TƏHSİL VƏ DƏYƏRLƏR

Etibar ƏLİYEV

Məşhur ensiklopediyaların birində yazılır ki, nəyə qiymət verilirsə, o, dəyərdir. Deməli, qiymətli və dəyərli olmaq üçün dəyərlərə sahib olmaq gərəkdir. Biz biliklərə qiymət veririk. Bəs ədalət, həqiqət, mərhəmət, vətənə sevgi, xeyirxahlıq, azadlıq, bərabərlik, düzgünlük kimi dəyərlər də qiymətləndirilməli deyilmi?

Dəyər sistemi şəxsiyyəti daim mənəvi yüksəklikdə saxlayır, onu insani, sosial və saf ideallara bağlayır, əsl vətəndaşa, xeyirxah insana, fədakar dosta, yorulmaz peşəkara, cəsur əsgərə çevirir.

Qəhrəmanlıq da dəyərdir və o, satılmır, yaxud mübadilə edilmir. Həmin qəhrəmanları ailələrimizdə və məktəblərimizdə aşılanan dəyərlər yetişdirib.

ABŞ ordusu ilə bağlı məşhur bir tədqiqat var. Alimlər əsgərləri irəli aparan, cəsur edən, ölümün üstünə yürüdən amilləri öyrəniblər. Bəlli olub ki, ölkəsinə sevgi ilə yanaşı, digər insani və bəşəri amillər də burada rol oynayır. Hətta fərdi amillər də. Məsələn, digər döyüş yoldaşlarının gözündən düşməmək kimi bir düşüncə. Bu da şəxsi ləyaqət hissidir. Bu da dəyərdir.

Yeri gəlmişkən: Rusiyanın Elm və təhsil naziri və sonra ilk qadın Maarif naziri olmuş professor Olqa Vasilyeva müsahibələrinin birində maraqlı məsələyə toxunub: “ABŞ-da bütün siniflər Vaşinqtondakı Vyetnam müharibəsində həlak olmuş əsgər və zabitlərin Memorialını ziyarət etməlidirlər. Hər ştatın uşaqlarına həlak olanlar haqqında ətraflı məlumatlar verilir. Bir neçə il öncə mən də həmin Memorialı ziyarət etdim. Digər xarici vətəndaşlarla memoriala enərkən bir-birimizlə sakit danışığımızı 13-14 yaşlı bir uşaq gördü və avtomatik olaraq barmağını dodağına yapışdırıb, susmağı işarə etdi. Yəqin ki, mən ölkəmdə hələ uzun illər Əbədi məşəlin qarşısında belə hərəkət edən uşağa rast gəlməyəcəm”.

Təhsil və tərbiyə müasir dövrdə ona görə şəxsiyyətyönümlü sayılır ki, o dəyərlərin formalaşdırılmasını qarşısına məqsəd qoyur. Aşılanan dəyərlər uşaqları və gəncləri mənən sağlam etməklə yanaşı, onları gücləndirməlidir. Onlar öz ideallarını yaratmalı, xeyirxah və çalışqan, yorulmaz və cəsur olmağı öyrənməlidirlər. Onlar çağımızın tələblərinə cavab verən peşəkarlardan olmaq üçün məqsədə sahib olmalıdırlar. Onlar valideynlər, vətən və bəşəriyyət qarşısında borcunu anlamalı və ödəməlidirlər. Onlar yaxşı qonşu, iş yoldaşı, vətəndaş, əsgər, iş tərəfdaşı, ailə başçısı olurlar. Bunlara isə yalnız biliklərlə nail olmaq mümkün deyil, bunlar dəyərlərin sayəsində gerçəkləşir.

Tez-tez eşidirik: “Filankəs dəyərli adamdır”. Yəni qiymətli adamdır, yəni onu sevirlər, onun əməlləri, sözləri qiymətləndirilir. O, buna öz dəyərləri ilə nail olur. Dəyərlərin olmalıdır ki, sənə dəyər versinlər. Ona görə də dəyərlər təkcə mənəvi tələb deyil, müasir dövrdə sosial həyat və karyera üçün də praqmatik tələbdir. Yəni dəyərlər həm də uşaqlara və gənclərə uğur qapılarını açır. Dəyərlər sistemi formalaşmamış gənclər daim itələyici və uğursuz münasibətlərə tuş gəlirlər.

Hesab edirəm ki, Azərbaycan məktəbinin aşılamaq istədiyi dəyərlər sistemi ilə bağlı elmi-pedaqoji konsepsiya yenidən formalaşdırılmalı və bunu aşılamağın metodologiyasını müasir dövrə uyğunlaşdırmalı, bu sahədəki işlər gücləndirilməlidir.

