“İKİNCİ AYIN ÖDƏNİŞİ BİRİNCİ ÖDƏMƏDƏN 30 GÜN SONRA HƏYATA KEÇİRİLİR” - Nazirlikdən sahibkarların şikayətinə cavab

Bir neşə gün əvvəl "AzPolitika.info" saytı redaksiyamıza müraciət edən və özünü Aydın Hüseynov kimi təqdim edən kiçik sahibkarın şikayətini işıqlandırıb. Sahibkar vəd edilməsinə baxmayaraq may ayında kompensasiya almadığını bildirib. Mövcud vəziyyətlə əlaqədar qazancı olmamasından, bütün xərclərin isə sahibkar kimi onun üzərində qalmasından şikayətlənib.

Bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya İdarəsi tərəfindən “AzPolitika.info"ya mövcud problemə aydınlıq gətirən açıqlama göndərilib. Həmin açıqlamanı olduğu kimi dərc edirik:

“Hörmətli redaksiya!

Sizin 27.05.2020-ci tarixli xəbər lentinizdə “Sahibkarlar və muzdlu işçilərlə bağlı müəmma – cəmi bir ay kompensasiya verilib, sosial ödənişlər tələb olunur başlıqlı məqalə dərc edilib.

Məqalədə Aydın Hüseynov adlı sahibkarın pandemiya ilə əlaqədar dövlət tərəfindən sahibkarlıq subyektlərinə göstərilən maliyyə dəstəyi ilə bağlı qarşılaşdığı bəzi suallardan bəhs edilir. Qaldırılmış məsələlərə aydınlıq gətirilməsi məqsədilə aşağıdakıları diqqətinizə çatdırmaq istərdik:

Maliyyə dəstəyi əldə etmiş vergi ödəyiciləri üzrə baza məlumatlarının araşdırılması zamanı müəyyən edilib ki, məlumatda adı qeyd olunan Aydın Hüseynov fərdi (mikro) sahibkardır, dövlət tərəfindən 2019-cu ildə ödədiyi vergilərə mütənasib olaraq 04.05.2020-ci il tarixdə 250 manat məbləğində maliyyə dəstəyi alıb. Eyni zamanda, muzdlu işçilərə görə maliyyə dəstəyi proqramı çərçivəsində etdiyi digər müraciəti əsasında, ona rəsmi əmək müqaviləsi bağladığı 1 nəfər əməkdaşına görə də bəyan etdiyi əmək haqqı fonduna mütənasib olaraq 219,6 manat məbləğində maliyyə dəstəyinin göstərilməsi təsdiqlənib və bu məbləğin yarısı 04.05.2020-ci il tarixdə onun bank hesabına köçürülüb.

Belə ki, muzdlu işçilərinə görə sahibkarlara maliyyə dəstəyi göstərilməsi qaydasına uyğun olaraq, dövlət tərəfindən ödənilən məbləğ iki bərabər hissəyə bölünməklə 2 ay ərzində ödənilir. 2-ci ayın ödənişi birinci ödəmədən 30 gün sonra həyata keçirilir. Bunun üçün vergi ödəyicisinin təkrar müraciətinə ehtiyac yoxdur, 2-ci ödəmə avtomatik şəkildə müddət başa çatdığı gün həyata keçiriləcəkdir.

Məlumat üçün bildiririk ki, bu günə kimi, koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi proqramı çərçivəsində 23.065 vergi ödəyicisinə 200.917 işçisi üçün 75,34 mln. manat, o cümlədən 2-ci ay üzrə 29,9 mln. manat məbləğində maliyyə dəstəyi göstərilib və bu proses tam başa çatanadək ödənişlər davam etdiriləcək.

Dövlət tərəfindən muzdlu işçilərə görə göstərilən maliyyə dəstəyi əməkhaqqı və ona müvafiq sosial sığorta haqları ödəmələrini nəzərə almaqla həyata keçirilir. Yəni, ödənilən məbləğ həm əmək haqqı, həm də ona görə hesablanan sosial sığorta ödəmələri daxildir.

Qeyd etmək lazımdır ki, sahibkarın göstərdiyi sosial sığorta haqqı (62.5 manat) muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sahibkarlar üzrə məcburi dövlət sosial sığorta haqqının məbləğidir. Muzdlu işlə əlaqədar qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri məcburi dövlət sosial sığorta haqqını 2019-cu il yanvarın 1-dən aşağıdakı dərəcələrlə ödəyirlər:

Sığorta haqqına cəlb edilən aylıq gəlir 200 manata qədər olduqda sığortaolunan gəlirindən 3 faiz, sığortaedən gəlirindən 22 faiz, 200 manatdan çox olduqda isə sığortaolunan gəlirindən 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi, sığortaedən isə gəlirindən 44 manat + 200 manatdan çox olan hissənin 15 faizi qədər sosial sığorta haqqı ödəyirlər. Dövlət tərəfindən maliyyə dəstəyi göstərilənlər nəzərə alınmaqla, yəni sığorta haqqı məbləği daxil olmaqla həyata keçirilir.

Digər mühüm bir məqam ondan ibarətdir ki, qanunvericiliyə əsasən sahibkarlara göstərilən dövlət maliyyə dəstəyindən vergi tutulmur. Beləliklə, maliyyə dəstəyi almış sahibkar üçün hər hansı əlavə maliyyə yükü yaranmır.

Hörmətli redaksiya,

Maliyyə dəstəyi, o cümlədən bütün digər məsələlərlə bağlı vergi ödəyiciləri hər hansı çətinlik və ya aydın olmayan suallarla rastlaşdığı halda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, yaxud uçotda olduqları vergi orqanı ilə əlaqə saxlaya bilərlər.

Məlumat bu və ya yarana biləcək oxşar suallara aydınlıq gətirilməsi məqsədilə saytınızda dərc edilməsi üçün diqqətinizə təqdim olunur. Məsələyə diqqət yetirdiyiniz üçün Sizə təşəkkür edirik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar