MASKADAN İSTİFADƏ ETMƏMƏYƏ GÖRƏ CƏRİMƏLƏRƏ EHTİYAC VARMI? - İnkişaf etmiş ölkələrin təcrübəsi və...

Azərbaycanda virusa yoluxma hallarının və ölüm sayının kəskin artması nə tələb edir?

Azərbaycanda koronavirusun yayılmasına qarşı tədbirlərdən biri kimi maskalardan istifadə məcburi oldu. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə görə, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.

Bu xətanın karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.

Başqa ölkələrdə cərimə məbləğləri

Qeyd edək ki, qoruyucu maskalardan istifadə etməməyə görə cərimə tətbiqi Avropa ölkələrində, ABŞ-da, Türkiyədə, Rusiyada və s. ölkələrdə həyata keçirilir.

Xüsusən, Qərb ölkələrində ictimai yerlərlə birgə, nəqliyyatda maskadan istifadə olunması məcburidir və qaydanı pozanları böyük məbləğdə cərimələr gözləyir.

Məsələn, Rusiyanın paytaxtı Moskvada ictimai nəqliyyatda maskasız olan şəxsi 4 min rubl məbləğində cərimələnir.

ABŞ-da ştatlardan fərqli olaraq, cərimələrin məbləği dəyişir. Məsələn, Merilend və ya Konnektikutda avtobusda maskasız olan 50 dollar məbləğində cərimələnirsə, Nyu-Yorkda avtobus və ya metroda maskasız şəxs 1000 dollarlıq cərimə ödəməlidir.

Fransa: karantin regiminin pozulması - 150 avro, ictimai nəqliyyatda maskasız olmaq - 135-150 avro;

Belçika: İctimai yerlərdə, xüsusən, ictimai nəqliyyatda maska taxmayanlar 250 avro məbləğində cərimə olunurlar. Bu qayda 12 yaşından yuxarı hər kəs üçün məcburidir;

İspaniya: 300 avro qədər maskaya görə, 30 000 avro qədər karantinə görə məhkəmə qərarı ilə cərimələr tətbiq olunur;

Almaniya: Ölkənin 16 əyalətindən 15-də maska taxmaq, məsafəli davranmaq kimi qaydalar tətbiq edilib.

Qaydaları pozmağa görə cəzalar əyalətlərə və insanların sosial mənsubiyyətinə görə fərqlidir: cərimələrin məbləği 15 avrodan 10000 avro aralığına qədər dəyişir. Sürücülər isə, maska taxmamağa görə 60 avro cərimə riski ilə qarşılaşa bilirlər;

Türkiyədə isə 81 ilin 32-də cərimələr tətbiq edilir ki, bütün iri şəhərlər bura daxildir. Maskasız gəzənləri xəbərdarlığa məhəl qoymasalar, 3150 lirəyədək (təxminən 900 manat) cərimə gözləyir.

Qeyd edək ki, Azərbaycanda cərimələrin tətbiq olunması ölkədə koronovirus infeksiyasının geniş yayıldığı dövrə təsadüf edir.

Operativ Qərargahın yaydığı gündəlik rəqəmlərə görə, yoluxma səviyyəsi sağalanları bir neçə dəfə üstələyərək 250-dən artıq insanı əhatə edir. Ölüm sayı da bu rəqəmə müvafiq olaraq kəskin artıb. Ekspertlər ciddi tədbirlər görülməsə, pandemiyanın daha geniş vüsət alacağı barədə xəbərdarlıq edirlər.

Tibbi maska koronovirusdan qoruyurmu?

Bəs tibbi maskalar insanları koronovirus infeksiyasından qoruyurmu? Maskadan istifadə edən insanlar özlərini nə qədər təhlükəsiz hesab edə bilərlər?

Bunu aydınlaşdırmaq üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ekspertlərinin vaxtaşırı verdikləri açıqlamara nəzər salmağa ehtiyac var.

Məsələn, adıçəkilən qurumun nümayəndəsi Tarik Yazareviç bu barədə deyib: “Mövqeyimiz dəyişməyib… Simptomu olanlar başqalarının müdafiəsi üçün maska taxmalıdır. Həmçinin xəstələrə qulluq edən insanlar, məsələn, evdə maska taxmalıdır”.

Yazareviç vurğulayıb ki, maska özü-özlüyündə koronavirusa yoluxmadan xilas etmir.

