzərinə atmaq istəyir. Ancaq bir şey birmənalı şəkildə danılmazdır ki, heç bir bəhanə bank sektorundakı vəziyyətə görə cavabdehliyi geniş səlahiyyətlərə malik AMB-nin üzərindən götürə bilməz...

AMB rəhbərinin bu mövzu ilə bağlı qoyduğu “ son nöqtə” isə daha maraqlıdır: “Biz bununla bağlı ciddi tədbirlərə başlayacağıq”.

Təəssüf ki, brifinqdə iştirak edən jurnalistlərdən heç kim durub soruşmadı ki, “hələ tez deyil, Elman müəllim?”.

Sanki banklar bu qədər vaxtda əhali ilə “gizlənpaç” oynayıb, Mərkəzi Bankınsa bundan xəbəri olmayıb. Banklar neçə-neçə illərdir ki, vəziyyətlərinin yaxşı olduğuna dair saxta, şişirdilmiş maliyyə hesabatları təqdim edərək, müştəri cəlb edirlər.

Müstəqil ekspertlər və bir çox mətbu orqanlar isə bu problemlərin mövcudluğunu uzun illərdir səsləndirirlər. Bir sözlə, sanki bu problemi AMB-dən başqa hamı görüb və deyib. Banklara nəzarət funksiyası daşıyan Mərkəzi Bank rəhbərliyi isə özünü elə aparıb ki, sanki bu problemlər ona deyil, Kənd Təsərrüfatı Nazirliyinə aiddir.

Hansı ki, hər dəfə banklar üç-üç, dörd-dörd, yəni dəstə-dəstə bağlananda çoxlu sayda yiyəsiz sahibkarın və əmanətçinin pulları batıb və hazırda da batmaqda davam edir. AMB sədri isə hələ indi “biz bununla bağlı ciddi tədbirlərə başlayacağıq” deyir.

Əslində isə Mərkəzi Bank və Vergilər Nazirliyi çoxdan bankların yol verdikləri bu şişirtmələri üzə çıxararaq, onların real vəziyyətini ortaya qoymalı idilər. Əgər həmin tədbirlər vaxtında görülsəydi ölkənin bank sistemi daha sağlam olar və insanlar ona etimad göstərərdi, sahibkarlar vəəmanətçilər də bugünkü çıxılmaz vəziyyətə düşməzdilər.

Elə həmin brifinqdə 1995-ci ildən Mərkəzi Banka rəhbərlik edən E.Rüstəmov deyir: “Azərbaycan Mərkəzi Bankı (AMB) hələ ki, bank sektorunda tam yoxlama aparmayıb. Sektorda yalnız ilkin yoxlama aparılıb. Tam yoxlama olsa yəgin ki, məlum 4 bank (“AGBank”, “Amrah Bank”, “Atabank” və “NBC Bank”) kimi bankların sayı çox olar.”

Soruşan yoxdur ki, bəs bu “tam yoxlama” niyə indiyə qədər aparılmırdı?

AMB rəhbərinin sözlərindən belə çıxır ki, bağlanan banklar hələ çox olacaq. Ancaq digər yandan da bankların hesabatlarına dair belə fikir bildirir: “Onu da deyim ki, hazırda bankların saytlarında olan hesabatlara müəyyən qədər inanmaq olar”.

İndi nə edəsən, hansı açıqlamaya inanasan?

Birincisi, “müəyyən qədər inanmaq” nə deməkdir? Əhali ya bu banklara inanmalıdır, ya da yox.

İkincisi, baş bankir bir tərəfdən yoxlama aparılandan sonra bağlanmalı olan bankların sayının çox olacağını, digər tərəfdən də bankların yayımladığı hesabatlara “müəyyən qədər inanmaq olar” deyir.

Banklarınsa öz hesabatlarında əsasən vəziyyətlərinin az qala “əla” olduğunu göstərdikləri nəzərə alınsa, ortada ziddiyyət yaranır. Çünki bankların hesabatlarına “müəyyən qədər inansaq”, onda belə çıxır ki, heç bir bank bağlanmayacaq...

Ümumiyyətlə, sanki AMB-nin əsas vəzifələrindən biri əhalini, sahibkarları, əmanətçiləri çaş-baş salmaqdır. Və illərdən bəri ortaya çıxan əsas “nəticə” odur ki, Mərkəzi Bank digər vəzifələrindən fərqli olaraq, məhz bu “vəzifə”sinin öhdəsindən böyük məharətlə gəlir...

Cəlal Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Vətəndaş 2020-06-20 09:50:44

Hec kimə sir deyilki, mərkəzi bankdan banklar kredit alarkən yüksək məbləğdə şapka ödəyir, və buna görədə kreditlərin faizi yüksəlir.

Şahin 2020-06-07 19:49:34

Rüstəmovun sərvətlərinin üstü nə zaman açılacaq?Axı bu heç də digərlərindən geri qalmayıb.Ömrü oyu pulla manipulyasiya edib.

Ağayev Ağahüseyn 2020-05-30 10:51:04

Bir uşaq babasından soruşur ai baba o EŞŞƏKLƏR nə edir.Baba deyir oynayırlar.Uşaqın yanındakı buyururki Oynamırlar SEVİŞİRLƏR.Uşaq deyir BABAM BİLİR AMMA ÖZÜNÜ ....

Bankir 2020-05-27 22:14:50

Bu hakimiyyət niyə Rüstəmovla vidalaşmaq istəmir?

Vətəndaş 2020-05-15 18:04:50

Banklara inanın.Rüstəova yox! Bank sistemini çaş baş salan elə Rüstəmovdur.Dövlət bankı əhaliy xidmət göstərmək əvəzinə Kommersiya banklarına xidmət edir.Yəni xalqın öz pulunu Kommerdiya banklarına 5faizə verir və xalqı öz pulundan kredit istədikdə 25-30 faiz ödəməyə məcbur edib.Bunu necə normal cmiyyət bankı hesab etmək olar? Heç kim də bu soyğuna diqqət etmir.Olmazmı ki, hr rayonda heç olmasa bir dövlət bankı əhaliyə xidmət göstərsin.yg

Dünya bilən, bzdən gizli? 2020-05-14 23:20:56

Orta illik inflyasiyanı vermədilər! Gecikmiş 17 aylıq maaşı 2 aylıq qədər aldıq?

Vətəndaş 2020-05-14 17:30:44

Eə bankları bu günə salan Rüstəmovdur da! Onun yaşı və başı bu sistemi idarə eməyə yaramadığı hamıya məlum olduğu halda niyə bunu azad etmirlər?Heç bir ölkədəanaloqu olmayan bank sistemi yaradıb milləti soyurlar.Niyə mərkəzi bankın 4-5 faizlik kreditindən mllət istifadə eməkdən məhrum olub? Nə üçün dölət bankı əhaliyə xidmət göstərməməli.xalqı möhtəkir kommersya banklarından 25-30 və daha artıq faizlərlə kredit almağa məcbur edir?Hökumət və Möhtərəm Prezident niyə bu soyğunçuluğu aradan qaldırmır?

Fərid 2020-05-14 14:03:45

Afərin sənə Cəlal bəy! Adam 25 ildir Mərkəzi Banka rəhbərlik edir, elə bil dünən qoyublar bu vəzifəyə.

Son yazılar