“İt döyüşlərinə görə 30-40 min dollardan mərcə girirlər” - Bakıda “ölüm oyunları”

“Sosial şəbəkədə videolarını yayıb ictimailəşdirdiyimiz it döyüşləri üçün böyük məbləğlərdə mərclər qoyulur”.

Bu sözləri Qafqazinfo-ya açıqlamasında Azərbaycan Heyvanların Qorunması Cəmiyyətinin heyvan haqları üzrə inzibatçısı Fərid Mansurov deyib.

Onun sözlərinə görə, iki ildir ki, bu məsələ araşdırılır:

“Əldə etdiyimiz məlumata görə, bunlar şəbəkə halında çalışırlar. Azərbaycanda sadəcə şəbəkənin bir qolu var. Rusiyada, Dağıstanda, Qazaxıstanda, Türkiyədə, eləcə də, ölkəmizdə belə mərc oyunları keçirilir.

Təqribən 3 il əvvəl sığınacağımıza küçədə tapdığımız yaralı “pitbull” balasını yerləşdirdik. Bir müddət sonra özünü onun sahibi kimi təqdim edən şəxs bizdən iti tələb etdi. Sonradan öyrəndik ki, həmin şəxs it döyüşləri ilə məşğuldur və heyvanı vermədik. Ancaq həmin itlə bağlı mənə çoxsaylı təhdid mesajları gəlməyə başladı. O hadisədən sonra biz bu şəbəkənin üstünə düşdük”.

F. Mansurovun sözlərinə görə, “ölüm oyunları” adlandırılan bu qanlı döyüşə mərc olaraq çox böyük pullar qoyulur:

“Bizdə olan videolar Azərbaycanda baş verənlər barəsindədir. Mərclərdə məbləğ 2 min dollardan 30-40 min dollara kimi dəyişir. İtlərə narkotik vasitə verilir ki, onlar zombi kimi dalaşsın. Döyüş iki itdən biri ölənə kimi aparılır. İt ölmürsə və ya qaçırsa, özləri o itin başını kəsib daha cavan “pitbull”lara yedizdirirlər. Bu vasitə ilə heyvanlar it əti ilə bəslənməyə öyrəşir”.

Döyüşlərin təşkilatçılarından olduğu bildirilən Mister Yavo ləqəbli şəxsin Qafqazinfo-ya açıqlamasında hadisələri cavanlıq səhvi adlandırması da heyvansevərlərin hiddətinə səbəb olub:

“Belə böyük bir hadisəni cavanlıq səhvi adlandırmaq olmaz. Özünü Mister Yavo adlandıran şəxsin ad-soyadı Asiman Yusifovdur. Dediyi kimi, Azərbaycanda yaşamır, ancaq hazırda oyunlara son qoyulmayıb. Sadəcə döyüşdən döyüşə ölkəmizə gəlir. Bizə bu məlumatı onların ətrafındakı insanlar ödəniş müqabilində verib.

Döyüşlərdə “american stuff” və “pitbull” cinsindən olan itlər yarışdırılır. İtlərə balacalıqdan it əti yedizdirərək böyütdüklərindən, onlar qarşılarındakı iti öz şikarı kimi görür”.

Son olaraq F. Mansurov məsələnin sosial tərəfinə diqqət çəkib:

“Bu, çox böyük sosial təhlükəli vasitədir. Bu insanlar döyüşlərdə elə vəziyyət alırlar ki, onların psixologiyasının normal olmadığı açıq-aydın görünür. O insanlar narkotik vasitələrin təsiri altında olurlar və belə bir şeydən həzz alan insanlar sosial baxımdan da insanlar üçün real təhlükədir.

Bu məsələ ilə bağlı müraciət ünvanlamışdıq və üç ay bundan qabaq DİN məsələnin üstünə düşməklə bağlı göstəriş vermişdi. Maştağada döyüş olmalı idi və orada hamı saxlanılacaqdı. Döyüşə bir gün qalmış ləğv edildi.

Daxili İşlər Nazirliyi hazırda bu məsələni tam nəzarətə götürüb və biz əminik ki, bu barədə müəyyən addımlar atılacaq, cinayətkarlar öz cəzasını tapacaq”.

Qeyd edək ki, sosial şəbəkələrdə it döyüşləri ilə bağlı yayılmış videolar geniş müzakirələrə səbəb olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan videogörüntülər nəzarətə götürülüb və müvafiq qaydada araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar