Azıx həqiqətləri

Bildiyimiz kimi, şanlı vətənimizdə bütün problemlər həll edilib qurtarıb, hər tərəf güllük-gülüstanlıqdır, qurd quzu ilə otlayır, xalqımız şadlığına şitlik eləməklə məşğuldur, yazmağa mövzu tapmırıq, bekarçılıqdır, ona görə də Gürcüstanda srağagün baş verən məzhəkə haqda bir neçə kəlmə qırıldadaq. Nə də olmasa, qonşu ölkədir, eyni regionda yaşayırıq. Hər nə qədər biz regionun lideri, yəni bir növ, “Real” Madridi, “Barselona”sı, onlar da autsayder dövləti - belə deyək də, “Turan”ı, “Kəpəz”i olsalar da, hər halda qonşumuzda baş verən biabırçılığa səssiz qalmaq doğru olmaz. Həqiqətən adam belə qonşusu olduğuna görə bir az da utanır.

Bəs Gürcüstanda nə baş veribdir?

Deməli, srağagün orada seçkifason bir şey keçirilib, dünən rəqəmlərə baxdım, gürcülərin halına acıdım.

Təsəvvür edin ki, seçkiyə, siz də məni bağışlayın, üzüm ayağınızın altına, 46 faiz seçici gəlibdir. Daha bunun nəyi seçki oldu? Bir seçkiyə ki, 70-80 faiz seçici gəlmədi, day onun harası seçkidir? Lap tutaq ki, seçici gəlmir, bəs özünüz hara baxırsınız? Topa-topa bülleten nə üçündür bəs? Bəs “karusel” nə üçündür? Topa-topa bülletensiz, “karusel”siz seçki Şaxta Babasız, yolkasız, Qar Qızsız Yeni il kimidir, Kosasız, keçəlsiz, səmənisiz Novruz kimidir, səssiz kino kimidir, sazsız aşıq kimidir. Elə bil qurudsuz xəngəl yeyirsən.

Hələ siz mənim canım, yeni gürcü prezidentinin aldığı səsə baxın: 62 faiz. Adam xəcalət çəkir. 62 faiz nədi, alə? Camaatın ana-bacısı var, 62 faizlə də prezident olar? Ölüb yerə girmirlər. Bu gürcülər yenə toya getməlidirlər, namərd, nakəs, nadan, nankor, nalayiq... (Akif Nağıdan xahiş edək, siyahını tamamlasın, biz mövzumuzla məşğul olaq) düşmənimiz ermənilər son prezident seçkisində (adamın belə komediyaya “seçki” deməyə də dili gəlmir, qorxursan ki, ağzın əyilər) qalibə 58 faiz səs yazmışdılar. Yaxşı, neftiniz, qazınız yoxdu, bildik, bəs qələminiz də yoxdur? Allahın faizidir də, götürün yazın 80, 85, 90. Nə olacaq? Dünya dağılacaq? Harda görünüb 60 faizlə prezident olasan? Bu gün 60 faizlə prezident olan sabah iqamətgahında bir az artıq qaz, işıq yandırdığına görə xalqın tələbilə istefa da verər. Nə desən, çıxar ondan.

Hələ Saakaşviliyə nə deməli? Konstitusiyanın maddəsi Quran ayəsi deyil ki... Yazılıb iki dəfədən artıq prezident olmaq olmaz, belə cəhənnəmə yazılsın, gora yazılsın. Götür qələmi, poz getsin. Ürəyin istəyən qədər prezident ol. Bəlkə sənin də ölkən regionun lider dövləti - “Real”ı, “Barselona”sı olmasa belə, ortababı, nə bilim, “Aston Villa”sından-zaddan bir şeyi oldu.

Doğrudan da, bizim qonşu sarıdan bəxtimiz heç gətirməyib, heç birində bir adamı iki dəfədən artıq prezident olmağa qoymurlar. Bizim yerimiz onların yanı deyil. Adamın əlacı ola, başını, daha doğrusu, ölkəni götürəsən, aparasan Səudiyyə Ərəbistanının, Qətərin, Banqladeşin, Mozambikin böyründə yerə qoyasan. Sağına baxasan, kral görəsən, sevinəsən, soluna baxasan, sultan görəsən, eynin açıla.

Bəzi sapı özümüzdən olan baltalar (düzdür, bu, bir az köhnə, klassik ifadədi, “antimilli ünsür”, “element” daha yeni, müasir dövrün tələblərinə uyğun səslənir, amma indi mənim nostalji damarım tutub ona görə belə yazdım, həm də necə deyərlər, keçmişinə güllə atanı gələcək topa tutar, biz bu “sapı özümüzdən olan balta” söhbətini unutmamalı, unutdurmamalıyıq!) hazırda götürüb yazırlar ki, Gürcüstan bizə demokratiya dərsi keçdi, filan-behman. Hamısı mənasız, filfilo söhbətlərdir. Demokratiyaya görə adama nə verirlər?

Məgər bizim ulu Azıx mağarasında demokratiya var idi? Amma aradan milyon il keçib, oradan tapılan qədim insan çənəsi hələ də ölkəmizin şöhrətini dünyanın hər yerinə yayır. Hamı bizi qədim insan məskəni kimi tanıyır, sevir, hörmət edir.

Bəs demokratiyanın xeyri nədir? O, heç bir çənəni milyon il qoruyub saxlaya bilər?

Bax, məsələ budur. Qalanı boş şeydir.

(azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar