27 İL ƏVVƏLKİ “RUS PLANI”NA QARŞI İKİ ƏLİYEVİN İTTİFAQI: tarix yenidən təkrarlanır?

Elxan ŞÜKÜRLÜ,

“Strateq.az” saytının baş redaktoru

AXC iqtidarı dövründə Milli Təhlükəsizlik nazirinin birinci müavini vəzifəsini tutmuş Sülhəddin Əkbərin “Azadlıq” radiosuna xeyli hissəsi də qayçılanmış məlum müsahibəsi artıq 3 gündür ki, köhnə hərəkatçılar, xüsusən də Elçibəy tərəfdarları və Elçibəy adını özünə siyasi miras olaraq qəbul etmiş siyasətçilər tərəfindən böyük qəzəb və etiraz hissiylə sosial şəbəkələrdə müzakirə olunur.

Baxmayaraq ki, son 27 il ərzində ölkənin siyasi həyatında rol alan ən fəal isimlər, daha çox da siyasətçilər və jurnalistlər üçün səsləndirilən bu ittihamlar heç də yeni deyil, hətta adları SSRİ DTK-sı ilə əlaqəli şəxs kimi mərhum Elçibəyə təqdim olunan siyahıda yer almış şəxslərin özləri belə, bu hadisə barədə müfəssəl məlumatlı olublar, tez-tez də Sülhəddin Əkbərlə üz-üzə, göz-gözə gəliblər, ancaq yenə də sabiq nazir müavininə qarşı qəzəb və bu dalğa üzərində ictimai linçetmə səngimir.

İttihamlar yeni olmadığı kimi, cavablar, gətirilən arqumentlər də yeni deyil və hər kəs köhnə xatirəsini danışmaqdan, hansısa epizodlarda öz rolunu şişirtməkdən o yana gedə bilmir və əsas mahiyyətdən diqqəti yayındırır…

Yeni olansa, sadəcə, Sülhəddin Əkbərin son 27 il ərzində ilk dəfə olaraq, öz dili, öz səsi və öz görüntüsü ilə ona və eləcə də bir çoxlarına məlum olanları, nəhayət ki, ictimai səviyyədə dilə gətirməyə başlamasıdır…

Yəqin, köhnə jurnalistlər də təsdiqləyər: 1998-ci ilin prezident seçkilərindən sonra və 2000-ci ilin parlament seçkiləri ərəfəsində də bu mövzu mətbuatda geniş müzakirəyə çıxarılmışdı. Ancaq o zaman nə illah etsək də, nə rəhmətlik Elçibəy özü, nə Sülhəddin bəy, nə İsa bəy, nə Pənah bəy, nə də siyahıda adları keçdiyi iddia olunan digər şəxslər müxalifətin birliyinə xələl gəlməsin deyə, bu mövzuda qətiyyən danışmaq istəməmişdilər, biz də elə bizə məlum olanları öz bildiyimiz kimi yazmaqla kifayətlənmişdik. Araşdıran, görər: o dövr mətbuatında bu mövzuda xeyli yazılar, hətta sözügedən şəxslərin müsahibələri də yer alıb…

Sadəcə, 2000-ci ildə rəhmətlik Elçibəyin dünyasını dəyişməsiylə biz jurnalistlər də bu mövzuya, necə deyərlər, birdəfəlik qıfıl vurub, onu Bəylə birgə torpaq altda dəfn etdik. Necə ki, Elçibəyin sağlığında onun yenidən prezidentliyə vahid namizədliyini qəbul etməyən sabiq komanda üzvləri, partiyasında əleyhinə təşkilatlanmış şəkildə iş aparanların hamısı Elçibəy dünyasını dəyişəndən sonra dönüb oldular “qatı Elçibəyçi”, eləcə də o vaxt Elçibəy əleyhinə yazan jurnalistlər də daha Bəydən danışmamağa, danışarsalar da ancaq yaxşısına danışmağa başladılar…

Yalnız həm Heydər Əliyevi, həm də Elçibəyi regionçuluq telləriylə bir-birinə bağlayan, hər ikisinin naxçıvanlı olması faktını əsas götürərək, onları eyni ələ oynayan adamlar kimi qələmə verənlər, hətta Qarabağın itirilməsini belə, hər vasitəylə bu ikilinin ayağına bağlamağa çalışanlar mövzunu təhrif olunmuş, özlərinə sərf edən şəkildə ayrı-ayrı kitablarda məqsədli şəkildə davam etdirdilər və elə günümüzdə də bu yanlış istiqaməti davam etdirirlər. Elə təəssürat yaratmağa çalışırlar ki, sanki, elə Elçibəylə Heydər Əliyev məhz Qarabağı ermənilərə vermək üçün hakimiyyətə gəliblərmiş…

Halbuki hadisələri soyuq başla təhlil edənlər üçün bu gün Sülhəddin Əkbərin açıqlamaları Elçibəyi hədəf seçməkdən daha çox, Elçibəy hakimiyyətinin devrilmə səbəblərinə, Elçibəy komandasının niyə Heydər Əliyevi hakimiyyətə dəvət etməsinə də gur işıq salmaqla yanaşı, həm də illərdir məqsədli şəkildə hər iki şəxsin üzərinə yıxılan çox ağır bir ittihama – 6 rayonumuzun (Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan) necə, hansı şəraitdə və niyə itirildiyinə və ən əsası, torpaqlarımızın işğalında gerçək təqsirkar qüvvənin kimliyinə də tam aydınlıq gətirir!

