ACLIQDAN TOXLUĞA APARAN YOL... – Millət vəkilinin yazısı

Etibar Əliyev

millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru

 Aclığın tarixi varmı? Bəli, məhz aclığın! Sizə də yaxşı bəllidir ki, tarixin müxtəlif dövrlərində bəşər övladlarının böyük qismi aclıqla üz-üzə qalıb və hətta aclıq bəzən böyük insan kütlələrinin sonuna çıxıb.

Ac adamı indi də təsəvvür etmək olar, səhərdən axşamacan, ya sabahacan ac qalan adamı... Onun halını, əsən əllərini, rəngini dəyişən dodaqlarını, asimmetrik qırpınan gözlərini xəyalımızda canlandıra bilərik. Acı mənzərə alınacaq. Amma bir də əksəriyyətin aclıq yaşadığı kənd və şəhərləri, ölkələri düşünün.

Aclıq qorxunc və zalımdır. Onu sadəcə düşündükdə də dəhşətli mənzərə adamı çaşdırır.

Bəşər tarixinin böyük hissəsi aclıqla keçilib. Bunu heç kim inkar etmir.

Əvvəlcə bəşəriyyətin keçdiyi yolu ümumiləşdirək:

*Aqrar dövr – bu dövrdə əsas struktur istehsala heç nə verməyən, lakin ona sahib çıxan monarxiya, ordu, kilsə və digər dini idarəçilik strukturları idi.

*Sənaye dövrü - əsas struktur ağır sənaye, firma və korporasiyalar idi.

*Postsənaye dövrü - əsas struktur bilgini, bilim adamlarını, bilən adamları yaradan və paylayan universitetlərdir.

Bu gün biz kəndə getsək, görəcəyik ki, dadlı kənd məhsulları – kəndin çörəyi, balı, qaymağı, əti, toyuğu, tərəvəzi, göyərtisi adamı yenə də iştaha gətirir. Aqrar gözəllik deyə bilərikmi buna? Bəli, deyə bilərik...

Bilirik ki, aqrar dövr özündən əvvəlkinə nisbətən artıq irəli bir cəmiyyət idi. Amma bəşəriyyət özünün aqrar dövründə, yəni əhalinin böyük əksəriyyətinin kənd təsərrüfatı ilə məşğul olduğu dövrdə daha böyük, daha dəhşətli aclıqlar yaşamışdı. “Yağmadı yağış, bitmədi qamış” dövrü idi.

Hətta onu da demək olar ki, sənaye dövrü aclıqlara qarşı yarandı. Təhsilə də aclığa qarşı düşünülmüş layihə kimi baxmaq olardı.

Sənaye özünün yeni üsul və qurğuları ilə istehsalı artırmalı, aclığı da yox etməli idi. Maarifçi baxışlarda xeyli mənəvi və ictimai hədəflər də vardı. Amma sənaye dövründə təhsilə əsasən əməyi həyata keçirənləri hazırlamaq vasitəsi kimi baxırdılar. Təhsil sənaye üçün işçilər hazırlayırdı.

Aqrar dövrün arxada qalması kənd təsərrüfatının aradan qalxması deyildi, amma indi ona da yardımçı olan və yalnız onunla kifayətlənməyən yeni istehsal sahələri – sənaye yaranmışdı. Üsullar, qurğular, gübrələr, vasitələr yardıma gəlmişdi. Sənayeyə yaxından yardımçısı olan yeni təhsil modeli də yaranmışdı.

Sənaye dövrü postsənaye dövrünə yaxınlaşanda artıq aclığa kifayət qədər qalib gəlinmişdi. Aclıq tamam yox olmamışdı, amma ondan qurtulmağın yolları tapılmışdı.

Yeni situasiya və yeni istehsal sahələri yaranmışdı. Əhalinin daha çox hissəsi artıq sənaye və aqrar sektorda çalışmırdı. Xidmət sahələri böyümüş, yeni növ məhsulun istehsalına başlanılmışdı. Bu məhsulun adı bilgi idi.

