AZƏRBAYCAN BORCLANMAYA GEDİR, YOXSA...? - Xarici borcun ÜDM-də payının artması nə ilə bağlıdır?

Xarici borc ötən illə nisbətdə ən azı 150 milyon dollar azalacaq

Son günlər aparıcı beynəlxalq maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankının və Asiya İnkişaf Bankının rəhbərlərinin təşəbbüsləri ilə Azərbaycanın dövlət başçısı ilə keçirilən video-görüşlərdən, burada səslənən bəyanatlardan, habelə iki gün əvvəl maliyyə naziri Samir Şərifovun dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya sənədinə yenidən baxılacağı barədə açıqlamasından sonra mətbuatda, sosial şəbəkələrdə Azərbaycanın xarici dövlət borcunun artması, hətta hökumətin borclanmaya getməsinə dair şərhlərə rast gəlinməkdədir.

Həmin şərhlərdə qeyd olunur ki, Azərbaycan hökuməti guya, maliyyə imkanlarının zəifləməsi səbəbindən xarici borclanmaya getməyə hazırlaşır və buna görə də, dövlət borcunun idarə edilməsi üzrə strategiyaya dəyişiklik ediləcək. Əslində nə baş verir?

Əvvala ötən iki illik müddətə baxaraq qeyd etmək lazımdır ki, dövlət borcunun idarə edilməsi ilə bağlı strategiya çox uğurla icra olunur və fokuslanmış hədəflərə doğru irəli gedilməkdədir, bu sənəd özünü tam doğrultmaqdadır.

Məlum olduğu kimi 2018-ci ildə dövlət başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”ya sənədi qəbul olunub. Sənəd ortamüddətli və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək dövlət borcalmaları sahəsində yeni strategiya və tədbirlər planından, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışdan ibarətdir.

Strategiyada müəyyən edilmiş hədəflər üzrə 2 ildir ki, müvafiq addımlar atılır və həmin sənədin icra edildiyi son 2 ildə borcun ÜDM-ə nisbətinin azalmağa doğru getdiyini görmək olar. Strategiyanın həyata keçirilməsində əsas əlaqələndirici qurum Maliyyə Nazirliyidir və nazirlik 2 ildə bir dəfə həmin sənədi müxtəlif ssenarilərə uyğun olaraq yeniləməlidir.

Və strategiyanın 2018-ci ildə təsdiqləndiyini və sənədin vurğuladığımız kimi 2 ildən bir yenilənməsini nəzərə alsaq 2020-ci ilin ikinci yarısında bu yenilənmənin tamamilə normal olduğunu görmək mümkündür. Yəni, bu dəyişikliyin borclanmaya getmək və digər arqumentlərlə əlaqələndirmək gülüncdür.

Xarici maliyyə qurumları ilə əməkdaşlıq çərçivəsində müxtəlif layihələrə kreditlərin götürülməsi, borc alınması bu gün iqtisadi münasibətlər sistemində normal prosesdir və Azərbaycanın Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və yaxud digər qurumlarla kredit sazişləri imzalaması maliyyə institutları ilə əməkdaşlığın əsas fəlsəfəsi deməkdir.

Digər tərəfdən, əgər Azərbaycan beynəlxalq maliyyə qurumları ilə davamlı əməkdaşlıq edirsə və həmin təşkilatların ölkəmizdə ofisləri faəliyyət göstərirsə, müxtəlif layihələr üzrə kredit alınması, borclanmaya gedilməsi, texniki yardım və s. tədbirlər normaldır. Çünki birgə əməkdaşlığın formatı bunu tələb edir.

Bu gün borcsuz yaşayan ölkə yoxdur, hər bir ölkə müxtəlif maliyyə institutlarından borc alır, illik 7-8 faizlə. Xüsusilə də pandemiya şəraitində əksər ölkələrin xarici borclanmaya getməsi labüddür. 

Azərbaycan isə borc məsələsində kifayət qədər təmkinli və konservativ siyasət yürüdür, götürdüyü kreditlər 1,5-2 faizə bərabərdir. Məlum olduğu kimi Azərbaycanın xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxildir. Azərbaycan həmin öhdəlikləri tam vaxtında və qaydalara uyğun olaraq şəkildə ödəyir.