ÜST nümayəndəsinin sözlərinə görə, maskadan digər müdafiə tədbirləri ilə yanaşı istifadə edilməlidir: “Problem bundadır ki, maska taxan insanlar təhlükəsizlikdə olduqlarını güman edirlər. Bu zaman əllərin yuyulması kimi başqa vacib tədbirləri unuda bilərlər”.

Ümumdünya Səhiyyə Təşkilatının Türkiyə ofisinin proqram İdarəçisi prof. dr. Toker Ergüder isə bu barədə deyib ki, maskalar sizin başqasından virusa yoluxmanıza maneə olmur: “Maskalar, xəstəliyinizin damcı yoluyla başqalarına yoluxmasını önləyir. 

Ona görə biz ümumiyyətlə cəmiyyətə maska taxmağı da çox təklif etmirik. Bir adamın əgər xəstəliyi varsa, ya da belə bir şübhə varsa, onlarla çox yaxın təmasda olmamaq lazımdır".

“Qoruyucu maskaları yalnız xəstə insanlar taxmalıdır. Çünki bu tibbi maskalar öskürən və asqıran vaxtı ətrafdakı insanları qoruyur”. Bu fikirləri isə ÜST mütəxəssisi Cəvahir Süleymanova deyib.

Onun sözlərinə görə, sağlam insanın maska taxması onu virusdan qorumur: “ÜST-nin tövsiyəsi o idi ki, özünü xəstə hiss edən insanlar taxmalıdır. İndi vəziyyətin dəyişdiyinin şahidi oluruq. Çünki bəzən virus simptomsuz özünü göstərir. Tibbi maska və əlcəklərin istifadəsindən sonra onun tullanmasına diqqət edilməlidir”.

ÜST rəsmisi bildirib ki, maskaların bir neçə növü var: “Cərrahlar üçün nəzərdə tutulan maska nəm olduğu təqdirdə 1-2 saatdan sonra dəyişilməlidir”.

Azərbaycan üçün çıxış yolu...

Beləliklə, aydın olur ki, inkişaf etmiş dünya ölkələrinin koronavirusa qarşı mübarizə təcrübəsində qoruyucu maskalardan istifadənin məcburi olması vacib şərtlərdən biridir. Təqdim etdiyimiz rəqəmlərdən də görünür ki, bu zaman tətbiq olunan cərimələrin miqdarı Azərbaycanda nəzərdə tutulan cərimələrdən kifayət qədər ağırdır.

Məlumdur ki, artıq bir sıra Avropa ölkələri. O cümlədən Türkiyə koronovirusun yayılmasının önlənməsinə nail ola bilib. Yoluxma, ölüm sayı kəskin azalıb, bəzi dövlətlər isə karantin şərtlərini yumşaldaraq normal həyata qayıtdıqlarını elan ediblər.

Azərbaycanda isə əks proses gedir. İki ayda virusa yoluxma səviyyəsi, ölümlər az olsa da, son iki həftədə hər iki hal artıb. Ona görə də təkcə maskalarla bağlı cərimələr yox, sosial məsafənin gözlənilməsi, karantin rejiminə ciddi əməl olunması və bu prosesə həm dövlət, həm də ictimai nəzarətin həyata keçirilməsinə ehtiyac var. 

Bir şərtlə ki, əsas hədəf daha çox cərimə toplamaq yox, daha çox insanı xilas etmək olmalıdır...

E. Rüstəmli

AzPolitika.info

635x100

Şərhlər

Ramiz 2020-06-04 12:16:06

Inkişaf etmiş ölkələrin cərimələrini müqayisə etdiniz, gəlirləri qaldı. Adamlar Azərbaycandakı kimi 400 manata işləmir ki, aparıb 50-100 manatını da cerimeye versinlər. Müqayisəni düzgün etmirsiniz. Azərbaycanı 2-ci dünya ölkələri ilə müqayisə edin

eko 2020-06-04 09:53:50

menim qohumum belcikada yashayir maska taxmamaqa cerime yoxdu orda...

t.ədalət 2020-06-04 09:40:11

Xarici ölkələrdəki cərimənin miqdarı ilə Azərbaycanı müqayisə etmək doğru deyildir.Onların əməkhaqqı və pensiyaları on qat bizi üstələyir.Onlarda 50 dollar nəzərdə tutulubsa,bizdə 5 dollar hesablanmalıdır.Hələ ölkəmizdəki işsizlik epidemiyasını da nəzərə alsaq,görərik ki,haqsızlığın ölçüsü çox böyükdür.

Son yazılar