Yəni postsənaye dövrü gəlmişdi. Onu bilği çağı, informasiya cəmiyyəti adlandırmaq olardı...

İkinci dünya müharibəsi bitmiş, hətta kənd təsərrüfatı məhsuldarlığının bolluğu bəzi ölkələrdə bazarı öldürmüş və böhran yaratmışdı. Bəli, məhz bolluqla böhran yaranmışdı. Məhsul çox idi və bu səbəbdən ucuzlaşdığı üçün istehsala marağı öldürmüşdü.

Amma artıq aclığa qalib gəlməyin yolları tapılmışdı.

Aclıq, kasıblıq, səfalət yenə vardı haralardasa, amma bunun qalma səbəbləri ictimai-siyasi idi. Əsas o idi ki, aclığın aradan qaldırılması yolları – yeni istehsal imkanları tapılmışdı.

Gördünüzmü, sənaye dövründən sonra təhsilin modeli və rolu necə dəyişdi. Sənaye dövründə təhsil sənayeyə, əməyə bağlı idi. Postsənaye dövründə o müstəqil və mərkəzi mövqedədir.

Bu gün təhsil klassik maarifçilərin dediyi mənəvi vəzifəni də yerinə yetirir, sənaye dövründəki kimi işi bilən əməkçilər də yetişdirir, ən başlıcası, bilgi istehsal edir və bu bilgilərlə yeni dövr yaradır.

İndi yeni dövr də o qədər tez gəlir ki, asanlıqla demək olar - gələcək daha tez ortaya çıxır. Dünən sehrli güzgü ilə danışmağı nağıl edən adamlar bu gün ağıllı telefonlarla videogörüntü ilə danışmağı adi hal sayır.

Yəni aclıq hekayəsinin bitməsi təkcə qarınların doydurulması deyil.

100 il bundan qabaq orta ömür əksər ölkələrdə 30 yaşın civarında idisə, bu gün Avropada orta ömür 80-ni ötüb.

Nə vaxtsa kralların ailəsində uşaq ölümü o qədər çox idi ki, varis tapmaq çətin olurdu bəzən. Bu gün isə normal ölkələrdə bu göstərici 1%-in altındadır.

Tarix boyu Azərbaycan ürək və qəlb barədə yalnız gözəl şeirlər yazılrdısa, bu gün ürək köçürmə əməliyyatları həyata keçirirlər.

Harvardlı alim Deniel Bell 1959-cı ilı “Postsanəye cəmiyyəti” anlayışını bizə bəxş edəndə yəqin ki, yeni dövrün bu qədər böyük üfüqlərə sahib olacağını düşünməzdi.

Aclıqla mübarizə dövrü mahiyyətcə arxada qalıb, indiki dövr insanı bütün bəlalardan qurtarmaq və ya daha böyük imkanlara sahib olmaq dövrüdür.

Və gördünüz ki, təhsil bu dövrün mərkəzində dayanıb. Universitetlər yeni dövrün baş müəssisələridir. Rəqabətə davamlılıq, sürət, məhsuldarlıq, innovasiya və az qala hər fayda oradan gəlir. Təhsildən gəlir.

Kimlərsə bu dövrlə hələ yaxşı ayaqlaşa bilmirsə, o demək deyil ki, bu dövr uğurlu deyil.

İndi aclıq hekayəsini bitirib, ayaqlaşmağa qayıdaq.

Ayaqlaşa bilirikmi?

Burada qırxayaq haqda Uilyam Harveyin məşhur şeiri yadıma düşür.

Bi­ri var­dı, bi­ri yox­du, şən bir qır­xa­yaq var­dı,

Qur­ba­ğa bir söz so­ru­şub, onu cən­cə­lə sal­dı.

