“BAŞDA O BÖYÜKDÜR, YAŞDA MƏN...” - Mirzə Ələkbər Sabirin MÜSAHİBƏSİ

Bu gün Azərbaycanın böyük şairlərindən biri olan, satiranın ustadı, filosof və müəllim Mirzə Ələkbər Sabirin (30 may 1862 – 12 iyul 1911-ci il) doğum günüdür. Millət vəkili, tanınmış təhsil eksperti Etibar Əliyev ustad şairimizin xatirəsini yad edərək, özünün “facebook” səhifəsindən Mirzə Ələkbər Sabirin nadir müsahibələrindən birini paylaşıb. Müsahibəni görkəmli ədəbiyyatşünas və şair Salman Mümtaz götürüb.

Millət vəkilinin “facebook” səhifəsindən götürdüyümüz həmin müsahibəni “AzPolitika.info”nun oxucularına da təqdim edirik.

Sual: Sizin ilk təxəllüsünüz olan "Hophop" sözünün mənası nədir və nə səbəbə bunu qəbul etmiziniz?

Cavab: Bu təxəllüsü mənə əziz dostum Məşədi Həbib vermişdi. Hophop quş adıdır. Bu quşun bu addan başqa el arasında bir neçə adı da vardır ki, fatmabacı, bunbbu, öp-öp və şanapipik o cümlədəndir. Məşədi Həbib mənə "Fatmabacı" deyə xitab etmək üçün bu adı intixab etmişdir. Mən də bunun əvəzində onun təxəllüsünü "Qızdırmalı" qoymuşam ki, mənasını hələ bu günə kimi anlaya bilməmişdir.

Sual: Nə səbəbə təxəllüsünüzü tez-tez dəyişdirirsiniz?

Cavab: Bunu şirvanlılardan və mühitdən soruşmalısınız.

Sual: Abbas Səhhətin neçə yaşı vardır? Siz böyüksünüz, yoxsa o?

Cavab: Başda o böyükdür, yaşda mən.

Sual: Səhhət dərin savadlıdırmı?

Cavab: Mən onun şagirdiyəm, o mənə ustaddır.

Sual: Osmanlıların klassik şairlərindən kimləri bəyənirsiniz?

Cavab: Ziya Paşa və Namiq Kamal bəyi

Sual: Tofiq Fikrəti bəyənmirsiniz, düzdürmü?

Cavab: Siz Osmanlı şairlərini soruşursunuz, mən də fikrimi dedim. Fikrət ərəb şairidir. Bu adda türk şairi yoxdur. Yaxşı olardı ki, bunu Məhəmməd Hadi əfəndidən soruşaydınız. Yaxşısını o bilir.

Sual: "Molla Nəsrəddin" məcmuəsinin 18-ci nömrəsindəki "Gözəlim" ünvanlı şeirinizin 3-cü və 5-ci bəndləri ayrı bəhrdədir. Bunun səbəbi və hikməti nədir?

Cavab: Hikməti və səbəbi mürgüləməkdir. Mən gecələr "Səda" qəzetində korrektorluq edirəm. İdarə xüsusi teleqramlar almır. O qədər gözləyir ki, "Kaspi", "Həqiqət" və sair qəzetlər çap olub çıxır. Onlar çıxandan sonra teleqramlar tərcümə olunur, düzülür, basılır, mən də korrekturasına baxıram. Mən o şeiri Haşım bəyin mətbəəsində gecə yarısı yazmışam, və yazarkən mürgüləyib sonra da yuxulamışam. Yuxudan ayılandan sonra da məbədini yazmışam. Şeir təb olub gələndən sonra səhvimi başa düşmüşəm ki, bu da çox gec idi.

Sual: Mətbu şeirlərinizin hansını bəyənirsiniz?

Cavab: Heç birini. Bəyəniləsi şeirləri sonralar yazacağam.

Sual: Sonra, yəni nə vaxt?

Cavab: Mürgüləməyəndə.

Sual: Nə üçün şeirlərinizi heca vəznində deyil, əruz bəhrində yazırsınız və şerin əski formalarını, şəkillərini şiddətli surətdə mühafizə edirsiniz?

Cavab: Bu çox mühüm məsələdir. Görüm öz fikrimi deyə biləcəyəmmi. Məncə yeni fikirləri və yeni mövzuları mütləq əski formada və əruz bəhrlərində vermək və yazmaq lazım, həm də vacibdir. Bunları birdən-birə dəyişib oxucunu ədəbiyyatdan yadırğatmaq və soyutmaq olmaz. İri-iri toplar ilə hücuma keçən düşmənin qabağına sədəf dəstəli və qızıl suyu ilə yazılı gümüşlü xəncəl ilə çıxmaq ağılsızlıqdır.

Əruz bizim deyildir. Bunu hamı bilir. Lakin 13 əsrdir ədəbiyyatımızı mühasirəyə almışdır. Bu mühasirə də böyük-böyük ustadların planı, nəqşəsi və əlləri ilə olmuşdur. Bu mühasirəni yarıb ədəbiyyatımızı xilas etmək, yenə yuxarıdakı ustadlar kimi böyük ustadların əlləri ilə mümkün olacaqdır. Böyük şairləri də, ustadları da ancaq bilik və xalq yetirə bilər. Şair elin, xalqın hökmranı və gözünün işığı olmalıdır ki, o, nə desə xalq ona baxsın və nə yazsa el oxusun.

635x100

Şərhlər

Aybeniz 2020-05-31 16:06:48

Sağ olun.

Amin 2020-05-30 19:37:07

Bu kişidən bir ovuc götürüb Hehdərəbatlılara vermək lazımdır. Heç olmasa qoy o yazıqlar da bulaq suyu içsinlər.

Əli 2020-05-30 14:09:19

M.Ə. Sabirin19-cu əsrdə verdiyi müsahibəni 21-ci əsrdə oxuduq.Sağ olun.

Son yazılar