KORANAVİRUSU YAYAN NAĞD PUL... - Onu azaltmağın yolları nədir?

Azərbaycanda koronavirus infeksiyasının geniş yayılmasının bir səbəbi kimi nağd pul dövriyyəsinin yüksək olması göstərilir. Ekspertlər bildirirlər ki, əhalinin 80 faizi nağd puldan istifadə edir ki, hazırki şəraitdə bu çox təhlükəlidir. 

Xatırladaq ki, bir neçə il əvvəl hökumət nağdsız dövriyyənin azaldılması istiqamətində tədbirlərə başlayıb. Prezidentin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə Mərkəzi Banka rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə aidiyyatı dövlət qurumları ilə birlikdə beynəlxalq təcrübənin araşdırılaraq Azərbaycanda tətbiqi perspektivlərinə dair müvafiq təkliflərin hazırlanması tapşırılıb.

"Strateji Yol Xəritəsi"ndə nəzərdə tutulan tədbirlərdən biri də “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”-nın qəbul olunmasıdır.

Proqramda ölkədə rəqəmsal ödəniş xidmətlərinin institusional və hüquqi bazasının gücləndirilməsi, infrastruktur imkanlarının artırılması yolu ilə həmin xidmətlərin çeşidinin, keyfiyyətinin və tətbiq dairəsinin genişləndirilməsi, habelə onlardan istifadənin kütləviləşdirilməsi başlıca strateji prioritetlərdir. Sənəddə rəqəmsal ödənişlərin tətbiqini sürətləndirmək üçün 3 təməl şərt və bunların hər biri üzrə konkret hədəflər müəyyən edilib.

Daha əlverişli tənzimləyici mühitin yaradılması qadağanedici tənzimləmə normaları ilə yanaşı, xüsusi təşviq mexanizmlərinin tətbiq olunmasını nəzərdə tutur.

İqtisadiyyatın şəffaflaşdırılması məqsədilə rəqəmsal ödənişlərin inkişafına mane olan institusional əngəllərin aradan qaldırılması tələb olunur. 

Bunun üçün sahibkarların mülkiyyət və müqavilə hüquqlarının tam təmin olunması, effektiv və rəqabətli fəaliyyət göstərən bazarların yaradılması, vergi sisteminin təkmilləşdirilməsi, o cümlədən vergidən yayınma hallarının qarşısının alınması gərəkdir.

Dövlət Proqramının icrasından gözləntilərə gəlincə, nağdsız ödənişlərin illik həcminin təqribən 17 mlrd. manat arta biləcəyi proqnozlaşdırılır. Bu isə nağdsız ödənişlərin payının hər il 7% artmasına imkan verəcək. Nəticədə bütövlükdə iqtisadi tranzaksiyada nağd ödənişlərin payı 74%-dən 40%-ə qədər azalacağı gözlənilir.

İqtisadçı, deputat Vüqar Bayramov "AzPolitika.info"-ya şərhində Mərkəzi Bankın son məlumatına istinad edərək bildirib ki, ölkədə 7,8 milyon ədəd plastik kart var. 

Deputat qeyd edib ki, Bankın məlumatına görə, kartların sayı son bir ildə 1 milyon 231 min ədəd - 19 faiz artb: "Plastik kartların 275 mini sosial kartlardır. Həmçinin 2 milyon 334 mini əmək haqqı, 1 milyon 831 mini digər, o cümlədən 930 mini kredit kartlarıdır. Kredit kartlarında 140 min artım qeydə alınsa da, əmək haqqı kartlarında rəqəmlər 13 min ədəd azalıb. Kartların sayında artım olmasına baxmayaraq, çox təəssüf ki, onlayn və plastik kartlar vasitəsilə ödəniş edənlərin sayında artım müşahidə olunmur".

İqtisadçının sözlərinə görə, son vaxtlar nağdsız dövriyyənin həcmi nisbətən artsa da, ölkədə, əsasən, nağd pul dövriyyəsi üstünlük təşkil edir: "Eyni zamanda 7 milyon 855 min kartın strukturuna diqqət yetirəndə onların 5 milyon 88 mininin əməkhaqqı və sosial kartlar olduğunu görürük. Vətəndaşlarımız daha çox bu kartlar vasitəsilə vəsaitləri nağdlaşdırmağa üstünlük verirlər. Bu ildən etibarən nağdsız əməliyyatlar zamanı ƏDV-nin geri qaytarılmasının həyata keçirilməsi ilə nağdsız dövriyyə stimullaşdırılır. Belə ki, bu zaman ƏDV-nin 15, nağd dövriyyə zamanı isə cəmi 10 faizi geri qaytarılır. İqtisadiyyatın leqallaşması nəticəsində nağdsız dövriyyənin həcminin getdikcə artacağı gözlənilir".

V. Bayramov deyir ki, pandemiya dövründə nağdsız ödənişlərdən və plastik kartlardan istifadə daha məqsədəuyğun olardı. Ekspert qeyd edib ki, hazırda 50 manata qədər ödənişləri şifrə daxil etmədən həyata keçirmək mümkündür.

"Düşünürəm ki, pandemiya dövründə bu rəqəmin daha da artırılması məqsədəuyğun olardı. Çünki bu zaman kart sahibi hətta posterminala belə toxunmur. Bu virusun yayılma ehtimalını minimumlaşdırır. 50 manat həddi iki dəfə artırılaraq 100 manata çatdırılmalıdır ki, vətəndaş şifrə daxil etmədən bu həcmdə ödəniş edə bilsin"-deyə millət vəkili vurğulayıb.

Vüqar Bayramovun sözlərinə görə, bununla yanaşı plastik kartın əhəmiyyəti, üstünlükləri, nağdsız dövriyyənin vacibliyi ilə bağlı da maarifləndirici tədbirlərin həyata keçirilməsinə ehtiyac var: "Əlbəttə, plastik kartlarda vəsaitin saxlanılması daha etibarlıdır, onun itməsi, oğurlanması təhlükəsi yoxdur. Beləliklə, pandemiya dövründə plastik kartlardan daha geniş istifadə olunmalıdır ki, bu da virusun yayılması ehtimalını minimuma endirə bilər".

Elçin

AzPolitika.info

635x100

Şərhlər

vaqif 2020-06-10 08:30:30

banklar dayanıqlı olmalıdır ki vətəndaşlar kartında və hesablarında olan puldan istifadədə ehtiyatlanmamılıdır ki, sonrdan düşsunlər qapılara, növbələrə

Son yazılar