“İCRA HAKİMİYYƏTİ STRUKTURU LƏĞV OLUNMALIDIR...” - Deputatlar nə təklif edirlər?

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İcra hakimiyyətlərində həyata keçirdiyi əməliyyatlar yerli idarəçiliyin dəyişdirilməsi, sistem xarakterli islahatların vacibliyini gündəmə gətirib. Cəmiyyətdə belə qənaət hakimdir ki, bütün icra strukturlarında korrupsiya və rüşvətxorluğun təxminən eyni mexanizmi mövcuddur. Həbslər bu sistemin dağıdılması və idarəçiliyin effektiv, şəffaf olmasını təmin edə bilməyəcək. Ona görə, cinayətə bulaşmış məmurların təmizlənməsi ilə yanaşı struktur dəyişikliklərinin də aparılmasına ehtiyac var.

Deputat Vahid Əhmədov da bu fikirdədir, o pressklub.az saytına müsahibəsində deyib ki, indiki icra hakimiyyəti strukturu ləğv olunmalıdır, başqa yol yoxdur. Onun sözlərinə görə, normal idarəetmə sistemi qurmaq istəyiriksə, ən real variantlardan biri budur.

"Sistemdə dəyişiklik prosesi artıq başlayıb. Prezident ortaya siyasi iradə qoyub və məmurlara birdəfəlik xəbərdarlıq edib ki, qurtarın qanunsuz əməllərinizi! Təbii ki, müstəqillik illərinin ilk dövrlərində icra hakimiyyəti orqanlarının fəaliyyətində qüsurlar olub. O dövr üçün bunu, bir növ, başa düşmək mümkün idi. 

Çünki müstəqilliyin ilk illərindəki iqtisadi çətinliklər dövlət idarəetmə sahələrində, icra hakimiyyəti sturkturlarında müəyyən boşluqlara səbəb olub.  Amma indi müstəqilliyin bərpasından 30 ilə yaxın vaxt keçir, həm icra hakimiyyəti başçıları, həm də başqa məmurlar anlamalıdırlar ki, dövr dəyişib, tələblər dəyişib. Onlar bilməlidirlər ki, əgər bu vəzifəyə təyin olunublarsa, dövlətin verdiyi maaşla dolanmalıdırlar, əyri yollarla qazanc əldə etmək haqqında düşünməməlidirlər. Xüsusilə də rüşvət və korrupsiyadan birdəfəlik əl çəkməlidirlər. Amma görünür, bəziləri bunları anlamaq istəmirlər. Yəqin özləri ilə bacarmırlar. Belələri etiraf etməlidirlər ki, mən ölkə rəhbərliyinin qarşıya qoyduğu yeni tələblərlə işləməyi bacarmıram, istefa ərizələrini yazıb getməliyəm" - deyə V. Əhmədov vurğulayıb.

Deputat Azərbaycanda rayonların ləğv edilib, yerində 11 regional idarəetmə mexanizminin yaradılması barədə təkliflərə müsbət yanaşır: "Ümumiyyətlə, dövlətin orqanları var, yuxarıdan aşağı idarəetmə sistemi fəaliyyət göstərir və icra hakimiyyəti orqanları da öz fəaliyyətlərini buna uyğun qurmalıdırlar. Hansısa oliqarx hansısa rayona rəhbərlik edirsə, bundan qurtarmağın vaxtı çatıb. Bir də ki, mən rayonlarda idarəçilik sistemi ilə bağlı təklif vermişəm: bu qədər icra başçısı çoxdur. Azərbaycanda 11 iqtisadi rayon var, hər iqtisadi rayona bir müavin təyin etməklə çevik və şəffaf işləyən idarəetmə sistemi qurmaq olar. Məsələn, Şimal zonasına bir, Cənub zonasına bir müavin təyin etməklə rayon icra hakimiyyəti başçılarının sayını azaltmaq lazımdır. Çünki bu qədər başçıya doğrudan ehtiyac yoxdur".

Deputat daha bir istiqamət kimi bələdiyyələrin səlahiyyətinin yavaş-yavaş artırılmasını təklif edir: "Türkiyədə faktiki olaraq, dövlətin idarə edilməsindəən öncül mərkəzlərdən biri bələdiyyələrdir. Azərbaycanda da bələdiyyə seçkiləri şəffaf həyata keçirilməli və bələdiyyələrə müəyyən səlahiyyətlər verilməlidir ki, oraya seçilən insanlar regionu idarə etsinlər və camaatla sıx təmasda fəaliyyətlərini qura bilsinlər.