Detallarla sizi yormadan, qısaca olaraq, Sülhəddin Əkbərin söylədiyi və digər komanda yoldaşlarının da təsdiqlədiyi əsas məqama diqqət çəkmək istəyirəm: deməli, aydın olur ki, Elçibəyi prezidentlikdən devirməyə qərar vermiş Rusiyanın o zamankı rəhbərliyi 1993-cü ildəki qiyamla özünə daha sadiq fiqur saydığı Ayaz Mütəllibovun hakimiyyətə gətirilməsinə, sonra da rus qoşunlarının yenidən Azərbaycanda yerləşdirilməsinə çalışırmış. Sadəcə, Eiçibəy komandasının ona qatı düşmən olan Ayaz Mütəllibova deyil, Ayaz Mütəllibovun da düşmən kimi yanaşdığı Heydər Əliyevə üstünlük verməsi rusları bərk qəzəbləndirib və elə Heydər Əliyevi cəzalandırmaq üçün də Rusiya onun hakimiyyətə gəldiyi ilk 4 ay içərisindəcə Qarabağ ətrafındakı daha 6 rayonun, xüsusən də İranla birbaşa sərhəd bölgənin ermənilər tərəfindən işğal edilməsinə şərait yaradıb! O bölgənin ki, Sülhəddin Əkbərin də təsdiqinə görə, Türkiyə Baş Qərargahı ilə birgə strateji “Mehri dəhlizi”ni götürmək planı üzərində işləyirlərmiş və Qərbdə də bu plana isti yanaşırmışlar!

Vəssalam! Bizim üçün ən vacib gerçək budur, qalanı isə təfərrüatdır!

Məncə, indi Sülhəddin Əkbərin üzərinə hücuma keçməyin və hər şeyi də artıq haqq dünyasında olan Elçibəyin üzərində fokuslaşdırmağın Elçibəy komandasının üzvləri üçün ziyandan və o dövr hakimiyyətini daha da gözdən salmaqdan başqa bir faydası, xeyri olmayacaq. Əksinə, ən yaxşısı, indi proseslərə təsirini itirmiş bəzi gerçəklərin səmimi şəkildə dilə gətirilməsi və bu gerçəkləri bilərək də ölkənin qarşısında duran real təhlükələrə, hədəflərə qarşı hakimiyyətlə vahid cəbhədən çıxış edilməsinin yollarının tapılmasıdır.

O təhlükə isə aşkar görünür: ölkənin içində və kənarında, Qarabağı işğaldan azad etmək istəyən və birdəfəlik bu məsələyə nöqtə qoymağa fürsət axtaran Azərbaycan dövlətini yenidən Rusiya boyunduruğu altına sürükləyənlərin, Qarabağ məsələsini bəhanə edib bölgəyə yenidən rus qoşunlarını gətirmək istəyənlərin hərəkətlənməsi, fəallığı var!

1993-cü ildə iki Əliyevin – Əbülfəz Əliyevlə Heydər Əliyevin ittifaqı bu planın qarşısını aldığı kimi, bu dəfə də iqtidar-müxalifət birliyi Qarabağla bağlı “rus planı”nın qarşısını almaq və o problemi birdəfəlik xalqımızın xeyrinə həll etmək gücündədir. Yetər ki, o milli birliyə, həmrəyliyə nail olunsun!

İndi kimin nə deməsindən, özünü hər hansı şəkildə təmizə çıxarmasından asılı olmayaraq, bu bir gerçəklikdir ki, bütövlükdə Elçibəy komandasının hakimiyyətdən getməsinin əsas səbəbi təcrübəsizlik, səriştəsizlik və qətiyyətsizlik olub! Və bir də Heydər Əliyevin gücünü vaxtında və lazımınca dəyərləndirməmək, onunla zamanında danışmamaq!

Bu, o Heydər Əliyev idi ki, hələ 1992-ci ildə – Naxçıvanda neft lampasının öləziyən işığı altında, əyləşdiyi stolun arxasından hər kəsə, o cümlədən Elçibəy komandasına ölkədə hərbi çevrilişin olacağı mesajını açıqca vermişdi. Necə? Baxın, elə təkcə bircə bu foto ilə! Əliyevin oxuduğu qəzetin obyektivə tuşlanan səhifəsində iri hərflərlə yazılmışdı: “VOENNIY PEREVOROT”…


635x100

Şərhlər

Eli 2020-06-19 23:47:03

Müellif çox düzgün analiz edir Bu gün bizi ancaa ve ancaq milli birlik xilas edecekdir Mence biz ciliz hisslerin yox ali hisslerin esiri olmalıyıqAncaq ve ancaq Vetenin bu çetin vexiyyetden çixması üçün her şeyden keçmeyi bacarmalıyıq

vidadi goyce 2020-06-08 10:49:41

hec kim torpaq vermeyib,torpaqlari sari ve qara qulaq itlerin metbexi kreml verib,bunu bilin,cekishmeye son qoyun

Rica agentlik deyil 2020-06-08 09:36:59

Haqqımız üçün AXCçi Ə.Əliyev də H.Əliyev.kimi B.Eltsinə müraciət etsəydi?

Ramazan SİRACOĞLU 2020-06-07 23:29:53

Əbülfəz Elçibəyin 1993-cü ilin iyun ayının 17- də qəbul etdiyi mübhəm görünən siyasi qərarına, qəfil və səssiz gedişinə, indiyə qədər müəmması çözüləməyən Kələkidə inzivaya çəkilişinin məntiqi həllinə işıq tutan yazı xoşuma gəldi.

Son yazılar