“Han­sı aya­ğın­dan son­ra han­sı aya­ğın gə­lir?”

Qır­xa­yaq bərk fik­rə get­di, son­ra du­ru­xub qal­dı,

İndi ya­zıq çaş­baş olub, da­ha ye­ri­yə bil­mir.

Baxırıq ki, nələrimiz var, baxırıq ki, bizə lazım olandan 40 şey var. Amma postsənaye dövrünün bütün tələbləri olmadıqda, o 40 şey, şeirdə deyilən kimi, bir-birinə dolaşır - qırxayağın ayaqları kimi.

Biz ayaqlaşa bilmirik. Univeristetlərimiz ayaqlaşa bilmir. Başlanğıclar var, amma ayaqlaşa bilmirik.

Bəziləri düşünə bilər ki, elə ölkələr var universitetləri qədimdir, ona görə irəlidədir.

Amma tamam tərsinədir. O universitetlər qədim də ola bilər, cavan da, amma yeni olmalıdırlar.

Cənubi Koreyada olduqca gənc bir universitet yaratdılar, Koreya İrəli Texnologiyalar Univerisiteti (KAİST) bu gün ABŞ universitetləri ilə rəqabət aparır. Onu yaratmaq üçün ABŞ-ın əfsanəvi Massaçusest Texnologiya İnstitutunun köməyindən istifadə etmişdilər. Çox sadədir məsələ!

Universitet qocalmaz, yeni, təzə-tər qalar.

Təhsil də həmçinin. Bizim müasirliklə ayaqlaşmağımız üçün təhsilimizin cavan, iti ayaqları olmalıdır. Möhkəm və yeriyə bilən. Bu gün dünyada ən iti qaçan ayaq azərbaycanlı idmançıya (Ramil Quliyevin rekordunu nəzərdə tuturam-200 metr məsafəyə qaçış yarışnda 20.09 saniyə nəticə) məxsusdur.

Amma təhsilimzin ayaqlarının iti olmasından ötrü işlər görülməlidir.

Bilgi məhsula çevrilməlidir. Bilgili insan kapitala çevrilməlidir.

Bunun yolunu bilirikmi? Çox vacib sual budur.

Nüfuzlu Kolumbiya universitetində 2005-ci ildən “Bilməmə” kursları tədris olunur. Universitetə məşhur alimlər dəvət olunurlar ki, onlar nələri bilmədikləri haqqında danışsınlar. Müxtəlif sahələrin alimləri danışırlar ki, onlar nəyi bilmək istəyərdilər, onların düşüncəsinə görə daha vacib olanlar nədir, onlar zəruri bilikləri necə almalıdırlar? Bu kurslarda əsas diqqət ona ayrılır ki, dərsliklərdə nə yoxdur, buna görə də tələbələrdə nəyi bilmədikləri, nəyi bilmək istədikləri haqqında düşüncələri oyadırlar.

Bizim təhsil bilgi verməklə yanaşı, insanımıza bilmədikləri haqda da düşünməyi öyrətməlidir. Bizim təhsil bilinməyənləri axtarmağa başlamalıdır.

Postsənaye dövrü budur.

Məncə biz özümüzə sual etməliyik, biz postsənaye cəmiyyəti olmuşuqmu? Nə qədər olmuşuq? Biliyin statusu dəyişibmi? Bilik güclü məhsula çevrilibmi?

Bizim buradakı mövzunun fəlsəfəsi çox maraqlıdır əslində: “Təhsilin sənaye cəmiyyətindən postsənaye cəmiyyətinə transformasiyası: itirdiklərimiz və qazandıqlarımız”

Heç nə itirməyəcəyik.

Nə qazanacağıq?

Qazanc haqda düşünməyin də yeri yoxdur burada. Bu, bizim dövrümüzdə mövcud olmağın doğru yoludur. Ayaqlaşmaq yoludur. Ayaqda durmaq yoludur.