Sosial şəbəkələrdə dövlətin, millətin, ayrı-ayrı şəxslərin əleyhinə iyrənc mövqe ortaya qoyanlar dəyərlərə sahib olmayanlardır. Məktəb icbari təhsil pilləsindən ciddi tərbiyə işləri həyata keçməlidir. “Bir uşaq belə tərbiyədən kənarda qalmamalıdır” tezisi “Bir uşaq delə təhsildən kənarda qalmamalıdır” tezisi ilə yanaşı səslənməlidir. Yeni dövrdə, İnformasiya cəmiyyətində müəllimlərimiz buna ciddi şəkildə hazırlaşmalıdırlar.

Çünki mənəvi cəhətdən sağlam, öz idealları ilə yaşayan, xeyirxah və zəhmətkeş, yorulmaz və cəsur, dürüst və ədalətli olan, yüksək peşəkarlığa can atan, valideynləri, vətəni və bəşəriyyət qarşısında borcunu anlayan və ödəyən, layiqli vətəndaş, yaxşı qonşu, iş yoldaşı, əsgər, biznes tərəfdaşı, ailə başçısı olacaq insanları dəyərlərlə yetişdirmək mümkündür.

Dəyərlər insan şəxsiyyətinə yatırılmış itməz və inflyasiyaya uğramayan, gün-gündən faydası artan unikal kapitaldır. Doğru gələcəyin zəmanətidir. Məktəbin üzərində belə yüksək vəzifənin olması onun rolunu əvəzsiz edir.

635x100

Şərhlər

Səlim 2020-06-17 05:27:31

Yaxşı ki, dəyərlər yazmısız "mentalitet" sözünü işlətmədiniz. Ən azından məcazi mənada olsada qulğımız əcnəbi bir söz eşitmədi. Dəyərlər....? Kim öyrətməlidi bu dəyərləri uşaqlara? Bütün günü ailəsinə çörək pulu qazanmaq üçün istirahətsiz, fasiləsiz, evədə gələndə heyi olmayan valideyinlər? Yoxsa böyük ümidlərlə, arzularla universiteti əla qiymətlərlə bitirən tələbələr, hansı ki, onlardan yerlərinə görə dəyişən məktəblərdə işləmək üçün alacaqları məvacibdən 50-100 dəfə artıq rüşvət müqabilində işə düzəlmələri istənilən müəllim(ə)lər? Yoxsa başı yalan, şit, bayağı, qalmaqallı, ikiüzlü, satqın, əxlaqsız, mənəviyyatsız informasiya və məlumatlarla doldurulmuş cəmiyyət? Amma siz Allah demiyin ki, həyatda heç də hər şey elə deyil, həyatda hər şeyi pul həll eləmir, dünya mənfəət üzərində qirulmayıb,reallıq heç də belə deyil və s. Böyük ümüdlərlə həyata atılan bir adam, ruhən "sınırsa və ya sındırılırsa" o uşaqlara həyatda nəyin düz, nəyin əyri olduğunu öyrədə bilmir. Çünkü adam biləndə ki, o uşaq nə vaxtsa böyüyüb ahıl yaşına çatanda özündən dəfələrlə savadsız, dəyərlərə qiymət verməyən bir adamın ondan qat-qat maddi cəhətdən yaxşı yaşaması onu düşündürəcək, ruhən sındıracaq və öz özünə sul verəcək. Bu idimi bizə aşılanan o dəyərlər? Demirəm dəyərlərə qiymət verməyək. Amma dünya da düz deyil, həyatda sabit.

Fariz Balayev 2020-06-14 14:51:57

Müəllifə təşəkkür edərək, yeni analitik və ibrətamiz yazıların davamını gözləyirik.

Eliyə, üsdəki Ekspertə 2020-06-10 15:33:38

Bərabərlik! Müəllim attestasiyası, imtahanı, diaqnozu, şəhidin "optovoy qəbr"i?"

Eli 2020-06-10 11:57:51

Etibar müellim son iller tehsil sahesinin rehberliyinin hüquqşünas ve iqtisadçılarla evez olunmasına müellimlerin ise bu işlerden uzaqlaşdırılmasına nece baxırsınız? Yeni bizde tehsilin seviyyesi o qeder yüksekdir ki müellimlere dsha ehtiyac yoxdur? Sız ekspertsiz.. Sizin fikriniz çox maraqlı olar

Faiq Həsənəliyev 2020-06-10 10:07:13

Əvvəlki yazılar kimi möhtəşəm

Son yazılar