Xarici borclanmanın təbii ki, riskli tərəfləri var, ancaq burada hansı səviyyədə risklərdən söhbət gedir və Azərbaycanın xarici borcu risklidirmi, bu kimi məsələləri nəzərə almaq lazımdır. Dünya Bankının və digər beynəlxalq təşkilatların standartlarına əsasən, ölkələrin xarici borclarının vəziyyətinin qiymətləndirilməsi üçün 3 əsas indikatordan istifadə olunur:

- xarici borcun miqdarı ixracın 200%-dən çox olmamalı;

- xarici borcun ÜDM‐ə nisbəti 40%-i aşmamalı;

- xarici borca xidmətlə əlaqədar bütün ödəniş lərin ÜDM‐ə nisbəti 5%-dən yüksək olmamalıdır.

Bu gün inkişaf etmiş ölkələrin xarici borcu ümumi daxili məhsulun 100–120 faizini təşkil edir. Әgər hansısa ölkədə 50 faiz təşkil edirsə, o ölkə iqtisadi cəhətdən sabit ölkə kimi tanına bilər. Azərbaycanın xarici borcu valyuta ehtiyatlarımızla müqayisədə xeyli aşağıdır. Ölkəmizin strateji valyuta ehtiyatları 43 milyard dollar təşkil etməklə xarici borcu 4–5 dəfə üstələyir. Yuxarıda qeyd olunan hər 3 indikator üzrə hesablamalara görə, Azərbaycanda xarici borcun həcmi normal həddədir və narahatçılığa əsas yoxdur.

Hazırda qlobal pandemiyanın bütün dövlətlərin iqtisadiyyatına, maliyyə sektorlarına təsirləri artır, iqtisadi artım azalır, ÜDM-in həcmi aşağı düşür və s. Bu kimi amillər təbii ki, borcun ÜDM-dəki nisbətinə də təsir göstərir.

Hazırda Azərbaycanda, daha doğrusu 2019-cu maliyyə ilinin yekununa əsasən, borcun ÜDM-in payı 18 faiz həcmindədir. Hökumətin proqnozlarından da göründüyü kimi 2020-ci ildə ÜDM-i 2019-cu illə nisbətdə 20-25 faiz azalacağı gözlənilir. Bunun da əsas səbəbi neft ucuzlaşmasıdır.

Neftin ÜDM-də payı 40 faizə bərabərdir və cari ilin büdcə sənədində neftin bir bareli 55 dollardan götürülüb. Manatla götürdükdə büdcədə neftin payı təxminən ÜDM-də təxminən 15 milyard manat azalacaq. Belə halda ÜDM-in fiziki olaraq 81 milyard manatdan 65-70 milyard manatadək düşəcəyi gözləniləndir.

Adi riyazi hesablama ilə baxsaq görərik ki, istər-istəməz ÜDM-in azalması səbəbindən xarici borcun ÜDM-də nisbəti də dəyişəcək, yəni artacaq. Ancaq nominal ifadədə baxsaq, borc azalacaq, xarici borc ötən illə nisbətdə ən azı 150 milyon dollar azalacaq.

Onu da unutmaq olmaz ki, Azərbaycan xarici borcun ÜDM-ə nisbətinə görə dünyada ən yaxşı vəziyyətdə olan ölkələrin sırasındadır. Dünyanın nüfuzlu maliyyə institutlarının, “Moody’s” beynəlxalq reytinq agentliyi rəy və icmallarında Azərbaycan xarici dövlət borcunun səviyyəsinə görə, MDB-də ən aşağı göstəriciyə malik ölkə kimi yer alır.

MDB ölkələrində xarici borcun səviyyəsi ÜDM-in 50%-dən yüksəkdir. Eyni zamanda, onu da qeyd etmək gərəkdir ki, dövlətin xalis maliyyə aktivləri ilə bağlı yeni fiskal qaydalar tətbiq etməsi ölkəmizin xalis kreditor statusunun qoruyub saxlanmasında mümühm rol oynamaqdadır.

Elbrus Cəfərli

635x100

Şərhlər

Hökmü-zərdi deməyin 2020-06-08 10:04:25

V/ehtiyatı ilə niyə borclanmalı? Faiz ödəmək üçünmü?

t.ədalətə 2020-06-06 01:06:30

Valyuta Ehtiyatına ildə neçə faiz əlavə olunur? Qazİxracı hər il nəyi ödəyir?

t.ədalət 2020-06-04 14:58:41

Borcla o ölkə yaşayır ki,onun təbii sərvətləri olmur.Azərbaycanın isə kifayət qədər sərvət mənbələri var idi,həmin mənbələri məmurlar dağıtdı...

Son yazılar