Vahid Əhmədov deyir ki, yerlərdə insanlar üzərində təzyiq mexanizmi qurmaq yox, əksinə, onlara sərbəstlik vermək gərəkdir: "Mən açıq deyirəm ki, rayon icra hakimiyyətlərində baş verən qanunsuzluq və özbaşınalıqlarda yerli hüquq-mühafizə orqanlarının da günahı var. Əgər yerli icra hakimiyyəti orqanlarında problemlər varsa, yerli hüquq-mühafizə orqanları birbaşa yuxarı instansiyalara məlumat verməlidirlər. Amma son hadisələr göstərir ki, onlar məlumat verməyiblər. Deməli, yerli hüquq-mühafizə orqanları da icra hakimiyyətləri ilə əlbirdirlər. Bu mənada onları da günahlandırıram. Ona görə də mütləq kompleks dəyişiklik olmalıdır. Eyni zamanda, ictimai nəzarəti gücləndirmək lazımdır. Bir vaxtlar Azərbaycanda ictimai təşkilatlar – QHT-lər çox güclü idi. Təəssüf ki, son vaxtlar zəiflədilər. Düzdür, bəzi sahələrdə, o cümlədən hüquq məsələləri, neftçilərin hüquqları, insan haqları sahəsində müəyyən ictimai nəzarət imkanları var. Amma bu sahələr genişləndirilməli, dövlət idarəçiliyi sahəsində də ictimai nəzarət mexanizmi işləməlidir ki, bu cür problemlərin qarşısı vaxtında alınsın".

Deputat hesab edir ki, artıq korrupsiya, rüşvət və bu kimi halların qarşısının alınması dövlətin siyasətidir və çox ciddi məsələdir. "Ona görə, fikrimcə, həbslər hələ davam edəcək. İnanmıram ki, 4-5 icra başçısı ilə bu işlər bitsin. Bu yolla gedən məmurlar cəzalarını alacaqlar"-deyə millət vəkili vurğulayıb".

Deputat Elman Məmmədov isə "Azadlıq" radiosuna deyib ki, ölkədə başlanan prosesin səbəblərini bilmək üçün əvvəlcə həbs olunanlar kimdir və nə üçün həbs edilirlər sualına cavab verilməlidir.

Deputata görə, cavab məlumdur, həmin adamlar qanunları pozmaqda, vəzifə səlahiyyətlərindən istifadə edib rüşvətə qurşanmaqda ittiham edilirlər: “Ona görə də nə qədər ki, cəmiyyətdə belə hallar var, həbslər də olmalıdır”

Elman Məmmədov deyib ki, insan cəmiyyəti yaranandan rüşvət olub, sadəcə, birində az, birində çox: “Məsələ ondadır ki, cənab Prezident bütün tədbirlərdə elan edir ki, biz yaramaz, iyrənc hallara qarşı mübarizə aparırıq və aparacağıq. Hesab edirəm ki, prezidentin bu bəyanatını eşidən hər bir məmur deyilənlərdən nəticə çıxartmalıdır. Vəzifə sahibləri qanuna əməl etsin, rüşvət almasın və həbs olunmasın. Əks təqdirdə, qanunu pozanlara qarşı həbslər də olacaq, heç bir vəzifə sahibi toxunulmaz olduğuna da arxayın olmasın. Çünki Prezident hər bir görüşündə bu cür neqativ hallara son qoyulmasını tələb edir. Bu baxımdan rüşvət və korrupsiya yoluna düşənlərin hamısının aqibəti eyni olacaq, cəzalanacaqlar”.

