MƏN QARĞA DEYİLƏM!

Seymur VERDİZADƏ

“Şöhrət” ordenli rejissor Arif Qazıyev 75 yaşına çatanda, müxbirimiz ondan soruşmuşdu: “Arif müəllim, ad gününüzdə kimdən hədiyyə gözləyirsiniz?”

Ağsaqqal ürəyindən keçənləri gizlətməmişdi: “Ən böyük hədiyyəni dövlətimizin başçısından gözləyirəm. Ümid edirəm ki, yubileyim münasibətilə mənə də vəzifə veriləcək”.

Mən o vaxtdan hakimiyyət strukturlarında gənclərin qabağa çıxmasının tərəfdarı olmuşam. Həmin vaxt hörmətli rejissorumuzun mövqeyini bəyənmədiyimə görə onu tənqid etmişdim. Üstündən 7 il keçdiyi üçün yazının məzmununu olduğu kimi xatırlamağa çətinlik çəkirəm. Bircə o yadımdadır ki, insanın qarğa qədər şanslı olub, 300 il yaşamadığını vurğulamışdım. Məncə, 75 yaşına çatan adamın qarşısında iki mühüm vəzifə dayanır: bu qədər uzun ömür yaşadığına görə Allaha şükür etməli və nəvə-nəticələri ilə vaxt keçirməlidir.

Yazdıqca xatırlayıram. Bir də qeyd etmişdim ki, Arif Qazıyev də daxil olmaqla bizim heç birimiz ən azı 300 il yaşayacağımıza dair Allahla müqavilə imzalamamışıq. 300 illik plan qurmaq yalnız qarğalara yaraşır. Çünki Uca Allah bu qədər uzun ömrü ancaq onların boyuna biçib…

İlin-günün bu vədəsində, yazın özünü payız kimi apardığı bu küləkli may günündə tarixə ekskursiya etməyim səbəbsiz deyil. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Səmədov “Yeni Müsavat” qəzetinə geniş müsahibə verib. Hörmətli Səməd müəllim beynəlxalq vəziyyətdən, xalqa verilən əziyyətdən tutmuş Dağlıq Qarabağ probleminə qədər çox mətləblərdən danışıb. Müsahibədə yaddaşımda ən çox ilişib qalan bu cümlələr oldu: “Səbirli olmalıyıq. Ermənilər 300 il işləyiblər. Mən demirəm ki, 300 il gözləyək. Ancaq işləri əvəlcə diplomatik nöqteyi-nəzərdən hazırlamaq, beynəlxalq səviyyədə yüksəltmək lazımdır”.

Mən də, mənim tükü-tükdən seçməyi bacaran ayıq-sayıq oxucularım da yaxşı başa düşürlər ki, Dağlıq Qarabağ probleminin həlli Səməd müəllimin hər beş ildən bir deputat seçilməyi qədər asan məsələ deyil. Amma onu da bilirik ki, bizim boyumuza 60-70 il ömür biçilib. Əgər Səməd müəllimin məsləhətinə qulaq asıb, bir az da səbr etsək, heç vaxt Qarabağın üzünü görməyəcəyik. Ötən hər gün bizi Qarabağdan uzaqlaşdırır. On beş-iyirmi ildən sonra Azərbaycanda Qarabağı görən adam qalmayacaq. Hörmətli Səməd müəllimin tövsiyəsinə əməl edib, səbirli olsaq, gələcək nəsillər Qarabağa əllərində xəritə ilə getməli olacaqlar…

Canı canından, qanı qanından olan üç qohumunu şəhid vermiş bir adam kimi müharibənin necə böyük fəlakət olduğunu çox yaxşı başa düşürəm. Amma onu da bilirəm ki, Dağlıq Qarabağı azad etməkdən ötrü Üçüncü Dünya Müharibəsinə başlamağa ehtiyac yoxdur. Uğurlu aprel əməliyyatlarının təkrarlanması da bizi öz torpaqlarımıza qovuşdura bilər…

Ola bilsin ki, beynəlxalq şərait irimiqyaslı hərbi əməliyyatlar keçirməyə imkan vermir. Mən demirəm ki, sərhədi Qazaxdan keçib, hətta bələkdəki ermənini də öldürək. Mən deyirəm ki, Azərbaycan xalqının inamını öldürməyək. Dağlıq Qarabağın azadlığının alternativi yoxdur. Üstəlik, mənim 300 il gözləməyə vaxtım da yoxdur. 45 yaşım yenicə tamam olsa da, bilirəm ki, ömrümün çoxu gedib, azı qalıb…

Mən qarğa deyiləm, Səməd qağa!

(Yenisabah)

635x100

Şərhlər

Ayxan 2020-09-13 09:26:49

Semed Semedov müğenni deyildi ?

Ələmdar Məmmədov-hüquqşünas 2020-05-28 21:38:02

Seymur müəllim əsl vətəndaş mövqeyinizə görə təşəkkürlər.

Mahir Əliyev 2020-05-28 13:08:32

Hansı məmur danışır iysi gəlir.

Ağayev Ağahüseyn 2020-05-28 05:36:17

Xarici İ.N-i oqluna ABŞ-da erməni qızı alır toyedir evlər alır OBYEKT alır.DEPUTATLARIMIZIN coxu keflə məşquldur. AY SEYMUR OQUL bəs biz nə edək.QACANIN ATASINA LƏNƏT BİR NƏFƏR HƏRBİCİ DÜŞSÜN QABAQA ALİ BAŞ KOMANDANIN RƏHBƏRLİYİ ALTINDA ĞEDƏK TORPAQLARIMIZI AZAD EDƏK .BU BEQİRYƏTLİYİ BİZİM NƏSLİN BOYNUNDA QALMASIN....

Əli 2020-05-27 16:57:00

Allahın bizə verdiyi ömürdə Qarabağın alınmasını istəyirik. 300 il bəziləri yaşasınlar. Amma mənasız ömür yaşamaq istəmirəm.

pensioner 2020-05-27 16:48:48

Seyidovlar vəzifələrdə və deputat kreslolarında oturduqca' nəinki Qarabaği, işğalda olan rayonları da azad eləmək mümkün olmayacaq.

sakit 2020-05-27 13:25:31

Ola bilsin Səməd kimi təyin olunmuş defektlər (deputat) 300 il yaşadılar. Amma biz 60-70 illik ömrümüzü bu vətəndə yaşamaq istəyirik.Çünki bu vətən bizimdir, onların deyil. bizimdir.

Son yazılar