Yəni təhsilin hekayəsi aclıqdan başlayır və ayaqlaşmaqla bitməlidir. Təhsilin hekayəsi sonacan yazılmalıdır. Ayaqlaşmaya qədər yazılmalıdır.

635x100

Şərhlər

Tanish 2020-06-13 00:28:55

Qabil muallim sizin comentinzin menasi bilinmir ne deyir. Bu informasiya yegin haradasa yazilmish mualifde oz texayulu ile tehliler aparmishdir.men tarix nad

Alim 2020-06-12 11:25:31

Azərbaycan ürək və qəlb barədə yalnız gözəl şeirlər yazılrdısa, bu gün ürək köçürmə əməliyyatları həyata keçirirlər. Etibar muallim bu emeliyatlar Azerbaycanda harada kecirilir. Xahish edirem menbenizi gosterin.Bu chox agir emeliyyatdir ve bizde mence hele ede bilmirler. Birde gordun sizin kimisi biri yazdiki, burada beyin kocurmesi edirler, koronovirusun vaksinini Azerbaycanli alim tapim ehali buna inanar. Diger yazilarnizdada bele xetalar chox olur, neolar ki, aditoriyanin 1 faizinide nezere alim duzgun informasiya veresiniz. Sizin baza tehsilinizin fizika oldugunu eshitmishem, siz mumkunse G5-den danishin, yoxsa bu tehsil deyilen ishin bilicileri pedaqoka sahesinde calishanlar olmalidir. ..

Ali 2020-06-09 01:57:27

Etibar bəydən gözəl rektor, hətta Nazir alınardı. Eşq olsun Etibar bəyə!

Ali 2020-06-09 01:55:19

yazıqlar olsun ki bəzi yoldaşlar EA-nın funksiyasını bilmirlər Etibar müəllim təhsildən bəhs edir, EA isə elmi=tədqiqat müəssisəsidir. Bu lap məşhur fildəki replikanı xatırlatdı. " "Муму" написал Тургенев, а памятник поставили Пушкину!"

E. Musayev 2020-06-07 21:31:14

Mütaliəsi zəngin olan adamın yazısı da belə mükəmməl olur. Təşəkkürlər, Etibar müəllim!

Qabil Hüseynloyə 2020-06-07 19:29:32

Elmlər Akademiyası bir qrup elmdən uzaq,yüksək ttullu akademik,doktorlarla zənginləşdiyi,təhsilin darmadağın edildiyi,savadsızların yüksək vəzifələrə təyini, o kadrlarının üzə çıxan və üzıə çıxmaqda olan yaramazlıqları Sizin dedilklərinizin bizim cəmiyyətə aid olmadığını sübut etmirmi? O zaman ac heç vaxt tox olmayacaq və vəziyyət göründüyü kimi getdikcə daha kəskin pisləşəcək...

Mirzə Məmmədov 2020-06-07 19:24:38

Aclıqdan toxluğa aparan yol:YAP-a üzv olaraq nazir,İcra başçısı və müavinləri olmaqdan ibarətdir.

Əski və dünyəvi kolxozçu 2020-06-07 18:24:48

Bilgi də, sənaye də inkişafdadır!

Yarasa seçənlər 2020-06-07 17:49:25

Pulsuz ali təhsil qaçılmazdır!

Qabil Hüseynli 2020-06-07 15:05:42

Gözəl təhlildir.Bəşər cəmiyyətinin magistral inkişaf yolu və yolda elmin,sənayenin, təhsilin rolu və gənc ölkəmizin qarşıısında duran vəzifələr düzgün təsbit edilib.Biz postsovet cəmiyyətindən sənaye və informasiya cəmiyyətinə çevrilmək yolundayıq.Amma sürəti daha da artırmalıyıq.

ali memmedov 2020-06-07 14:04:48

o bize lazim olan ve bir birine garishan sheyler nelerdir?

Son yazılar