Elman Məmmədov başlanan prosesin neft və pandemiya ilə bağlılığı barədə proqnoz verməyin çətin olduğunu düşünür: “Bilirsiniz, korrupsiya pandemiyadan da böyük bəladır, o qədər acgözlər, xalqın malına göz dikənlər, yırtıcılar, Allahdan qorxmayanlar var ki... Qanundan qorxmurlarsa, heç olmasa, Allahdan qorxsunlar, millətin malına göz dikmə, dağıtma. Mən xalqın aparılan siyasəti alqışlandığını görürəm. Çünki cəmiyyət harınlanmışların rüşvət aldığını, kasıbın malına göz dikdiyini görür, ona görə həbsləri razılıqla qarşılayırlar. Cənab Prezident özü də bir neçə çıxışında dedi ki, qanundan qorxmursan, heç olmasa, Allahdan qorx, insafın olsun, kasıba göndərilən yardıma göz dikirsənsə, vicdanını, mənəviyyatını itirmisən. Mən düşünürəm ki, xalqımız korrupsiyaya qarşı mübarizəni müsbət qarşılayır və bu mübarizə də heç kimə güzəşt olmadan daha güclü aparılmalıdır”.

AzPolitika.info

635x100

Şərhlər

İ.Mustafaoğlu 2020-07-05 15:50:37

Rüşvətin kökünü kəsmək üçün birinci növbədə "Vətəndaşların Müraciətləri haqqında Qanun" işlək vəziyyətində olmalıdır. Nazirlikdə , İcra strukturlarında və digər dövləti qurumlarda "VƏtəndaşarın Müraciətləri haqqında Qanun"a əhəmiyyət belə vermirlər və bu səbəbli nazirlikdə , icra hakimiyyətlərində və digər qurumlarda dövlət əmlakının talan olmasına gətirib çıxarmış, sosial narazılıqların artmasına səbəb olmuşdur....Hər hansı nazirlikdən, Dövlət qurumlarından , rayonlardan şikayətlər PA-na daxil olursa, həmin nazirliklərdə,dövlət qurumlarında və rayonların icra strukturlarında köklü surətdə yoxlamalar təşkil olunmalı və şikayət doğuran səbəblər araşdıraraq ciddi tədbirlər görülməlidir. Belə tədbirlər həyata keçirilərsə sosial narazılıqlar azalar, dövlət əmakının talan olunmasının qarşısı alınar.

Qeyri-müəyyən müahzə 2020-06-05 15:20:06

Ad dəyişəndə frmula dəyişmir! 7-si ərazisini Məhkəmədə İDDİA etmr???

İ.Mustafaoğlu 2020-05-21 18:11:07

Sosial narazılıqları azaltmaq üçün dövlətini və xalqını qəlbən sevən, savadlı kadrlar irəli kəçilməlidir ? Qohumbazdıq, yerlibazdıq,dostbazdıq ləğv olunmalı, savadına görə təyinat olmalıdır..?

Səbuhi 2020-05-20 17:09:42

Düşünürəm ki icra hakimiyyəti başçılarının hər biri haqqında araşdırmalar aparılmalıdır və əməllərinə görə hüquqi qiymət verilməlidir

Eldəniz 2020-05-20 14:12:42

Rüşvəti kəsmək üçün feodal tipli ,bazar təfəkkürü olan məmurları , Stalinin cücərtiləri olan məmur və onları dəstəkləyən məmurlari təmizləmək lazımdır..

Ilqar 2020-05-20 13:28:45

Allah, Allah deməklə donuz tarladan çıxmır. Sistem özü bu adamları yetişdirir, seçir və vəzifəyə təyin edir.

Əliyev 2020-05-19 20:33:34

Qanunlar işləsin içra orqanina ehtiyaç yox!

nihad 2020-05-19 19:56:33

dövləti mwxalifət yox korrupsiya yıxacaq

Cəmşid Dərələyəzli. 2020-05-19 15:39:08

Həmişə demişəm, Yerlərdə bütün icra hakimiyyəti ləğv olunmalı, əvəzində beş-yeddi regonlanı İcra hakimiyyəti yaradımalıdır. Hər rayonda icra hakimiyyəti ilə yanışı 40 -a kimi nazirlil və komotələrin yerli idarələri də var. Tam bir bürokratiya ordusu.

Azad 2020-05-19 14:06:59

Uzun illərdir məmuların iliyinə-qanına işləmiş raşvəti talanı ləğv etmək lazımdır.

t.ədalət 2020-05-19 09:46:04

Adını dəyişdirməklə rüşvəti yığışdırmaq olur?Boş söhbətdir.Rüşvəti yığışdırmaq üçün yuxarıların rüşvət almasına son vermək lazımdıre.

Son yazılar